Azərbaycanda regional sənaye
quruculuğuna hər cür dəstək göstərilir
Təkcə cari ilin
birinci rübündə ölkə üzrə fəaliyyət
göstərən sənaye parklarına 540 milyon manat sərmayə
yönəldilib
(əvvəli
ötən sayımızda)
Yuxarıda deyilənlərdən də
göründüyü kimi, ölkədən ixracın
genişlənməsində sənaye sektorunda buraxılan məhsulların
xüsusi çəkisi böyükdür. Yeni sənaye
müəssisələrində buraxılan məhsullar
hesabına Azərbaycanın ixrac imkanları daha da genişlənəcək.
Bu baxımdan respublikamızda uğurla reallaşdırılan
“SOCAR Polymer” layihəsinin önəmini xüsusi qeyd etmək
lazımdır. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye
Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində
inşa edilən ilk müəssisə - Polipropilen Zavodu 2018-ci
il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və
ölkəmizdə səfərdə olan İtaliya Prezidenti
Sercio Mattarellanın iştirakı ilə istifadəyə
verilib. Layihə çərçivəsində növbəti
müəssisə - Yüksəksıxlıqlı Polietilen
Zavodu cari il fevralın 18-də işə salınıb.
Haqqında bəhs olunan layihənin əsas məqsədi
idxalın əvəz olunması və ölkənin ixrac
potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları
ildə 10 çeşiddə 184 min ton polipropilen və 4
çeşiddə 120 min ton yüksəksıxlıqlı
polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi
daxili bazarın tələbatını tam ödəyəcək
və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa
bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının
fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini
15 faiz artıracaq.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində
cari ilin əvvəlində istifadəyə verilən “SOCAR
karbamid” Zavodu da geniş ixrac imkanlarına malik olan müəssisədir.
Dəyəri təxminən 800 milyon avro təşkil edən
“SOCAR karbamid” Zavodunun istehsala başlaması azot gübrəsi
idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin
xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin
70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da
ölkəyə hər il 160 milyon dollara qədər əlavə
gəlirin daxil olmasına imkan verəcək.
Azərbaycan şərabları “Prowein 2019” beynəlxalq
sərgisində uğurla təmsil olunub
İqtisadiyyat Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı ilə
şərab və digər spirtli içkilərin istehsalı
ilə məşğul olan 10 Azərbaycan şirkəti
öz məhsullarını Almaniyanın Düsseldorf şəhərində
təşkil olunan “Prowein 2019” beynəlxalq sərgisində
“Made in Azerbaijan” vahid ölkə stendində təqdim
edib.
Azərbaycan şərabları sərgiyə gələnlər
və idxalla məşğul olan şirkətlər tərəfindən
maraqla qarşılanıb, ixraca dair müzakirələr
aparılıb. Aparılan müzakirələrin nəticəsi
olaraq, artıq “Abşeron Şərab” şirkəti öz məhsullarının
Almaniyaya ixracına dair ilkin razılıq əldə edib.
Bundan başqa, “Naiqin Ko-Tovuz Baltiya” və “Aspi Aqro” şirkətləri
istehsal etdikləri şərabların Almaniya, Fransa və
Niderlanda, “Şərq Ulduzu”, “Aqro-Azərinvest” şirkətləri
isə Norveç, Almaniya və Çinə ixracına dair
danışıqlar aparıb.
Hacıqabul Sənaye Məhəlləsində
avtobus istehsalı zavodunun təməli qoyulub
Cari il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində
“Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata
keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri
istehsalı zavodunun təməli qoyulub. Tədbirdə
iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən
və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi
nümayəndə heyəti iştirak ediblər.
Məlumat verilib ki, zavodda birinci mərhələdə
500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə
1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək.
Birinci mərhələdə 100, ikinci mərhələdə
isə 200 yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci
mərhələdə 6 milyon avro, ikinci mərhələ
üzrə isə 4 milyon avro yatırılması
planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye
Məhəlləsində 5 ha ərazidə həyata
keçiriləcək. Müəssisədə Avropa
İttifaqı ölkələrinin istehsalı olan
avadanlıqlar quraşdırılacaq. Sənaye Məhəlləsində
avtobus və yük avtomobilləri istehsalı zavodunun fəaliyyətə
başlaması köməkçi sənaye istehsalı və
xidmət sahələrinin inkişafı üçün də
əlverişli imkan yaradacaq.
Tədbir
iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində
sahibkarlar üçün yaradılmış şəraitlə
tanış olublar. İştirakçılara məlumat
verilib ki, Hacıqabul Sənaye Məhəlləsində
dövlət tərəfindən sahibkarlar üçün
bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə
yaradılmış Sənaye Məhəlləsi sahəsi
10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, eləcə
də 937 kvadratmetr ərazini əhatə edən inzibati və
texniki binalardan ibarətdir. Hacıqabul Sənaye
Məhəlləsinin inzibati binası toplantı və təlimlərin
keçirilməsi üçün iclas otağı, məhəllənin
iştirakçılarına müxtəlif xidmətlər
göstərəcək müasir ofis sahələri, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana
və Sənaye Məhəlləsinin idarəedici təşkilatının
istifadəsi üçün nəzərdə tutulan sahələrdən
ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara
mühasibatlıq, hüquq, bank və sığorta, poçt
və internet, logistika, tibbi xidmətlər göstəriləcək.
Hacıqabul Sənaye Məhəlləsində
ümumi dəyəri 60 mln. manatdan çox olan layihələr
üzrə maşınqayırma, kompozit materialları,
avtomobil, tikinti materiallarının istehsalı
üçün avadanlıqlar, gübrə, plastik qablar,
tikinti materialları istehsalında istifadə olunan
avadanlıqların istehsalı sahələri yaradılıb.
Bu layihələr çərçivəsində 900-dən
çox iş yerinin yaradılması nəzərdə
tutulur. Hazırda istehsal sahələrində avadanlıqların
yerləşdirilməsi və istehsala hazırlıq işləri
aparılır.
Sonra Hacıqabul Sənaye Məhəlləsində
Azərbaycan və İran nümayəndə heyətləri
arasında işgüzar görüş keçirilib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və
İran arasında siyasi və iqtisadi əlaqələrin
yüksək səviyyədə olduğunu, əməkdaşlığın
genişlənməsində Azərbaycan və
İran prezidentlərinin siyasi iradəsini,
qarşılıqlı səfərlərin və keçirilən
görüşlərin əhəmiyyətini
vurğulayıb. Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz
arasında iqtisadi-ticarət əməkdaşlığı
uğurla inkişaf edir. İki ölkə arasında ticarət
dövriyyəsi ötən il 74%, 2019-cu ilin ilk 2
ayında isə 4,5 dəfə artıb. Nazir
Şahin Mustafayev iqtisadi sahədə əlaqələrin
inkişafı üçün böyük potensial
olduğunu qeyd edərək təməli qoyulan avtobus və
yük avtomobilləri zavodunun növbəti uğurlu birgə
layihə olacağına əminliyini vurğulayıb.
İqtisadi əlaqələrin inkişafında sənayenin
mühüm rol oynadığını
bildirən Şahin Mustafayev sənaye sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası
ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələr üzrə Dövlət
Komissiyasının tərkibində sənaye üzrə
işçi qrupunun yaradılmasının
mümkünlüyünü bildirib.
İranın sənaye, mədən
və ticarət naziri Reza Rəhmani dost və qonşu ölkələr
olan İran və Azərbaycanın dövlət
başçılarının qarşılıqlı səfərlərinin,
keçirilən intensiv görüşlərinin və
imzalanmış sənədlərin ölkələrimiz
arasında əməkdaşlığın
inkişafında mühüm əhəmiyyətini
vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində
əlaqələrin inkişafı istiqamətləri barədə
fikirlərini bölüşən İranın sənaye, mədən
və ticarət naziri Reza Rəhmani Hacıqabul Sənaye Məhəlləsində
sahibkarlar üçün yaradılmış əlverişli
imkanlardan məmnunluğunu ifadə edib. Qeyd edilib ki, iki
ölkə arasında sənaye, kənd təsərrüfatı
və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsi, eləcə də ticarət
dövriyyəsinin artırılması üçün
böyük imkanlar var.
İşgüzar görüşdə
iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı
və s. sahələrdə əməkdaşlığın
inkişafı, birgə müəssisələrin
yaradılması ilə bağlı fikir mübadiləsi
aparılıb. Tədbir çərçivəsində “Azərmaş”
ASC ilə İranın “Maral Trailer” şirkəti arasında əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə
“Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə
distribütor olaraq 1 il ərzində 500 ədəd müxtəlif
qoşquların Azərbaycanda satışının təşkili,
sonrakı mərhələdə isə bu cür
qoşquların Azərbaycanda istehsalı nəzərdə
tutulur.
İndiyədək SEDA layihəsi çərçivəsində
30-dək yem emalı müəssisəsi istifadəyə
verilib
Respublikamızın bölgələrində
Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyi tərəfindən birgə
“Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi
uğurla reallaşdırılır. İndiyədək layihə
çərçivəsində ölkənin ayrı-ayrı
rayonlarında 30-dək yem emalı müəssisəsi
istifadəyə verilib.
Belə müəssisələrdən biri
Füzuli rayonunun Alxanlı kəndində işə
salınıb. Bununla bağlı İqtisadiyyat
Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə keçirilmiş tədbirdə çıxış
edən KOBİA-nın İdarə Heyəti sədrinin
müavini Nadir Adilov, Füzuli rayon İcra Hakimiyyəti
başçısının müavini Süleyman Əliyev və
SEDA layihəsinin nümayəndələri
regionlarda icma əsaslı biznesyönümlü layihələrin
icrasının, yem emalı müəssisəsinin istifadəyə
verilməsinin aqrar sektorda mikro və kiçik
sahibkarlığın inkişafında, heyvandarlıq və
bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində,
yemə olan tələbatın ödənilməsində və
məşğulluğun artırılmasında əhəmiyyətli
olduğunu qeyd ediblər.
Yem emalı müəssisəsində istehsal
sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar
quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf
kəndlərdə yaşayan sakinlər də yem emalı
müəssisəsindən istifadə edə biləcəklər.
Tədbirdə kənd sakinləri
yemə olan tələbatın ödənilməsi,
heyvandarlığın inkişafı baxımından yem
emalı müəssisələrinin əhəmiyyətli
olduğunu vurğulayıb, yaradılan şərait
üçün dövlət başçısına minnətdarlıq
ediblər.
Bəhs olunan layihə çərçivəsində
həmçinin Quba rayonunun Talabıqışlaq, Qəçrəş
və Zərdabi, Ağcabədi rayonunun Təzəkənd və
Kəhrizli, Tərtər rayonunun Azad Qaraqoyunlu, Bərdə
rayonunun Yeni Daşkənd kəndlərində və digər
ünvanlarda yem emalı müəssisələri istifadəyə
verilib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2019.- 7 may.- S.7.