Şeyxülislam
Allahşükür Paşazadə: Prezident İlham Əliyev
bəşəriyyətin mənəvi ehtiyac duyduğu qlobal
ideyalar irəli sürür
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə
AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə
Şeyxülislam Allahşükür Paşazadənin anadan
olmasının 70, şeyxülislamlıq fəaliyyətinin
40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin
II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamlarından, bu
istiqamətdə görülən işlərdən söhbət
açılır.
- Şeyx həzrətləri, dövlətimiz
dinə və dindarlara hər zaman qayğı göstərir.
Prezident İlham Əliyevin son sərəncamları bu
qayğının bariz nümunəsidir. Bu barədə nə
deyə bilərsiniz?
- Bismillahir-rəhmanir-rəhim!
Peyğəmbər
Salavatullahın hədisi vardır ki, Allah-Təala bir xalqı
istəsə, o xalqa müdrik rəhbər, öndər
göndərəcək və bu xalqı zülmətdən
nura tərəf aparacaq. Şükürlər olsun ki, Azərbaycana
belə rəhbərlər lütf edilib və bu şəxsiyyətlərin
ümumbəşər əhəmiyyətli ideyaları sayəsində
ölkəmiz, xalqımız adını dünyanın tarix
salnaməsinə həkk etməyə nail olub.
Bəli, Azərbaycan Prezidentinin önəmli qərarları
sırasında 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə
başlamağımın 40 illiyi münasibətilə verdiyi
sərəncamlar xüsusi yer tutur. Mən
dövlətçiliyimiz, bölgəmizin tarixi
üçün əhəmiyyətli olan bu sərəncamları
həm şəxsimə, həm də Azərbaycan
dindarlarına olan yüksək hörmət və etimadın
göstəricisi, eyni zamanda, milli-mənəvi dəyərlərə
ali diqqətin bariz nümunəsi kimi qəbul edirəm.
Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya
rəhbərlərinin arzu və iradəsini ifadə edərək
dövlətimizin başçısına minnətdarlıq məktubu
ünvanlamışıq. Bir daha təşəkkürlərimi
Azərbaycanın liderinə, dünya miqyaslı dövlət
xadiminə ünvanlamaqdan şərəf duyuram. Zati-aliləri sayəsində nail olduğumuz hər
bir uğur dünya müsəlmanlarının, Azərbaycan
ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar
və tarixi hadisəyə çevrilir. Ölkəmizi
bütün sahələrdə inkişaf mərhələsinə
qaldıran, dini-mədəni mühitin tərəqqisini təmin edən, sosial-iqtisadi islahatları ilə
xalq-dövlət birliyini möhkəmləndirən
Prezidentimiz yüksək təfəkkürü sayəsində
XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac
duyduğu və zamanın tələblərinə cavab verən
ideyalar irəli sürür və onların reallaşdırılması
istiqamətində əməli səylər göstərir.
Bu, Uca Yaradanımızın buyurduqlarına uyğun olan,
müqəddəs amallara xidmət edən və
insanlığın vəhdəti, həmrəyliyinə rəvac
verən önəmli missiyadır. Dünya ictimaiyyəti bunu
görür və yüksək dəyərləndirir.
Müxtəlif qitələrin
nümayəndələrinin, fərqli din və mədəniyyətlərin
təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi
“Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli”
kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi
böyük nailiyyətdir. Dünyanın multikulturalizm mərkəzlərindən
biri kimi tanınan Azərbaycan Respublikasında
sivilizasiyalararası və dinlərarası dialoqa töhfə
verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi
artıq ənənəyə çevrilib. Beynəlxalq
ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən
etibarən mədəniyyətlərarası dialoqun inkişaf
etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində
müzakirə olunur, dünyanın tanınmış dini
liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri,
nüfuzlu alim və ziyalıları arasında səmərəli
fikir mübadilələri aparılır. Bu
baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda
keçirilmiş Sammiti sivilizasiyalararası dialoqun
inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının
genişlənməsinə, eləcə də
qarşılıqlı etimad mühitinin yaradılması
işinə böyük töhfə olmuşdu.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən 2019-cu il noyabrın 14-15-də Bakı şəhərində
Dünya dini liderlərinin II sammiti keçiriləcək. Bu sammit çərçivəsində
ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini
proseslərin və qloballaşan dünyanın müasir
çağırışlarının nüfuzlu dini-ictimai
xadimlərin iştirakı ilə birgə müzakirəsi
aktuallıq və dəyər kəsb edir. Əminik ki,
müxtəlif milli, dini, mədəni mənsubiyyət
daşıyıcıları arasında
qarşılıqlı etimad, anlaşma mühitinin
yaradılması baxımından böyük əhəmiyyət
daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın,
multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin
möhkəmlənməsi işinə layiqli töhfəsini
verəcək. Bu, Azərbaycanımız üçün
böyük uğurdur.
Din xadimi olaraq, xüsusən şadam ki, Azərbaycan
iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə
yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə
də dünyanın diqqət mərkəzindədir. Biz dünya miqyasında dinlərarası əməkdaşlığın
uğurlu ənənəsinə hər zaman sadiqik. Əlbəttə,
Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən
məqamlardan ən mühümü odur ki, ölkəmizdə
din-dövlət münasibətləri düzgün qurulub.
Tolerantlıq dövlət səviyyəsində dəstəklənir.
Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik
insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib
hissəsi hiss edir, dövlətin diqqətini, qayğı və
himayəsini eyni dərəcədə hiss edirlər.
Düşünürəm ki, Azərbaycan
öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində
tanıda bilib. Allah doğru yolda, haqq yolunda olanlara rəvac
verir, düzgün addımlar atanlara hər zaman
yardımçı olur. Əminəm ki, bu nailiyyətlərə
görə əziz qardaşım Heydər Əliyevin də
ruhu şaddır. Belə ki, bu uğurlu siyasətin
əsası dünyaca tanınmış müdrik öndərimiz,
bu günlərdə anadan olmasının növbəti
ildönümünü qeyd etdiyimiz Heydər Əliyev tərəfindən
qoyulub və bu xətti Prezident İlham Əliyev yüksək
səviyyədə davam və inkişaf etdirir. Allah Heydər
Əliyev həzrətlərinə rəhmət eləsin!
Dindarlarımız hər zaman dövlətimizin
başçısına Azərbaycan naminə misilsiz fəaliyyətində
daha möhtəşəm uğurlar qazanması
üçün dualar edirlər. Prezidentimiz hər
zaman xalqın içindədir, onun qayğıları ilə
yaşayır, ehtiyacı olanın, kimsəsizin, dara
düşənin, təbii fəlakətdən əziyyət
çəkənin, ağsaqqalın, ağbirçəyin,
uşaqların, əsgərin, məcburi
köçkünün yanındadır. Azərbaycan
xalqının dövlətimizin başçısına olan
sonsuz etimadı, dəstəyi və məhəbbəti onun
rifah və tərəqqisi üçün böyük zəhmətlər
çəkən Prezident İlham Əliyevə ən dəyərli
mükafatdır.
Uca Allah belə əməllər sahibinin
bütün səylərinə rəvac verər. Biz dindarlar
dövlətimizin başçısının
xalqımızın rifahının daha da
yaxşılaşdırılması üçün
gördüyü işləri yüksək dəyərləndiririk.
Azərbaycandakı din-dövlət münasibətlərinin
yüksək səviyyədə təmin edilməsi istiqamətində
əməli addımları, milli-mədəni irsin
qorunması işinə göstərilən maddi və mənəvi
yardımı, dini abidələrə dövlət səviyyəsində
qayğı və himayəni müdrik siyasətin
nümunəsi kimi dəyərləndiririk. Biz, Prezidentimizə
din xadimlərinə ali diqqət və davamlı maddi-mənəvi
qayğısına görə hədsiz minnətdarlığımızı
çatdırmaqdan şərəf duyuruq. Biz Uca Allahın
lütfü, Prezidentimizin rəhbərliyi ilə gələcəyimizə
ümidlə baxır, dövlətimizin, xalqımızın
daha böyük uğurlara imza atacağına inanırıq.
Dini mərkəz olan Qafqaz Müsəlmanları
İdarəsi başda olmaqla, bütün dindarlar Prezident
İlham Əliyevin yanındadırlar və Azərbaycanın
səadətini təmin edən siyasətini hər zaman dəstəkləyir,
xalqımızın və dövlətimizin tərəqqisi
naminə gördüyü dəyərli işlərə
Uca Yaradanımızdan rəvac diləyirlər.
- Dövlətimizin
başçısının imzaladığı sərəncamlarla
bağlı hansı işlər görülüb və
görülməsi nəzərdə tutulur?
- Dövlətimizin
başçısının imzaladığı sərəncamlara
uyğun olaraq yaradılmış Təşkilat Komitəsinin
sədri Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi
ilə iclas keçirilib. Artıq dünya dini liderlərinin
II Bakı Sammitinə dəvət olunacaq qonaqların siyahısı
dəqiqləşdirilib və dəvətlər
ünvanlarına göndərilib. Sammitin miqyasına, əhəmiyyətinə
və statusuna uyğun təşkilati - texniki işlər
başlanılıb. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi də öz növbəsində, sərəncamlardan
irəli gələn məqamlara dair tədbirlər planı
hazırlayıb. Təşkilat Komitəsində
təmsil olunan rəsmilər, dini icma rəhbərləri, elm
adamları, media rəhbərləri ümumölkə əhəmiyyətli
tədbir olan bu Sammitin təşkili işinə öz
töhfələrini verirlər və İnşallah, bu səylər
ən yüksək şəkildə öz nəticəsini
göstərəcək.
- Son görüşlərinizdə Vyana şəhərində
keçiriləcək konfransın mesajını verdiniz. Bu
konfransın gündəliyində hansı məsələlər
var? Dağlıq Qarabağ məsələsini Vyana
konfransında da qaldıracaqsınızmı?
-Bəli, 2017-ci ilin sonunda
“İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunan
Bakı konfransında iştirakçıların yekdil fikri əsasında,
dinlərarası və sivilizasiyalararası əməkdaşlıq
ideyalarının davamlı şəkildə təbliğ
olunması üçün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
Qafqaz Müsəlmanları İdarəsinin nəzdində
müxtəlif ölkələrin nüfuzlu din və ictimai
xadimlərindən ibarət Bakı Beynəlxalq dinlər və
sivilizasiyalararası əməkdaşlıq Mərkəzi təsis
olundu. Bu Mərkəzin xətti, Xarici
İşlər Nazirliyi və mənzil-qərargahı Vyanada
yerləşən KAİCİİD beynəlxalq dinlər və
mədəniyyətlərarası dialoq Mərkəzinin dəstəyi,
Avstriyanın müvafiq dövlət, qeyri-hökumət təşkilatları,
dini və elm mərkəzləri ilə birgə bu il
iyunun 19-20-də Vyana şəhərində “Sivilizasiyalar və
dinlərarası dialoqdan bəşəri həmrəyliyə”
mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda “Sivilizasiyalararası və
dinlərarası dialoqun bəşəri həmrəyliyə
doğru inkişafı dünyada sülhün və əmin-amanlığın
bərqərar olmasına və dini tolerantlıq
ideyalarının tərənnümünə xidmət edir”,
“Terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya dinlərarası
dialoqa və həmrəyliyə təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və
mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası
əməkdaşlığın rolu”, “İnsan
hüquqlarının qorunması sahəsində sivilizasiyalar
və dinlərarası dialoqun əhəmiyyəti, insanlara
qarşı zorakılıq halları - irqi və dini
dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış
qaçqın və məcburi köçkünlərə,
miqrantlara mərhəmət və qayğı göstərməyin
vacibliyi”, “Münaqişə zonalarında etnomədəni və
dini abidələrin dağıdılması və
zorakılığa məruz qalması”, “Dövlət, elm və
din xadimlərinin sivilizasiyalararası və dinlərarası
dialoqun və əməkdaşlığın təşviqində
birgə səylərinin rolu” mövzularında müzakirələr
aparılacaq. Bunlarla yanaşı, böyük Azərbaycan
mütəfəkkiri İmadəddin Nəsiminin ümumbəşəri,
multikultural ideyalarının dövrümüz
üçün aktuallığı mövzusu da gündəmə
gətiriləcək.
Allahın yaratdığı ən
böyük dəyər insan həyatıdırsa, onun
xilası müxtəlif millətlərə və dinlərə
mənsub insanların qarşılıqlı anlaşma və
ehtiramından, müxtəlif mədəniyyətlərin
dialoqundan keçir. Bu, Uca Yaradanımıza xoş olan mənəvi
üstünlükdür, bəşəri ucaldan dəyərdir.
Biz bu məqamı xalqımızın ən
ağrılı yeri olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələdə də unutmur, problemin beynəlxalq
hüquq normaları çərçivəsində ədalətli
sülh yolu ilə həllində israr edirik.
Bu günədək iştirak
etdiyim elə bir beynəlxalq tədbir, çıxış
etdiyim elə bir xitabət kürsüsü olmayıb ki,
oradan xalqımızın ən böyük problemi olan
Qarabağ məsələsini xatırlatmayım, ərazilərimizin
20 faizinin işğal altında olduğunu, dini-mədəni
abidələrimizin dağıdılmasını, bir
milyondan artıq qaçqın və məcburi
köçkün soydaşlarımızın problemini
qaldırmayım. Vyana konfransı da istisna olmayacaq.
Avropanın mərkəzində biz bütün dünya
ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək
fürsətindən istifadə edəcəyik.
Qoy Uca Allah lütf və mərhəmətini hər
zaman Azərbaycan xalqı və dövləti üzərində
bərqərar etsin! İnşallah!
Yeni Azərbaycan.-
2019.-9 may.- S.2.