Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur

 

Regionlarda turizmin təşviqi yönündə hərtərəfli işlərin görülməsi ölkəmizə daha çox turistin gəlməsinə şərait yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizm sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü olaraq ölkəmiz dünyada artıq yeni bir turizm istiqaməti kimi səyahət həvəskarlarının seçdiyi məkana çevrilib. Dövlət tərəfindən yürüdülən məqsədyönlü siyasətə uyğun olaraq son illərdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin keçirilməsi, ümumiyyətlə, Azərbaycana turist axınının təşviq edilməsi nəticəsində turizm sektorunun daha çox gəlir gətirən əsas sahəsi olmasına şərait yaradır. Bu günlərdə başa çatan “Formula 1” yarışlarının ölkəmizdə keçirilməsini buna misal olaraq göstərmək mümkündür. Gələn il “Formula 1” yarışının iyun ayında keçirilməsinin planlaşdırılması isə Azərbaycan regionlarında yay turizm mövsümi ilə üst-üstə düşməsi baxımından əlamətdardır.

Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsində mühüm rolu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər oynamaqdadır. Bununla yanaşı, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ölkəmizdə turizmin inkişafı üçün gələcək perspektivləri müəyyənləşdirməkdədir.

Yuxarıda qeyd olunan müvafiq sənədlərin əsasında Azərbaycan Respublikasında turizm sənayesinin inkişafında çoxsaylı tədbirlər görülüb və bu yöndə işlər davam etdirilir. Məsələn, Azərbaycanın digər regionlarına nisbətən paytaxtdan uzaqda olan Naxçıvan Muxtar Respublikasında turizm sahəsində ixtisaslaşma prosesinə son illər daha böyük diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, turizmin inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, muxtar respublikada son illərdə turizmin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü turizm infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı üzrə ciddi tələblər qoyur.

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi məqsədilə ekspert qrupu yaradılıb. Ekspert qrupu Naxçıvan Muxtar Respublikasında Turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələrin layihələrini potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik, yenilikçilik və dayanıqlılıq meyarları üzrə qiymətləndirəcək. Bu layihələr hotelçilik, turoperatorluq, turagentlik, turizmin növlərinin inkişafı və turist marşrutlarının hazırlanması kimi sahələri əhatə edir.

Turizmin təşviqi istiqamətində aparılan işlərlə əlaqədar daha bir tədbir Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Konqreslər Bürosunun təşkil etdiyi turizm sahəsində çalışanları maarifləndirmə təlimi olub. Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi üzrə sənayenin aktiv iştirakçıları üçün keçirilən maarifləndirici təlimin məqsədi ölkənin işgüzar turizm potensialının tanıdılması, işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsi olub. Beynəlxalq sərgilər barədə biliklərin və sərgilərdə iştirakın effektivliyini artırmaq məqsədilə təşkil olunan həmin təlimdə sərgilərə hazırlıq, məhsulların təqdim edilməsində diqqət yetirilməli məqamlar, təhsil üzrə tədbirlərdə təqdimatlar və digər mövzular üzrə məlumat verilib. Onu da xatırladaq ki, tədbirdə, həmçinin mayın 21-23-də Almaniyada keçiriləcək “IMEX Frankfurt” beynəlxalq sərgisi nümunə göstərilərək bu növ tədbirlərdə iştirak şərtləri haqqında məqamlara toxunulub.

Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı kimi bu yaxınlarda ölkəmizdə keçirilən bir sıra beynəlxalq turizm tədbirini də göstərmək olar. Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizm Forumunda və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında Azərbaycanda turizmin inkişafı və regionlarda turizmin təşviq edilməsi məqsədilə görülən ardıcıl işlərdən bəhs olunub. Bu baxımdan, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Azərbaycanda turizm sənayesinin inkişafına cavabdeh olan Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşan və “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən forumda QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizmi qurumlarının rəhbərləri, müalicəvi-sağlamlıq sektoru üzrə nüfuzlu mütəxəssis, ekspert və alimləri iştirak ediblər.

Qeyd edək ki, ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur və sağlamlıq turizminin ölkəmiz üçün vacib sahələrdən biri olduğunu xüsusi vurğulamaq yerinə düşər. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Bu istiqamətdə görülən tədbirlər respublikanın sağlamlıq turizmi sahəsində mövcud potensialı, real imkanları və perspektivlərinin nümayiş etdirilməsi, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə hesablanıb. Qeyd olunan məqsədlərin həyata keçirilməsi baxımından sözügedən beynəlxalq tədbirlərin əhəmiyyəti böyükdir.

Ölkəmizdə sağlamlıq turizminin inkişafı ilə bağlı böyük imkanların olduğunu vurğulayan Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov da bildirib ki, yaxın vaxtlarda sağlamlıq turizminin inkişafı ilə əlaqədar fəaliyyət planının qəbul olunması gözlənilir. Onun sözlərinə görə, bu fəaliyyət planının icrası ölkəmizdə sağlamlıq turizminin inkişafına və daha çox turistin gəlməsinə şərait yaradacaq: “Böyük uğur əldə etmək üçün imkanlarımız var. Ancaq ölkədə sağlamlıq turizmi imkanlarını genişləndirmək üçün mövcud çatışmazlığı aradan qaldırmalıyıq. Biz bu sahədə rəqabətdə öndə olmaq üçün yeni trendləri, yeni standartları izləməliyik. Bunun üçün yaradılan hər bir məhsulu dünya standartlarına uyğun hazırlamalıyıq ki, mübarizədə uduzmayaq. Bu rəqabətdə öz üstünlüklərimizi ortaya qoymalıyıq. Eyni zamanda, Naftalan, Duzdağ və digər bu kimi təbii sağlamlıq müəssisələrində hazırlıq proseslərinin davamlı olması üçün səylərimizi artıracağıq”.

Yeri gəlmişkən, qeyd edək ki, sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artması ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verməkdədir. Turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin Dövlət Turizm Agentliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu da vurğulamaq yerinə düşər. Bu baxımdan, kiçik və orta biznesə (KOB) göstərilən dəstək mühüm əhəmiyyət kəsb edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də bu əməkdaşlıqda maraqlıdır. Belə ki, KOBİA sədri Orxan Məmmədov qeyd edib ki, qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır. Onun sözlərinə görə, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi təmsil etdiyi qurumun fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən biri hesab olunur: “Sağlamlıq turizmi üçün potensialı olan bölgələrdə mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviq olunması, eləcə də sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına kiçik və orta sahibkarların cəlb edilməsi agentliyin maraq dairəsinə daxildir”.

Qeyd edildiyi kimi, müalicə-sağlamlıq turizmi üçün potensialı olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin diqqət mərkəzindədir. Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir və bu baxımdan müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizmi zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər.

Sonda qeyd edək ki, dövlət tərəfindən regionlarda turizmin təşviqinə töhfə verən sahibkarlara dəstək göstərilməsi adıçəkilən qurumlar arasında əməkdaşlığın perspektivini şərtləndirir. Belə ki, ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən turizm sektoru üzrə 11 sahibkarlıq subyektinə 3 milyon 85 min manat güzəştli kredit vəsaiti ayrılıb. Dövlətin digər sektorlarda olduğu kimi, turizmin inkişafına töhfə verən sahibkarlara dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi şübhəsizdir.

Ümumiyyətlə, turizm sahəsində görülən kompleks tədbirlərin və aparılan islahatların nəticəsi olaraq, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində “tax free”, “e-Viza”, Azərbaycan Turizm Bürosu, ölkənin brendi, loqosu və sloqanı, turizmin marketinq strategiyası, turizm sərgilərində turoperatorların iştirakı, xaricdə Azərbaycan Turizm Agentliyinin nümayəndəliklərinin yaradılması, Bakıda ilk dəfə Ticarət Festivalı və turizm təqvimi kimi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

 

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.- 8 may.- S.7.