Dövlət Neft Sənaye Universiteti ilə Atılım Universiteti arasında memorandum imzalanıb

 

Mayın 2-də Azərbaycan Dövlət Neft Sənaye Universiteti (ADNSU) ilə Türkiyənin Atılım Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İmzalanma mərasimində ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Qaz-neft-mədən fakültəsinin dekanı professor Qafar İsmayılov, həmçinin Əcnəbi tələbələrin dekanı Yaşar Həsənov digərləri iştirak ediblər.

Qonaqları salamlayan ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Q.Məmmədov universitetdə tədris prosesi, fakültələr, beynəlxalq əməkdaşlıq, startap layihələri, o cümlədən universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında geniş məlumat verib. Bildirib ki, 1920-ci ildən fəaliyyət göstərən ali məktəb gələn il 100 illik yubileyini keçirməyə hazırlaşır. ADNSU-nun Avropa Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən prorektor burada Türkiyə daxil olmaqla dünyanın ayrı-ayrı ölkələrinin vətəndaşlarının təhsil aldığını söyləyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyənin Atılım Universitetinin prorektoru, professor Sərkan Əryılmaz bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Sərkan Əryılmaz təmsil etdiyi universitet haqqında məlumat verərək bildirib ki, əsası 1996-cı ildə qoyulan bu ali təhsil ocağı Türkiyənin paytaxtı Ankara şəhərində yerləşir. Universitet “QS İnkişaf Etməkdə olan Avropa Mərkəzi Asiyaregionu üzrə reytinq cədvəlində, “Times Higher Education World University Ranking”lərdə əhəmiyyətli mövqelər tutub. S.Əryılmaz onu da vurğulayıb ki, AnkaranınEsenboğahava limanında fəaliyyət göstərən Mülki Aviasiya Tədris Mərkəzində tələbələrin təcrübə proqramları keçmələri üçün hər bir şərait yaradılıb.

Qonaqlar ADNSU ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirib yeni layihələr üzərində işləmək istədiklərini diqqətə çatdırıblar.

Sonra universitetlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, iki ali məktəb arasında əməkdaşlığa dair memorandum imzalanıb. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində müəllim-tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar bu kimi digər fəaliyyətlər həyata keçiriləcək.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 3 may.- S.7