İstanbulda məşhur
azərbaycanlı rəssam
haqqında kitab nəşr olunub
XX əsr Türkiyə
rəsm sənətinin
böyük ustadlarından
olan İbrahim Safinin (Rəhman Səfiyev) çəkdiyi
möhtəşəm əsərlərin
də yer aldığı “İbrahim
Safi: rəsmlər, məktublar, sənədlər”
kitabı İstanbulda
nəşr olunub. Kitabın Azərbaycan Respublikasının
İstanbuldakı Baş
Konsulluğunun təşəbbüsü
və Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə
dəstəyi ilə işıq üzü görməsi dövlətimizin
məşhur rəssama
verdiyi dəyərin nişanəsi olaraq qiymətləndirilir.
İstanbuldakı baş konsulumuz
Məsim Hacıyevin kitabda yer alan
“Mədəni birliyimizin
nişanəsi: İbrahim
Safi” sərlövhəli
qısa məqaləsində
Türkiyə-Azərbaycan münasibətlərinin
tarixi köklərinə
nəzər salınır,
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə uyğun olaraq İ.Safi kimi məşhur şəxsiyyətlərin
tanıdılması işlərinin
mənəvi körpülərin
möhkəmləndirilməsində mühüm rol oynayacağı xüsusi vurğulanır.
Xatırladaq ki, 1898-ci ildə Naxçıvanda anadan olan İbrahim Safinin əsl adı və soyadı Rəhman Səfiyev olub. Aşıq sənətinin bilicilərindən
olan atasını 3 yaşında itirən Rəhman uşaqlıqdan rəsmlə məşğul
olmağa başlayıb
və 10 yaşında
anasının portretini
çəkib. 1913-cü ildən
qədim türk şəhəri olan İrəvanda rəsm məktəbində təhsil
almağa başlayan
Rəhman 1917-ci ildə
baş verən bolşevik inqilabından sonra bölgədə hökm sürən xaos dövründə türk qoşunlarının
köməyi ilə İstanbula qədər gedib çıxıb. O,
1918-ci ildə İstanbuldakı
Sanayi-i Nefise məktəbində təhsilini
davam etdirib. Burada məşhur ustad İbrahm Çallıdan dərs alan Rəhman Səfiyev “İbrahim” ləqəbini də müəllimindən götürüb.
1930-cu ilə
qədər Namiq İsmayılın atelyesində
çalışan İ.Safiyə
1924-25-ci illərdə Atatürkün
portretini çəkmək
qismət olub. 1950-ci illərin əvvəllərində
İstanbulun Sultanəhməd,
Sarayburnu, Eminönü
səmtlərində peyzaj
rəsmləri yaradan İbrahim Safi 1953-cü ildən başlayaraq 10 il ərzində Avropanın müxtəlif ölkələrindəki
mədəniyyət və
sənət mərkəzlərində
tədqiqat aparıb.
1960-cı illərdə Türkiyədə
rəsm sənətinə
marağın artması
rəssamın maddi vəziyyətinin yaxşılaşmasına
səbəb olub. Türkiyədə alıcılarının
sayı artan əsərlərinin Avropanın
müxtəlif sərgi
salonlarında və qalereyalarında satışı
rekord vurub.
Rəssamın ən böyük kolleksiyasına sahib olan köməkçisi Naci Dərzi xatirələrində yazır
ki, o, hamıya şirin Azərbaycan türkçəsi ilə
“ay bala” deyə müraciət edərdi. Onun sözlərinə görə, İbrahim Safi həmişə anadan olduğu doğma Vətəninin həsrətini çəkirmiş.
Onu da qeyd
edək ki, İbrahim Safinin 1930-cu illərdə çəkdiyi
rəsmlərin altında
rusca “Raxman Safiev” imzasını görmək mümkündür.
100-cü şəxsi sərgisinin
açıldığı 5 may 1983-cü il tarixindən bir neçə gün sonra İbrahim Safi vəfat edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının İstanbuldakı
Baş Konsulluğunun
təşəbbüsü ilə rəssamın İstanbulun Bəyoğlu
rayonundakı İstiqlal
prospektində yerləşən
yaşadığı evin
qarşısına xatirə
lövhəsi də vurulub.
Qaşqay ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.-
2019.-15 may.- S.7.