Ulu Öndər Heydər Əliyevin
xalqımız və dövlətimiz
qarşısındakı misilsiz xidmətləri hər zaman
minnətdarlıqla xatırlanacaq
Milli Məclis sədrinin müavini, YAP İdarə
Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına
müsahibə verib:
- Bahar xanım, mayın 10-da Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 96-cı ildönümü tamam olur. Fəaliyyəti
XX əsr Azərbaycan tarixinə qızıl hərflərlə
yazılmış Heydər Əliyev dühasının Azərbaycan
xalqı qarşısında göstərdiyi xidmətləri
necə qiymətləndirə bilərsiniz?
- Ulu Öndər Heydər
Əliyev Azərbaycan xalqının yetişdirdiyi elə bir
tarixi şəxsiyyətdir ki, Onun haqqında danışanda
yalnız həyatı və fəaliyyəti barədə
deyil, dövlət idarəçiliyində təmsil
olunduğu və Azərbaycan xalqının mühüm tarixi
dövrünü əhatə edən bütöv bir qərinədən
bəhs etmək lazım gəlir. Ona görə
ki, Ümummilli Lider Heydər Əliyev bütün
ömrünü mənsub olduğu xalqa, onun inkişafına,
minilliklərin süzgəcindən keçib gələn
milli-mənəvi dəyərlərin qorunması, inkişaf
etdirilməsi və gələcək nəsillərə
çatdırılmasına həsr edib.
Birmənalı şəkildə demək olar
ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti
və xalqı qarşısında misilsiz xidmətlər
göstərib. Onun xidmətləri tarixin
yaddaşına qızıl hərflərlə yazılıb
və bundan sonra mövcud ola biləcək digər siyasi
ideologiyalar və ya siyasətçilər bu xidmətləri
şübhə altına ala, onlara kölgə sala bilməyəcəklər.
Buna cəhd göstərsələr belə, uğursuzluğa
düçar olacaqlar.
Heç şübhəsiz, qətiyyətlə
demək olar ki, Heydər Əliyev Azərbaycan xalqının
yetişdirdiyi ən böyük dühalardan biridir. O Öz fəaliyyəti ilə təkcə
böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib,
həm də malik olduğu qətiyyət və siyasi iradə
sayəsində mənsub olduğu xalqı və qurduğu
dövləti dünya miqyasında tanıda bilib. Ona
görə də hesab edirəm ki, Azərbaycan xalqı
yaşadıqca onun şüurunda, təfəkküründə
və yaddaşında Ulu Öndərin özünəməxsus
yeri olacaq. Onun xidmətləri zaman-zaman müzakirə predmeti,
araşdırma və tədqiqat obyekti olacaq. Gələcək
nəsillər, o cümlədən Heydər Əliyev irsinə
müraciət edən şəxslər bu irsin zəngin
çalarlarını və bütün tərəflərini
üzə çıxarmaqla yanaşı, bu şəxsiyyətin
zəngin irsindən bəhrələnəcəklər.
Ən nəhayət, Ümummilli Lider Heydər
Əliyevin xalqımız və dövlətimiz
qarşısındakı misilsiz xidmətləri hər zaman
minnətdarlıqla xatırlanacaq.
- Azərbaycana rəhbərliyinin
birinci dövründə mərkəzi hakimiyyətin
bütün təzyiq və əngəllərinə rəğmən,
Ulu Öndər Heydər Əliyevin xalqının gələcəyi
naminə atdığı tarixi addımlar və
gördüyü mühüm işlərdən, onların əhəmiyyətindən
bəhs etməyinizi xahiş edirik.
- Azərbaycan Sovet İttifaqının tərkibinə
daxil olanda birliyin suveren hüquqa malik müttəfiq
respublikası olsa da, tam müstəqillikdən danışmaq
qeyri-mümkün idi. Buna baxmayaraq, Ulu Öndər
sovet dövründə Azərbaycanın birinci şəxsi
olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki
hüquqlardan maksimum yararlanmaq şansını əldən
vermədi, hətta bu yöndə müəyyən dərəcədə
uğurlar əldə etdi. Məsələn, Azərbaycan
dilinin Azərbaycanın 1978-ci il Konstitusiyasında dövlət
dili kimi rəsmiləşdirilməsi, təhsil və elm sahəsində
ana dilimizdə nəşrlərin sayının artması
bunlara misal ola bilər.
Digər tərəfdən, ittifaq
imkanlarının bütün parametrləri ilə
respublikanın inkişafına yönəldilməsi Heydər
Əliyevin adı ilə bağlıdır. Belə ki, Onun rəhbərlik
etdiyi dövrdə Azərbaycan inkişaf etmiş sənaye
potensialına malik respublikaya çevrildi. Bu
zaman ittifaqın tələblərini yerinə yetirməklə
yanaşı, ittifaqa göndərilən məhsulların
çox hissəsinin Azərbaycana investisiya və maliyyə
qismində geri qaytarılması, ayrı-ayrı sənaye sahələrinin
yaradılması vasitəsilə xalqın bütün
potensialını inkişafa yönəltməklə
genişmiqyaslı tərəqqinin təməli
atıldı.
Həmin dövrdə o vaxta qədər Azərbaycanda
mövcud olmayan və çatışmayan kadrların
yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil
müəssisələrinə göndərilməsi gələcəyə
hesablanmış addımlar idi. Eyni zamanda hərbi sahədə
kadrların yetişdirilməsi üçün Ulu Öndər
böyük işlər görüb. Bakıda
C.Naxçıvanski adına hərbi məktəbin
yaradılması, ittifaqın hərbi kadrlar hazırlayan ali məktəblərinə
azərbaycanlıların göndərilməsi də məhz
həmin uzaqgörən siyasətin nəticəsi idi. Zaman da
göstərdi ki, həmin hərbi kadr potensialı
olmasaydı, Qarabağ uğrunda gedən müharibədə
Azərbaycan qoşunlara rəhbərlik etməyə zabit və
komandirlər tapa bilməzdi. Ona görə də bu
addımları birmənalı şəkildə müstəqilliyin
bünövrəsi hesab etmək olar.
Digər bir məqam o idi ki, Azərbaycanda
hakimiyyətinin birinci dövründə Heydər Əliyev mərkəzdən
olan təzyiq və maneələrə baxmayaraq, xalqın
yetişdirdiyi milli təfəkkürlü elm, təhsil və
mədəniyyət xadimlərini, o cümlədən
ziyalıları qoruyurdu. Bu da sübut edir ki, O, təkcə
Azərbaycanın sərvətlərinin, iqtisadiyyatının
inkişafına deyil, xalqın yetişdirdiyi ziyalılara da diqqət
və qayğı göstərirdi. Məhz həmin
ziyalılar da 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində
mərkəzdənqaçma meyillərinin gücləndiyi
vaxtda Azərbaycanda yeni ictimai-siyasi təfəkkürün
formalaşmasında, ictimai şüurda dəyişikliyin
yaranmasında iştirak edən potensiala çevrildilər.
Təbii ki, həmin potensial
olmasaydı, ermənilərin separatizm meyillərinə
qarşı xalqın kütləvi müqavimətini təşkil
etmək mümkün olmazdı. Yəni xalqın milli
özünüdərkinin oyanmasında məhz Heydər
Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə
yürütdüyü siyasət dayanırdı. Sonradan
bu özünüdərk Ümummilli Liderin Azərbaycanda
ikinci dəfə hakimiyyətə qayıtması və
müstəqil dövlət qurmaq imkanı və bu yöndə
məqsədlərin reallaşması üçün istifadə
edildi.
- Bahar xanım, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyev yüksək postdan
istefaya getdikdən bir neçə il sonra Azərbaycana
qayıtdı və Bakıda yaşamağa imkan verilmədiyi
üçün Naxçıvana getdi. Ümummilli Lider
Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi
dövrdə də xalqımız qarşısında
tutduğu vəzifənin hüdudlarını aşan misilsiz
xidmətlər göstərib. Hətta Yeni Azərbaycan
Partiyasının yaranması da həmin dövrə təsadüf
edib. Ulu Öndərin Naxçıvandakı fəaliyyəti
barədə fikirlərinizi bizimlə bölüşməyinizi
istərdik.
- SSRİ rəhbərliyindən
istefasından sonra Heydər Əliyevin Azərbaycana
qayıtmasına imkan vermədilər, hətta həyatı
üçün təhlükənin mövcud olduğunu belə
nəzərə almadan respublika rəhbərlyi tərəfindən
Onun ölkədən kənarda saxlanmasına cəhdlər
göstərilirdi. 1990-cı ildə Ümummilli Lider Azərbaycana
qayıtsa da, Bakıda qalmasına imkan verilmədi. Onun həmin vaxt mərkəzi hakimiyyətdə və
respublika rəhbərliyində kifayət qədər
yaxından tanıyan şəxslər tərəfindən
müdafiə edilməməsi Naxçıvana getməsini
şərtləndirirdi. Əslində mövcud vəziyyət
Onun üçün ağrılı bir məqam idi. Parlamentdə çıxışı zamanı və
digər məsələlərdə Ona qarşı göstərilən
ədalətsizlik Onun incik düşməsinə kifayət qədər
haqq qazandırırdı. Lakin Heydər Əliyev
sınmadı və o vaxt doğma Naxçıvan Ona dəstək
və dayaq oldu.
Digər tərəfdən, müharibə,
iqtisadi böhran şəraitində yaşayan
naxçıvanlılar Ulu Öndərə özlərinin
nicatı və son ümid yeri kimi baxırdılar. Buna görə
də Ümummilli Lideri 1990-cı il iyulun 22-də şəhərin
mərkəzi meydanına toplaşan 80 min insan böyük
coşqu ilə qarşıladı. Çünki blokadada olan
muxtar respublika əhalisi həm də erməni təcavüzü
ilə qarşı-qarşıya idi. Məhz bu
səbəbdən Ulu Öndərin Naxçıvanın təhlükəsizliyinin
təmin edilməsi üçün atdığı
addımlar muxtar respublikanın gələcək taleyində
vacib rol oynadı. Üç tərəfdən düşmən
əhatəsində qalan, ümumiyyətlə, dünyadan
tamamilə təcrid edilən muxtar respublikanın blokadadan
çıxarılması üçün Heydər
Əliyev mühüm addımlar atdı. İran və
Türkiyə ilə əlaqələr yaratdı, digər
dövlətlərlə münasibətlər qurmaq
yönündə işlər gördü.
Eyni zamanda, Heydər Əliyev yalnız muxtar
respublika üçün deyil, bütün Azərbaycan
üçün həyati əhəmiyyət kəsb edən,
dövlət quruculuğu prosesində mühüm rolu olan qərarların
qəbul edilməsinə nail oldu. Belə ki,
Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də
keçirilən sessiyasında “Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının adının dəyişdirilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikasının
Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul
edildi. Ulu Öndərimizin Sədrliyi ilə keçirilən
həmin tarixi sessiyada ilk dəfə olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı
Naxçıvan Muxtar Respublikasının Dövlət
Bayrağı kimi qəbul olundu. Həmçinin Heydər
Əliyev dünya azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq
dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan etdi.
Ümummilli Lider Naxçıvanda siyasi fəaliyyət
göstərdiyi qısa zaman kəsiyində müstəqil,
demokratik və dünyəvi dövlət yaradılması
üçün siyasi və ideoloji əhəmiyyətli tarixi
qərarlar qəbul etdi. Azərbaycanın
müstəqil dövlət kimi sonrakı fəaliyyətinin
bir sıra konseptual istiqamətləri məhz bu dövrdə
işlənib hazırlandı. Beləliklə,
Naxçıvanda gedən tarixi proseslər zamanı atılan
addımlar müstəqilliyin bərpası üçün
mühüm rol oynadı. Bütün bu cəsarətli
addımlar sübut edirdi ki, Heydər Əliyevin fəaliyyəti
Naxçıvanın hüdudlarına sığmır.
Yeni Azərbaycan
Partiyasının (YAP) yaranması prosesinə gəlincə, həmin
dövrdə ölkəmizin bütün guşələrində
qəlbində Heydər Əliyevə və böyük Azərbaycana
sevgi ilə yaşayan yüz minlərlə insan
respublikadakı vəziyyəti yaxından izləyirdi. Bu
vəziyyət yenicə müstəqillik qazanan respublikanın
gələcək taleyi üçün ciddi təhlükələrin
olduğunu göstərirdi. AXC-Müsavat
cütlüyünün bir-birinin ardınca
buraxdığı siyasi səhvlər, cinayətə bərabər
əməllər Azərbaycanın müstəqilliyini sual
altında qoyurdu. Getdikcə artan ziddiyyətlər
və xaos insanlarda narahatlıq yaradırdı. Bütün
bunlar təbii olaraq xalqın Heydər Əliyevin böyük
siyasətə qayıtması arzusunun daha da alovlanmasına gətirib
çıxardı. Çünki Ümummilli Liderin
Naxçıvanda atdığı addımları, orada həm
erməni təcavüzünün qarşısının
alınması, həm də ictimai-siyasi sabitlik yaratması
yönündə fəaliyyətini insanlar görür və
Azərbaycanın xilası üçün Ondan kömək
gözləyirdilər. Bu məqamda siyasi cəhətdən
kifayət qədər fəal şəxslər, o cümlədən
ziyalılar həmin fəallığı məhz Azərbaycanın
müstəqilliyinin qorunmasına yönəltmək
üçün əsas mərkəz rolunu oynaya biləcək,
müstəqilliyi şəxsi və qrup mövqeyindən
üstün tuta biləcək siyasi təşkilatın
yaranması və rəhbərliyində Ümummilli Lideri
görmək istəyi ilə Ulu Öndərə üz
tutdular. Heydər Əliyev isə bir çox müzakirələrdən
sonra belə bir siyasi partiyanın yaranmasını məqsədəuyğun
hesab etdi və Özünün də bu partiyanın rəhbərliyində
təmsil olunmasına razılığını bildirdi.
Lakin o dövrdə Heydər
Əliyevin adından belə ehtiyat edən Azərbaycan
iqtidarı partiyanın Bakıda təsis olunmasına imkan vermədi.
Çünki mövcud hakimiyyət Ulu Öndərin rəhbərliyi
altında siyasi partiyanın yaranmasına icazə verilməsini
özünün siyasi iflası hesab edirdi. Odur ki, bunun qarşısını almaq
üçün bütün tədbirlərə əl
atıldı. Buna baxmayaraq, Heydər Əliyevi özünə
lider hesab edən şəxslər axın-axın
Naxçıvana üz tutur və bu prosesi sürətləndirmək
üçün işlər görürdülər.
Ovaxtkı iqtidar Naxçıvana edilən bu səfərlərin
də qarşısını almağa
çalışırdı. Bu təzyiq və təsirlərə
baxmayaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis
olundu. Naxçıvanda 500 nümayəndənin
iştirakı ilə keçirilən konfransda Heydər
Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Bir maraqlı məqamı qeyd
edim ki, məhz Ulu Öndərin özü Yeni Azərbaycan
Partiyasının Proqram və Nizamnaməsini işləyib
hazırlamışdı. Həmin proqram sənədində
partiya quruculuğu, partiyanın məqsəd və məramları
çərçivəsində Azərbaycanın gələcək
inkişaf perspektivləri konkret olaraq qeyd olunmuşdu. Həmin
proqram sonradan Azərbaycanın inkişafı
üçün vacib bir sənədə çevrildi.
Ümummilli Lider bu partiyanın Azərbaycanı irəliyə
aparacaq siyasi güc mərkəzinə çevriləcəyinə
böyük ümid bəsləyirdi. Ona görə də onun
proqramında qarşıya qoyulan vəzifələr yalnız
partiya fəaliyyəti üçün nəzərdə
tutulmamışdı və geniş əhatə dairəsinə
malik idi. Onu da qeyd edim ki, bu təsis
konfransından sonra respublikanın bütün ərazilərində
YAP rayon və şəhər təşkilatları
yaranmağa başladı. Mən o vaxt Yasamal rayonu ərazisində
bu proseslərə qoşuldum və qısa bir müddətdə
insanların kütləvi şəkildə partiyaya axın
etdiyinin şahidi oldum.
- Qeyd etdiyiniz kimi, Azərbaycanda təsadüfən
hakimiyyətə yiyələnmiş qüvvələr cəmi
1 il sonra 1992-ci ildə yaş senzi tətbiq edərək
prezident seçilməsinə mane olduqları dahi şəxsiyyətin
köməyinə möhtac oldular. Azərbaycanın
dövlətçiliyinin xilası, qurtuluşu kimi dəyərləndirilən
həmin dövrdə xilaskarlıq missiyasını üzərinə
götürən Ulu Öndərin 1993-cü ilin iyunundan
başlayan 10 illik fəaliyyətinin əsas məqamlarına
toxunmağınızı xahiş edirik.
- Əlbəttə, həmin dövrdə
olduqca təhlükəli vəziyyət yaranmışdı və
doğrudan da Azərbaycan parçalanmaqdan, vətəndaş
müharibəsindən qurtuldu. Xalqın xilası
üçün yeganə istinadgah olan Heydər Əliyevin sayəsində
Azərbaycan müstəqilliyini qoruyub saxladı.
Məlum olduğu kimi, təsadüfən
hakimiyyətə yiyələnən, heç bir iqtisadi və
siyasi konsepsiyası, proqramı olmayan AXC-Müsavat
cütlüyünün səriştəsiz fəaliyyəti
dövlət quruculuğunda və dövlət idarəçiliyində,
habelə xalqın müdafiə qabiliyyətini müharibə
şəraitində olan Azərbaycanın təhlükəsizliyinə
yönəltmək işində uğur
qazanılmasını istisna edirdi. Son nəticədə
müstəqillik əldə etdikdən qısa müddət
sonra Azərbaycan nəinki müstəqilliyin itirilməsi,
ümumiyyətlə, parçalanma təhükəsi ilə
üz-üzə qaldı. Belə bir məqamda xalqın
verdiyi düzgün qərar Heydər Əliyevə müraciət
olunması və təkidlə hakimiyyətə
qayıtması oldu.
Ulu Öndərin hakimiyyətdə
kifayət qədər mühüm posta seçilməsi bu
prosesi təhlükəsiz məcraya, vətəndaş
müharibəsindən xilas yoluna yönəltməyə imkan
verdi. Çünki Heydər Əliyevin gəlişi Azərbaycanı
vətəndaş qarşıdurmasından xilas etdi, qısa müddətdə
ölkədəki separatçı qüvvələrin fəaliyyətinə
son qoyuldu. Tarix də göstərdi ki, həmin qərar Azərbaycan
xalqının və dövlətinin sonrakı taleyinin həllində,
dövlətçiliyinin bünövrəsinin qoyulmasında əsas
amil kimi çxış edib.
Burada mühüm məqamı
qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti seçildikdən
sonra Ümummilli Liderin birbaşa xalqa müraciəti və
bundan sonra könüllü olaraq kütləvi şəkildə
cəbhəyə yollanan vətən övladlarının qəhrəmanlığı
sayəsində Azərbaycan Ordusunun 1994-cü ilin yanvarında
həyata keçirdiyi Horadiz əməliyyatı ilə
Füzuli rayonunun 22 kəndi və 1 qəsəbəsi
işğaldan azad olundu. Nəticədə düşmən
atəşkəsə razı oldu və əldə olunan atəşkəsdən
sonra Azərbaycan dövlət quruculuğu mərhələsinə
qədəm qoydu.
Bundan sonra ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsi, iqtisadi tənəzzüldən
xilas edilməsi, daxili ictimai-siyasi sabitliyin təmin olunması
və xarici siyasətinin müəyyənləşdirilməsi
istiqamətində mühüm işlər görüldü.
Bu da keçmiş iqtidarın fəaliyyəti nəticəsində
ölkənin düşdüyü siyasi
blokadadan, izolyasiyadan qurtulmaq üçün zəmin
yaratdı. Ümummilli Lider keçmiş hakimiyyətin
yanlış siyasəti nəticəsində münasibətlərin
gərgin olduğu region dövlətləri ilə, habelə
dünya siyasətində həlledici rola malik böyük
güclərlə əməkdaşlığın
mümkün olmasını sübut etdi.
Bütün bunlar da Azərbaycanın
siyasi və iqtisadi potensialı yüksək olan bir dövlət
kimi formalaşmasına, hətta dünyanın aparıcı
dövlətləri ilə tərəfdaş qismində
çıxış etməsinə imkan yaratdı. Azərbaycanın
bu mövqeyə çıxması onun gələcək təhlükəsizliyinin
qarantı olan münasibətlərin qurulması, bu kontekstdə
beynəlxalq əhəmiyyətli layihələrin həyata
keçirilməsində milli maraqların qətiyyətlə
təmin olunması baxımından mühüm tarixi əhəmiyyət
daşıyır.
Ulu Öndərin hakimiyyətə
yenidən qayıdışından dərhal sonra qanunvericilik
sahəsində islahatlar aparıldı, müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul edildi, ilk parlament seçkiləri
keçirildi, gənclər siyasəti, mədəniyyət,
idmanın inkişafı sahəsində addımlar
atıldı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyini xilas etməklə
yanaşı, ölkəmizdə yaşayan bütün
xalqların və millətlərin hüquqlarının təminatçısı
olduğunu sübuta yetirdi. Bununla da əsl vətəndaş cəmiyyətinin
qurulmasına zəmin yaratdı. O, həmçinin xaricdə
Azərbaycan diasporunun formalaşdırılmasına, dünya
azərbaycanlılarının vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdirilməsinə
nail oldu.
Azərbaycan müstəqillik
tarixinin Heydər Əliyevin hakimiyyətinə təsadüf
edən həmin 10 illik dövrü Ulu Öndərin Azərbaycan
xalqını ağır vəziyyətdən
çıxararaq uğura qovuşdurması, müstəqilliyinin,
eyni zamanda bu müstəqilliyin dönməzliyinin, əbədiliyinin
təmin olunması ilə yadda qalır.
Ümummilli Liderin hakimiyyəti dövründə
Azərbaycan Respublikası beynəlxalq təşkilatların
bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycanın
daha uğurlu beynəlxalq əhəmiyyətli layihələrin
təşəbbüskarı kimi çıxış etməsi,
bəzilərinin həyata keçirilməsi və digərlərinin
də əsasının qoyulması Ulu Öndərin adı
ilə bağlıdır. Azərbaycan nəinki
öz təbii ehtiyatlarının, digər dövlətlərin
də enerji ehtiyatlarını Azərbaycandan keçməklə
dünya bazarına çıxaracaq beynəlxalq əhəmiyyətli
layihələrə imza atdı. Yeni neft və qaz
yataqlarının işlənməsi üçün xarici
dövlətlərin nüfuzlu şirkətləri ilə
müqavilələr imzaladı. “Əsrin müqaviləsi”
sazişinin imzalanması ilə dünyanın aparıcı
dövlətlərinin nüfuzlu şirkətlərinin
iştirak etdiyi konsorsiumların yaranmasına nail oldu. Azərbaycan
daha genişmiqyaslı tərəfdaşlar əldə etmək
dövrünə qədəm qoydu. Ölkəmiz 1992-ci ildən
BMT-yə, ATƏT-ə və bir çox beynəlxalq təşkilatlara
üzv olmuşdu. Avropa Şurası başda olmaqla digər
nüfuzlu beynəlxalq təşkilatlara üzvlük nəticəsində
isə Azərbaycan insan hüquq və azadlıqlarının
qorunduğu bir məkanın bərabərhüquqlu
iştirakçısına çevrildi. Və
biz bu vəzifənin hansı çətin və məsuliyyətli
bir dövrdə yerinə yetirilməsi haqqında məlumatları
bugünkü və gələcək nəslə
çatdırmalıyıq ki, müstəqilliyin nəyin
bahasına qorunub saxlandığını dərk etsinlər və
unutmasınlar.
- Sizin də qeyd etdiyiniz kimi,
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin
bütün mərhələləri göstərir ki,
müasir müstəqil Azərbaycanın inkişafı məhz
Onun yorulmaz, çoxşaxəli fəaliyyəti sayəsində
mümkün olmuşdur. Heç kimə sirr deyil ki, Ulu
Öndərin əsasını qoyduğu siyasət Prezident
İlham Əliyev tərəfindən müasir dövrün tələbləri
və reallıqlarına müvafiq surətdə uğurla
davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın
hazırkı və gələcək inkişafını necə
dəyərləndirirsiniz?
- Bu bir faktdır ki, Ümummilli
Liderin ən böyük xidməti Azərbaycan dövlətinin
sonrakı dövr üçün inkişafını,
xalqın bugünkü və gələcək
rifahını, təhlükəsizlik, sabitlik və tərəqqi
şəraitində yaşamasının dönməzliyini təmin
edən siyasi xadimi yetişdirməsi oldu.
Təbii ki, Heydər Əliyev irsi Azərbaycanın
gələcək inkişafı üçün fundamental əsas
kimi çıxış edir. Lakin XXI əsrin əvvəlində
dünyadakı proseslər də dəyişirdi. 2003-cü
ilin ortalarında Ulu Öndərin qəbul etdiyi vacib qərarlardan
biri cənab İlham Əliyevin sonrakı 5 illik dövr
üçün prezidentliyə namizədliyinin irəli
sürülməsi idi. Yeni Azərbaycan Partiyası da bu qərarı
yekdilliklə dəstəklədi. Xalq
böyük səs çoxluğu ilə İlham Əliyevi
dövlət başçısı seçməklə bu
davamlı inkişafın təmin olunmasına böyük dəstək
verdi. Çünki istər xarici, istərsə də daxili
siyasətdə əsası Ümummilli Lider tərəfindən
qoyulan bu siyasi xətt davam etdirilməli idi. Bu da bir həqiqətdir ki, xaricdəki bəzi
iqtisadi və siyasi dairələrin dəstəyi ilə daxildə
məqam gözləyən qüvvələr var idi və
onlar 2003-cü ilin oktyabrında keçirilən prezident
seçkisindən sonra sabitliyi pozmağa cəhd etdilər.
Lakin Ulu Öndərin əsasını qoyduğu Azərbaycan
dövlətçiliyinin sarsılmaz olduğu həmin
dövrdə bir daha sübut olundu.
Bundan sonra Azərbaycanda sabitlik və
inkişaf dövrünün yeni mərhələsi
başladı. Bu 15 ildə Azərbaycanın rifahı,
çiçəklənməsi, ölkəmizin regionda və
dünyada nüfuzunun daha da artması, beynəlxalq hüququn ən
mühüm aktorlarından birinə çevrilməsi, vətəndaşların,
dövlətin təhlükəsizliyinin müdafiəsi
yönündə çox mühüm addımlar
atılıb. Azərbaycan dövlətinin hərtərəfli
qüdrətli dövlətə çevrilməsi
üçün Azərbaycan Prezidenti İlham Əliyevin bu
illər ərzində atdığı addımlar beynəlxalq
dairələr tərəfindən də dəstəklənir.
Artıq etiraf edilir ki, Azərbaycan son 15 ildə olduğu qədər
qüdrətli və qətiyyətli mövqeyə malik
olmayıb.
Bugünkü uğurlarımız
üçün əlbəttə ki, ilk növbədə
Heydər Əliyev şəxsiyyətinə, Onun müəyyənləşdirdiyi
ideoloji, siyasi xəttə və bu xətti davam etdirmək
üçün siyasi varisliyi üzərinə
götürmüş cənab İlham Əliyevə borcluyuq.
- Bahar xanım, Ümummilli Liderin
banisi olduğu Yeni Azərbaycan Partiyasının rəhbərliyində
təmsil olunan bir şəxs kimi hakimiyyətə gəldiyi və
dövlətçiliyimizin qurulmasının sonrakı
dövrlərində Ulu Öndər Heydər Əliyevlə
bağlı xatirələrinizi bölüşməyinizi istərdik.
- Mən Ulu Öndərlə ilk dəfə 12
yaşımda görüşmüşəm. Elə o zamandan
da Heydər Əliyev şəxsiyyəti mənim
üçün ideala çevrilib. Əldə etdiyim
bütün uğurlarımda da Ümummilli Lider və Onun
ideyalarına sadiqliyin mühüm rol oynadığına dərindən
inanıram. Heydər Əliyevin gənclərə və Onunla
birlikdə Azərbaycana xidmət yolunu seçənlərə
göstərdiyi diqqəti heç vaxt unuda bilmərəm.
Onu qeyd edim ki, Ümummilli Lider biz
qadınların dövlət və ictimai həyata cəlb
olunmağımıza xüsusi əhəmiyyət verməklə
yanaşı, kadr kimi formalaşmağımıza da xüsusi
diqqət yetirir və yeri gəldikdə bizi hər cür təhlükələrdən
qorumağa çalışır,
uğurlarımızı şəxsən dəyərləndirirdi.
Bir YAP üzvü, Azərbaycan qadını kimi bu diqqət və
himayəni həmişə üzərimdə hiss etmişəm.
Mən özümü şanslı insanlardan
biri hesab edirəm ki, Onu tanımışam, Onunla ünsiyyətdə
olmuşam, Onun tapşırıqlarını yerinə
yetirmişəm, Onun formalaşdırdığı komandada ən
kiçik bir postdan bugünkü tutduğum vəzifəyədək
yol keçmişəm.
Ulu Öndərlə dəfərlərlə
görüşmək mənə qismət olub. Amma ən yadda qalan hadisələrdən biri haqda
danışmaq istəyirəm. 1999-cu ilin dekabr ayında Yeni Azərbaycan
Partiyasının I Qurultayı keçirilmiş, YAP İcra
Katibliyi yeni formalaşdırılmış və YAP İcra
katibinin müavini, Siyasi Şura və İdarə Heyətinin
üzvü seçilmişdim.
Mənim üçün
çox vacib olan bu seçkidən bir neçə ay sonra
2000-ci il martın 7-də ovaxtkı Respublika sarayında
keçirilən ənənəvi bayram tədbirində
protokol xidmətinin işçilərindən biri mənə
yaxınlaşdı və Ümummilli Lider Heydər
Əliyevin əyləşdiyi sırada oturmağa dəvət
elədi. Məndən sağda və soldakı kreslolar boş
idi. Bu zaman təsəvvürümə gətirmədiyim hadisə
baş verdi və Heydər Əliyev zala daxil oldu və mənim
yanımdakı kresloda əyləşdi. Tədbirin əvvəlində
tanınmış Azərbaycan qadınları haqqında film
nümayiş etdirilirdi. Birdən O əlini ekrana uzadıb
soruşdu ki, o qadını tanıyırsanmı? Göstərdiyi
qadın Azərbaycanın ilk qadın təyyarəçisi
Leyla Məmmədbəyova idi. Sonra digər məsələlər,
o cümlədən YAP İcra Katibliyindəki işlərlə
maraqlandı. Çox maraqlı bir söhbətin tərəfi
və soruşulanlar barədə məlumatlı
olmağımla Onu qane etdiyim üçün sevinirdim.
Həmin görüşdəki bir məqamı
da ilk dəfə dilə gətirmək istəyirəm. Bu
hadisənin mənim üçün əlamətdar
olmasının digər bir səbəbi partiyada yüksək
vəzifəyə çəkilməyimlə bağlı idi.
Bəzi dairələrdə “Bahar Muradova kimdir və
niyə məhz O” səpkili suallar dolaşırdı. Söhbət
əsnasında Ümummilli Lider “Bilirsən də niyə mənim
yanımda əyləşmisən?”, - dedi və sonra davam etdi:
“Çünki hər kəs bilməlidir ki, sən Yeni Azərbaycan
Partiyasının İcra Katibliyinə seçilmisən
və səni mən seçmişəm”. Doğrudan da o hadisədən
sonra bütün suallar ortadan qalxdı. O müdrik insan bu
addımı ilə sanki siyasətə yeni qatılan bir gənc
qadını elə ilk növbədə qadınlara və
ictimaiyyətə təqdim edirdi. Bu mənimlə bağlı
olan maraqlı bir faktdır. Amma mən inanıram ki, Heydər
Əliyevin hakimiyyətdə olduğu dövrdə belə bir
qayğı, himayə təkcə mənə yox, digər gənclərə
də daim göstərilib. Bu da onu göstərir
ki, Heydər Əliyev hər zaman yalnız xalqın ümumi
deyil, eləcə də ayrı-ayrı şəxslərin fərdi
taleyində də böyük rol oynamışdır və bu
siyasət bu gün də ölkə Prezidenti İlham
Əliyev tərəfindən davam etdirilir.
Onu da qeyd edim ki, Heydər
Əliyev siyasəti “Azərbaycanın uğur formulu”dur və
bu siyasətə xidmət etməkdən qürur duyuram.
Çünki İlham Əliyevin Sədrliyi altında Yeni Azərbaycan
Partiyası Ulu Öndərin yadigarı kimi yeni və müstəqil
Azərbaycanın qurulmasında vacib siyasi missiyanı həyata
keçirən və bu siyasi xətti davam etdirən siyasi təşkilat
kimi işini uğurla həyata keçirir. Məhz buna görə
də gənclər başda olmaqla Azərbaycanın bir
çox vətəndaşı gələcəyini bu partiyaya
bağlayır və partiyamızın sıraları günbəgün
genişlənir.
Sonda bir daha qeyd edim ki, 10 mayda anadan
olmasının 96-cı ili tamam olan Ümummilli Lider Heydər
Əliyevi böyük ehtiramla yad edirəm. Qətiyyətlə
və əminliklə deyirəm ki, Ulu Öndər Heydər
Əliyev bir tarixi şəxsiyyət, ölkə
başçısı, partiya rəhbəri və bir insan kimi
Onu sevənlərin qəlbində hər zaman yaşayacaq.
Yeni Azərbaycan.-
2019.- 9 may.- S.6.