Son illər ölkəmizdə
heyvandarlığın əsas sahələrindən biri kimi
arıçılıq xeyli inkişaf edib
Bu sektorda fəaliyyət göstərən təsərrüfatların
subsidiyalaşdırılması, bazara
çıxışının təmin olunması istiqamətində
mühüm addımlar atılıb
Ulu Öndər Heydər Əliyev tərəfindən
əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən
davam etdirilən uğurlu siyasət nəticəsində
ölkəmizdə bütün sahələrdə, o cümlədən
aqrar sahədə uğurlar əldə edilib. Aqrar sahədən
danışarkən vurğulamaq yerinə düşər ki,
bu sektorda bir sıra gəlirli sahələrdə istehsal və
ixrac imkanlarının artırılmasına xüsusi diqqət
göstərilir. Belə gəlirli sahələrdən biri də
arıçılıqdır.
Daha dəqiq desək, məhz həyata
keçirilən siyasətin nəticəsidir ki, son illər
ölkəmizdə heyvandarlığın əsas sahələrindən
biri kimi arıçılıq xeyli inkişaf edib, bu sektorda fəaliyyət
göstərən təsərrüfatların
subsidiyalaşdırılması, bazara
çıxışının təmin olunması
istiqamətində mühüm addımlar atılıb. Bir
sözlə, Azərbaycanda arıçılığın
inkişaf etdirilməsi dövlətin aqrar siyasətinin
prioritet istiqamətlərindən biri hesab olunur və bu sahə
diqqət mərkəzində saxlanılır. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunan konfransdakı nitqində
Prezident İlham Əliyev arıçılığa dövlət
dəstəyinin artırıldığını
vurğulayaraq deyib: “Arıçılığın həm
daxili bazar, həm də ixrac üçün çox
böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir,
xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm
ailə biznesi çərçivəsində
arıçılığa dəstək oluruq, həm də
ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır.
Arıçılığın böyük perspektivləri
var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar
üçün çox gözəl nəticələr verə
bilər”.
Vurğulandığı kimi, ölkədə
arıçılığı inkişaf etdirmək məqsədi
ilə son illərdə bir sıra tədbirlər həyata
keçirilib. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində
Arıçılıq Mərkəzi yaradılıb, habelə
Azərbaycan Arıçılar Assosiasiyası təsis edilib.
Hazırda damazlıq arıçılıq təcrübəsinin
genişləndirilməsi, genefond arıxanaların
yaradılması, arıçılıq məhsullarının
keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi,
sərgi-satış yarmarkalarının təşkili və
s. istiqamətlərdə məqsədyönlü tədbirlər
görülür. Bu tədbirlərin nəticəsi
olaraq, arı ailələrinin sayında, bal və digər
arıçılıq məhsullarının istehsalında və
bal ixracında əhəmiyyətli artım müşahidə
edilir. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci
il 5 mart tarixində “Azərbaycan Respublikasında
arıçılığın inkişafının
stimullaşdırılması haqqında” müvafiq Sərəncam
imzalayıb. Sərəncama əsasən,
arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə saxladıqları hər
arı ailəsinə (pətəyə) görə 2018-ci il də
daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində
subsidiya müəyyən edilib.
Arıçılıqla məşğul olan
fiziki və hüquqi şəxslərə saxladıqları
hər arı ailəsinə (pətəyə) görə
dövlət tərəfindən subsidiya verilməsi isə
regionlarda bu sahəyə marağı daha da artırıb. Belə
ki, 2018-ci ildə 30 min 474 təsərrüfatda mövcud olan
501 min arı ailəsindən 4993,9 ton bal, 98,6 ton mum, 9,9 ton vərəmum,
7,7 ton güləm və 400,8 kiloqram arı südü əldə
edilib. Dövlət Statistika Komitəsindən
bildirilib ki, balın 1 kiloqramının orta satış qiyməti
20,6 manat, mumun 14,2 manat, vərəmumun 118,4 manat, güləmin
71,1 manat, arı südünün 1 qramının orta
satış qiyməti isə 4,6 manat təşkil edib.
Keçən il 71,5 min ABŞ dolları dəyərində
8,3 ton və ya 2017-ci illə müqayisədə 1,8 ton
çox bal ixrac edilib ki, onun da 96,4 faizi Yaponiyanın payına
düşür.
Ümumiyyətlə,
“Arıçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı
10 ildə həm arı ailələrinin sayı, həm bal
istehsalı 3,5 dəfə, arıçılıqla məşğul
olan təsərrüfatların hər birinə orta hesabla
düşən arı ailələrinin sayı isə 11,1-dən
16,4-dək artıb.
Beləliklə,
arıçılığın inkişafı istiqamətində
atılan addımlar davamlı xarakter daşıyır və
bu ilin arxada qalan ayları ərzində regionlarda həyata
keçirilən işlər də deyilənləri təsdiqləyir.
Dövlətin arıçılığa dəstəyinin
gücləndirilməsi respublikamızın digər
regionları kimi, Zaqatala rayonunda da əhalinin bu gəlirli sahəyə
marağının artmasına səbəb olub. Son vaxtlar
rayonda arıçılıqla məşğul olanların
sayı xeyli artıb.
Azərbaycan Arıçılar Assosiasiyası
Zaqatala rayon şöbəsinin sədri, təcrübəli
arıçı Mövlüddin Qurbanəliyev KİV-ə
müsahibəsində bildirib ki, bir neçə il əvvəl
aparılan statistikaya görə, Zaqatala rayonunda 18 min arı
ailəsi mövcud idisə, artıq onların sayı 29 minə
çatıb. Hazırda rayonda 1190 ailə təsərrüfatı
arıçılıqla məşğul olur. Prezident
İlham Əliyevin 2018-ci il martın 5-də
imzaladığı “Azərbaycan Respublikasında
arıçılığın inkişafının
stimullaşdırılması haqqında” Sərəncamdan irəli
gələn tədbirlər Zaqatala rayonunda da uğurla icra
olunur. Belə ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzi
tərəfindən birinci mərhələdə 816
arıçının təsərrüfatında olan 20 min
974 arı ailəsi qeydiyyata alınaraq identifikasiya kodu ilə
təmin edilib. Onlara dövlət büdcəsinin
vəsaiti hesabına hər arı ailəsinə 10 manat
hesabı ilə 209 min 740 manat subsidiya ödənilib.
İkinci mərhələdə daha 249
arıçının təsərrüfatında olan 5 min
169 arı ailəsi identifikasiya kodu ilə təmin edilib.
Yaxın vaxtlarda onlara da subsidiyanın verilməsi təmin
olunacaq.
Mövlüddin Qurbanəliyevin sözlərinə
görə, dövlətimizin başçısının
bilavasitə təşəbbüsü ilə atılan bu
addım arıçılığın inkişafına
böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə
birlikdə arıçılıq sahəsində
çalışıram. Təsərrüfatımdakı 420
arı ailəsinə görə mənə 4200 manat subsidiya
ödənilib. Bu vəsait təsərrüfatda
olan arı ailələrinin mövsümlə əlaqədar
bir neçə dəfə dağlıq və aran ərazilərinə
köçürülməsi, arıların müalicəsi
məqsədilə zəruri dərman preparatlarının
alınması, həmçinin arı pətəklərinin
hazırlanması, yeni arı ailələrinin
yetişdirilməsi üçün tam yetərlidir.
Arıçılıqla məşğul olanlara bundan
yaxşı dəstək olarmı?”
Arıçılar Assosiasiyası rayon
şöbəsi sədrinin bildirdiyinə görə, dövlət
arıçılıqla məşğul olmaq arzusunda olan aztəminatlı
ailələrə də öz köməyini əsirgəmir.
Belə ki, ölkədə uğurla həyata keçirilən
özünüməşğulluq proqramı çərçivəsində
keçən il Zaqatala rayonunda 5 aztəminatlı ailənin hər
birinə 15 arı ailəsi verilib. Bu ailələr gələcəkdə
arıçılıq təsərrüfatlarını
genişləndirməklə gəlirlərini daha da artıra
biləcəklər.
Mövlüddin Qurbanəliyev qeyd edib ki, apreldə
havaların qeyri-sabit, yağışlı keçməsinə
baxmayaraq, builki yaz mövsümü arıçılıq təsərrüfatları
üçün əlverişlidir. Havaların soyuq keçməsi
mövsümü 15-20 gün gecikdirsə də, yağan
yağışlar təbiəti daha da canlandırıb, zənginləşdirib.
Ona görə də, bu il məhsuldarlıq yüksək
olmalıdır. Təsərrüfat rəhbərinin
özü builki mövsümdə hər arı pətəyindən
15-20 kiloqramadək məhsul gözləyir. Ötənilki
mövsümdə isə onun təsərrüfatında hər
arı ailəsi 10-12 kiloqram bal verib.
Arıçılıqda damazlıq işinin
düzgün təşkilinin mühüm rol
oynadığını bildirən Mövlüddin Qurbanəliyev
deyib: “Arıçı bu işi düzgün təşkil
etsə, yaxşı da məhsul götürər. Bu bölgədə
tarixən mövcud olan və dünyada ən məhsuldar
arı cinslərindən sayılan “Boz Qafqaz” cinsi artıq
cırlaşıb, mələzləşib. Bu gün həmin
arı sortuna çox az rast gəlinir. Bütün
arıçılıq təsərrüfatlarının
damazlıq ana arıya ehtiyacları var. Məcburuq ki,
Rusiyanın, Ukraynanın, Türkiyənin
arıçılıq təsərrüfatlarından baha qiymətə
damazlıq ana arı alıb gətirək. Doğrudur,
respublikamızın bəzi bölgələrində
damazlıq arıçılıq təsərrüfatları
fəaliyyət göstərir. Lakin bu təsərrüfatlar
arıçıların ehtiyaclarını tam şəkildə
ödəyə bilmir”.
Mövlüddin Qurbanəliyevin
sözlərinə görə, arıçılıqda məhsuldarlığın
yüksəldilməsində əsas yollardan biri də baltutar
yem mənbələrinin yaradılmasıdır:
“Çiçək şirəsi (nektar) yüksək olan
bitkilərdən ibarət meşəliklərin
salınması bal arılarının məhsuldarlığının
artmasına müsbət təsir göstərir. Ona görə
də, yeni meşəliklər salınarkən akasiya və
cökə ağaclarına üstünlük verilməlidir”,-
deyə təcrübəli arıçı bildirib.
Bu məqamda qeyd edək ki, əlverişli
iqliminə görə arıçılığın
inkişaf etdiyi rayonlardan biri də Lənkərandır. Lənkəran
arıçıları bu il bol məhsul götürəcəklərinə
ümid edirlər. Havaların mülayim keçməsi,
aparılan qulluq bunu deməyə əsas verir.
Hazırda Lənkəran rayonunda
arıçılıq təsərrüfatlarında işin
qızğın dövrü başlayıb. Pətəklərə
baxış keçirilir, çərçivələr dəyişdirilir.
Yaza demək olar ki, itkisiz çıxdıqlarını
söyləyən arıçılar bu il ötən ildəkindən
çox - hər pətəkdən 20-25 kiloqram məhsul
götürə biləcəklərini bildirirlər.
Uzun illərdir arıçılıqla məşğul
olan Ruslan Hüseynov KİV-ə açıqlamasında bu il
məhsuldarlığın yüksək olacağını
deyib: “Hazırda 70 arı ailəm var. Bunlardan 68-i
qışdan tam çıxıb. Bu il arılarımız
yaxşı işləyib. Ötən il hər pətəkdən
15 kiloqram bal götürmüşdüm, bu il isə 25
kiloqram götürə bilərik”.
Qışın mülayim keçməsi, yaz
aylarında yağışların kifayət qədər
düşməsi bitkilərin inkişafına, dolayısı
ilə arıçılıq təsərrüfatlarına
müsbət təsir göstərib. Dövlət
qayğısının artırılması, hər arı
ailəsinə subsidiyaların verilməsi də
arıçıları həvəsləndirib.
Arıçı Hüseynağa Məhərrəmov deyib: “Bu
il 450 manatadək subsidiya almışam. Hazırda 45 arı ailəm
var. Gələcəkdə onların sayını
artıracağam”.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 16 may.- S.7