Bakıda IDEA İctimai
Birliyinin “Şəhər
ekologiyası” layihəsi
həyata keçirilir
Bakıda IDEA İctimai Birliyinin şəhər mühitinə
xas olan və keçmişdə
geniş yayılmış
fauna növlərinin qorunması və qaytarılmasına yönəlmiş
“Şəhər ekologiyası”
layihəsi həyata keçirilir.
AZƏRTAC xəbər
verir ki, mayın 9-da layihə çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı
ilə Bakının Velopark ərazisində yerləşən yaşıllıq
sahəsinə 20 sincab
buraxılıb.
Məlum olduğu kimi,
vəhşi təbiətin
qorunub saxlanması üzrə çoxşaxəli
səylərlə yanaşı,
Leyla Əliyevanın təşəbbüsü ilə
şəhər mühitinə
aid olan növlərin mühafizəsi
istiqamətində də
geniş tədbirlər
həyata keçirilir.
Bu xüsusda, Bakıda küçə heyvanlarının
qorunmasına yönəlmiş
IDEA Heyvanlara Qayğı
Mərkəzi fəaliyyət
göstərir, şəhər
boyu pişiklər üçün xüsusi
evciklər qurulur və digər işlər aparılır.
“Şəhər ekologiyası”
layihəsi Bakı və onun ətrafındakı
ictimai yerlərin
şəhər mühitində
rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi,
eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tutur.
Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan
insanlarla ətraf mühit arasında ahəngliyin yaradılmasından,
daha sıx və daha sağlam
əlaqənin möhkəmləndirilməsindən
ibarətdir.
Keçmişdə Bakı şəhəri mühitində çoxsaylı
sincab və tutuquşular məskunlaşmışdır
ki, onlar parklarda və yaşıllıqlar mövcud
olan digər ərazilərdə insanlar
arasında sərbəst
dolaşmışlar. Lakin ötən
əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı.
Son illər ölkədə aparılan
geniş yaşıllaşdırma
və abadlaşdırma
işləri, xüsusən
də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması
və saysız-hesabsız
yeni ağacların əkilməsi nəticəsində
şəhərdə bir
çox fauna növlərinin qaytarılması
üçün münbit
şərait yaradılıb.
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.4.