Azərbaycanda regional sənaye
quruculuğuna hər cür dəstək göstərilir
Təkcə cari ilin birinci rübündə
ölkə üzrə fəaliyyət göstərən sənaye
parklarına 540 milyon manat sərmayə yönəldilib
Azərbaycan yeni şəraitdə milli
iqtisadiyyatda sənaye istehsalının həcmini
artırmağı hədəfləyib. Buna nail
olmaq üçün ölkədə neftdən kənar
iqtisadiyyat üzrə innovativ əsaslı sənaye
quruculuğu, o cümlədən də dəyər zəncirində
əsas həlqələri özündə birləşdirən
sənaye parklarının və məhəllələrinin
yaradılması dövlət tərəfindən həm
siyasi, həm də maddi cəhətdən dəstəklənir.
Son illərdə respublikamızda Prezident İlham Əliyevin
siyasi iradəsi əsasında uğurla həyata keçirilən
yeni islahatların bir qismi də məhz sənaye
quruculuğunun təşviq edilməsinə, bu sektora
investisiya qoyuluşunun artırılmasına hesablanıb.
Öz növbəsində həyata keçirilən
məqsədyönlü tədbirlər müsbət nəticələr
verir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında da vurğulandığı kimi, ilin əvvəlindən
bəri iqtisadiyyatımızda ən yaxşı inkişaf
göstəriciləri qeyri-neft sənayesində əldə
olunub. O cümlədən ölkə üzrə bu
sektora investisiya qoyuluşu artıb. Cari ilin birinci
rübündə ölkədə fəaliyyət göstərən
sənaye parklarına 540 milyon manat investisiya yönəldilib.
Bütövlükdə indiyədək sənaye parklarına
60 rezident tərəfindən yatırılan investisiyanın həcmi
3 milyard dolları ötüb. Nazirlər
Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizdə
qeyri-neft sənayesində istehsal həcmlərinin yüksək
sürətlə artmasından məmnunluğunu bildirən
Prezident İlham Əliyev vurğulayıb: “İqtisadi və
sosial sahədə aparılan siyasət rəqəmlərdə
də özünü büruzə verir. Beləliklə,
ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz
artmışdır. Bu, son bir neçə il ərzində ən
yüksək göstəricidir və əminəm ki, ilin
sonuna qədər bu rəqəm daha da artacaq. Çünki
görülən işlər bunu deməyə əsas verir. Sənaye
istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı
göstəricidir. Amma bundan daha yaxşı göstərici
odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz
artmışdır. Bax, gördüyümüz işlərin
nəticəsi budur və sənaye istehsalının,
xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının
artırılması bizim siyasətimizin bariz nümunəsidir”.
Ölkədə
regional sənaye quruculuğuna diqqət artıb
Azərbaycanın yeni sənaye quruculuğunda diqqəti
çəkən əsas məqamlardan biri odur ki, son vaxtlarda
ölkədə regional sənaye quruculuğuna diqqət
artıb və bu prosesə hər cür dəstək göstərilir. İnvestorlar
2003-cü ildən bəri dövlət əsaslı vəsait
qoyuluşu hesabına regionların infrastruktur təminatının
möhkəmlənməsindən bəhrələnərək
bölgələrdə müxtəlif təyinatlı sənaye
istehsalatlarının yaradılmasına məmnuniyyətlə
sərmayələr yönəldirlər. Yeni
sənaye müəssisələri yaradılarkən bölgələrin
ənənələri, xammal potensialı, satış
bazarları kimi mühüm məqamlar nəzərə
alınır. Bütövlükdə,
perspektivdə ölkə üzrə Bakıdan başqa, daha
üç bölgədə (Sumqayıt, Gəncə və
Mingəçevirdə) sənaye mərkəzlərinin
yaradılması nəzərdə tutulub.
Beləliklə, son illərdə ölkəmizin sənaye
xəritəsi bölgələrdə yaradılan istehsalatlar
hesabına əhəmiyyətli dərəcədə zənginləşib. 2018-ci ildə Mingəçevir
Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə
- pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı
fabrikləri istifadəyə verilib, 750 iş yeri
açılıb. İnvestisiya dəyəri
144 mln. manat olan fabriklərin
yaradılmasına 10 mln. manat güzəştli
kredit verilib. Müasir texnologiyalar əsasında
qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya
və Yaponiyanın aparıcı şirkətlərinin
avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə
20 min ton iplik istehsal olunacaq.
Regionlarda sənaye məhəllələrinin təşkili
də ölkə üzrə iqtisadi aktivliyin artmasına
öz müsbət təsirini göstərir.
Qeyd edək ki, respublikamızda ilk sənaye məhəlləsi
2017-ci ildə Neftçalada istifadəyə verilib. 2018-ci ildə
Neftçala Sənaye Məhəlləsində “Azərmaş”
ASC və “İran Khodro” şirkətlərinin birgə
yaratdığı “Xəzər” avtomobil zavodu işə
salınıb. Dəyəri 15 milyon ABŞ dolları və
səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə
“İran Khodro” şirkətinə məxsus olan avtomobil
zavodunda İran İslam Respublikasının və Avropanın
aparıcı ölkələrinin müasir texnologiyaları əsasında
müxtəlif avtomobil modelləri istehsal olunur. Müəssisədə
ilkin mərhələdə ildə 10 min avtomobilin istehsalı
nəzərdə tutulub. Sonrakı fazada
avtomobillərin istehsalının ildə 15 minə
çatdırılması və gələcəkdə bu rəqəmin
ildə 50 minədək artırılması
planlaşdırılır. İstehsal
olunan avtomobillər “Avro 5” standartlarına tam uyğundur.
Ötən
il açılan və kiçik və
orta sahibkarlığın inkişafında əhəmiyyətli
rolu olan Masallı Sənaye Məhəlləsində
hazırda 10 müəssisə fəaliyyət göstərir.
Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən
5,3 milyon manat investisiya yatırılıb
və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində
tikinti-quraşdırma işləri başa
çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində
isə tikinti işləri davam etdirilir.
Ümumilikdə,
indiyədək istifadəyə verilən 2 sənaye məhəlləsinə
50 milyon manatdan çox özəl investisiya yatırılıb,
700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin
istifadəyə verilməsi ilə açılan iş yerlərinin
sayı 1800-ə çatacaq, 77 milyon manat özəl
investisiya yatırılacaq. Prezident İlham
Əliyevin tapşırığına əsasən, ölkəmizin
digər regionlarında da sənaye zonalarının təşkili
istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur
Sənaye Məhəlləsinin yaradılmasına
başlanılacaq.
Sumqayıt
Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri
Zavodunun yeni məhsullarının təqdimatı keçirilib
Ölkəmizdə
Prezident İlham Əliyevin 2011-ci il 21
dekabr tarixli Fərmanı əsasında təşkil olunan
Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan
ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450
hektarı sənaye zonasıdır. Artıq
burada 75 faiz məskunlaşma qeydə alınıb. Burada
qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri
2,8 milyard dollardır ki, bunun da 2,2 milyard
dolları artıq layihələrə yatırılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində
yeni istehsalatların yaradılması istiqamətində
işlər uğurla davam etdirilir.
Bir qədər bundan əvvəl isə Sumqayıt Kimya
Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri
Zavodunun yeni məhsullarının təqdimatı
keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye
Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkları,
burada rezidentlər üçün yaradılmış əlverişli
şərait, müasir infrastruktur barədə məlumat
verib, rezidentlərin 7 il müddətinə mənfəət,
əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal
məqsədilə gətirilən texnika, texnoloji
avadanlıqlar və qurğulara görə əlavə dəyər
vergisindən və gömrük rüsumundan azad olunduğunu
qeyd edib. Nazim Talıbov Sumqayıt Kimya Sənaye
Parkında görülən işlər, aparılan ekoloji
normallaşdırma tədbirləri və parkda yerləşən
müəssisələr barədə məlumat verib. Bildirilib ki, indiyədək parkın 18 rezidenti
qeydiyyata alınıb və bunlardan da 13-ü artıq istehsal
fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin
isə 2019-cu il ərzində istifadəyə
verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye
Parkında SOCAR Polymer, Karbamid Zavodu, STP, polad boru, vərəqə
şüşə istehlası zavodları kimi ölkə
miqyaslı iri layihələr icra edilir və hazırda sənaye
parkında təqribən 6 min nəfər işlə təmin
olunub.
İnşaat Kimyəviləri Zavodunun baş direktoru Adəm
Yayla müəssisənin fəaliyyəti barədə məlumat
verərək bildirib ki, zavod 1910-cu ildə yaradılan və
dünyanın 100-ə yaxın ölkəsində müəssisələri
fəaliyyət göstərən İsveçrənin
şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə
dünya miqyasında beton konstruksiyalarının təmiri ilə
bağlı 100-ə qədər layihənin icrası həvalə
olunub. Şirkətin fəaliyyət istiqamətlərinə
struktur birləşdirmə, birbaşa şüşələmə,
akustik və gücləndirici sistemlər, avtomobillərə
xidmət, o cümlədən avtomobil şüşələrinin
əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz
gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan
enerji və fasad mühəndisliyi sahələri daxildir. Zavodun məhsullarının əsas tətbiq sahələri
enerji və sənayenin bir çox sahələrini əhatə
edir. Yerli xammaldan istifadə edilərək
istehsal edilən məhsullar Rusiyaya, Qazaxıstana, Özbəkistana,
Qırğızıstana və Gürcüstana ixrac edilir.
Sonra İnşaat Kimyəviləri Zavodunun
istehsal etdiyi su izolyasiyası, dam örtükləri,
yapışdırıcı, germetiklər və s. yeni məhsulların
təqdimatı olub, müəssisənin fəaliyyətini əks
etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycandan ixrac olunan sənaye məhsullarının
həcmi və çeşidi artır
Son illərdə Azərbaycanda həyata
keçirilən islahatlar çərçivəsində həmçinin
ixracın səmərəli təşviq mexanizmi işə salınıb.
Bu mexanizmə əsasən xarici bazarlara məhsul
çıxaran istehsalçılara müəyyən həcmlərdə
ixrac təşviqi vəsaiti ödənilir. Bundan başqa,
“Made in Azerbaijan” brendi yaradılıb və yüksək rəqabət
qabiliyyətinə malik olan məhsullarımız bu brend
altında satış bazarlarına, beynəlxalq sərgilərə
çıxardılır.
Öz növbəsində
respublikamızda ixracın genişləndirilməsinə nail
olmaq üçün hüquqi və praktiki müstəvidə
həyata keçirilən tədbirlər öz müsbət
nəticəsini verir. Əlamətdar haldır ki,
respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o
cümlədən də sənaye sektorunda buraxılan məhsullarının
hesabına genişlənir. Görülmüş
tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən
qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsullarının
ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul
olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb.
Bütövlükdə, ötən il Azərbaycandan 3088
çeşiddə məhsul ixrac edilib.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq
edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də
davam etdirilir. Cari ildə 19 xarici ölkəyə
25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq
sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə
stendi ilə təmsil olunması, eləcə də ixracla məşğul
olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi
nəzərdə tutulub.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Yeni Azərnbaycan.-
2019.- 4 may.- S.7.