Zəmanəni qabaqlayan fenomen - Heydər
Əliyev dühası
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki,
tarixinin taleyüklü və mürəkkəb mərhələsində
onun taleyində müstəsna rol oynamış, dövlətçilik
ənənələri formalaşdırmış milli lideri
olmasın. Belə liderlərin mənalı və
zəngin həyat səhifələrini vərəqləyərkən,
onların mənsub olduğu xalqların da dövlətçilik
ənənələri, tarixi, inkişaf səviyyəsi barədə
aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər
yüksək mənəvi aləmləri ilə, ali bəşəri
və milli ideallara, ümummilli mənafelərə ürəkdən
bağlılıqları ilə milyonların qəlbində
özləri üçün möhtəşəm abidə
ucaldırlar.
Hər bir xalqın tarixdəki
yeri və rolu mürəkkəb siyasi şəraitdə məsuliyyəti
üzərinə götürərək onun taleyində
misilsiz rol oynamış, mütərəqqi ideyaları,
qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə
və uzaqgörənliklə sabit dövlətçilik ənənələri
yaratmış dahi şəxsiyyətin fövqəladə
missiyası ilə şərtlənir. Tanrının
bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər
xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik
təfəkkürü, siyasi dünyagörüşü,
milli dəyərləri əsasında optimal dövlət
modeli və siyasi varislik ənənələri yaradırlar.
Ruslar üçün bu şəxsiyyət I
Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər
üçün Uinston Çörçil, fransızlar
üçün Şarl de Qoll, almanlar üçün Otto
fon Bismark, çinlilər üçün Mao Tszedun, türklər
üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar
üçün Heydər Əliyevdir!
XX əsr tariximizin parlaq
siması, böyük şəxsiyyəti olan Ümummilli
Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan
xalqının dövlətçilik təfəkkürünün,
tarixin sınağından şərəflə
çıxmış unikal idarəçilik məktəbinin,
müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı
keyfiyyətlərinin canlı təcəssümüdür.
Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini
öyrəndikcə, əslində, müstəqil Azərbaycan
dövlətinin tarixi keçmişini, bu gününü,
ölkəmizdə həyata keçirilən dövlət
quruculuğu prosesini öyrənir.
Tarixi gerçəkliklərin müqayisəsi
böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində
ən obyektiv istinad yeridir. Bu mənada, Ulu
Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan
istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial,
humanitar və mədəni sahələrdə intibaha can atan,
hər addımda insan və şəxsiyyət amilini uca tutan
ölkə kimi görünür.
Ümummilli Lider Heydər
Əliyevin müdrik və uzaqgörən idarəçiliyi
sayəsində müstəqil Azərbaycan xarici siyasətində
etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi
kimi çıxış edən, iqtisadi və sosial rifah
yolunda qətiyyətli addımlarla irəliləyən,
“dövlət-vətəndaş” birliyinin təşəkkül
tapdığı bir ölkəyə çevrilib.
Ötən yüzillikdə cərəyan
edən hadisələrin təhlili göstərir ki,
respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən
başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə
Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata
keçirilən məqsədyönlü siyasətlə
tamamlanıb. Zaman və ictimai-iqtisadi
formasiya baxımından kifayət qədər fərqli olan hər
iki tarixi dövrün əsas bənzər cəhətləri
isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər
qazandıran fədakar xidməti, eləcə də ölkənin
inkişafında yeni impuls və tərəqqi meyillərinin
geniş vüsət alması olub. Beləliklə, Ulu Öndər
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və
tarixi şərait baxımından tamam fərqli olan dövrlər
sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi
kimi qiymətləndirilə bilər.
Dünya siyasət arenasında
unudulmaz şəxsiyyətlərdən olan Heydər
Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim
mənim üçün böyük şərəfdir.
Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri
həmişə adi insanların yaşadığı həyat
tərzinin fövqündə dururlar. Ulu Öndər
insanların həyat yoluna işıq saçan təfəkkür
və mənəviyyat sahibi idi. Hərəkətləri sadə
olsa da, bunun arxasında həmişə böyük məna
durardı. Ulu Öndər böyük ideyaya malik idi.
Atdığı addımlar, yeritdiyi siyasət, istifadə
etdiyi diplomatik üsullar Onun uzaqgörənliyini, strateji təfəkkürə
sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə
dünya liderləri də Heydər Əliyevi zəmanəni
qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul
edirlər.
Gələcək müstəqilliyə
etibarlı zəmin
İdarəçilik fəlsəfəsi
fərqli və özünəməxsus cəhətlərlə
zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik
mərhələsi ölkəni sürətli inkişaf yoluna
çıxarmaqla yanaşı, milli müstəqilliyə
etibarlı zəmin formalaşdıran amillərlə də zəngin
olub. Milli özünəqayıdış
və özünüdərkin məhz bu dövrdə
başlanğıcını qoyan, azərbaycançılıq
məfkurəsinin keçən əsrdə yazılan ən
parlaq səhifələrinin müəllifi olan Ulu Öndər
Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə
həyatını tamamilə müasirləşdirib.
Tarixin axarını dəyişən
ideya və prinsiplərin daşıyıcısı olan Heydər
Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik
liderlik cəhətləri, böyük vətənpərvərliyi
ötən əsrin 70-ci illərindən etibarən milli
ideyanın yüksəlişinin təmin edilməsində
misilsiz rol oynayıb. Ümummilli Lider Heydər
Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti
Azərbaycanın bütün sahələr üzrə
inkişafının yeni mərhələsinə qədəm
qoyması, sözün əsl mənasında, öz intibah
dövrünü yaşaması olub. İqtisadi
asılılığın aradan qaldırılmasının
siyasi müstəqilliyin təməlində duran əsas amillərdən
biri olduğunu aydın görən Ulu Öndər ölkənin
istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən
ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi,
sənaye potensialının gücləndirilməsi,
təhsil sahəsində yeni inkişaf mərhələsinin əsasının
qoyulması, xalqın gələcəyini nəzərdə
tutan milli kadr potensialının, o cümlədən nadir
ixtisaslar üzrə mütəxəssis kontingentinin
yaradılması kimi möhtəşəm nailiyyətlərə
imza atıb.
Ulu Öndər həmin dövrdə
azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu
ali təhsil ocaqlarında təhsili üçün səylə
çalışır, respublikamız üçün
ayrılmış müsabiqədənkənar yerlərin
sayının artırılmasını Moskvadan israrla tələb
edir, əksər hallarda buna nail olurdu. 1970-ci
ildə respublikadan kənara oxumağa göndərilən belə
tələbələrin sayı əgər 60 nəfər
idisə, 1975-ci ildə onların sayı 600 nəfərə,
1978-ci ildə 800-900 nəfərə çatmışdı.
Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə
göndərilənlərin sayı o zaman
təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində
qəbul olunanların sayına bərabər idi. Ümummilli
Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə
keçmiş SSRİ-nin müxtəlif universitetlərində
ali təhsil almış məzunlarla görüşündə
bununla bağlı xatırlamışdı: “Azərbaycanda kadr hazırlığı məsələsi
ilə şəxsən, bilavasitə ciddi məşğul
olarkən və o cümlədən sizləri
respublikamızdan kənarda ali məktəblərə göndərərkən
mütləq və mütləq Azərbaycanın gələcəyini,
müstəqilliyini düşünürdüm. O vaxt mən
inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil
Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət,
Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın
müstəqilliyini təmin edəcəklər”.
Həmin illərdə Heydər
Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı
ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa olunub,
bununla da respublikamızın gələcək müstəqilliyinin
iqtisadi əsası formalaşdırılıb. Ulu
Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli
mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi
qarşısında israrlı tələblərlə
çıxış edib, prinsipiallıq göstərib.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu
müdrikliklə nəzərə alan Ulu Öndər Heydər
Əliyev 70-ci illərdə bu sahənin dinamik
inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə
nail olub. Həmin dövrdə neft sənayesinin
inkişafında tamamilə yeni mərhələ
başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın
rifahına xidmət edən vasitəyə çevrilməsi
prosesinin əsası qoyulub. Heydər Əliyevin
müəllifliyi ilə tərtib olunan “Azərbaycanda
neftayırma sənayesinin yenidən qurulması” planı əsasında
bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi
və yeni fəaliyyət prinsiplərinə keçməsi
prosesi sürətlə başa çatdırılıb və
gələcək yeni neft strategiyasının yol xəritəsi
müəyyən edilib.
Milli inkişaf modelinin müəllifi
Azərbaycançılıq məfkurəsinin
parlaq daşıyıcısı olan Ulu Öndər öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna
çatmasına nail olub. Heydər Əliyev
müstəqil Azərbaycan dövlətçiliyinin siyasi,
ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil,
güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və
çağdaş tariximizdə əbədiyaşarlıq
qazanaraq sağlığında canlı əfsanəyə
çevrilmiş dahi şəxsiyyətdir.
Müasir müstəqil Azərbaycan
Respublikasının qurucusu Heydər Əliyevin müəllifi
olduğu azərbaycançılıq ideologiyası
bütün dünya azərbaycanlılarını əhatə
edərək, onların milli istinad mənbəyinə
çevrilib. Hələ keçən əsrin
70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə
milli zabit kadrlarının yetişdirilməsi məqsədini
hədəfləyən indiki Cəmşid Naxçıvanski
adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar
Azərbaycan SSR-in Konstitusiyasında dövlət dili kimi
təsbit edilməsinə nail olması kimi bir çox
müasirlərinin xəyalına belə gəlməyən
tarixi addımlar Azərbaycanın gələcək nəsillərinin
vətənpərvər insan kimi yetişməsi
üçün əvəzolunmaz töhfələrdir.
Milli-mənəvi dəyərlərimizə
qayıdışın və milli oyanışın
xalqımız üçün gərəkliliyini nəzərə
alan Heydər Əliyev hər zaman bu məsələni diqqət
mərkəzində saxlayırdı. O, dəyərlərimizi
təkcə milli varlığımızın yox, həm də
siyasi varlığımızın - dövlət
quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə
deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər
birimiz üçün böyük məktəbdir.
Ulu Öndər Heydər Əliyevin lider kimi
böyüklüyü Onun daim strateji hədəflərə
hesablanmış və milli məqsədləri önə
çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-ci illərində
formalaşdırılmış iqtisadi potensial 90-cı illərin
sonlarına doğru dünyada cərəyan edən mürəkkəb
proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış
Azərbaycanın sonrakı mərhələdə müstəqil
yaşamasını təmin edib.
Müdrik xalqımızın XX əsrdə
dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət
kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər
Əliyev bu gün həm də müstəqil
respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla
xatırlanır. Ümummilli Lider mərkəzi
planlaşdırma və bölgü prinsiplərinin hakim
olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına
optimal keçid modelini irəli sürərək, onun həyata
keçirilməsinə çalışıb.
Dövlət mülkiyyətinin
xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi
sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi
mülkiyyətçiliyin bərqərar olmasına, habelə
milli iqtisadiyyatın dünya iqtisadi sisteminə
inteqrasiyasına, insanların şüurunda, həyat tərzində
əsaslı dəyişikliklərin baş verməsinə səbəb olub. Ölkədə həyata
keçirilmiş aqrar islahat, özəlləşdirmə
prosesi hər bir vətəndaşın marağını təmin
etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq,
sağlam rəqabətə əsaslanan istehsal
üçün şərait yaratmaq niyyətinə xidmət
edib.
Ümummilli Liderin rəhbərliyi
altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda
iqtisadiyyatın bütün sahələrinin sürətli
inkişafına, o cümlədən yerli və xarici
investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi
cəlb etməklə, rəqabətqabiliyyətli məhsul
istehsal edən müəssisələrin
yaradılmasına, infrastrukturun yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına imkan verib.
Ümummilli Lider respublika iqtisadiyyatının keyfiyyətcə
yeni mərhələsində özəl sektoru sosial-iqtisadi
inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş,
güclü sahibkarlar təbəqəsinin formalaşmasına,
onların cəmiyyətdəki mövqelərinin güclənməsinə
çalışmışdır.
İnvestisiyaların təşviqi
üçün respublikada daha münbit şərait yaratmaq,
daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun
başlıca istiqamətini qeyri-neft sektorunun, regionların
inkişafına yönəltmək, habelə maddiləşən
işgüzar fəallığı gücləndirmək
üçün kompleks tədbirlər həyata
keçirilib.
Ümumilikdə, 1993-2003-cü
illərdə ölkədə həyata keçirilən siyasət
belə deməyə əsas verir ki, Ulu Öndər Heydər
Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar
olması üçün ilk növbədə iqtisadiyyatda
çoxşaxəli islahatların aparılmasını,
davamlı inkişaf üçün möhkəm iqtisadi
bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi
illərində milli iqtisadiyyatda köklü islahatlar
aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına
keçidin ümdə prinsipləri müəyyənləşdirilib,
torpaq islahatı kimi çətin və ağrılı
proses, habelə özəlləşdirmənin birinci mərhələsi
uğurla başa çatdırılıb, milli
sahibkarlığın inkişafı üçün zəruri
qanunvericilik bazası yaradılıb, respublikanın dünya
iqtisadiyyatına inteqrasiyası sürətlənib.
İslahatlarda müasirləşmə və
novatorluq
Fəaliyyəti ilə zaman və
məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən
böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər
Azərbaycanın inkişafında qazandığı uğur
və nailiyyətlərin davamlı olmasını təmin etmək
üçün böyük fədakarlıq göstərib.
Bunun ən bariz nümunələrindən biri də
Ulu Öndərin özündən sonra ölkəmizə
layiqincə rəhbərlik edərək qazanılan
uğurların davamlılığı təmin edəcək,
xalqın alternativsiz liderinə çevriləcək
davamçı-varis yetişdirməsindədir.
Bu gün Ümummilli Liderin
ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində
yaşayır və uğurla inkişaf edir. Əminliklə
demək olar ki, dövlət başçısının
apardığı həm xarici, həm də daxili siyasət
Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin
təməlində isə Azərbaycan dövlətinin
güclənməsi, onun müstəqilliyinin qorunması,
iqtisadiyyatının inkişafı və əhalisinin maddi
rifah halının yaxşılaşması durur.
XX əsrin sonlarına doğru
müstəqil dövlətçiliyin bərpasına nail
olmuş, onu möhkəmləndirərək yeni inkişaf
magistralına çıxarmış müdrik xalqımız
taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi
siyasi liderə etibar edib. “Əsl siyasət - konkret, real iş
görməkdən ibarətdir” - deyərək fəaliyyətə
başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə
verdiyi vədə sadiq qalaraq, Öz fəaliyyəti ilə hər
bir Azərbaycan vətəndaşının layiqli Prezidenti
olduğunu sübuta yetirib.
2018-ci ilin 11 aprel seçkilərində
xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik
kimi məsuliyyətli missiyanı növbəti mərhələdə
də üzərinə götürmüş İlham
Əliyev Ona göstərilən etimadı fəaliyyəti ilə
hər zaman doğruldur, Azərbaycanı daha qüdrətli
dövlətə çevirmək üçün əzmlə,
qətiyyətlə çalışır. Təkcə
onu demək kifayətdir ki, respublikamız son Prezident seçkilərindən
sonra daha da güclənib, zənginləşib, hərtərəfli
inkişaf yolunda yeni uğurlara imza atıb, insan amili isə həyata
keçirilən siyasətin ana xəttində yer
almaqdadır.
Ulu Öndər Heydər
Əliyevin idarəçilik ənənələrini yeni
dövrün tələblərinə uyğun daha da zənginləşdirən
cənab İlham Əliyev xalqın problemlərinə, arzu və
istəklərinə həssaslıqla yanaşır və bunu
bütün məmurların qarşısında zəruri tələb
kimi qoyur. Fəaliyyətində xalqına güvənən,
arxalanan dövlət başçısı xalqa xidmətdən
böyük şərəf duyur. “Mənim işim ondan ibarətdir
ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan
sonra da edəcəyəm. Bütün işlərimdə
mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz
xalq tərəfindən dəstəklənməsəydi,
bütün bu işləri görmək mümkün
olmazdı”, - deyən ölkə başçısı idarəçilikdə,
fəaliyyətdə, düşüncədə yenilik və
sivil dəyərlərin tətbiqini zəruri sayır.
Dövlət başçısının
gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə
Azərbaycanın bölgədə və dünyada layiqli
yerini tapmasını, regional liderliyini təmin edib. Ulu Öndərin imzalanmasına nail olduğu tarixi əhəmiyyətli
“Əsrin müqaviləsi”nin davamı olaraq
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin istismara verilməsi, TAP, TANAP layihələrinin
reallaşdırılması, üç süni peykin orbitə
buraxılması Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki mövqelərini daha da gücləndirib.
Dövlətimizin başçısı cənab İlham
Əliyevin diplomatik səyləri nəticəsində
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi də uğurla
gerçəkləşib, respublikamızın Şərqlə
Qərb arasında tranzit-kommunikasiya imkanları genişlənib.
Xatırlatmaq yerinə düşər ki, 2018-ci
il mayın 29-da Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə
onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi
açılış mərasimi olub, bu layihələrin
icrası Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətini
artırıb. Eyni zamanda, 2018-ci ildə Ələt-Astara-İran
İslam Respublikası magistral avtomobil yolunun istifadəyə
verilməsi mühüm hadisələrdən biridir. Bir
sözlə, Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat
xəritələrini dəyişən bir ölkədir.
Regionların inkişafında tarazlıq
Ulu Öndər hələ sovet dövründə
Azərbaycanı qarış-qarış gəzməyə
üstünlük verirdi. Respublikanın hər bir guşəsinə
səfər edən, inkişafla maraqlanan, insanların həyat
tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti
yorulmadan həyata keçirirdi. Bununla da O, Azərbaycan
insanını daha yaxından tanıdı, onların ənənələrini,
mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini
ümumiləşdirərək vahid ideologiyanın əsasını
qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın
gələcək müstəqilliyinə, regionların iqtisadi
inkişafına hesablanmışdı. Prezident İlham
Əliyevin 2003-cü ildən etibarən iqtisadi sahədə həyata
keçirdiyi siyasətin uğurlarını şərtləndirən
əsas amillərdən biri də məhz inkişafın mərkəz
və regionlar üzrə tarazlı xarakter daşıması,
rentabelli istehsal sahələrinin ölkənin bütün
regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin
səmərəliliyinin artırılması, infrastrukturun
yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə
bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın
inkişafını sürətləndirməklə,
oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi
potensialdan səmərəli istifadə edilməsinə imkan
yaradıb.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı dövlət proqramları
2004-cü ildən başlayaraq regionların iqtisadi
inkişafında tamamilə yeni səhifə
açmış, insanların kəndlərdən şəhərlərə
axınının qarşısını almış,
xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın
inkişafına xüsusi təkan vermişdir.
2004-2018-ci illər ərzində
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının təhlili
göstərir ki, ötən müddətdə ölkənin
makroiqtisadi göstəricilərində regionların xüsusi
çəkisi əhəmiyyətli dərəcədə
yüksəlib. Yerlərdə
sahibkarlığın inkişafının sürətləndirilməsi,
yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin
bərpası və genişləndirilməsi, iqtisadi və
sosial-mədəni infrastruktur obyektlərinin yenidən
qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin
açılması nəticəsində əhalinin həyat səviyyəsinin
yüksəldilməsi istiqamətində böyük
uğurlar əldə olunub. Azərbaycan Prezidentinin 2019-cu il 29
yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
qarşıdakı illərdə də bölgələrin
inkişafında yeni mərhələ olacaqdır.
Statistik göstəricilər son
15 ildə Azərbaycan iqtisadiyyatının
inkişafını və dayanıqlılığını
bir daha təsdiq edir. Ötən dövrdə ölkənin
strateji valyuta ehtiyatları 27 dəfə artaraq 46,7 milyard
ABŞ dollarına çatıb. 2004-2018-ci illərdə
ümumi daxili məhsul real ifadədə 3,2 dəfə, o
cümlədən qeyri-neft sektoru 2,7 dəfə artıb.
Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu xərcləri dinamik olaraq artıb, investisiya xərcləri
dövlət büdcəsində əhəmiyyətli çəkiyə
malik olub.
Dövlət proqramlarının icrası nəticəsində
regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin
yatırılması inkişafdakı tarazlığı təmin
edib. Son 15 ildə açılmış 1,9 milyona yaxın
iş yerinin 50 faizdən çoxunun məhz regionların
payına düşməsi də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
regional siyasətinin uğurlarının əyani təcəssümüdür.
Daimi prioritet - insan amili
Nazirlər Kabinetinin 2019-cu ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclası
respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir.
İclasda səslənən statistik rəqəmlər
dövlətimizin başçısının rəhbərliyi
ilə həyata keçirilən islahatların səmərəliliyini
və insan amilinin yüksəlişinə xidmət etdiyini bir
daha nümayiş etdirir. Hesabat dövründə dövlət
büdcəsinə vergi və gömrük orqanlarının
xətti ilə 200 milyon manatdan əlavə vəsait
toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı
4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz
artıb. Hesabat dövründə kənd təsərrüfatının
3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması,
inflyasiyanın aşağı həddə - 2,1 faiz olması,
ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin
qoyulması inkişafdakı müsbət dinamikanın əyani
göstəriciləri kimi qeyd olunmalıdır.
Azərbaycanda sahibkarlığın inkişaf
etdirilməsi ilə bağlı aparılan siyasət,
görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də yüksək qiymətləndirilir.
Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan
Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə
25-ci yerə yüksəlməyə nail olub. Davos İqtisadi
Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci
ildə rəqabət qabiliyyətinə görə 138 ölkə
arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki,
MDB ölkələri arasında birincidir. Forumun
“İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan
ən yaxşı inkişaf etməkdə olan ölkələr
sırasında üçüncü, MDB məkanında isə
birinci yerdə qərarlaşıb. BMT İnkişaf
Proqramının insan inkişafı indeksinə görə,
Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini
tərk edərək, “yüksək insan inkişafı”
ölkələri kateqoriyasına daxil olub.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin son 15 ildə
yürütdüyü sosialyönümlü siyasətin məqsədi
təkcə sosial bərabərsizliyi aradan götürmək
deyil, həm də onu tarazlaşdırmaq, vətəndaşların
maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin
təbəqələşməyə yol verməmək, cəmiyyətin
bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin
etməkdən ibarətdir. Dövlət
başçısı tərəfindən son 10 ildə
imzalanmış sərəncamlar sosial təminat və
yoxsulluğun səviyyəsinin aşağı
salınması baxımından mühüm əhəmiyyətə
malikdir.
Bu və digər faktlar göstərir
ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə
möhkəm dayaqlar tapması, iqtisadiyyatın
liberallaşdırılması sosial himayəyə ehtiyacı
olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyət təşkil etmir. Əksinə, əldə edilən
dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir. 2018-ci
ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü
islahatlarda keyfiyyətcə yeni mərhələnin
başlanması, xüsusən də bu ilin əvvəlindən
başlayaraq əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin gücləndirilməsinə xidmət
edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın
“sosial dövlət” konsepsiyasına sadiqliyinin bariz göstəricisidir.
Uğurlu iqtisadi siyasət - çevik və
şəffaf vergi-gömrük islahatları nəticəsində
son aylarda ölkəmizin maliyyə imkanlarının daha da
artması ilə paralel dövlət başçısı
uğurlu sosial islahatlar paketinin
reallaşdırılmasının təmin edilməsinə
nail olub. Eyni zamanda, qeyd etmək lazımdır
ki, bu prosesin əyani təzahürü olaraq icbari tibbi
sığorta sisteminin tətbiqi təmin edilib və bu sistemin
2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə
tutulur. İşsizlikdən Sığorta Fondunun
yaradılması, məşğulluq strategiyasının qəbulu,
ünvanlı sosial yardımın əhatə dairəsinin
genişləndirilməsi, özünüməşğulluq
proqramlarının təmin edilməsi də sosial
islahatların mühüm tərkib hissəsi olaraq ölkənin
müasirləşməsinə güclü təkan verir.
Son aylarda Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsi zamanı şəhid
olmuş insanların ailələrinə 11 min manat məbləğində
birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı,
sosial müavinət, pensiya və tələbə təqaüdləri
artırılıb, zəlzələdən ciddi zərərçəkmiş vətəndaşlar
üçün evlərin inşa edilməsinə, devalvasiya
nəticəsində banklara borcu yaranmış vətəndaşların
borclarının müəyyən şərtlər çərçivəsində
kompensasiya edilməsinə başlanılıb,
yanğından zərərçəkmiş sahibkarlara
kompensasiya ödənilib. Bu və digər
sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar
tərəfindən də rəğbətlə
qarşılanır.
İslahatların hazırkı mərhələsində
mütərəqqi meyarlara söykənən çevik idarəetmə
modelinin formalaşdırılması Azərbaycan
üçün də kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr
islahatlarının əsas məqsədini əhalinin sosial
rifahının yaxşılaşdırılması, neftdən
asılı olmayan dayanıqlı inkişaf
strategiyasının formalaşdırılması ilə
yanaşı, ümumilikdə, dövlət idarəçilik
fəlsəfəsinin dəyişdirilməsi təşkil
edir. Prezident İlham Əliyev, ilk növbədə, vətəndaşların
mənafeyini düşünərək dövlət idarəetməsi
ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur
islahatları həyata keçirir. Dövlət
başçısının 2019-cu il 14 yanvar tarixli “Azərbaycan
Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı
idarəetmə sistemində çevikliyin və səmərəliliyin
təmin olunması baxımından mühüm əhəmiyyət
kəsb edir.
2018-ci ilin 11 aprel seçkilərinin nəticələri
bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin
sərt sınaqlarından üzüağ çıxaraq
yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə
sadiqdir. Cəmiyyətdə mütləq çoxluğun
lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin
perspektiv inkişafı üçün qarşıda duran
strateji hədəfləri inamla gerçəkləşdirmək,
Azərbaycanı yaxın illərdə ən müasir və
inkişaf etmiş dövlətə çevirmək istiqamətində
əzmlə, yorulmadan, qətiyyətlə
çalışır. Heç şübhə yoxdur ki,
müstəqil Azərbaycanı qarşıdan gələn illərdə
daha böyük nailiyyətlər gözləyir.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının baş naziri
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.5.