Müasir müstəqil
Azərbaycan ümummilli
lider Heydər Əliyevin
ideyaları əsasında
inkişaf edir
YAP İcra katibinin müavini,
Milli Məclisin komitə sədri Siyavuş Novruzovun
işıq üzü görən “Heydər Əliyev və
Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan
tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı
kitabları Heydər Əliyev irsinin öyrənilməsi və
gələcək nəsillərə çatdırılması
baxımından mühüm əhəmiyyətə malikdir
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, milli həmrəylik və
bütövlüyü təmin edən azərbaycançılıq
ideologiyasının banisi, xalqımızın və dövlətimizin
xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısındakı xidmətləri
əvəzsizdir. Ulu Öndər Heydər
Əliyevin həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi
dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin
təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər
görülüb. Başqa sözlə, Ulu
Öndər Heydər Əliyevin Azərbaycan xalqı və
dövləti qarşısındakı tarixi xidmətləri
Onun fəaliyyətinin bütün mərhələlərini əhatə
edir. Ən əsası, bu gün müasir müstəqil Azərbaycan
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Ulu Öndərin əsasını
qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə
və çağırışlarına müvafiq olaraq
uğurla davam etdirilir, Azərbaycan yeni zirvələr fəth
edərək möhtəşəm və parlaq nailiyyətlər
qazanır.
Heç şübhəsiz ki, Heydər
Əliyev irsi gələcək nəsillər
üçün də zəngin xəzinədir və onun
öyrənilməsi müstəsna əhəmiyyətə
malikdir. Bu günə qədər Ümummilli
Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı misilsiz xidmətlərindən bəhs
edən çoxsaylı fundamental tədqiqat əsərləri,
qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və
bütün bunlar böyük dövlət xadiminin, dahi
siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi
və gələcək nəsillərə
çatdırılması baxımından xüsusi önəm
kəsb edir. Yeri gəlmişkən, Yeni Azərbaycan
Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan
dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi”
və “Xalqla iqtidarın birliyi” adlı kitabları işıq
üzü görüb. Hər 3 kitab Heydər Əliyev
irsinin öyrənilməsinə, Ümummilli Liderin
ideyaları əsasında inkişaf edən müasir müstəqil
Azərbaycanın keçdiyi zəngin və şərəfli
tərəqqi yoluna nəzər salmağa imkan verir.
“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN
DÖVLƏTÇİLİYİ”
Nəfis tərtibatda
hazırlanan, elmi redaktorunun Azərbaycan Respublikasının
Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra
katibi, professor Əli Əhmədov olduğu “Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi” adlı
kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi
sistemin və tolerantlığın təşəkkül
tapmasında, Azərbaycanın Avropaya inteqrasiya olunmasında və
iqtisadi baxımdan dirçəlməsində, siyasi
plüralizm və demokratiyanın inkişafında rolundan bəhs
edən məqalələr toplanıb.
“Heydər Əliyev və Azərbaycan
dövlətçiliyi” adlı kitabın ön sözü Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli
tərəfindən “Siyasi baxışla əməli
addımların ifadəsi” başlığı altında yazılıb.
Kitabda YAP İcra katibinin müavini, Milli Məclisin
komitə sədri Siyavuş Novruzovun müxtəlif vaxtlarda dərc
olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqillik
ideyası”, “Heydər Əliyev və müstəqilliyin əsaslarının
yaradılması”, “Heydər Əliyev və Azərbaycan
Konstitusiyası”, “Heydər Əliyev və Azərbaycan
Konstitusiyasında insan hüquqları”,
“Heydər Əliyev və Azərbaycanın siyasi sistemi”, “Heydər
Əliyevin siyasi irsində partiya quruculuğu məsələləri”,
“Heydər Əliyev Azərbaycanın müasir hüquq
sisteminin banisidir”, “Heydər Əliyev və demokratik
seçkilər”, “Heydər Əliyev Şərq-Qərb dəhlizinin
yaradıcısıdır”, “Cənubi Qafqazın Avrasiyaya
inteqrasiyasında Heydər Əliyev siyasəti”,
“Azərbaycan Avroatlantik məkanda”, “Azərbaycanın
qloballaşan dünyada mövqelərinin möhkəmlənməsi”,
“Uğurlu inkişaf strategiyası”, “Azərbaycanda
multikulturalizmin tarixi-ictimai ənənələri”, “Azərbaycan
multikulturalizmin və islam həmrəyliyinin mərkəzi
kimi” adlı məqalələri yer alıb.
Heydər Əliyev irsinin dərindən
tədqiqi üçün mötəbər elmi mənbə
olan kitabda Azərbaycanın zəngin dövlətçilik
tarixində müstəsna yerə malik olan Ulu Öndərin
xalqımız qarşısında əvəzsiz xidmətlərindən
bəhs edilib. Xalqımızın gələcək
taleyinin müəyyənləşdirilməsi
baxımından Heydər Əliyev epoxasının bənzərsiz
olduğunun vurğulandığı kitabda diqqətə
çatdırılıb ki, əsl vətəndaş, tarixi
şəxsiyyət və Ümummilli Lider kimi Heydər
Əliyev millətini, torpağını fəlakətdən
qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz
edərək dirçəliş və inkişafa doğru
yönəldib, cəmiyyətdə özünəinam hissini
bərpa edib, ölkəmizdə sabitlik və
firavanlığa təminat yaradıb.
“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”
adlı kitabda həmçinin ölkəmizdə müasir
hüquqi və siyasi sistemin yaradılmasında Ulu Öndərin
misilsiz xidmətlərindən bəhs olunub. Kitabda əksini
tapan məsələlərdən biri də Azərbaycan
dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər
Əliyevin uğurlu dövlət quruculuğu prosesinin əsasını
qoymasıdır. Bunun Azərbaycanın müasir müstəqil
dövlət kimi inkişafı baxımından çox
mühüm əhəmiyyətə malik olduğu bildirilib. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin
əsasının qoyulması, davamlı və səmərəli
siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni
zamanda, milli həmrəylik və bütövlüyü təmin
edən ideologiyanın yaradılması da xüsusi
vurğulanıb. Bununla yanaşı, Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin fonunda ölkənin
siyasi-hüquqi sistemində müsbət mənada əsaslı
dəyişikliklərin olması, müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsi,
məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər
mühüm təsisatların yaradılması, vətəndaş
cəmiyyətinin bərqərar edilməsi, dövlətin
hüquqi əsaslarının gücləndirilməsi,
müasir dövlətçilik sisteminin bərqərar edilməsi
kimi məsələlər də oxucuların diqqətinə
çatdırılıb.
YAP İcra katibinin müavini, Milli Məclisin
komitə sədri Siyavuş Novruzovun “Heydər Əliyev və
Azərbaycan dövlətçiliyi” adlı kitabında Heydər
Əliyevin siyasi irsində partiya quruculuğu məsələsi
də geniş şəkildə öz əksini tapıb.
Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin
qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması
və fəaliyyətinə xüsusi nəzər
salınıb. Yeni Azərbaycan
Partiyasının ötən dövr ərzində Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsində,
milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində,
inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən
milli məqsədlərin reallaşdırılmasında və
yeni hədəflərin müəyyənləşdirilməsində
misilsiz xidmətlər göstərdiyinin
vurğulandığı kitabda YAP-ın bu cür ali məramlı
fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyi
bildirilib.
Azərbaycanın Ümummilli
Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf
etdiyinin, ölkəmizin ötən müddət ərzində
Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm
inkişaf yolu keçdiyinin, bütün sahələrdə
mühüm nailiyyətlərin əldə edildiyinin
vurğulandığı kitabda həmçinin diqqətə
çatdırılıb ki, ölkəmizin
hərtərəfli inkişafı, verilən hər bir vədin
konkret əməli işdə öz təsdiqini tapması
xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların
Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini
təmin edib. “Ulu Öndərimizin möhkəm təməllər
üzərində həyata keçirdiyi müstəqil
dövlət quruculuğu Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə çox uğurla davam
etdirilir. Müstəqil dövlət quruculuğunun əsas
amillərindən biri dövlətin iqtisadi qüdrətinin
artırılması, əhalinin sosial rifah halının
yaxşılaşdırılmasıdır. Dövlətimizin
başçısı İlham Əliyevin Azərbaycanın
sosial-iqtisadi inkişafı ilə bağlı
imzaladığı fərmanlar, Onun Sərəncamı ilə
təsdiq olunmuş regional inkişafa dair Dövlət
Proqramı ölkəmizin hərtərəfli
inkişafına güclü təkan verib. Təsadüfi deyil
ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi
siyasətin yeni prioritetləri, inkişaf perspektivləri
müəyyənləşdirilmişdir. Bu istiqamətdə
konsepsiya işlənib hazırlanmış, konkret Dövlət
proqramları qəbul olunmuşdur. Uğurlarımız isə
göz qabağındadır”, - deyə kitabda
vurğulanıb. Bildirilib ki, Prezident İlham
Əliyevin ötən illər ərzində
gördüyü işlər və hazırkı fəaliyyəti
deməyə əsas verir ki, O, Heydər Əliyevin parlaq
ideyalarının, sadəcə, davamçısı yox, eyni
zamanda, bu ideyaları XXI əsrin tələblərinə,
dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə
və inkişaf etdirməyə qadir olan bir liderdir.
“QURTULUŞDAN BAŞLAYAN TƏRƏQQİ”
Nəfis tərtibatda çap
olunan, redaktorunun Azərbaycan Respublikasının Milli Məclisinin
sədrinin birinci müavini, professor Ziyafət Əsgərov
olduğu “Qurtuluşdan başlayan tərəqqi” adlı
kitabda isə Ümummilli Lider Heydər Əliyevin
xalqımız və dövlətimiz qarşısında
misilsiz xidmətlərindən, Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən,
ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının
keçdiyi zəngin və şərəfli inkişaf
yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi
uğurlu daxili və xarici siyasətdən bəhs edən
müsahibələr toplanıb. Kitabın ön
sözü Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru,
akademik Nizami Cəfərov tərəfindən “Qurtuluşdan
başlayan tərəqqinin təntənəsi”
başlığı altında yazılıb. Siyavuş
Novruzovun “Qurtuluşdan başlayan tərəqqi” adlı
kitabındakı müsahibələr dörd bölmədə
təqdim edilib. Birinci bölmədə müsahibələr
“Ümummilli Lider Heydər Əliyevin ideyaları
yaşayır” başlığı altında toplanıb.
“Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu Azərbaycançılıq
ideologiyası özündə multikultural dəyərləri
də birləşdirir” adlı birinci müsahibədə
müasir dövrdə sivilizasiyalararası dialoqun,
multikulturalizm dəyərləri və tolerantlıq ənənələrinin
təbliği və təşviqinin əhəmiyyətindən,
bu sahədə Azərbaycanın mütərəqqi təcrübəsindən
bəhs edilib. Qeyd edilib ki, dövrümüzün
mühüm çağırışlarından olan
multikultralizmin Azərbaycanda tarixən formalaşmış zəngin
ənənələri və möhkəm ictimai dayaqları
mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli
potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və
tərəqqisinin vacib elementinə çevirmək, sahib
olduğumuz təcrübəni regional və qlobal məkanda
uğurla paylaşmaqdır. Müsahibədə
həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən
danışılıb, dövlətçilik maraqlarına
xidmət edən bu ideologiyanın özündə multikultural
dəyərləri də birləşdirdiyi diqqətə
çatdırılıb.
“Azərbaycan Ümummilli Lider Heydər
Əliyevin ideyaları əsasında inkişaf edir” adlı
ikinci müsahibədə isə Ulu Öndər Heydər
Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik
tarixində müstəsna yeri və rolundan geniş bəhs
edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin
bütün dövrlərinə nəzər yetirilən
müsahibədə Ulu Öndərin zəngin siyasi və
dövlətçilik irsinin öyrənilməsinin, gələcək
nəsillərə çatdırılmasının əhəmiyyəti
diqqətə təqdim edilib. Vurğulanıb
ki, zəmanəmizin ən dahi şəxsiyyətlərindən
biri, xalqımızın böyük oğlu Heydər
Əliyevə məhz Öz millətinin qəlbində və
onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə
yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz
bağlı olan şəxsiyyətlərin ömrü onun
yaşadığı illərlə ölçülmür.
Öz millətinin taleyini yaşamış Heydər Əliyev
indi də, gələcəkdə də qədirbilən
xalqımızın qəlbində yaşayır və daim
yaşayacaqdır.
“Qurtuluşdan başlayan tərəqqi
və yüksəliş sonrakı dövrdə Azərbaycanın
müstəqil dövlət kimi sürətli
inkişafını təmin etdi” adlı
üçüncü müsahibədə isə 15 İyun -
Milli Qurtuluş Gününün dövlətçilik
tariximizdəki rolundan, əhəmiyyətindən geniş söz açılıb, Azərbaycanı xaos və tənəzzüldən
xilas edən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi 1993-2003-cü illərin sabitlik və
inkişaf dövrü kimi başlıca səciyyəvi
xüsusiyyətləri diqqətə
çatdırılıb. Vurğulanıb
ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi, ölkədə
davam edən gərginlik və qarşıdurma səngidi,
respublikamız vətəndaş müharibəsindən və
parçalanma təhlükəsindən xilas oldu: “Beləliklə,
bu mühüm tarixi gün xalqımızın
yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də
keçirilən iclasındakı
çıxışında Ulu Öndər Azərbaycan
dövlətçiliyinin gələcək inkişaf
strategiyasını elan etdi və sonrakı illərdə onu həyata
keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt
idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq idi
və bu, Ümummilli Liderin iradəsi sayəsində
reallığa çevrildi. Ulu Öndər Heydər
Əliyev milli dövlətçiliyimizin konsepsiyasını
yaratdı. Qısa müddətdə ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli Lider Heydər
Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə
qayıdışı dövlətçilik tariximizin
şanlı qürur səhifəsini təşkil edir. Qədirbilən
xalqımız böyük xilaskarının xidmətlərini
unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər
il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.
“Ulu Öndər Heydər
Əliyev ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin
taleyini yaşamaq təhlükəsindən xilas etdi” adlı
müsahibədə isə Azərbaycan Xalq Cümhuriyyətinin
dövlətçilik tariximizdəki roluna nəzər
yetirilib, Cümhuriyyət parlamentinin fəaliyyətinin,
ümumiyyətlə, həmin dövrdə qəbul
edilmiş qanun və qərarların önəmi diqqətə
çatdırılıb. Xalq Cümhuriyyətinin varisi olan müstəqil
Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu
siyasi təhlil predmetinə çevrilib. Qeyd edilib ki, bu gün
Azərbaycan postsovet məkanında inkişaf dinamikasına
görə ön sırada yer alan ölkələrdəndir
ki, bunun da əsasında Ümummilli Liderin təməlini qoyduğu
inkişaf siyasəti dayanır.
İkinci bölmədə isə müsahibələr
“Möhkəm təmələ əsaslanan siyasətin təntənəsi”
başlığı altında toplanıb. Burada
“Yeni hədəflər ölkənin davamlı inkişaf
strategiyasının mahiyyətindən qaynaqlanır”, “Xalq Azərbaycanda
inkişaf və sabitliyin davamlı olması üçün
cənab İlham Əliyevi dəstəkləyir”, “Azərbaycan
reallıqları: möhkəm təmələ əsaslanan
siyasətin təntənəsi”, “Azərbaycan
reallıqlarının Davos Dünya
İqtisadi Forumu kimi mötəbər tribunadan səsləndirilməsi
müstəsna əhəmiyyətə malikdir”, “Qazanılan
uğurların əsasında Prezident İlham Əliyevin həyata
keçirdiyi düşünülmüş, məqsədyönlü
siyasət dayanır”, “2017-ci ilin Prezident İlham Əliyev tərəfindən
“İslam həmrəyliyi ili” elan
olunması vaxtında qəbul olunmuş və zamanın
çağırışlarına cavab verən
addımdır”, “Prezident İlham Əliyevin həyata
keçirdiyi düşünülmüş, məqsədyönlü
siyasət iqtisadi uğurların əsasıdır” adlı
müsahibələr yer alıb. Bu bölmədə
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli
daxili və xarici siyasətin uğurlu nəticələrindən,
Azərbaycanın beynəlxalq münasibətlər sistemində
uğurla təmsil olunaraq mühüm
nailiyyətlər əldə etməsindən, ölkəmizin
beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa
xidmət edən mühüm qlobal təşəbbüslərindən,
o cümlədən 2017-ci ilin dövlətimizin
başçısı tərəfindən “İslam həmrəyliyi
ili” elan olunmasının əhəmiyyətindən bəhs
edilib, mühüm analitik qənaətlər diqqətə
çatdırılıb.
“Yeni Azərbaycan Partiyası
dünənin, bu günün və gələcəyin
partiyasıdır” başlığı altında
toplanmış müsahibələrdə isə ümumxalq və
qələbələr partiyası olan YAP-ın
yaranmasından, ölkənin siyasi həyatında uğurlu
iştirakından, səmərəli beynəlxalq əlaqələrindən,
xalqımızın Yeni Azərbaycan Partiyasına seçkilərdə
yüksək etimad və dəstəyinin əsasında duran
amillərdən söhbət açılıb.
Vurğulanıb ki, zəngin və şərəfli
inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının
ötən müddət ərzində ümumxalq
partiyasına çevrilərək möhtəşəm
nailiyyətlər əldə etməsi təsadüfi xarakter
daşımır. “Hər şeydən əvvəl, Yeni Azərbaycan
Partiyası milli maraqlara xidmət edən çoxşaxəli
və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin
bütün təbəqələrindən olan insanları
öz sıralarında birləşdirib. Monolit
və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik
inkişafına öz layiqli-dəyərli töhfələrini
verən Yeni Azərbaycan Partiyasının ümumxalq
partiyası olmasını göstərən ən
mühüm amillərdən biri onun öz sıralarında
dilindən, dinindən, etnik mənşəyindən
asılı olmayaraq bütün insanları birləşdirməsidir.
Bu, partiyamızın yüksək nüfuzunu əks etdirən
başlıca göstəricilərdəndir”, - deyə diqqətə
çatdırılıb. Vurğulanıb ki, Yeni Azərbaycan
Partiyası güclü liderin ətrafında yaranmış
partiyadır: “Partiyanın yarandığı
dövrə nəzər salanda görürük ki, zəngin
dövlətçilik və idarəetmə təcrübəsinə
malik olan, ömrünü və bütün fəaliyyətini
Öz xalqına və dövlətinə xidmətə həsr
edən bir şəxsiyyətin - Ümummilli Lider Heydər
Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik
etməsi partiyamıza olan inam, etimad və dəstəyi
artırırdı. YAP-ın fəaliyyəti Heydər
Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu
səbəbdən YAP qısa müddət ərzində
ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisinə
xidmət edən fəaliyyətini uğurla davam etdirərək
ölkəmizin möhtəşəm nailiyyətlər əldə
etməsinə fundamental töhfələr verdi. Bu
gün də partiyamiz öz fəaliyyətini Ümummilli Lider
Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Başqa sözlə, Yeni Azərbaycan Partiyası Ulu
Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən Prezident İlham Əliyevin Sədrliyi ilə öz
fəaliyyətini müvəffəqiyyətlə davam etdirir,
qatıldığı bütün seçkilərdə
parlaq qələbələr qazanır. Bu gün Azərbaycanda
YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə
mövcud deyil. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd
etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu
günün və gələcəyin partiyasıdır”.
“Konstitusiya islahatları müasir
dövrün tələbidir” başlığı altında
toplanmış müsahibələrdə konstitusiya
islahatlarının milli qanunvericilik bazasının zənginləşdirilməsi,
idarəetmədə çeviklik və effektivliyin
artırılması və digər istiqamətlər üzrə
əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki,
Konstitusiya islahatlarının tətbiqi ilə Azərbaycanın
müasir inkişaf tarixinin yeni səhifəsi yazılır. Bununla yanaşı, bəhs olunan bölmədə
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata
keçirilən ardıcıl və məqsədyönlü
tədbirlərin uğurlu nəticələrindən, dostluq,
qardaşlıq və strateji tərəfdaşlığa
söykənən Azərbaycan-Türkiyə münasibətlərinin
bütün sahələrdə müvəffəqiyyətlə
inkişaf etməsindən, əlaqələrin bu gün ən
yüksək zirvədə olmasından söhbət
açılıb.
“XALQLA İQTİDARIN BİRLİYİ”
YAP İcra katibinin müavini,
Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Xalqla
iqtidarın birliyi” adlı kitabında isə müasir Azərbaycanın
siyasi, ictimai, sosial, iqtisadi həyatı ilə bağlı
müxtəlif xəbər agentliklərinə verilmiş 160-a
yaxın müsahibə toplanıb. Həmin
müsahibələr “Humanizm Heydər Əliyev siyasətinin əsasıdır”,
“Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”,
“Yeni Azərbaycan Partiyasının təməli möhkəm
və əzəmətlidir”, “Qanun hər şeydən
üstündür”, “Azərbaycan heç bir dövlətə
kiçik qardaşlıq etmək fikrində
deyil”, “Azərbaycan Cənubi Qafqazda ən güclü orduya
malikdir”, “Azərbaycan dünyaya nümunədir”,
“İqtisadiyyatımız uğurla inkişaf edir”, “Sosial sahədə
uğurlar təqdirəlayiqdir”, “Azərbaycanda müxalifət
qocalıb” adlı 10 bölmədə təqdim olunub. Elmi redaktorunun Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
YAP İcra katibinin müavini, tarix üzrə fəlsəfə
doktoru Mübariz Qurbanlı olduğu kitabın ön
sözü “Xalqla iqtidarın birliyi sabitliyin qarantıdır”
başlığı altında Milli Məclisin Aqrar Siyasət
Komitəsinin sədri, YAP İdarə Heyətinin
üzvü, iqtisadi elmlər doktoru, professor Eldar İbrahimov tərəfindən
yazılıb.
Sözügedən kitabda yer alan
müsahibələrdə Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində
Azərbaycanın müstəqil dövlət kimi tərəqqi
yolunda inamla irəliləməsindən, beynəlxalq
münasibətlər sistemində uğurla təmsil
olunmasından geniş bəhs edilib. “Xalqla
iqtidar birliyi” adlı kitabda həmçinin Ulu Öndərin
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin
bütün sahələrdə inkişafa və yüksəlişə
səbəb olduğu diqqətə çatdırılıb,
siyasi, hüquqi, sosial, iqtisadi, mədəni və digər
istiqamətlərdə reallaşdırılan məqsədyönlü
və kompleks islahatların səmərəli nəticələrinin
Azərbaycanın qüdrətinin daha da artmasına xidmət
etdiyi vurğulanıb. YAP İcra katibinin
müavini, Milli Məclisin komitə sədri Siyavuş
Novruzovun “Xalqla iqtidarın birliyi” adlı kitabında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli
fəaliyyətindən də söhbət
açılıb. Bildirilib ki, Azərbaycan
qadınının müdriklik, ləyaqət və nəciblik
kimi ən ali xüsusiyyətlərinin
daşıyıcısı olan Mehriban xanım Əliyeva
Prezident İlham Əliyevə bir nömrəli dayaqdır. O
da vurğulanıb ki, Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin siyasi xəttinə
sadiq qalaraq humanist addımlarını davam etdirir.
Yeni Azərbaycan
Partiyasının təməlinin möhkəm və əzəmətli
olduğunun vurğulandığı kitabda nəzərə
çatdırılıb ki, bu gün ölkəmizin ən
güclü, ən mütəşəkkil, ən monolit siyasi
qüvvəsi olan YAP Azərbaycan xalqına uzun illər xidmət
göstərəcək və yeni-yeni nailiyyətlərə
imza atacaq. Bundan başqa, kitabda Azərbaycanın milli maraqlara əsaslanan,
çoxvektorlu və praqmatik xarici siyasətindən, ikitərəfli
və çoxtərəfli münasibətlərini, beynəlxalq
təşkilatlar çərçivəsində əlaqələrini
uğurla davam etdirməsindən bəhs edilib. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Azərbaycanın qətiyyətli - prinsipial mövqeyi və
hücum diplomatiyası, ordu quruculuğu istiqamətində həyata
keçirilən ardıcıl və məqsədyönlü
tədbirlər diqqətə təqdim olunub. Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi islahatların əhəmiyyəti
və nəticələri də kitabda öz əksini
tapıb. Azərbaycan xalqının Prezident İlham
Əliyevin ətrafında sıx birləşdiyi, ölkəmizdə
möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin
mövcud olduğu vurğulanıb. Bundan
başqa, kitabda anti-Azərbaycan dairələrin və
onların direktivləri əsasında hərəkət edən
radikal müxalifətin ölkəmizə qarşı “qara
piar” kampaniyası apardıqları, Azərbaycanda sabitliyin
pozulmasının tərəfdarı olduqları
vurğulanıb, müxtəlif faktlar və məqamlar nəzərə
çatdırılıb. Müəllif vurğulayıb
ki, Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını
heç kim ala bilməyəcək.
Bütövlükdə, YAP
İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi”,
“Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla
iqtidarın birliyi” adlı kitabları ölkəmizin müstəqillik
illərində keçdiyi şərəfli və
çoxsaylı nailiyyətlərlə zəngin
olan tərəqqi yolunun, Azərbaycanın dövlətçilik
tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna
yerinin və rolunun, Ümummilli Liderin xalqımız
qarşısında tarixi əhəmiyyətə malik olan əvəzsiz
xidmətlərinin, Prezident İlham Əliyevin rəhbərliyi
ilə milli maraqlara və müasir qlobal
çağırışlara uyğun həyata keçirilən
inkişaf siyasətinin əsaslarının öyrənilməsi
baxımından olduqca mühüm əhəmiyyətə
malikdir. Qeyd edək ki, filologiya üzrə elmlər doktoru,
professor Məmmədəli Qıpçaq “Elm və Təhsil”
nəşriyyatında çap olunan hər 3 kitabın
redaktorlarındandır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 9 may.- S.4.