Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının əsasını təşkil edir
YAP Siyasi Şurasının üzvü,
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, mayın 10-da Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 96-cı ildönümü tamam olur. Müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu,
xalqımızın xilaskarı olan Ulu Öndər Heydər
Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki
yeri və rolu nədən ibarətdir?
- Bildiyiniz kimi, hər il olduğu
kimi, bu ildə də xalqımızın böyük oğlu,
müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi
olaraq ümumxalq sevgisini qazanmış Ulu Öndər Heydər
Əliyevin anadan olasının 96-cı ildönümü təntənə
ilə qeyd edilir.
Ölkəmizin milli dövlətçilik ənənələrinin
qurulmasında və inkişafında misilsiz xidmətləri
olan dahi rəhbər Heydər Əliyevin həyatı və
siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna
yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl
dövləti idarəetmə bacarığına, xalqa xidmət
mədəniyyətinə görə Heydər Əliyev
dünyada nadir tarixi şəxsiyyətlər
sırasındadır. Bu gün müstəqil Azərbaycan
dövlətinin yaşaması, qüdrətli ölkə kimi
təşəkkülü üçün Ümummilli Lider
Heydər Əliyevə minnətdarıq. Bunu demək
yerinə düşər ki, hər bir vətəndaşımızın
qəlbində əbədiyaşarlıq zirvəsini fəth
etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza
zəngin maddi və mənəvi dəyərlər,
alternativsiz dövlətçilik konsepsiyası, siyasi və
iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində
olan güclü Azərbaycanı qoydu.
Ulu Öndər Heydər Əliyev 1969-cu il
iyulun 14-dən 1982-ci il noyabrın 22-də SovİKP Siyasi
Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər
Soveti sədrinin I müavini seçilənə qədər
Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Məhz Heydər Əliyevin fədakar əməyinin,
səmərəli işgüzarlığının,
uzaqgörən rəhbərlik və təşkilatçılıq
istedadının sayəsində Azərbaycan bu illər ərzində
sürətlə və hərtərəfli inkişaf edərək
keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə
ölkə iqtisadiyyatının bütün sahələrində
istehsalın sürətlə artması nəticəsində
iqtisadi və sosial inkişafın ümumiləşdirici
göstəricisi olan milli gəlir 2,5 dəfə artdı.
Respublikamızda bütün sahələrin - sənayenin,
elmin, təhsilin, səhiyyənin
sıçrayışlı inkişafı, elm tutumlu istehsal
sahələrinin yaradılması məhz Heydər Əliyevin
səyləri və məqsədyönlü fəaliyyəti
ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi
potensialı ciddi dərəcədə yüksəlmişdi.
60-cı illərə qədər sənaye malları
asılılığı ilə üzləşən
Azərbaycan artıq 70-ci illərdə dünyanın 65
ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac
edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin
illərdə neft, qaz avadanlıqları istehsalına görə
dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə
idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik
etdiyi dövrdə azərbaycanlı milli kadrların
hazırlanması işinə də xüsusi diqqət
yetirirdi. Məhz Onun təşəbbüsünün nəticəsi
idi ki, azərbaycanlı gənclər keçmiş
İttifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilirdilər. Təkcə
onu deyim ki, 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı
gənc Rusiya, Ukrayna və digər ölkələrin
tanınmış ali məktəblərində təhsil
alaraq respublikaya qayıtmış, Azərbaycanın
inkişafına xidmət göstərmiş və bu gün də
göstərirlər.
Bir sözlə, Ümummilli Lider,
sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı
idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin
böyük təəssübkeşi olan Heydər Əliyev XX
yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən
Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz
parçalanmaq, məhv olmaq təhlükəsindən yan
keçdi.
- Ümummilli Liderin əsasını qoyduğu
dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil
dövlət kimi inamlı inkişafını və yeni mərhələdə
tarixin siyasi səhnəsində özünəməxsus yer
tutmasını təmin etdi. Bu barədə fikirlərinizi
bildirməyinizi xahiş edirik.
- Dünya şöhrətli siyasətçi
və dövlət xadimi Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki
bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi,
sosial və mədəni tərəqqisinə,
xalqımızın firavanlığı və xoşbəxtliyi,
ölkəmizin dünya birliyində özünəməxsus
layiqli yer tutması uğrunda mübarizəyə həsr
olunmuşdur. Ulu Öndər Heydər
Əliyevin yüksək peşəkarlıqla işləyib
hazırladığı milli dövlətçilik
strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın
iqtisadi qüdrətinin dirçəldilməsi,
artırılması və möhkəmləndirilməsi təşkil
edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli
inkişafı, qloballaşan dünya iqtisadiyyatına
inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti
nəticəsində ölkəmiz sürətli tərəqqi
yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə
demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini
və tariximizin ən şanlı dövrünü təşkil
edir. Böyük idarəçilik təcrübəsinə
malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin
milli və bəşəri normalara əsaslanan uzunmüddətli
konsepsiyasını işləyib hazırlamış və
onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir
ki, Azərbaycan bu gün dünyada özünəməxsus
yeri olan dövlətlərdən biridir. Xalqını
sonsuz məhəbbətlə sevən bu böyük insan
bütün həyatını, zəngin dövlətçilik
təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə,
onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə
yüksəlməsinə həsr edib.
- Ulu Öndər Heydər Əliyevin
xalqımız və dövlətçiliyimiz
qarşısındakı misilsiz xidmətlərindən biri
ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının
yaradılmasıdır. Bu tarixi hadisə və partiyanın
ötən müddət ərzində keçdiyi zəngin,
şərəfli inkişaf yolu barədə nə deyə bilərsiniz?
- Qəbul edilmiş təcrübə
göstərir ki, tarixin olduqca vacib, həlledici məqamlarında
ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil
edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə
nail olmadan qarşıda dayanmış ümummilli problemlərin
həlli mümkün deyildir. Azərbaycan
xalqının XX əsrdə yetişdirdiyi ən böyük
şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin
qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması
məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də,
o dövrdə hakimiyyət sükanı arxasında dayanan
bəzi siyasətbazların səriştəsizliyi
ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək,
dövlətin dayaqlarını gücləndirmək
mümkün olmamışdı. Həmçinin Ermənistanın
işğalçılıq siyasəti, ölkə daxilindəki
çəkişmələr cəmi bir il əvvəl
qazanılmış müstəqilliyi təhlükə
altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin
sağlam qüvvələrinin diqqəti Naxçıvana
yönəlmişdi. Azərbaycanın çətin
anında Ümummilli Liderimizin ətrafında sıx birləşməyə,
Onun dərin zəkasının köməyi ilə xalqı,
yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən
xilas etməyə çalışan insanların çevrəsi
cəmiyyətin bütün zümrələrini əhatə
edirdi. Xüsusilə ziyalılar Heydər Əliyevin xalq
üçün nə qədər lazımlı olduğunu
gözəl bilirdilər. Belə bir məqamda,
Azərbaycan xalqının iztirablarını, ölkənin
iflasa və məhvə sürüklənməsi təhlükəsini,
Azərbaycan ziyalılarının ürək
ağrısı və nigarançılığını,
həmçinin bununla bağlı bir qrup görkəmli şəxsin
müraciətini nəzərə alan Ulu Öndər
Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il
tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasına və ona rəhbərlik etməyə
razılıq verdi.
Bu gün mübaliğəsiz deyə bilərəm
ki, 1993-cü ildən indiyədək YAP bütün
seçkilərdə böyük qələbələr
qazanıb. Yeni Azərbaycan Partiyası Heydər Əliyev
siyasi məktəbinin ən əsas sütunudur və ən
böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın keçdiyi 27 ilə yaxın şərəfli
yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını,
sarsılmaz və əbədi olduğunu təsdiqləyir.
2003-cü ildə keçirilən prezident seçkilərində
xalqın böyük əksəriyyətinin səsini qazanaraq
Prezident seçilən İlham Əliyev Azərbaycanın
daha da qüdrətli, güclü dövlətə
çevrilməsi üçün Heydər Əliyev siyasətinin
davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola
sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi.
Ötən illər ərzində görülən işlər,
əldə olunan uğurlar dövlətimizin
başçısı İlham Əliyevin növbəti
seçkilərdə də parlaq qələbəsini təmin
etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Azərbaycanın hərtərəfli
inkişafını həyata keçirilən siyasətin
önündə saxlayır. Uğurların
davamlılığını təmin etmək
üçün atılan bir-birindən əhəmiyyətli
addımlar da bunu hər gün təsdiq edir.
- Müstəqilliyin ilk illərində
xaos və anarxiya məkanına çevrilən Azərbaycanın
xarici əlaqələri də arzuolunmaz vəziyyətdə
idi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə
hakimiyyətə gəlməsindən sonra Azərbaycan beynəlxalq
müstəvidə söz və nüfuz sahibinə
çevrildi, etibarlı tərəfdaş kimi
tanınmağa başladı. Bu amilin Azərbaycanın
inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində
əhəmiyyəti nədir?
- İctimaiyyətə
yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini
bərpa edərək bazar iqtisadiyyatı istiqamətində
ilk addımlarını atan Azərbaycan Respublikası
böyük iqtisadi və siyasi çətinliklərlə
rastlaşmışdır. 1989-cu ildən başlamış
geriləmə prosesi müstəqilliyin ilk üç ilində
daha da dərinləşmişdir. Əgər
1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər
il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində
azalmanın sürəti 3,8 dəfə artmışdır.
1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə
az sənaye və kənd təsərrüfatı məhsulu
istehsal edilmişdir. Ölkənin belə
bir çətin vəziyyətdən
çıxarılmasında və Azərbaycan
Respublikasının beynəlxalq aləmə və qlobal
iqtisadi mühitə sürətlə inteqrasiya etməsində,
istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə
ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və
islahatların rolu danılmazdır. Heydər Əliyevin bir
dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat,
eləcə də onun ayrı-ayrı sahələri
qarşısında duran problemlərə kompleks şəkildə
yanaşması bu gün əldə edilən ciddi
uğurların əsas təkanvericisidir. Yəni Azərbaycanın
bugünkü uğurları müasir Azərbaycan dövlətinin
banisi Ümummilli Lider Heydər Əliyev tərəfindən
müəyyən edilərək həyata keçirilmiş
islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda
bazar münasibətlərinə söykənən sosial
yönümlü iqtisadiyyatın inkişafına nail
olunmuş, ölkə əhalisinin həyat səviyyəsi
yüksəldilmişdir. Müstəqilliyin ilk
illərində baş vermiş iqtisadi tənəzzülün,
vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasətinin
qarşısının alınması, dövlətçilik
ənənələrinin və sabitliyin bərpası məqsədilə
Heydər Əliyevin atdığı qətiyyətli
addımlar qısa müddət ərzində hər bir vətəndaşın
həyatında hiss olunmağa başlamışdır.
Ölkənin sosial-iqtisadi
inkişafının təmin olunması ilə bağlı
görülmüş ən əsas işlərdən biri bu
gün nəinki Azərbaycanda, eləcə də dünyada
neft strategiyasının və siyasətinin
formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb
edən “Əsrin müqaviləsi”nin imzalanması
olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən
bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil
edən 41 neft şirkəti ilə daha 26 sazişin
imzalanmasına yol açmışdır. Bağlanmış
müqavilələr hesabına ölkənin neft sektoru
sürətlə inkişaf etdirilmiş, ölkəyə
daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun
inkişafına və əhalinin sosial problemlərinin həllinə
nail olunmuşdur.
İqtisadi azadlıq və sosial ədalət
prinsipləri əsasında torpaq üzərində yeni
mülkiyyət münasibətlərini yaratmaq, bazar
iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü
inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə,
o cümlədən ərzaq təminatına nail olmaq və nəticə
etibarı ilə Azərbaycan xalqının maddi
rifahını yüksəltmək məqsədilə MDB məkanında
ilk dəfə olaraq torpaq islahatı həyata
keçirilmişdir.
Bazar iqtisadiyyatı prinsiplərinin,
sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə
dövlət tərəfindən zəruri addımlar
atılmışdır. Sahibkarlığın,
o cümlədən kiçik və orta
sahibkarlığın inkişafı və bu sahədə
mövcud problemlərin aradan qaldırılması
üçün ardıcıl Dövlət proqramları qəbul
edilmiş, qanunvericilik bazası yaradılmışdır.
İqtisadi sferada dövlət nəzarətinin qaydaya
salınması və əsassız yoxlamaların
qadağan edilməsi məqsədilə ciddi tədbirlər
görülmüş, bu sahədə bir-birini təkrarlayan,
paralel və lüzumsuz yoxlamaların sayı
azaldılmışdır.
1994-cü ildən başlayaraq
iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank
sistemlərinin sürətlə dəyişən iqtisadi
şəraitə uyğunlaşdırılması, bazar
iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin
həyata keçirilməsi bütün sahələrdə
inkişaf mərhələsinin başlanmasına təkan
vermişdir. Ulu Öndərin təşəbbüsü
və rəhbərliyi ilə Azərbaycanda həyata
keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr
verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin
qüdrətli iqtisadi dayaqları üçün əsaslar
yaratmışdır. Bütün sahələrdə
olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya
iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası
münasibətlərin fəal subyektinə çevrilmiş,
dünya miqyasında layiqli yerini tutmuşdur.
“Əsrin müqaviləsi” üzrə
müvəffəqiyyətlə həyata keçirilmiş
işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq”
yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi
Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli”
yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri,
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri
istismara verilmiş və ölkəmiz neftlə yanaşı,
qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də
inkişafı ilə bağlı icra olunmuş nəhəng
layihələr nəticəsində Azərbaycan nəinki
öz enerji təhlükəsizliyini təmin etmiş, regionun,
hətta Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində aparıcı tərəfdaşa
çevrilmişdir.
Məhz görülmüş tədbirlər nəticəsində
iqtisadi inkişafın ümumiləşdirici göstəricisi
olan ümumi daxili məhsul istehsalında yüksəlişə
nail olunmuşdur. Artıq bu günün
reallıqları sübut edir ki, Ulu Öndər Heydər
Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət
nəticələr verir, bəhərini qədirbilən
xalqımız daim yüksək qiymətləndirir. İstər
müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan
Respublikasının beynəlxalq aləmə və qlobal
iqtisadi mühitə sürətlə inteqrasiya etməsində,
istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə
ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və
islahatların rolu danılmazdır. Heydər Əliyevin
bir dövlət başçısı və siyasi xadim kimi
ölkə, milli iqtisadiyyat, eləcə də onun
ayrı-ayrı sahələri qarşısında duran problemlərə
kompleks şəkildə yanaşması bu gün əldə
edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz
bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və
siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər
bir-birinə təkan verməklə, vahid bir prosesə
çevrilir.
- Əminliklə söyləmək olar ki,
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi
islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın
inkişafını şərtləndirən əsas faktordur.
Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Heydər Əliyev həyatı
boyu qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini
Öz çiyinlərində daşımış, onu bir
dövlət, xalqımızı bir millət kimi tarixin
ağır və sərt sınaqlarından
çıxarmış, müasir Azərbaycanın
işıqlı sabahının etibarlı bünövrəsini
yaratmışdır. Azərbaycan
Respublikası dövlət müstəqilliyini qazandıqdan
sonra ölkəmizin ictimai həyatında və dövlət
quruculuğu sahəsində xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin rəhbərliyi ilə
aparılmış köklü islahatlar nəticəsində
dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu
üzvünə çevrilmişdir.
Ulu Öndər Azərbaycan
Respublikasının gələcək inkişafını
demokratik və dünyəvi dəyərlərə söykənən
sistemlər üzərində qurmuşdur. Müdrik
rəhbərimiz müstəqilliyin ilk illərində
respublikamızın milli iqtisadiyyatını səmərəli
iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət,
azad sahibkarlıq və sağlam rəqabət prinsipləri
üzərində qərarlaşdırmaq və inkişaf
etdirmək üçün strateji xəttini müəyyən
etdi. Buna nail olmaq üçün isə
hökumətdən ardıcıl və sistemli iqtisadi
islahatlar proqramlarını işləyib hazırlamaq tələb
olunurdu. İqtisadi islahat proqramlarının işlənməsi
və həyata keçirilməsi prosesində nəzərə
alınmalı ən vacib cəhət ondan ibarət idi ki, Azərbaycan
vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib
hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil
və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata
keçidi təmin etməli idi. Eyni zamanda, bu mərhələdə
iqtisadiyyatın idarə olunması sahəsində hökm
sürən inzibati-amirlik metodlarından
öz-özünü tənzimləyən sərbəst bazar
münasibətlərinə keçid məsələsi həll
olunmalı idi.
Göründüyü kimi, Heydər
Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər
bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin
aztəminatlı hissəsi rifah halının günbəgün
yaxşılaşmasında görür və ölkəmizin
daha da inkişaf edəcəyinə qətiyyən şübhə
etmir. Çünki bunun üçün möhkəm iqtisadi
bazanı Ümummilli Liderimiz artıq yaradıb və
davamlı sosial-iqtisadi inkişaf kursunun Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə
nikbinliklə baxmağa əsas verir.
- Dünyada güclü və
nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və
müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
uğurla inkişaf edir. Ölkəmiz Prezident İlham
Əliyevin rəhbərliyi ilə möhtəşəm
nailiyyətlər qazanır, yeni zirvələr fəth
edir. Bugünkü reallıqları və perspektivi necə dəyərləndirirsiniz?
- Bu gün xalqımız Heydər Əliyev
siyasətinin uğurlarını gündəlik həyatında
hiss edir və Onun irsindən faydalanır. Bu siyasətin
icraçısı Ulu Öndərimizin alternativsiz siyasi varisi
cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər
Əliyev siyasəti yaşayır və uğurla davam
etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının əsasıdır, gələcəyə
istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin
qorunub saxlanılması və möhkəmləndirilməsi,
Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi,
sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır
və taleyüklü məsələlərdə sınaqdan
çıxmışdır. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə
olunan nəticələr xalqın sabaha olan inamını
qat-qat artırmış, Heydər Əliyevin memarı
olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə
olduğuna möhkəm əminlik yaratmışdır.
Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə
yeni müstəvidə davam etdirməklə,
xalqımızın və dövlətçiliyimizin bu kursun
mahiyyətindən doğan milli maraqlarını beynəlxalq
miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla
həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir,
dövlətçiliyimizi qüdrətləndirir və nəticədə
beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol
və nüfuzunu artırır. Xalqımız
bu siyasəti yüksək dəyərləndirir. Ölkəmizdə
11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri
dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin
Prezident İlham Əliyevə dərin inam və məhəbbət
bəslədiyini bir daha təsdiq etdi. Xalqımız
qətiyyətlə inanır və görür ki, ölkəmizin
sürətli, hərtərəfli və dinamik inkişafı
Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan
Prezident İlham Əliyevin düşünülmüş və
yaradıcı fəaliyyəti ilə bağlıdır.
İqtidarla xalq arasında qarşılıqlı inam
daha da artıb, bu münasibətlər gələcək
iqtisadi inkişafın təməl prinsipinə çevrilib.
Bütün bu uğurların əldə olunmasında Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli
fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın
birinci xanımı milli-mənəvi dəyərlərin
qorunması, mədəniyyətimizin geniş təbliği,
elm, təhsil, mədəniyyət, səhiyyə və
idmanın inkişafını təmin edən layihələrin
dəstəklənməsi, uşaq və gənclərin
sağlam, milli-mənəvi dəyərlərə sadiq,
hərtərəfli biliklərə malik vətəndaş
kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun
artmasına yönələn tədbirlər həyata
keçirməklə böyük layihələrin müəllifinə
çevrilib.
- Tahir müəllim, son olaraq YAP Siyasi
Şurasının üzvü kimi gənc partiya üzvlərinə
arzularınız, tövsiyələriniz...
- Əvvəla bildirim ki, gənclər bir millətin
yaşaması, dövlətin inkişafı üçün
təməl daşını təşkil edir. Bir millətin
mövcud olması üçün onun sağlam gəncliyinin
olması vacib şərtlərdəndir. Yeni Azərbaycan
Partiyasının və onun Gənclər Birliyinin - Azərbaycanın
ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin
ictimai-siyasi həyatındakı misilsiz rolu göz
qabağındadır. Onu deyim ki, hər bir
ölkədə dövlətçiliyin, suverenliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi, gələcəyin daha
etibarlı təminatı sağlam və intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən, onların cəmiyyətdə
aparıcı qüvvəyə çevrilməsindən
olduqca asılıdır. Bu baxımdan Ulu
Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
Azərbaycanın inkişaf strategiyası öz bəhrəsini
vermiş və bu strategiya nəticəsində dövlətimizin
üçrəngli bayrağı bütün sahələr
üzrə dünyanın ən ali beynəlxalq qurumlarında
dalğalanır. Dünya miqyaslı siyasətçi
Heydər Əliyevin məkəmməl dövləti fəaliyyəti
və mənalı həyatı hər birimiz
üçün müdriklik məbədidir. Arzu edirəm ki,
partiyamızın gənc üzvləri və müasir gənclik
dahi şəxsiyyətin zəngin irsindən və bəşəri
ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın
gələcəyi naminə Heydər Əliyev yoluna daim sadiq
olsunlar.
Yeni Azərbaycan.-
2019.- 8 may.- S.6.