Türkiyəli nazir: Azərbaycanın son
dövrlərdə nəqliyyat sahəsində
reallaşdırdığı irimiqyaslı layihələr
bizi qürurlandırır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə indiyədək
184 min ton yük daşınıb. Bunun 17 min 500 tonu Türkiyə
ərazisindən keçərək daşınan yüklərdir.
Çindən yola düşən 26 konteynerlik ilk blok
qatarı isə aprelin 15-də Türkiyənin Köseköy
bölgəsinə çatıb. Bakı-Tbilisi-Qars dəmir
yolu ilə sərnişin daşıyacaq qatarın iş
prinsipi və proqramının hazırlanması
üçün tərəflər mayın 24-25-də Ankarada
toplaşacaqlar. Görüşdə qatarın həftəlik
hərəkət günləri və saatları, biletlərin
qiyməti və sair məsələlərin müzakirə
olunaraq müvafiq qərarların qəbul edilməsi gözlənilir.
Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Qars dəmir
yolu ilə hərəkət edəcək yük
vaqonlarının birgə istehsalını həyata
keçirəcəyi zavod isə layihələndirmə mərhələsindədir.
Zavodun tikintisinə texniki dəstəyi Türkiyə tərəfi
göstərəcək. Həmçinin zavodda istifadə
olunacaq avadanlıqları da Türkiyə təmin edəcək.
Hava nəqliyyatına gəldikdə isə yay aylarında
“Pegasus” aviaşirkəti İzmir-Bakı-İzmir reyslərinə
başlayacaq. Cari ildə ötən illə müqayisədə
Türkiyə və Azərbaycan arasında aviareyslərin
sayında 30 faiz artımın olacağını
proqnozlaşdırırıq. Bu faktları AZƏRTAC-a
eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat
və infrastruktur naziri Mehmet Cahit Turhan səsləndirib.
Mehmet Cahit Turhan Azərbaycan ilə
Türkiyə arasında nəqliyyat sahəsində
görüləcək işləri, Bakı-Tbilisi-Qars dəmir
yoluna dair gələcək planları, hava nəqliyyatında
yeni inkişafları, iki qardaş ölkənin dünya xəritəsində
nəqliyyat mərkəzi kimi çıxış etməsi və
bunun əhəmiyyəti barədə AZƏRTAC-ın
müxbirinin suallarını cavablandırıb. Həmin
müsahibəni təqdim edirik.
- Azərbaycanla Türkiyənin nəqliyyat sahəsindəki
əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələrdən biri Türkiyədir. Azərbaycanın
müstəqilliyinin ilk illərindən bu vaxtadək Türkiyə
hər zaman lazımi dəstəyi göstərib və
göstərməkdə də davam edəcək. Birgə həyata
keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft boru kəməri,
Baku-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir
yolu xətti, TANAP kimi irimiqyaslı layihələr regiona da
öz töhfəsini verir. Türkiyə Azərbaycandakı ən
böyük investorlardan biridir. Ümid edirik ki, tezliklə Azərbaycan
da Türkiyədə eyni mövqeyə sahib olacaq.
Bütün bunlara baxmayaraq, yenə də etdiklərimizlə
kifayətlənmirik. Gələcəkdə daha
böyük vəzifələr, hədəflər bizi
gözləyir. Öhdəmizə düşən əsas vəzifə
isə iki ölkə arasındakı əlaqələri daha
da möhkəmləndirərək gələcək nəsillər
üçün miras qoymaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə
verilməsi və Azərbaycanın Türkiyə ilə dəmir
yolu əlaqəsinin yaranması hər iki ölkənin
bir-birinə nə qədər yaxın olduğunun götəricisidir.
Avropa və Asiyanı bir-biri ilə əlaqələndirən
ən qısa, etibarlı və iqtisadi cəhətdən əlverişli
dəmir yolunun qurulması və Xəzər dənizindən
istifadə edilməsi logistika sahəsində alternativ
yaradır, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri
dərinləşdirir. Bu baxımdan Azərbaycanın
son vaxtlar həyata keçirdiyi irimiqyaslı layihələrdən
qürur duyuruq.
Həm Azərbaycan, həm də
digər region ölkələri ilə aramızdakı ən
böyük logistik layihələrdən biri hesab edilən
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və “Lapis Lazuli” Nəqliyyat
Dəhlizi Qədim İpək Yolunun keçdiyi məntəqələrdən
biri olan Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun əsas dayaqlarıdır. Bu layihələr
Türkiyənin Xəzər dənizi, Mərkəzi Asiya və
Cənubi Asiya ilə əlaqələrini gücləndirəcək
və regionda logistik gücə sahib olmasına xidmət edəcək.
Bundan əlavə, həyata keçirilən layihələrin
məqsədi Qədim İpək Yolunu canlandırmaq və
Avropanın yükdaşıma şəbəkəsini Mərkəzi
Asiya və Cənubi Asiya üzərindən Çin ilə
Hindistana gətirib çıxarmaqdır. Bu, region ölkələrinin
əhəmiyyətini daha da artıracaq. Buna görə də,
son illərdə sürətlə inkişaf edən Türkiyə
qarşıdakı dövrdə də bu inkişafı davam
etdirmək üçün istehsal və ixrac istiqamətində
ticarət dövriyyəsini artırmağı hədəfləyir.
Azərbaycanla yanaşı, bütün Mərkəzi və Cənubi
Asiya ölkələri ilə bu hədəfi həyata
keçirmək üçün nəqliyyat sahəsi də
mühüm vasitədir.
- Gələcəkdə Azərbaycanla nəqliyyat
sahəsində yeni layihələr həyata keçirməyi
düşünürsünüzmü?
- Hazırda Türkiyə ilə Azərbaycan
Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradır.
Birgə həyata keçirdiyimiz layihələr
gücümüzü artırmaqla yanaşı, digər
ölkələrlə əməkdaşlığı da
inkişaf etdirəcək və regionda nəqliyyat
infrastrukturunun qurulmasına şərait yaradacaq. Bu layihələr
və təşəbbüslər təkcə iqtisadi deyil, həm
də böyük siyasi məna daşıyır, təhlükəsizliyi
və sabitliyi artırır. Türkiyənin nəqliyyat sahəsində
gördüyü işlər dünyaya səs salır. Azərbaycanla
birgə həyata keçirilən layihələr Avropa
İttifaqı-Çin ticarət şəbəkəsinə
alternativ olub və Şərq-Qərb istiqamətində əhəmiyyətli
bir marşrut yaradıb.
Azərbaycan və Türkiyə coğrafi
mövqelərinə görə regionun ən vacib tranzit mərkəzlərindəndir.
Azərbaycan Mərkəzi Asiyaya açılan qapıdır,
Türkiyə isə üç qitənin kəsişdiyi ərazidə
yerləşir. Biz
yükdaşıyıcılarına həm fərqli
marşrutlar, həm də fərqli nəqliyyat vasitələri
təklif edərək onlara fayda verməyə
çalışırıq. Öz ölkəmizlə
yanaşı, region ölkələrinin ixrac mallarının
çeşidlənməsinə şərait yaradır,
iqtisadi mənada qazanclarını artırmağa səbəb
oluruq. Bununla bağlı ən gözəl
nümunə Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir.
İxrac mallarını dəmir yolu ilə daşıyaraq
başlanğıc və son mərhələlərini quru, dəniz
yolu ilə həyata keçirərək bir çox ərazilərə
çatdırırıq. Şərq ilə Qərb
arasında alternativ marşrut təklifi ilə
yanaşı, Şimal-Cənub istiqamətində də
alternativ olmağı düşünürük.
Bütün bunlarla yanaşı,
Qars Logistika Mərkəzində Azərbaycan tərəfindən
bəzi investisiyaların qoyulacağının elan edilməsi,
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin,
bir sıra əməkdaşlıq proqramlarının
hazırlanması, birgə enerji layihələrinin davam
etdirilməsi, Türkiyənin Serhat bölgəsi ərazisindəki
sənaye infrastrukturunun Azərbaycanın tələbatına
uyğun formada inkişafı bu əlaqələrin gələcəyi
haqda fikir formalaşdırır. Həmçinin yüksəksürətli
qatar, sürət qatarı, logistik mərkəz, hava
limanları və avtomobil yolları layihələri də hər
iki ölkənin taleyini birləşdirəcək şəkildə
planlanlaşdırılır. Türkiyənin 2023-cü il hədəfləri
istiqamətində Azərbaycanla əlaqələri genişləndirmək
mühüm əhəmiyyət kəsb edir.
- Türkiyə “Bir kəmər, bir yol” təşəbbüsünün
region üçün əhəmiyyətini necə
görür?
- “Bir kəmər, bir yol” təşəbbüsü
Çin, Asiya, Yaxın Şərq və Avropanı bir-birinə
birləşdirən böyük bir nəqliyyat, investisiya,
enerji və ticarət şəbəkəsini
formalaşdırmağı hədəfləyir. Ölkələrimizin
bu artan ticarət dövriyyəsindən və investisiya
mühitindən daha çox pay götürməsi
üçün əsas nəqliyyat dəhlizləri üzərində
yerləşmək və nəqliyyat infrastrukturunu həmin
istiqamətdə inkişaf etdirmək məcburiyyətindəyik.
Müasir İpək Yolu da adlandırılan
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərqlə
Qərb arasındakı mövcud yolları tamamlayıcı və
təhlükəsiz bir marşrut edir. Həmçinin
Türkiyənin son 16 ildə nəqliyyat siyasətindəki əsas
hədəfi Çindən Londonadək fasiləsiz
yükdaşıma xətti yaratmaq və böyük həcmdə
infrastrukturla bağlı investisiyalar həyata keçirmək
olub. Uzaq Şərqdən Avropaya qədər
uzanan, yüz illər ərzində ticarət
karvanlarının keçdiyi məntəqə kimi tanınan
Qədim İpək Yolunun Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu ilə inkişaf etdirilməsi üçün həm
Anadoluda, həm də Qafqaz regionu və Mərkəzi Asiyada dəmir
yolu şəbəkəsinin təşkil edilməsi və
avtomobil yollarının yenilənməsi ilə bağlı
xeyli vaxtdır region ölkələri ilə əməkdaşlığımızı
davam etdiririk. Bu məqsədlə Asiya-Avropa-Yaxın Şərq
istiqamətində nəqliyyat şəbəkəsini
inkişaf etdirmək üçün mühüm addımlar
atır, ölkə daxilində də Şərq-Qərb və
Şimal-Cənub istiqamətində layihələr
reallaşdırırıq.
Çünki “Bir kəmər,
bir yol” təşəbbüsü bizim coğrafiyamızda yerləşən
ölkələrin gələcəyi deməkdir.
İnanırıq ki, Anadolu, Qafqaz regionu və Mərkəzi
Asiya üçbucağında yükdaşımalar orta
müddətdə indiki iqtisadi vəziyyətinin daha yüksək
mərhələsinə çatacaq. Təbii ki, bu təşəbbüs
təkcə iqtisadi deyil, xalqlar arasında mədəni və
sosial əlaqələri də gücləndirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin
və Mərkəzi Asiyadan ölkəmizə gələn
bütün yolları birləşdirən mühüm
infrastruktur olaraq çox böyük əhəmiyyət
daşıyır. Bu layihə sadəcə üç ölkəni
birləşdirmir. İngiltərə, Fransa, Belçika,
Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə,
Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və
Çini dəmir yolu ilə bir-birinə bağlayır.
Bakıdan Qarsa qədər uzanan 829 kilometrlik dəmir yolu xətti
Xəzərdən keçən Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutunun vacib bir hissəsini tamamlayır. Lakin
bu layihənin əhəmiyyəti qarşıdakı illərdə
daha çox aydın olacaq. Çin və Avropa
arasındakı ticarət hazırda günlük 1,5 milyard
dollara çatır. Bu ticarət axınının artaraq davam
etməsi və qarşıdakı 5-6 ildə ticarət
dövriyyəsinin gündəlik 2 milyard dolları keçəcəyi
gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam
gücü ilə işləməsi, bu xəttin
tamamlayıcısı olan yolların inşasının
başa çatdırılması mühüm əhəmiyyət
daşıyır. Buna görə də Marmaray
xətti, Yavuz Sultan Səlim körpüsü, Şimal Mərmərə
avtomobil yolu və Avrasiya tuneli, Osmanqazi körpüsü,
sürət qatarı və yüksəksürətli qatar xətti,
Şimal Egey limanı, Gebze-Osmanqazi-İzmir avtomobil yolu, “1925
Çanaqqala” körpüsü, İstanbul Hava Limanı kimi
irimiqyaslı layihələrlə də BTQ-nin
yaratdığı imkanları və onun əhəmiyyətini
artırırıq. Xüsusilə də, bu dəmir
yolu xəttinin davamı olan layihələri dövlətin
özəl tərəfdaşları ilə birgə həyata
keçirərək həm sürətli, həm daha az xərclə,
həm də özəl sektorun dinamikliyindən istifadə edərək
reallaşdırırıq. Tükənən ehtiyatlar ilə,
tükənməyən tələbatları ödəyirik.
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
istifadəyə verildikdən sonra Türkiyəyə məxsus
və bu ölkədən tranzit keçərək
daşınan yüklərin həcmi nə qədərdir?
Türkiyədən daşınan ümumi yüklərin
neçə faizi BTQ-nin payına düşür?
- BTQ ilə bu vaxtadək ümumilikdə 184 min
ton yük daşınıb. Bunun 17 min 500 tonu Türkiyə ərazisindən
keçərək daşınan yüklərdir. 2018-ci ildə
Türkiyənin beynəlxalq yükdaşımalarının
6,8 faizi BTQ-nin payına düşür.
- Türkiyə BTQ ilə
yükdaşımalara yeni ölkələrin diqqətini
çəkmək üçün danışıqlar
aparırmı və bunlar hansı ölkələrdir? Bu dəmir
yolu xətti ilə daşınan yüklərə tərəfinizdən
hansı güzəştlər tətbiq edilir?
- Nazirliyin nəzdində olan Türkiyənin
dövlət dəmir yolu şirkəti tərəfindən
yükdaşımalarla bağlı bütün sərgi və
tədbirlərdə BTQ barədə məlumat verilir. Dəmir
yolunun inkişaf etdirilməsi, yük və istiqamət
növlərinin artırılması məqsədilə
başda Çin, Almaniya və Avstriya olmaqla müxtəlif
Avropa və Asiya ölkələrinin nümayəndələri
ilə görüşlər keçirilir.
Türkiyə yanvar ayında Çinlə
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ilk dəfə
yükdaşımalara başlayıb. Həmin ay Çindən
Türkiyənin Köseköy bölgəsinə 4 konteyner,
fevralda isə 5 konteyner daşınıb. Çindən
çıxan 26 konteynerlik ilk blok qatarı isə aprelin 15-də
Köseköyə çatıb. Qatar 1974 kilometrlik Türkiyə
yolunu 57 saat 30 dəqiqədə tamamlayıb.
Qısa zaman ərzində Türkiyə və
Çin arasında, həmçinin Türkiyədəki
Marmaray xətti istifadə edilməklə Çin-Avropa
arasında davamlı blok yük qatarlarının istifadəsi
ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə
edilib. BTQ dəmir yolunda yüklərin sürətli və sərfəli
qiymətlərlə daşınması üçün
xüsusi tariflər də tətbiq olunur.
- Martın sonlarında Bakı-Tbilisi-Qars dəmir
yolu xəttində hərəkət edəcək sərnişin
qatarı Bakıya gətirilib. Sərnişindaşımaya
başlanandan sonra Türkiyə əhalisinin neçə
faizinin bu xətdən istifadə edəcəyini
düşünürsünüz? Türkiyə BTQ-də
öz sərnişin qatarlarını istifadə edəcəkmi?
- BTQ dəmir yolu xətti ilə “Azərbaycan Dəmir
Yolları” QSC-nin “Stadler” şirkətindən təmin etdiyi 10
ədəd vaqonla sərnişin daşınmasına
başlanılacaq. Sözügedən vaqonların sərnişin
tutumu 257 nəfərdir və qatarda 9 sərnişin vaqonu, bir
restoran mövcuddur. Qatarın iş prinsipi və
proqramının hazırlanması üçün tərəflər
mayın 24-25-də Ankarada toplaşacaq. Görüşün
yekununda qatarın həftəlik hərəkət günləri
və saatları, biletlərin qiymətləri və sair məsələlərin
müzakirə edilərək müvafiq qərarların qəbul
olunması gözlənilir.
Nazirliyə bununla bağlı daxil olan
müraciətlərdən sərnişin
sıxlığının çox olacağını
proqnozlaşdırırıq. Bu dəmir yolu ilə
hərəkət edəcək qatarlar “Azərbaycan Dəmir
Yolları” QSC-yə məxsus dar və geniş izdə hərəkət
edən vaqonlardan ibarət olacaq. İzlərin fərqli
olması isə Türkiyəyə məxsus vaqonların hərəkətinə
çətinlik yaradır.
- Türkiyə ilə Azərbaycan BTQ xəttində
istifadə olunacaq birgə vaqon istehsalına nə vaxt
başlayacaq?
- Nazirliyin tabeliyindəki “Türkiye Demiryolu
Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) tərəfindən
istehsal olunan 150 yük vaqonu hazırda BTQ dəmir yolu xəttində
yükdaşıma həyata keçirir. İndi isə Azərbaycan
və Türkiyə birgə vaqon istehsalı zavodu inşa edəcək
və həmin vaqonlar məhz BTQ xəttində işləyəcək.
Bununla bağlı rəhbər şəxslərimiz həmkarları
ilə görüşüb. Zavodun tikintisinə texniki dəstək
Türkiyə tərəfindən göstəriləcək. Həmçinin
zavodda istifadə olunacaq avadanlıqları da Türkiyə təmin
edəcək. Hazırda işlər layihələndirmə mərhələsindədir.
Bundan əlavə, xüsusilə Türkiyə-Azərbaycan
arasında istismar olunacaq vaqonların TÜDEMSAŞ tərəfindən
istehsal olunması məqsədilə işlərə
başlanılıb. Bu çərçivədə
Azərbaycandan bir ədəd EA tipli vaqonlar alınaraq
Türkiyəyə gətirilib və TÜDEMSAŞ tərəfindən
yeni vaqon layihələndirilib. İki ədəd prototip
istehsalı planlanlaşdırılır və cari il ərzində
işlərin tamamlanması nəzərdə tutulur. Azərbaycan
tərəfindən 600 vaqona ehtiyacın olduğu bildirilib.
- Azərbaycan və Türkiyənin hava nəqliyyatı
ilə sərnişin daşınmasında bu il gözlənilən
yeniliklər nələrdir?
- Ötən il iki qardaş ölkə
arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min
533 sərnişin daşınıb. Həmçinin Türkiyə-Azərbaycan
arasında keçən il 17 min 527 ton yükdaşıma
reallaşdırılıb.
Artıq “Türk Hava Yolları” tərəfindən
Antalya-Bakı-Antalya istiqamətində mövsümi aviareyslər
həyata keçirilir. Yay aylarında “Pegasus” aviaşirkəti
İzmir-Bakı-İzmir istiqamətində reyslərə
başlayacaq və iki ölkənin nəqliyyat şəbəkəsi
daha da güclənəcək.
Cari ildə keçən illə müqayisədə
Türkiyə və Azərbaycan arasında aviareyslərin
sayında 30 faiz artımın olacağını
proqnozlaşdırırıq. Uçuşlardakı artım
iki ölkənin iqtisadi və mədəni əlaqələrinə
öz müsbət təsirini göstərəcək. Həmçinin Türkiyə və Azərbaycanın
Hava Nəqliyyatı Sazişinin yenilənməsi
üçün Mülki Aviasiya Qaydaları ilə
bağlı işlər yekunlaşmaq üzrədir və
mülki aviasiyanın tələbatına tam cavab verəcək
yeni sazişin tezliklə imzalanacağını
düşünürük.
- Maraqlı müsahibə üçün təşəkkür
edirik.
Yeni Azərbaycan.-
2019.- 3 may.- S.6.