Ölkəmizdə baramaçılığın inkişafı kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib

 

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində regionlarda 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 500 tondan çox yaş barama istehsal edilib

Azərbaycanda həyata keçirilən məqsədyönlü inkişaf strategiyası və islahatlar kursu ölkəmizin davamlı inkişafını təmin edib. Bu gün regionun əsas güc mərkəzi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə həm də o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır: “Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.

Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz inkişaf tendensiyasını ilin birinci rübündə də davam etdirib. Sözügedən müşavirədə də qeyd olunduğu kimi, iqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Belə ki, ilin birinci rübündə ölkəmizdə ümumi daxili məhsul 3 faiz artıb. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və ekspertlər ilin sonuna qədər bu rəqəmin daha da artacağını proqnozlaşdırırlar. Bununla yanaşı, sənaye istehsalında da 4,4 faiz artım qeydə alınıb. Bundan daha yaxşı göstərici isə qeyri-neft sektorunda sənaye istehsalı üzrə - 15,6 faiz olub. Azərbaycanda hesabat dövründə inflyasiya aşağı səviyyədə (2,1 faiz) olub. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin də 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb.

Azərbaycanın uğurlu inkişafını təmin edən əsas faktorlardan biri də, şübhəsiz ki, müasir dövrün çağırışlarına və geosiyasi, qlobal iqtisadi şəraitə uyğun praqmatik kursun müəyyənləşdirilməsi və ardıcıllıqla həyata keçirilməsidir. Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan dövləti bu sahəyə çox böyük dəstək, yardım göstərir. “Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Cari ilin birinci rübündə kənd təsərrüfatında ümumi istehsal həcmi 3,6 faiz artıb

Qeyd olunduğu kimi, Azərbaycanda aqrar sahəyə dəstək tədbirlərinin ildən-ilə daha da genişlənməsi, həyata keçirilən çoxşaxəli islahatlar kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasını təmin edib. Belə ki, 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 2,7 faiz təşkil edib. Keçən il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə müstəqillik dövründə qazanılmış ən yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ dolları olub.

Sevindirici məqamlardan biri də odur ki, aqrar sahədə müsbət inkişaf dinamikası cari ildə də davam edir. 2019-cu ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb.

Cari təsərrüfat ilində görülən işlər də mövsüm göstəricilərinin bu il də kifayət qədər yüksək olacağını söyləməyə əsas verir. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, bu il artıq 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir. 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. “Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir. Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi həlli vacib məsələlər kimi müəyyənləşdirilib. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də əsas prioritetlərdəndir”, - deyə nazir bildirib.

Bu il Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib

Hazırda ölkəmizdə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər də uğurlu nəticələr verir. Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, bu sahənin inkişafı Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə yaş barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 500 tondan çox yaş barama istehsal edilib. Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur.

Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə İ.Kərimov jurnalistlərə müsahibəsində bildirib ki, stansiya ölkədə baramaçılığın inkişafına, məhsuldarlığın artmasına yüksək təsir göstərəcək. Nazir deyib ki, dövlətimizin başçısının tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə, kəndlilərə yaxınlıq, onların yanında olmaq prinsipləri əsasında qurur: “Bu il yüksək məhsuldarlığa nail olmaq üçün baramaçılıqla məşğul olan 38 rayonun hər birində nazirlik tərəfindən bu sahədə yaxşı təcrübəsi olan mütəxəssislər müəyyənləşdirilib və onlara müvafiq təlimlər keçirilib. Bu təlimçilər ipəkqurdunun bəslənilməsi prosesində fermerlərin, kümçülərin yanında olacaq, zəruri informasiyalar verəcək, onları düzgün istiqamətə yönəldəcəklər. Təlimçilər, eyni zamanda, ipəkqurdunun bəslənilməsi ilə bağlı yeni metodlar barədə də kümçüləri məlumatlandıracaqlar”.

İnam Kərimov qeyd edib ki, təsərrüfatların mütəxəssis nəzarətindən kənarda qalmaması və bu prosesin şəffaf həyata keçirilməsi məqsədilə qeydiyyat jurnalı hazırlanaraq mütəxəssislərə paylanılıb. Jurnalda mütəxəssislərin baş çəkəcəkləri təsərrüfatlar barədə məlumatlar və verdiyi tövsiyələr yer alacaq. Kümçülər isə, öz növbəsində, mütəxəssislərin təsərrüfatlarda olmasını öz imzaları ilə təsdiqləməlidirlər. Bu, ipəkçi mütəxəssislərin öz vəzifələrini layiqincə yerinə yetirməsinə nəzarət məqsədi daşıyır.

Qeyd edək ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan xeyli əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azəripək” MMC yaş baramanın 1 kiloqramını kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Regionlarda fermerlərin baramaçılıq sahəsinə marağı daha da artıb

Ötən illərin uğurlu təcrübəsi və dövlət tərəfindən göstərilən dəstək tədbirlərinin genişlənməsi regionlarda fermerlərin baramaçılıq sahəsinə marağının daha da artmasını şərtləndirib. Bunun nəticəsidir ki, cari ildə barama bəsləmək istəyənlərin də sıraları kifayət qədər genişlənib. Yeri gəlmişkən, qeyd edək ki, bu il Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib. Toxumların inkubasiyası artıq başa çatıb və əldə olunan ipəkqurdu hazırda 38 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılır. Gətirilən toxumların 16 min 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3 min 125 qutusu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub.

Şəmkir rayonuna da bu il 450 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən sakinlərə paylanılıb. Bu il Şəmkirdə barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı daha çoxdur. Bu vaxta qədər 36 yaşayış məntəqəsi üzrə kümçülərə paylanılan ipəkqurdunun rayonda baramaçılığın inkişafına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

 

(davamı növbəti sayımızda)

Aqşin ŞAHİNOĞLU