Azərbaycanda
gənclərin fəallığını
stimullaşdıran hüquqi baza mövcuddur
“Bu gün Azərbaycan gəncləri müstəqillik
dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir.
Bu gün hər bir vətənpərvər azərbaycanlı
haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan
Respublikasının vətəndaşıdır. Ölkəmizin
hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu vardır. Gənclər müxtəlif
sahələrdə çox uğurla fəaliyyət göstərirlər,
ölkəmizin ümumi inkişafına böyük töhfə
verirlər”. Dövlətimizin başçısı İlham
Əliyevin Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısında söylədiyi bu fikirlər
arxada qalan illərin aydın mənzərəsini yaradır. Təbii
ki, hansı sahədən bəhs ediriksə, ilk növbədə,
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
Ulu Öndər Heydər Əliyevin xidmətlərini
xüsusi qeyd etməyə böyük zərurət duyulur. Gənclərə
diqqət və qayğı Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətinin hər iki dövründə həyata
keçirilən siyasətin əsasında dayanıb. Gəncləri Azərbaycanın gələcəyi
kimi dəyərləndirən Ulu Öndər, eyni zamanda,
bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi
bir çox cəhətdən indi gənclərimizə nəyi
və necə öyrətməyimizdən asılı olacaq.
Gənclərimiz mükəmməl təhsil almalı, həyatı
dərindən öyrənməli, dünyada gedən prosesləri
bilməli, lazımi fəaliyyət göstərib, öz
xalqına, dövlətinə xidmət etməlidir.
Tarixi paralellər fonunda təhlil
apardıqda görürük ki, dahi şəxsiyyət Heydər
Əliyev hakimiyyətinin birinci dövründə daha çox
gənclərin bir kadr kimi yetişməsinə
çalışırdısa, 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışından sonra onların dövlətin idarə edilməsində fəal
iştirakını təmin etmək üçün
biri-birindən mühüm addımlar atmışdır.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə minlərlə
Azərbaycan gəncinin keçmiş ittifaqın ən
nüfuzlu ali məktəblərində müxtəlif
ixtisaslar üzrə təhsil almağa göndərilməsi də bu istəyin göstəricisidir.
1993-cü ildən başlanan Heydər Əliyev yolunun
mühüm uğurları sırasında da gənclərin
dünyanın müxtəlif ali məktəblərinə
göndərilməsi siyasətinin davam etdirilməsi əsas
yer tutur. Müxtəlif ölkələrlə əməkdaşlıq
müqavilələri çərçivəsində
ayrılmış təqaüd yerləri hesabına gənclərimiz
bu və ya digər ölkələrdə ali təhsil
almağa göndərilmişdir.
Bu fakt da inkaredilməzdir ki, Azərbaycan
dövlətinin gənclər siyasətinin
formalaşmasında, gənc nəslin geniş fəaliyyət
meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü
və iştirakı ilə keçirilən Gənclərin I
Forumunun xüsusi rolu olub. 1996-cı il fevralın 2-də keçirilən bu Forum Ümummilli Liderin gənclərlə
bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi.
1997-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı
əsasında I Forumun keçirildiyi tarix, 2 fevral Azərbaycanda
Gənclər Günü elan edildi. Növbəti
illərdə ənənəvi olaraq keçirilən Gənclər
forumları gənclərin fəallığında
mühüm dönüş yaratmaqla, fəaliyyət istiqamətlərinin
genişləndirmələrində stimulverici amil rolunu
oynadı. Qeyd edək ki, ötən il “Azərbaycan Xalq
Cümhuriyyəti İli”ndə “Cümhuriyyətin varisləri-Azərbaycanın
gələcəyi” şüarı altında Azərbaycan Gənclərinin
VIII Forumu keçirildi.
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan
gənclər ölkəsidir. Bu gün bu fikri
böyük fəxr hissi ilə qeyd edirik ki, Ulu Öndər
Heydər Əliyevin yaradıcısı olduğu, hazırda
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla
inkişaf edən, sıralarını günbəgün kəmiyyət
və keyfiyyət baxımından daha da zənginləşdirən Yeni Azərbaycan Partiyasında
gənclərimiz çoxluq təşkil edirlər.
Ümummilli Lider Yeni Azərbaycan Partiyasının II
qurultayında partiyanın sıralarında gənclərin
çoxluq təşkil etməsinin vacibliyini bildirərək
xüsusi qeyd etmişdir ki, gənclər bu partiyada birləşməlidir.
Bu mühüm məqam da diqqətə
çatdırılmışdır ki, gənclər Azərbaycanın
müstəqillik yolunun nə qədər ağır dövr
keçməsindən xəbərsizdirlər. Onlara həmin
dövrün reallıqlarının olduğu kimi
çatdırılması vacib şərtdir. Partiyanın gələcəyinə
böyük inamla yanaşan dahi şəxsiyyət Heydər
Əliyev bildirmişdi: “Həm indi partiyamızda üzv olan, həm
də gələcəkdə üzv olacaq gənclərin
hamısı bizim gələcək nəsillərimizdir. Onlar
Naxçıvanda əsası qoyulan işlərin
davamçıları və 1993-cü ildən hakimiyyətdə
olan partiyamızın həyata keçirdiyi işin
davamçıları olmalıdırlar. Hesab edirəm ki, biz
elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki
bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı
fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla,
milli hisslər yolu ilə getməli və partiyamıza sadiq
olmalıdırlar”. Məhz bu diqqət və
qayğının nəticəsidir ki, partiyanın
sıralarında təmsil olunan gənclər onlara potensial
imkanlarını ortaya qoymaq üçün böyük
meydan verildiyini, gələcəyin liderləri kimi yetişmələri
üçün biri-birindən önəmli layihələrin
həyata keçirilməsindən məmnunluqlarını
ifadə edirlər. Bu gün hər bir Azərbaycan
gənci Heydər Əliyev ideyalarının təbliğatçısı
olmaqla yanaşı, onlara yaradılan şəraitdən bəhrələnərək
bütün qüvvə və bacarıqlarını Azərbaycanın
daha qüdrətli, zəngin dövlətə çevrilməsinə
yönəldirlər.
Son 15 ildə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin
böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin
onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün
informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə
çəkərək, yüksəkixtisaslı gənclərin
yetişdirilməsini qarşıya mühüm vəzifə
kimi qoyur: “Peşəkar kadrların
hazırlanması bu gün nəinki təhsil sahəsində,
yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində,
ümumiyyətlə, ölkə qarşısında duran ən
vacib problemlərdən biridir və biz bütün sahələrdə
buna nail olmalıyıq”. Ulu Öndər
Heydər Əliyev siyasətinin davamı olaraq dövlətimizin
başçısı İlham Əliyevin 2007-ci il 16 aprel
tarixli Sərəncamı ilə təsdiqlənən
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” Azərbaycan gənclərinin intellektual səviyyəsinin
artırılmasına, elmi biliklərə dərindən
yiyələnmələrinə, dünyanın qabaqcıl
ölkələrinin təcrübəsini öyrənib,
ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni
texnologiyaların mənimsənilməsinə xidmət edir.
Prezident İlham Əliyevin “neft kapitalını insan
kapitalına çevirək” tezisi bu günümüzün
reallıqlarında öz əksini tapıb. Neft-qazın
Tanrıdan verilən böyük nemət olduğunu önə
çəkən ölkə Prezidenti vurğulayır ki,
gec-tez, bu təbii sərvətlər tükənəcək və
bilik, zəka, səviyyə isə ölkəmizin
dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin
edəcək. Ən yaxşı inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq görərik
ki, o ölkənin inkişafında ən aparıcı rol
oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır.
Son 15 ildə təsdiqlənən Dövlət
proqramlarına, imzalanan Fərman və sərəncamlara diqqət
yetirsək, Azərbaycan gəncliyinin inkişafının
prioritetliyi daha aydın şəkildə diqqət çəkir.
Belə ki, dövlətimizin
başçısı İlham Əliyevin 2011-ci il 7 iyul
tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı”nın uğurlu icrasının davamı olaraq
2017-ci il 15 sentyabr tarixli Sərəncamla “Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiqləndi.
Qəbul olunan və uğurla icra edilən Dövlət
proqramlarında bütün həllivacib məsələlər
öz əksini tapır. Dövlətimizin
başçısı İlham Əliyevin 2015-ci il 26 yanvar
tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası”nın təsdiq edilməsi
haqqında Sərəncamı da gənclərin
inkişafına yönələn addımların
davamlılığından xəbər verir. Məqsəd
gənclərin hərtərəfli inkişafını, cəmiyyətin
həyatında fəal iştirakını təmin etməkdir.
Azərbaycan Prezidentinin fərmanları əsasında
Gənclər Fondunun, Elmin İnkişafı Fondunun
yaradılması, “Gənclər üçün Prezident
Mükafatı”nın təsis edilməsi gənclərin
nailiyyətlərinin qiymətləndirilməsi və
stimullaşdırılması baxımından xüsusi önəm
kəsb edir. Bu məqamı da xüsusi
qeyd etməliyik ki, dövlətimizin başçısı
İlham Əliyevin Sərəncamı ilə 2007-ci il ölkəmizdə
“Gənclər İli” elan edilmişdi. İstər həmin il
çərçivəsində görülən tədbirlər,
istərsə də ölkə Prezidentinin
tapşırığına uyğun olaraq növbəti
illərdə davam etdirilən işlər Azərbaycanın gələcəyi
olan gənclərin potensial imkanlarından səmərəli
istifadəni əsas tələb kimi ortaya qoyub.
Dövlətimizin
başçısı İlham Əliyevin Gənclər
Gününə həsr edilmiş respublika toplantısında
“Mən bütün gənclərə üz tutub deyirəm ki,
təhsilə çox böyük fikir versinlər.
Çünki bugünkü dünyada bilik, savad ön
plandadır. Bu gün dünya o qədər sürətlə
inkişaf edir, texnologiyalar o qədər sürətlə
qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini
tapmaq çox çətindir. Gənclər peşəkar
olmalıdırlar. İstənilən sahədə işləyən
gənclər çalışmalıdırlar ki, öz
peşəkarlıqlarını artırsınlar”
çağırışına uyğun olaraq təkcə
son bir ildə gənclərin təhsilinin inkişafı
istiqamətində atılan addımlara diqqət yetirək. 2018-ci il 16 noyabr tarixli “2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramı”nın, həmçinin 2018-ci il 23
noyabr tarixli “Azərbaycan Respublikasında dövlət
qulluğunun inkişafına dair 2019-2025-ci illər
üçün Strategiya”nın təsdiqlənməsi,
cari ildə “Ali təhsil müəssisələrində təqaüd
sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta
ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində təhsil alan
tələbələrə təqaüdlərin verilməsi
haqqında” sərəncamlar, həmçinin “Azərbaycan
Respublikasının ali məktəb tələbələri
üçün Prezident təqaüdünün təsis edilməsi
haqqında” Fərman gənclərə öz bilik və
bacarıqlarını artırmaq üçün
geniş imkanlar açacaq.
Dövlətin gənclərə diqqət və
qayğısı onların daha səylə
çalışmalarında, davamlı uğurlarında
stimulverici amildir. Bu gün böyük fəxr
hissi ilə qeyd edirik ki, gənclərimiz müxtəlif beynəlxalq
tədbirlərdə Azərbaycanı yüksək səviyyədə
təmsil edir, keçirilən yarışlarda Azərbaycanın
bayrağını ən yüksəklərə
qaldırırlar. Gənclərimizin
reallıqlarımızın təbliğində əhəmiyyətli
rolu dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti,
gördüyü işlər gənclərimiz
üçün örnəkdir. Onun fəaliyyətində
tariximizin, mədəniyyətimizin təbliği prioritet
istiqamətlərdəndir. Leyla Əliyevanın
təşəbbüsü ilə keçirilən
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində
bütün dünya xalqlarına bəyan edilir ki, ermənilər
tərəfindən əsl soyqırımına məruz qalan,
torpaqları işğal olunan Azərbaycan xalqıdır.
Leyla Əliyeva xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması və Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində göstərdiyi xidmətlərə görə
Dünya azərbaycanlılarının III qurultayında “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
28 ilə yaxın müstəqillik tariximizin səhifələrini
vərəqlədikcə hər günün Azərbaycan gəncliyinin
həyatında, ictimai-siyasi fəallığında
mühüm rol oynadığını görür və
bundan qürur hissi keçiririk. Təbii ki, dövlətimizin
gənclər siyasətini bir yazı çərçivəsində
əhatə etmək qeyri-mümkündür. Atılan
addımların davamlılığı bu
çağırışa işarədir ki, Azərbaycan gəncliyi
bilikli, savadlı, müasir dünyagörüşünə
malik, yenilikçi, ən əsası vətənpərvər
olmalı və milli maraqlarımızı qorumalıdır.
2016-cı ildə keçirilən ümumxalq səsverməsinə
çıxarılan əlavə və dəyişikliklər
sırasında yaş həddinin aradan götürülməsi
də gənclərə diqqət və qayğının
bariz nümunələrindəndir. Məqsəd dövlət
idarəçiliyində gənclərin iştirakını
daha da artırmaqdır. Gənclərin bələdiyyələrdə
və parlamentdə təmsilçilik faizlərinin
artırılması da onların ictimai-siyasi fəallıqlarında
əhəmiyyətli rol oynayır.
Sonda bu ümumiləşdirməni apara bilərik
ki, Azərbaycan günbəgün yeniləşir, müasirləşir,
yeni-yeni hədəflərə doğru inamla irəliləyir.
Bu hədəflər daim Azərbaycan gəncliyindən
yenilikçi olmağı, yeni texnologiyaların öyrənilməsinə
və tətbiqinə maraq göstərməyi bir tələb
kimi qarşıya qoyur. Dövlətimizin
başçısı İlham Əliyevin Gənclər
Gününə həsr olunmuş respublika toplantısında
gənclərə bu çağırışını
xatırlatmaq istərdik: “Sizin üçün ən
başlıca vəzifə müstəqilliyi, milli maraqları
qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və
xalqımızın rahat həyatını təmin etməkdir.
Mən şübhə etmirəm ki, siz buna
hazırsınız. Azərbaycan gəncləri fəaldır,
vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər,
mən sizə inanıram, güvənirəm”.
Səlim Rəhimzadə
AZƏRTAC-ın
müxbiri,
Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatı
Gənclər Birliyinin sədr
müavini
Yeni Azərbaycan.-
2019.- 16 may.- S.7.