Nazir Mikayıl Cabbarov: Vergi islahatları
çox vacib prosesdir və davam etdiriləcək
Vergi inzibatçılığının səmərəliliyinin
artırılması məqsədilə bir çox sahələrdə
və klasterlərdə sistemli tədbirlər həyata
keçirilib. Yeni vergi dəyişiklikləri müsbət nəticələrini
verməkdədir. Biz Azərbaycanda fəaliyyət göstərən
sərmayədarlar, biznesləri birləşdirən müxtəlif
təşkilatlar, xarici ölkələrin ticarət
palataları ilə fəaliyyətimizi bundan sonra da əlaqəli
şəkildə quracağıq. Gələcəkdə bu məsələlər
ətrafında fikir mübadiləsini davam etdirəcəyik.
Yerli vergi orqanlarımız öz fəaliyyətini
qanunvericiliyin tələblərinə uyğun
qurmalıdır. Bu fikirləri AZƏRTAC-a məxsusi
müsahibəsində Azərbaycan Respublikasının vergilər
naziri Mikayıl Cabbarov söyləyib. Müsahibəni təqdim
edirik.
- Mikayıl müəllim, 2019-cu ilin 4 ayı
arxada qalıb. Fiskal göstəricilər barədə nə
deyə bilərsiniz və ümumilikdə vergi sahəsində
ilkin nəticələr nəyi göstərir?
- Biz 2019-cu ilin ilkin nəticələrini
xüsusi səbirsizliklə gözləyirdik. Çünki
ölkəmizin bir sıra digər sahələrində
olduğu kimi, vergi sahəsində də genişmiqyaslı
islahatlar həyata keçirilir. Bu islahatlara 2018-ci ildə
dövlətimizin başçısının müəyyənləşdirdiyi
siyasi çərçivəyə uyğun olaraq
başlamışıq.
2018-ci ildə vergiödəyiciləri
üçün keçid ili fəlsəfəsini təqdim
etdik. Bu fəlsəfə vergi
inzibatçılığında və vergi qanunvericiliyində
mövcud olan vərdişlərdən şəffaf münasibətlərə,
vergi müfəttişi ilə vergiödəyicisi arasında
münasibətlərin təbiətinin dəyişməsinə,
şəffaflaşmasına, müasirləşməsinə,
müstəqil Azərbaycanın vətəndaş-dövlət
münasibətlərinə uyğunlaşmasına keçməkdən
ibarət olub.
2019-cu ilin ilkin nəticələrinə
əsasən deyə bilərik ki, yanvarın 1-dən qüvvəyə
minmiş yeni vergi dəyişiklikləri istədiyimiz nəticələri
verməkdədir. İlin birinci rübündə də, 4 ayda
da biz bu tendensiyanı qorumağa nail olmuşuq.
Vergilər Nazirliyinin xətti ilə dövlət
büdcəsinə daxilomalar proqnozlardan daha yüksək icra
olunub. Belə ki, həm neft, həm də qeyri-neft sektorunda
ödənilən vergilərin həcmi istər 2018-ci ilin eyni
dövründən, istərsə də proqnoz göstəricilərdən
daha yüksək olub. Birinci rübdə dövlət büdcəsinə
vergi proqnozlarından 10,4 faiz çox vəsait təmin edilib.
Ötən ilə nisbətən artım 16,5 faiz təşkil
edir. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Bu rəqəmlər,
müvafiq olaraq, proqnoza nisbətən 111 faiz təşkil edir
və ötən illə müqayisədə 18 faiz daha
çoxdur.
Qısaca desək, biz islahatların ilkin nəticələrini
müşahidə etməkdəyik. Sevindirici hal ondan ibarətdir
ki, bu, vergiödəyiciləri ilə Vergilər Nazirliyi
arasında münasibətlərdə və həmin
münasibətlərin təbiətində də öz əksini
tapır.
- Vergi daxilolmaları üzrə gözləntilər
artıqlaması ilə yerinə yetirilib. Bu, nəyin hesabına
mümkün olub?
- Burada
bir neçə amil var. Birincisi, vurğulamalıyıq ki,
ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar
iqtisadi artımla nəticələnir. Belə
ki, birinci rüb ərzində ümumi daxili məhsul (ÜDM)
artıb. Doğrudur, vergi
daxilolmalarının artım tempi ÜDM-in artım tempini bir
neçə dəfə üstələyir. Eyni zamanda, ÜDM-in birinci rübdə real
artımı 3 faizdən çox olub. Bu, müsbət fon yaradır.
İkinci mühüm məsələ, qeyd etdiyim kimi,
vergiödəyiciləri ilə qurulmuş yeni münasibətlərdir. Bilirsiniz ki,
2018-ci ildən başlayaraq ümumilikdə səyyar vergi
yoxlamalarının sayının azaldılmasına
üstünlük verilir. Bu resurslar daha
çox vergiödəyicisinin maariflənməsinə, ona xidmət
göstərilməsinə yönəldilib. Nəticədə, könüllü vergi əməletməsi
əhəmiyyətli dərəcədə artıb.
Əgər ötən illərdə vergi
daxilolmalarının böyük hissəsi səyyar vergi
yoxlamaları nəticəsində baş verirdisə, bu il həmin dinamika əhəmiyyətli dərəcədə
dəyişib. Lakin bu, o demək deyil ki, vergi
orqanları vergi sahəsində olan qanun pozuntularına göz
yumur və ya göz yummaq niyyətindədir. Tam əksinə. Biz
yoxlamaların sayını azaltmaqla qanun pozuntularına görə
məsuliyyətin artırılması yolu ilə gedirik.
Buna da əsasımız var. 2019-cu ildən bir
çox sahələrdə vergi yükü azaldılıb.
Eyni zamanda, bütün sivil cəmiyyətlərdə
qəbul olunduğu kimi, vergi öhdəliklərinin hər bir
vergiödəyicisi tərəfindən tam həcmdə,
istisnasız qarşılanması tələbi irəli
sürülüb.
Nəhayət, üçüncüsü, vergi
inzibatçılığının səmərəliliyinin
artırılması məqsədilə bir çox sahələrdə
və klasterlərdə sistemli tədbirlər həyata
keçirilib.
Nümunə olaraq aksizli malların klasterini, klinikaları, pərakəndə
ticarət, ictimai iaşə sektorunu, daş, qum,
çınqıl karxanalarını qeyd edə bilərəm.
Əvvəllər bu və digər sahələrdə
sistemli şəkildə rast gəlinən boşluqlara, bu
klasterlərdə fəaliyyət göstərən əksər,
bəlkə də bütün vergiödəyiciləri tərəfindən
yol verilən eyni vergi pozuntularına bir çox hallarda göz
yumulurdu. Beləliklə, vergi
inzibatçılığının təkmilləşdirilməsi
müsbət amillərdən biridir.
- Biznesin
fəaliyyətinin leqallaşdırılması buna nə dərəcədə
təsir etdi?
- Bu, ən
vacib amillərdən biridir. Çünki həyata
keçirilən vergi islahatlarının əsas məqsədi
məhz “kölgə iqtisadiyyatı”nın azaldılmasından,
“kölgə”də fəaliyyət göstərənlərin
“kölgə”dən çıxmasından ibarət idi. Lakin vurğulamalıyıq ki, qeyd olunan problemin tam həlli
və yaxud köklü həlli barədə bu gün
danışmaq çox tezdir.
Biz işimizi vergiödəyicisi ilə münasibətin
təbiətinin dəyişdirilməsi üzərində
qururuq. Çünki istənilən dəyişiklik
yalnız o halda dönməz olur ki, bu dəyişikliklərə
“qol gücü”, inzibati resurs hesabına deyil, münasibətin
təbiətinin dəyişdirilməsi, şüurlu, təfəkkürlü
qarşılıqlı münasibətin qurulması
hesabına nail olunsun. Bu da təbii olaraq həm
uzun, həm də bir çox hallarda çətin yoldur.
Bu ilin 4 ayında çalışmışıq ki,
vergiödəyicisi özü biznesini leqallaşdırsın
və “kölgə”dən çıxsın. Biz yenə də
buna imkan verəcəyik. Azərbaycan Prezidentinin təşəbbüsü
ilə Vergi Məcəlləsinə edilən dəyişikliklər
paketinə belə bir yenilik əlavə olunub ki, əksər
biznes sahələrində baş verən və “kölgə”
mahiyyəti daşıyan pozuntular ilk dəfə
aşkarlandıqda sahibkara maliyyə sanksiyası deyil, xəbərdarlıq
edilir.
Fikrimcə, bu, açıq və aydın şəkildə
dövlətin siyasətini əks etdirir. Yəni, burada
məqsəd heç bir şəkildə cərimə və
sanksiya ilə deyil, ilk növbədə, vergiödəyicisinə
onun yol verdiyi pozuntunu göstərərək, şüurlu
şəkildə aradan qaldırması üçün daha
bir şans verməkdir. Amma bu baş vermədiyi
təqdirdə, təbii ki, bütün məsələlər
hüquqi çərçivədə həll edilməli və
dövlətin qanunlarına riayət olunmalıdır. Dövlət orqanlarının və konkret olaraq
Vergilər Nazirliyinin işi məhz bundan ibarətdir. Bunun üçün bizim həm səlahiyyətimiz,
həm peşəkar bacarıqlarımız mövcuddur.
Leqallaşma könüllü şəkildə
baş vermədiyi halda, biz öz səlahiyyətlərimizdən
istifadə edirik.
Ona görə də, sualınıza qısa cavab olaraq
deyə bilərəm ki, hazırda biz leqallaşmanın səmərəsini
qismən görürük. Lakin mən inanıram
ki, biz bu səmərəni daha aydın şəkildə
görəcəyik. Biz bir neçə sahədə
bu prosesin daha surətlə getdiyini müşahidə edirik.
Məsələn, pərakəndə və
topdansatış ticarət, ictimai iaşə, qida məhsullarının
satışı kimi sahələrdə vergi dövriyyələrinin
artım templəri çox yüksək olub - bəzi hallarda
30 faiz, bəzi hallarda isə 50-55 faiz. Bu
inanılmaz artım tempidir. Əslində, bu, bazarda olan
“kölgə səviyyəsi”nin və həmin
klasterlərdə fəaliyyət göstərən vergiödəyicilərinin
hansı həddə “kölgə”də olmasının
göstəricisidir. Qeyd etdiyim kimi, bu proseslər
davam etdiriləcək.
- Yeri gəlmişkən,
2019-cu ildən etibarən sığorta ayırmalarının
toplanması prosesi Vergilər Nazirliyinə həvalə edilib.
Bu gün üçün hansısa nəticələrdən
danışmaq olar?
-
Yanvarın 1-dən bu yığımların
inzibatçılığı Vergilər Nazirliyinə həvalə
olunub. Mən fürsətdən istifadə edərək
qeyd etmək istəyirəm ki, biz 2018-ci ilin sonundan Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki həmkarlarımızla
bu proseslərdə yaxından
çalışmışıq. Qısa
müddət ərzində bu keçidi uğurla başa
çatdıra bilmişik. Doğrudur,
yanvar-fevral aylarında müəyyən çətinliklər
yaranmışdı. Lakin bütün
çətinliklər artıq aradan qaldırılıb.
İnanıram ki, vergiödəyiciləri
üçün daha rahat bir sistem yaradılıb. Çünki onlar müxtəlif dövlət
qurumları ilə deyil, bir dövlət orqanı ilə
ünsiyyətdə olurlar. Sığorta
yığımları üzrə daxilolmaların
artımı bu islahatın da səmərəliliyinə nail
olunduğunu tam şəkildə əks etdirir.
- Siz bir qədər
əvvəl qeyd etdiniz ki, biznesdə sahibkarlarla münasibətlər
həm qanun çərçivəsində, həm də Vergilər
Nazirliyinin fəaliyyəti baxımından çox humanist və
xoş məram nümayiş etdirilərək qurulur. Ümumiyyətlə, biznesdə münasibətlərin
tənzimlənməsi və daha da
yaxşılaşdırılması üçün gələcək
planlar nədir və 2019-cu ildə nə gözləmək
olar?
- Mən
humanizm məsələsinə xüsusi toxunmaq istəyirəm.
Bilirsiniz ki, dövlət siyasətində
humanizm var və bu, daim olacaq. Lakin biz hər
zaman xatırlamalıyıq ki, humanizm qanuna və qaydaya riayət
edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil. Dövlət
tərəfindən real çətinlik, real obyektiv vəziyyət
tanınaraq hansısa bir addım, güzəşt, borcun
ödənilməsində kömək kimi birdəfəlik
addımlar atılır. Lakin bundan sonra da
güzəştlərin müqabilində vətəndaşdan,
vergiödəyicisindən qanunlara tam riayət edilməsi
gözlənilir.
Biz bu sahədə dəyişikliklərə
özümüzdən başlamışıq. Vergilər
Nazirliyinin işçilərinin mütləq əksəriyyəti
layiqli dövlət qulluqçusu, öz peşə vəzifələrini
bacarıqla və ləyaqətlə həyata keçirən
insanlardır. Lakin son ilyarım ərzində bir çox
işçilərlə yollarımızı
ayırmışıq. Bu müddət ərzində
Vergilər Nazirliyində çalışan 15 əməkdaşa
münasibətdə yalnız əmək müqavilələrini
dayandırmamışıq, həm də onların fəaliyyətinin
müvafiq hüquq-mühafizə orqanları tərəfindən
araşdırılması üçün aidiyyəti üzrə
təqdimatlar vermişik. Çünki bu daxili təmizləmə
prosesləri olmasa, bizim vergiödəyicisinə “qanuna riayət
elə, qanunla yaşa, dünənki əyri yollardan əl
çək” kimi mesajımız, məncə,
inandırıcı olmaz və lazımi səmərəni
verməz.
Gələcək addımlar baxımından
qarşımızda duran strateji məqsədləri iki istiqamətə
bölərdim. Birinci strateji istiqamət ondan ibarətdir ki,
qanunvericilikdə edilmiş bir çox dəyişikliklər
vergi inzibatçılığının daha da təkmilləşdirilməsini
tələb edir. Ona görə bizim yerli vergi
orqanlarımız öz fəaliyyətini qanunvericiliyin tələblərinə
uyğun qurmalıdır.
Digər məsələ isə vergiödəyiciləri
tərəfindən yeni reallığın qəbul edilməsidir.
Yeni vergi çərçivəsi, qeyd etdiyim
kimi, vergidən azad edilmə, vergi dərəcəsinin
aşağı salınması kimi birtərəfli yol deyil,
bunun müqabilində qanuna uyğun olaraq fəaliyyət
göstərməkdir. Əgər sahibkar obyektiv çətinliklərlə
rastlaşırsa, Vergilər Nazirliyi onun birinci
ünvanıdır, ona müvafiq xidmət təqdim etmək
bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən
yayınma ilə məşğul olan vergiödəyiciləri
üçün, təbii olaraq, qanunda nəzərdə
tutulan bütün sanksiyalar tətbiq ediləcək.
Bu, davamlı bir işdir. Yenə də
vurğulayıram, bu iş nə bir günə, nə bir aya
başa çatmayacaq. Amma biz necə çətin bir yola
çıxdığımızı bilirik. Tam əminliklə
deyə bilərəm ki, bu yolu uğurla başa
çatdırmaq üçün bizim nazirliyin həm peşəkarlığı,
həm də güclü iradəsi mövcuddur. Biz bu yolda tək
deyilik. Əksər vergiödəyiciləri məhz bu prinsiplə
yaşamaq istəyir. Biz bütün hədəflərə
birlikdə nail ola biləcəyik.
- İstər sosial mediada, istər kütləvi
informasiya vasitələrində, istərsə də şəhərin
mərkəzi küçələrində Vergilər
Nazirliyinin “Birlikdə kölgədən işığa
doğru” adlı şüarına rast gəlmək olar. Burada
əsas açar sözlər kölgə, işıq və
birlikdir. Bu o deməkdirmi ki, Vergilər Nazirliyi özü də
“kölgə”dən çıxmaq istəyir?
- Hər
hansı bir problemi həll etmək istəyiriksə, o problemi
tanımalıyıq. Əgər biz həmin
problemi düzgün müəyyən etmiriksə və
tanımırıqsa, problemin həlli şansı
sıfıra bərabərdir. Ona görə biz qəbul
etməliyik ki, bir il yarım əvvələ
qədər müşahidə etdiyimiz vəziyyətin
formalaşmasında tək bir tərəfi
günahlandırmaq haqsızlıq olardı. Burada
vergiödəyicisi məsuliyyət daşıdığı
kimi, vergi orqanı da məsuliyyət daşıyır. Bu məsələlər ətrafında kifayət qədər
danışılıb və kütləvi informasiya vasitələrində
də işıqlandırılıb. Qeyd
etdiyim kimi, bu, daimi bir prosesdir və davam etdiriləcək.
Biz məhz birlikdə işıqlı, aydın
və şəffaf iqtisadi fəaliyyətlə, fiskal
nizam-intizamla fəxr edəcəyik. Çünki
bundan hər bir vətəndaş, bütövlükdə
müstəqil Azərbaycan dövləti faydalanacaq. İqtisadiyyatı güclü, büdcə
imkanları geniş olan dövlət və cəmiyyət bunu
təhsilin keyfiyyətində də, yolların
rahatlığında da, elektrik enerjisinin fasiləsiz təminatında
da, qüdrətli orduda da, cəmiyyətin firavan və azad
yaşamasında da görür. Biz də
bu istiqamətdə üzərimizə düşən
funksiyaları yerinə yetirməliyik.
Yeni Azərbaycan.-
2019.- 9 may.- S.3.