Ulu Öndər Heydər Əliyev: dahi
şəxsiyyət, görkəmli dövlət xadimi
Siyavuş
Novruzov,
Milli Məclisin İctimai
birliklər və
dini qurumlar komitəsinin
sədri,
Yeni Azərbaycan
Partiyası
İcra katibinin
müavini
Hər bir görkəmli dövlət xadiminin
özündən sonra qoyub getdiyi fikir, siyasi-ideoloji irs
sonrakı dövrlərdə millət üçün daim
bir istinadgah, ümid və etimad mənbəyinə
çevrilir. Bir çox hallarda dərin ictimai məzmun kəsb
edən bu zəngin mənəvi miras siyasi təşkilatlanma
və institusional təsisatlar formasında tarix səhifəsinə
çıxır. Bütün bu aspektlərdən
yanaşdıqda bu günlərdə anadan olmasının 96
illiyini qeyd etdiyimiz görkəmli dövlət xadimi,
Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi obrazı bir
daha gözlərimiz önündə yüksəlir.
Yalnız yüksək amallara xidmət
edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən
proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli
işlənib hazırlanmış elmi konsepsiya bu gün
haqqında hər birimizin böyük qürur hissi ilə
danışdığımız müstəqil, dinamik
inkişaf edən Azərbaycan reallığını ərsəyə
gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz
real şəkildə sübut etdi ki, əgər müstəqillik
həqiqi mənada xalqa xidmət edirsə, millətə
öz milli həyatını sərbəst, özünəməxsus
şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o,
milli inkişafın ən müqəddəm şərti hesab
oluna bilər. Ümummilli Lider Heydər
Əliyevin vaxtilə söylədiyi “Heç kəsin
şübhəsi olmasın ki, ömrümün bundan
sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız
Azərbaycan Respublikasının müstəqil dövlət
kimi inkişaf etməsinə həsr edəcəyəm”
deyimini bu gün də həyəcansız xatırlamaq
mümkün deyil. Ona görə ki,
xalqımızın əsrlər boyu uğrunda mübarizə
apardığı, lakin əsl milli dəyər mahiyyətini
bugünkü uğurlarımızda daha real dərk etdiyi
müstəqillik idealında cəmiyyətimizin
qarşılaşdığı məşəqqət, faciəli
anlar, ağrılı günlər öz izini
qoymuşdur. Ulu Öndərin bu həyat manifesti
bizdə ölçüyəgəlməz qürur hissi
doğurur, çünki bu optimizmdə Onun rəhbərliyi ilə
milli varlığımızın taleyüklü problemlərinin
həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə
mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə
aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən
mayalanan milli təfəkkürün yaradıcı
potensialı təcəssümünü tapmışdır.
Məhz buna görə Heydər Əliyevin müstəqillik
konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə
etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.
Ulu Öndər Özünün
bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə
yetmək istəyini dərindən duymuş və müdafiə
etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə
dərindən nüfuz etmiş, bu amalı Özünün fəaliyyət
kredosuna çevirmişdir. O, istər dərinməzmunlu
çıxışlarında, istərsə də xalqla
keçirdiyi görüşlərdə səsləndirdiyi
ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki
əsaslarını yaratmışdır. Bu konsepsiyada milli
dövlətçilik ideyaları ilə həmin ideyaları
həyata keçirən müdrik siyasətin obrazının
dialektik vəhdətini görürük. Məhz
bu məqamda, istər sovet imperiyasının ağır
repressiya maşınının tam gücü ilə işlədiyi
dövrdə, istərsə nisbi sabitlik və sülhün
hakim olduğu vaxtlarda və nəhayət, yeni ictimai-siyasi,
iqtisadi epoxa ilə şərtlənən mürəkkəb
müstəqillik illərində doğma
xalqına xidmətin ən müxtəlif forma və
metodlarını müəyyənləşdirən, tapıb
üzə çıxaran Heydər Əliyev Özünün
zamana qalib gələn qüdrətli şəxsiyyəti ilə
tarix səhnəsində olduqca əzəmətli
görünür.
Sivilizasiya tarixinin çoxəsrlik təcrübəsi
göstərmişdir ki, xalqların və dövlətlərin
inkişafında liderlərin çox böyük rolu
olmuşdur. Məhz belə fenomenal şəxslərə malik
olan dövlətlər və millətlər çox yüksək
inkişaf yolu keçmiş və tarixi uğurlar əldə
etmişlər. Belə liderlər bizim xalqın tarixində də
yetişmiş, Azərbaycanımızın inkişafında,
dövlətçiliyimizin yaranıb möhkəmlənməsində,
milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılmasında əhəmiyyətli rol oynamışlar.
Onların arasında Öz işıqlı əməlləri
ilə xalqı müstəqilliyə qovuşdurmuş,
dövlətçiliyimizin daha da möhkəmlənməsində
mühüm xidmətləri olmuş Ümummilli Lider Heydər
Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın
tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu
dahi insanın xalqımız qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir.
Qürurverici haldır ki, otuz ildən artıq
bir müddətdə Azərbaycan dövlətçiliyinin
taleyi dahi və uzaqgörən şəxsiyyət, şərəfli
adı bizim üçün həmişə əziz və
unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu
illər xalqımızın milli mənlik şüurunun
oyanışı, azadlıq və müstəqillik hissinin
güclənməsi ölkənin ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatının vüsətli dirçəlişi
ilə əlamətdar olmuşdur. Bütün həyatını
və siyasi fəaliyyətini xalqının və vətəninin
tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan bir dövlət kimi zamanın ağır
və sərt sınaqlarından uğurla çıxaraq hərtərəfli
tərəqqiyə nail olmuşdur. Ulu Öndərin
siyasi fəaliyyəti təkcə Azərbaycan
üçün deyil, həm də postsovet məkanı
üçün mühüm əhəmiyyət
daşımaqla yanaşı, dünya miqyasında gedən
proseslərə də birbaşa təsir göstərmişdir.
Tarixi hadisələrin sonrakı
gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci
illərdə gördüyü işlər gələcəkdə
milli dövlətçilik ideyalarının hərəkətverici
qüvvəyə çevrilməsi və cəmiyyətin məhz
bu məfkurə ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin
dövrdə respublikada bərqərar edilən əsl
işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan
sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin
yüksək həddə çatmasına, Azərbaycanın
keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta
beynəlxalq səviyyədə tanınmasına imkan
verdi. Bu gün fəxrlə deyə bilərik
ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi,
beynəlxalq münasibətlər sisteminə və dünya
iqtisadiyyatına inteqrasiyası məhz qeyd olunan illərdə
təməli Heydər Əliyev tərəfindən
qoyulmuş potensiala əsaslanır.
Beləliklə, tamamilə
qanunauyğun haldır ki, əsrlərin və minilliklərin
qovuşuğunda Azərbaycanın demokratik və bəşəri
dəyərlərə sadiq müstəqil bir dövlət
kimi formalaşması məhz böyük öndərimizin
titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə Onun yenidən
hakimiyyətə qayıdışının bəhrəsidir.
Bu tarixdən etibarən Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsini, xalqın
birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və
iqtisadi dirçəliş üçün zəmin
yaradılmasını Özünün dövlətçilik
strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın
1960-cı illərin sonundan başlanan və XXI əsrə
adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər
Heydər Əliyevin adı ilə qırılmaz tellərlə
bağlıdır. O, Vətəndaş, Şəxsiyyət,
Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini
Öz çiyinlərində daşımış, onu bir
dövlət və xalqımızı bir millət kimi tarixin
ağır və sərt sınaqlarından
çıxarmış, müasir Azərbaycan
adlandırdığımız müstəqil məmləkəti,
onun bugünkü həqiqətlərini, işıqlı
sabahının etibarlı bünövrəsini
yaratmışdır. Bu illər ərzində Azərbaycan
xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəliş məhz
Onun adı ilə əlaqədardır.
Məlum olduğu kimi, insan
hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması
ideyası bu gün dünyada ictimai inkişaf prosesinə
istiqamət verən mühüm ideyalardan biridir. İnsan
hüquqları ciddi elmi araşdırmaların predmetinə,
daxili siyasətlə bağlı qızğın müzakirə
və mübahisələrin mövzusuna, əksər
ölkələrin konstitusiyasının ana xəttinə,
sülh və əməkdaşlıq haqqında beynəlxalq
sazişlərin başlıca məğzinə
çevrilmişdir. Dünyanın əksər ölkələrində
insan haqları insanın mövcudluğunun və milli
inkişafın ən vacib şərti kimi qəbul olunur.
Bununla yanaşı, insan hüquqları ideyasının həyata
keçirilməsi hələ də bir çox
anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili
və beynəlxalq gərginliklərin mənbəyi olaraq
qalır.
Bütün digər sahələrdə
olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində
islahatların aparılması, zəruri hüquqi bazanın və
institusional əsasların formalaşması məhz
Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə
siyasi hakimiyyətə qayıdışından sonra baş
vermişdir. Ən əsası isə, Ulu Öndər dövlətçiliyimizi təhdid edən təhlükəli
tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın
ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq
ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən
az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan
hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə,
olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin
dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat
təcrübəsi və işıqlı zəkasının
ən böyük əsəri olan, dünya
standartlarının tələblərinə tam
dolğunluğu ilə cavab verən konstitusiya layihəsi
hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu.
Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi
- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu
iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər
Əliyev konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər
Əliyevin siyasi yaradıcılığının şah əsəri
hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və
ülvi məhəbbətin ifadəsi, konstitusiyanın
hazırlanmasında, müzakirəsində və qəbul
edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.
Siyasi sistem özündə müxtəlif
profilli komponentləri cəmləşdirən
çoxfunksiyalı strukturdur və bu sistemin hər bir
iştirakçısı xüsusi quruluşa və ifadə
xüsusiyyətlərinə malikdir. Belə
çoxfunksiyalı strukturu təşkil edən
ayrı-ayrı komponentlərin (institusional, funksional, requlyativ,
kommunikativ, ideoloji profilli komponentlər) formalaşmasında
Heydər Əliyev fenomeninin rolunu bir məqalə çərçivəsində
şərh etmək çox çətindir. Lakin danılmaz
həqiqətdir ki, Azərbaycanda siyasi sistemin təşəkkül
tapmasında məhz Onun müstəsna xidməti vardır. Belə ki, Onun 30 ildən artıq bir müdətdə
Azərbaycanda siyasi hakimiyyətin başında olması
faktının özü çağdaş Azərbaycanın
siyasi sisteminin formalaşmasında Heydər Əliyev fenomeninin
hansı rola malik olmasını aydın şəkildə
göstərir. Çünki məhz siyasi hakimiyyət siyasi
sistemin elementlərinin təmərküzləşməsi
və formalaşması baxımından ən vacib amildir.
Siyasi sistemdə cəmiyyətin həyatının
bütün yönləri - cəmiyyətin
mövcudluğunun iqtisadi şərtləri, cəmiyyətin
sosial və milli strukturu, ictimai şüurun vəziyyəti və
səviyyəsi, mədəniyyət və s. - öz əksini
tapır. Məhz siyasi sistem vasitəsilə cəmiyyətin əsas
maraqları, sosial prioritetlər müəyyənləşdirilir
ki, sonralar onlar siyasətdə möhkəmlənir.
XXI əsr tarixə
sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə
yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur.
İnkişaf səviyyələrində, din və mədəniyyətlərində,
tarixi ənənələrində mövcud olan fərqlərə
baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və
xalqlarının bir-birindən qarşılıqlı
asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə
sivilizasiyanın taleyini həlledici dərəcədə
müəyyən etməyə başlamışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin əsasını
qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin
uğurla davam etdirdiyi daxili və xarici siyasət
bugünkü qlobal reallığın və fundamental
tendensiyaların mükəmməl dərkinə əsaslanır
və hazırkı planetar miqyaslı konyunktur dəyişikliklərə
tamamilə cavab verir.
Müasir dövrdə ictimai həyatın
bütün sahələri kimi, mədəniyyətlər də
getdikcə qloballaşmaya məruz qalır, fərqli
sivilizasiyaların Hantinqtonun deyimi ilə, sadəcə,
“qarşıdurması” deyil, həm də inteqrasiyası
baş verir. Bu prosesdən təcrid olunmaq, öz milli məhdudluğuna
qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın
gedişi, təbii ki, sivilizasiyaların taleyindən yan
keçə bilməz. Belə ki, qloballaşan
sosio-mədəni məkanda ölkələrin və
sivilizasiyaların qarşılıqlı
asılılığı daha da artır, miqrasiya prosesinin
genişlənməsi ilə onların bir-birinə
yaxınlaşması daha da intensiv səciyyə
daşımağa başlayır, digər tərəfdən
isə xalqların sivilizasion özünüdərki
prosesi geniş vüsət alır, milli və dini zəmində
ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə
bir ortamda hər bir sivil dövlət qloballaşmanın ortaya
çıxardığı ziddiyyətlərdən və fəsadlardan
qaçaraq, bu axını xalqların iqtisadi, mədəni həyatının
inkişafı üçün bir üstünlüyə
çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu
Öndər Heydər Əliyev uzaqgörənliklə
demişdir ki, “Dünyanın inkişafının indiki mərhələsinin
başlıca meyli qloballaşmadır. Bu mürəkkəb,
heç də birmənalı olmayan prosesin perspektivləri
bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit
inkişafının, bütövlüyünün və idarəetmə
sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi
münasibətlərdə ayrı-seçkiliyin aradan
qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə
kömək etməlidir”. Beləliklə Ümummilli
Liderin Azərbaycan dövlətçiliyinin təməlinə
yerləşdirdiyi azərbaycançılıq
ideologiyasının birləşdirici və ehtivaedici
xarakterinin aktuallığı günümüzdə daha
artıq önəm və əhəmiyyət qazanır.
Müasir multimədəni cəmiyyətlər
kulturoloji strategiyalara əsaslanan
düşünülmüş multikulturalizm siyasəti olmadan
sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından
biri Azərbaycan Respublikasının inkişafıdır ki,
burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə
inteqrasiya olan müxtəlif xalqların nümayəndələri
harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək
yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf
ki, bütün dünyada getdikcə artan
anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və
qarşıdurmaya, milli və dini münaqişələrə
aparıb çıxaran yoldur. Bu baxımdan əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan
və hazırda möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən uğurla davam etdirilən
multikulturalizmin Azərbaycan modeli sınanmış və
optimal variant kimi qarşımıza çıxır.
Ulu Öndər Heydər Əliyev bununla ilk
növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və
izolyasiya kimi digər mümkün siyasi modellərdən
üstün olduğunu bütün dünyaya nümayiş
etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir,
üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk
və qoruyub saxlayacağıq”, - deyən Ulu Öndər
bütün sonrakı siyası fəaliyyətini bu sərvətin
əbədi olması istiqamətinə yönəltdi.
Azərbaycanın ən yeni tarixi şəxsiyyətin
və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər
dəyişdikcə nəinki azalmadığı, hətta
effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət
kəsb etdiyini bir daha təsdiqləyir. Təbii
ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi
inkişafın obyektiv qanunauyğunluqlarını dərindən
dərk edən, cəmiyyətin dinamik güclərini vahid
ideya ətrafında səfərbər edərək,
addım-addım hədəfə çatmağı bacaran,
strateji və proqressiv düşüncə tərzinə malik
rəhbər modelini ehtiva edir. Belə rəhbərin
fəaliyyəti möhkəm sosial-iqtisadi və ideoloji bazaya,
elektoratın sonsuz inamına söykənən bir sistemə
malikdirsə və bütün bu komponentlərin məcmusu
yeni və qüdrətli liderə transformasiya edirsə, daha əzəmətli
və uzunömürlü olur. Ümummilli Liderimiz Heydər
Əliyevin layiqli varisi, möhtərəm Prezidentimiz
İlham Əliyevin timsalında xalqımız öz taleyində
məhz belə uğurlu fenomenə şahidlik etməkdədir.
Əsrimizin ilk prezident seçkilərində
xalqımızın iradəsinə arxalanan, siyasətini milli
maraqlarımızın tam tamin olunması üzərində
quran, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
dinamik inkişaf strategiyasını rəhbər tutan və
regionda çox böyük nüfuza malik olan İlham
Əliyevin dövlətimizin başçısı
seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə
yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə,
xalqın rifah halının daim
yaxşılaşdırılması, Azərbaycanın
dünyadakı rolunun yüksəlməsi ilə müşayiət
olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda
möhtəşəm uğurlarla, nəhəng abadlıq və
quruculuq işləri və dünyada bənzəri
olmayan sıçrayışlı iqtisadi inkişafla tariximizə
qızıl hərflərlə yazılmaqdadır.
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.6.