2019-cu ilin birinci rübü regionların
sosial-iqtisadi inkişafı baxımından uğurlu olub
Respublikanın bölgələrində
inkişaf dinamikası davamlı xarakter daşıyır
Məlum olduğu kimi, son 15 ildə Prezident
İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi
sayəsində milli iqtisadiyyatımızın davamlı
inkişafı üçün bütün şərtlər
təmin edilib. Belə məqsədyönlü
və prinsipial yanaşmanın nəticəsidir ki, 2004-cü
ildən bəri bütün dünya üzrə ÜDM
istehsalının artımında ən yaxşı göstəricilərdən
biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda
qeydə alınıb. Bu gün Azərbaycan
iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar
maliyyə mənbəyindən, kredit təşkilatlarından
asılı deyil. Əksinə, özünün güclü
iqtisadiyyatına əsaslanan respublikamız ölkə
hüdudlarından kənarda genişmiqyaslı investisiya
qoyuluşu həyata keçirir. Hazırda
respublikamız Cənubi Qafqaz coğrafiyasında ən
güclü iqtisadiyyata malik ölkədir. Son 15 ildə
bütün dünyada öz iqtisadi potensialını Azərbaycan
qədər artıran ölkələrin sayı çox
azdır.
Qeyd edək ki, ölkəmiz inamlı
inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə
də qoruyub saxlayıb. Belə ki, aprelin 30-da
Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında ölkəmizin uğurlu inkişafı ilə
bağlı bütün məqamlar açıqlanıb.
Nazirlər Kabinetinin iclasında deyildiyi kimi, ölkəmizin
birinci rübdə büdcə daxilolmaları artıb və
bununla da əlavə maliyyə resursu formalaşıb. Dövlət
başçısının qeyd etdiyi kimi, bu ilin əvvəlindən
ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi,
kənd təsərrüfatı, əhalinin gəlirləri
artıb, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə
qoyulub. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3
faiz artıb. Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye
istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin
gəlirləri isə 5,5 faiz artıb. Bütün bunlar
ölkəmizin dinamik inkişafının əyani göstəriciləridir.
Ümumiyyətlə, son 15 ildə
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində bölgələrdə
böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla
həyata keçirilməsi nəticəsində bölgələrin
siması əsaslı dərəcədə dəyişilib,
bütün sahələrdə, o cümlədən aqrar
sektorda mühüm inkişaf göstəriciləri əldə
olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə
iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin
əmək bazarına çıxış imkanlarının
genişlənməsinə müsbət təsir göstərir
ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu ilin birinci rübü bölgələr
üçün də uğurlu olub. Bu faktı
Göyçay rayonunun timsalında da söyləmək olar.
Göyçayda cari ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələrə
həsr olunan yığıncaqda bildirilib ki, 2019-cu il daha
çox sosial sahədə inqilabi islahatların
reallığa çevrildiyi il kimi yaddaşlara yazılacaq. Son üç ayda Prezident İlham Əliyevin
imzaladığı Sərəncam və fərmanların bir
çoxu əhalinin sosial rifah halının
yaxşılaşdırılmasına, aztəminatlı ailələrin
qaçqın və məcburi köçkünlərin,
şəhid ailələrinin və müharibə
veteranlarının sosial müdafiəsinin
yaxşılaşdırılmasına xidmət edir. Təkcə
Göyçay rayonu üzrə sosial müavinət və
Prezident təqaüdlərinin artması 6 min 518 nəfərə
şamil edilib və onlara 347,9 min manat əlavə vəsait
ödənilib.
Qeyd olunub ki, ilin ilk üç
ayında respublikamızda, o cümlədən Göyçay
rayonunda tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi,
yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa
edilməsi istiqamətində bir sıra tədbirlər həyata
keçirilib. Rüb ərzində Göyçay
rayonunda iqtisadiyyatın əsas sahələri üzrə
istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi
keçən ilin müvafiq dövrünə nisbətən
1,3 faiz artaraq 48,9 milyon manat olub. Bildirilib ki,
rayonun sənaye müəssisələri və bu sahədə
fəaliyyət göstərən fiziki şəxslər tərəfindən
8,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da
keçən ilin birinci rübünə nisbətən 3,7
milyon manat çoxdur. Birinci rübdə aqrar sahənin
inkişaf etdirilməsi istiqamətində də müəyyən
tədbirlər görülüb, 1067 hektar sahədə
yazlıq bitkilər əkilib. Yanvar-mart aylarında rayonda 123,5
milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilib.
O da vurğulanıb ki, hesabat
dövründə iqtisadi və sosial sahələrin inkişafı
üçün əsas kapitala bütün maliyyə mənbələrindən
2,3 milyon manat investisiya yönəldilib, tikinti təşkilatları
tərəfindən 1,8 milyon manatlıq inşaat işləri
görülüb. Hesabat dövründə əhalinin həyat
səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə
əmtəə dövriyyəsinin həcmi 2 faiz, əhaliyə
göstərilən pullu xidmətlərin həcmi isə 1,6
faiz artıb.
Rayonda həyata keçirilən tikinti-quruculuq
işlərindən də ətraflı
danışılıb. Diqqətə
çatdırılıb ki, Azərbaycan Respublikası
Prezidentinin “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci
Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı
tədbirlər haqqında” Sərəncamına uyğun
olaraq, ümumi uzunluğu 7,5 kilometr olan yolda əsaslı təmir
işlərinə başlanılıb. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
Göyçay şəhərində və Qarabaqqal kəndində
40 yerlik uşaq bağçaları inşa edilir. Müskürlü kəndində 40 yerlik uşaq
bağçası, tibb məntəqəsi, kitabxana, kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəlik və
kənd bələdiyyəsi üçün otaqları əhatə
edən inzibati binalar kompleksinin tikintisi aparılır. Ölkə
başçısının tapşırığına əsasən,
Göyçay çayında sel və daşqın təhlükəsinin
və qəza vəziyyətinin aradan qaldırılması məqsədi
ilə ötən ilin avqust ayından başlanan tikinti işləri
də davam etdirilir.
Bildirilib ki, rayon ərazisində məskunlaşan
məcburi köçkün ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
görülür. Belə ki, kollec və peşə liseyinin
yataqxanalarında məskunlaşan ailələr
üçün 80 mənzilli yaşayış
binasının tikintisinə başlanılıb. Binanın
cari ilin iyulunda istifadəyə verilməsi nəzərdə
tutulur. Məktəbdə ictimai binalarda və
uyğunlaşdırılmış tikililərdə
yaşayan qaçqın ailələri üçün də
əlavə olaraq 2 ədəd yaşayış
binasının inşa edilməsi üçün tədbirlər
görülür.
Məruzə və çıxışlarda
qarşıda duran vəzifələrdən də söhbət
açılıb. Bildirilib ki, növbəti
aylarda rayon iqtisadiyyatının daha da möhkəmləndirilməsi,
aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir
sıra tədbirlər həyata keçirilməlidir. İlk
növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin
layihə üzrə istehsal gücündən tam istifadə
edilməli, bu müəssisələrdə yeni istehsal sahələrinin
yaradılması, müasir bazar tələblərinə
uyğun rəqabətqabiliyyətli və
ixracyönümlü məhsul istehsalı diqqət mərkəzində
saxlanılmalıdır. Rayonun kənd təsərrüfatının
mövcud imkanlarından daha dolğun istifadə edilməlidir.
Vaxtilə 400-420 ton barama tədarük olunan Göyçayda təsərrüfatın
bu gəlirli, ənənəvi sahəsi inkişaf etdirilməlidir.
Bu ilin birinci rübündə Zaqatala rayonunda isə
ümumi məhsul buraxılışının həcmi
ötən ilin eyni dövrü ilə müqayisədə
23,2 faiz artaraq 76,5 milyon manat olub. Məhsul
buraxılışı sənayedə 49,8 faiz, kənd təsərrüfatında
8,1 faiz, nəqliyyatda 4,4 faiz, rabitədə 5,7 faiz artıb.
Birinci rübdə rayonda 4 milyon 343 min manatlıq
tikinti-quraşdırma işləri həyata keçirilib.
Rüb ərzində 207-si daimi olmaqla, 227 yeni iş yeri
açılıb. Bu barədə Zaqatala rayon İcra Hakimiyyətindən
məlumat verilib. Qurumdan bildiriblər ki, Prezident
İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli
istifadə olunması, ixracyönümlü istehsal, emal və
infrastruktur müəssisələrinin yaradılması və
inkişaf etdirilməsi istiqamətində verdiyi
tapşırıqların icrasını təmin etmək məqsədilə
Zaqatala rayonunda da davamlı tədbirlər həyata
keçirilir. Cari ildə rayonda 649 hektar sahədə
tütün əkilməsi proqnozlaşdırılır.
Artıq tütün şitillərinin sahələrə
köçürülməsinə başlanılıb.
İxrac potensialı yüksək sahələrdən
olan fındıqçılığı inkişaf etdirmək
məqsədilə mövcud fındıq bağlarının
sahəsinin iki dəfə artırılması istiqamətində
cari ildə də tədbirlər görülür. Belə ki,
yaz mövsümündə 255 hektar sahədə yeni
fındıq bağları salınaraq mövcud
bağların ümumi sahəsi 19 min 760 hektara
çatdırılıb.
Builki mövsümdə rayonda yaş barama
istehsalının ötən illə müqayisədə 12
ton artırılaraq, 60 tona çatdırılması
planlaşdırılır.
Qeyd edək ki, hazırda regionlarda aqrar sahənin
inkişafı istiqamətində də davamlı tədbirlər
həyata keçirilir. Belə ki, bu günlərdə
İsmayıllı rayonunda kənd təsərrüfatı
naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə
mövcud vəziyyət və qarşıda duran vəzifələr
mövzusunda fermerlərlə müşavirə olub. Rayon İcra Hakimiyyətində keçirilən
müşavirədə Kənd Təsərrüfatı
Nazirliyi Aparatının nümayəndələri, rayon
İcra Hakimiyyəti strukturunun məsul şəxsləri,
nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar
İnkişaf mərkəzlərinin nümayəndələri
və bu rayonda kənd təsərrüfatının
müxtəlif sahələrində çalışan fermerlər
iştirak ediblər.
Müşavirədə
çıxış edən nazir İnam Kərimov Prezident
İlham Əliyevin yürütdüyü siyasət nəticəsində
iqtisadiyyatın digər sahələrində olduğu kimi,
aqrar sahədə də keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyulduğunu vurğulayıb. Nazir bildirib
ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən
aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da
inkişafı üçün dövlət tərəfindən
çox böyük dəstək tədbirləri həyata keçirilir.
Taxılçılıq, toxumçuluq, heyvandarlıq,
arıçılıq, şəkər çuğunduru və
pambıqçılığın inkişafı
üçün subsidiya verilir. O cümlədən aqrar sahədə
texnika təminatı ilə bağlı dövlət tərəfindən
güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə
kəndli və fermerlərə yaxınlıq, düzgün və
səmərəli idarəçilik, innovasiyaların tətbiqi
prinsiplərini əsas götürürük. Bu cür
görüşlərin keçirilməsində məqsəd
fermerlərin qayğı və problemlərini dinləmək,
təxirəsalınmaz tədbirlər görməkdir”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 11 may.- S.7.