Son illər ölkəmizdə heyvandarlığın əsas sahələrindən biri kimi arıçılıq xeyli inkişaf edib

 

Bu sektorda fəaliyyət göstərən təsərrüfatların subsidiyalaşdırılması, bazara çıxışının təmin olunması istiqamətində mühüm addımlar atılıb

 

 

 

(əvvəli ötən sayımızda)

 

Arıçılar bildiriblər ki, müəyyən vaxt keçdikdən sonra arı ailəsində müxtəlif yaşda sürfələr əmələ gəlir, yəni ailə yenilənir. Hazırda arılar ailənin qüvvətləndirilməsi ilə məşğuldur. Təxminən 10-15 gündən sonra pətəklər beçə verəcək. Lənkəranda mövsümün ilk balının süzümünə iyunun əvvəllərində başlanacaq. Ümumiyyətlə rayonda 400-ə yaxın arıçı var və təsərrüfatlarda 8 minə yaxın arı ailəsi bəslənilir.

Arıçılıq Neftçalanın təbii iqlim şəraiti üçün xarakterik olmasa da, son illər rayonda təsərrüfatın bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb. Rayonda arıçılıq təsərrüfatlarının yaradılmasına son illər başlanılıb. Hazırda 16 fermer arıçılıqla məşğul olur və onların təsərrüfatlarında, ümumilikdə, 211 arı ailəsi saxlanılır. Ötən il rayonda fəaliyyət göstərən təsərrüfat sahiblərinə arıçılığın inkişafı məqsədilə dövlət tərəfindən 2 min 110 manat subsidiya ödənilib. Neftçalada arılar əsasən mövsümi çiçəklərdən, həmçinin dəvətikanı kolu və yulğun ağaclarının çiçəklərindən şirə toplayaraq bal istehsal edirlər.

Arıçı İdrak Məmmədovun dediyinə görə, həmin çiçəklərdən toplanan şirələrdən alınan bal asma və yuxarı tənəffüs orqanları üçün olduqca xeyirlidir.

Ötən il rayonda arı südü, vərəmum və çiçək tozu ilə birlikdə hər arı ailəsindən 45-50 kiloqram məhsul götürülüb. Yerli arıçılar bildirirlər ki, bu il qış fəslinin o qədər də soyuq keçməməsi arı ailələri üçün əlverişli olub. Onlar cari ildə ötən ildəkindən də çox məhsul götürəcəklərinə əmindirlər.

Yeri gəlmişkən, Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910460 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd təsərrüfatı nazirinin müavini, Respublika Komissiyasının sədri İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın qəbul edilməsinin 2018-ci ilin sonuna təsadüf etməsi və həmin ilin əvvəlinə mövcud arı ailələrinin sayının statistik məlumatlardan xeyli artıq olması arıçıların bir qisminin 2018-ci ildə subsidiya ala bilməməsi ilə nəticələnib. Arıçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların hüquqlarının təmin edilməsi məqsədilə 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydə alınmış, ancaq ilin başa çatması səbəbindən subsidiya almamış arıçıların müraciətlərinə baxılıb. Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri Bədrəddin Həsrətov, Şahin Cəfərov, Qadir Mustafayev, Elvin Bayramov və Sabir Mustafayev də iştirak ediblər.

İclasda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 43 Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edilmiş icmal siyahıları və digər tələb olunan sənədlərlə birlikdə Respublika Komissiyasına təqdim edib.

Müraciətləri daxil olmuş 43 Dövlət Aqrar İnkişaf Mərkəzinin təqdim etdiyi sənədlərə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçıları Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunda baxılıb və bu sənədlərə əsasən arıçılara subsidiyanın verilməsi məqsədəuyğun hesab olunub.

Respublika Komissiyası 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydiyyata alınmış, ancaq arı ailələrinin identifikasiyasının təmin olunmaması və ilin başa çatması səbəbindən subsidiya almamış, 43 Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış rayon (şəhər) komissiyasının əhatə etdiyi 842 inzibati ərazi üzrə arıçılıqla məşğul olan 4507 fiziki və hüquqi şəxsə saxladıqları 91046 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat olmaqla, ümumilikdə, 910 min 460 manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib. Qərar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müraciətlərinə baxılmış Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib.

Sonda onu da bildirmək yerinə düşər ki, arıçılıq Azərbaycanda ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. İqtisadi cəhətdən gəlirli sahə olan arıçılıq, eyni zamanda, ətraf aləmin, ekoloji mühitin yaxşılaşdırılmasına da çox mühüm təsir göstərir. Eyni zamanda, arıçılıqda damazlıq-seleksiya işinin təşkili, arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması, xəstəliklərlə mübarizə, baltutar yem mənbələrinin yaradılması kimi mühüm amillər ölkədə intensiv arıçılığın formalaşdırılması üçün qarşıda duran hədəflərdir. Bu baxımdan arıçılıq sahəsində elmi informasiya təminatının həyata keçirilməsi məqsədilə Aqrar Elm və İnnovasiya Mərkəzi, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyət göstərdiyi dörd il ərzində BMT-nin Ümumdünya Ərzaq Təşkilatının dəstəyi ilə arıçılıqda süni mayalandırma texnologiyasının tətbiqi təcrübəsini öyrənib, təmizqanlı Bozdağ Qafqaz arı cinsinin genetik ehtiyatını yaradıb, 200 arı ailəsindən ibarət genefond arıxana qurub. Respublikamızda ilk dəfə olaraq, türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı mayalandırılaraq genefonda daxil edilib. Gələcəkdə bu arıların çoxaldılaraq fermer təsərrüfatlarında yayılması üzərində elmi təcrübələr aparılır. Mərkəz daxilində arıçılıq məhsullarının tədarükü və analizi laboratoriyaları təşkil olunub, “Eksperimental-istehsalat Faxralı təcrübə şöbəsi” avadanlıqlarla təchiz edilib, toz və nektar verən ağac, kol, ot bitkilərindən ibarət balverən özül bağ sahəsi salınıb.

Mərkəzin rəisi, professor Allahverdi Seyidov bildirib ki, ölkəmizin ərazisində tarixən qonur və boz rəngli arılar məskən salıb. Bu arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin dərin qönçələrindən nektar şirəsini toplamaqla qidalanıb. Onlarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətlərdəndir. Arıçılığın qədim ocaqları Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı, Lənkəran-Astara, Kəlbəcər-Qubadlı, Dağlıq Qarabağ, Naxçıvan regionları sayılır. Həmin bölgələrin balverən bitkilərlə zəngin yerləri və əlverişli iqlimi var. Lakin qlobal iqlim dəyişmələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində arıçılıq üçün münbit ərazilərimizin işğal olunması kimi faktlar bizi intensiv arıçılıq metodlarına keçməyə vadar edir.

“Arıçılıqda məhsuldarlığın yüksəldilməsində əsas yollardan biri yem bazasının yaradılmasıdır. Artıq köçəri arıçılıqla yem təminatını həyata keçirmək mümkün deyil. Elm mərkəzi olaraq təklif edirik ki, arını yemin yanına aparmaq yox, yem bazasını arıxananın yaxınlığında yaratmaq lazımdır. Bunun üçün hər bir arıçı balverən ağac və kolların əkinini həyata keçirməlidir. Fermerlərə tövsiyə kimi, Türkiyədən gətirilən və mərkəzimizin 1,5 hektarlıq ərazisində əkilərək çoxaldılmış lavanda və rozmarin bitkisini təklif edirik. Bunlar bütün dünyada arı üçün qiymətli, baltutar kol bitkisi sayılır. Hazırda mərkəzin nümayiş sahəsində 50-dən artıq ağac və kol bitkisini yetişdirərək arıçı fermerlərimizə nümayiş etdiririk”, - deyə Allahverdi Seyidov vurğulayıb.

Qeyd edək ki, arıçılıq üçün qiymətli yem bitkisi olan lavanda və rozmarin həm də kənd turizminin qurulması üçün əhəmiyyətli bitki sayılır. Bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı, şirəli bitkilər qardaş Türkiyə və Avropa ölkələrinin əksəriyyətində plantasiyalar şəklində çoxaldılaraq minlərlə turisti özünə cəlb edir. Bu bitkilərdən alınan efir yağı, çay, toz və digər məhsullar milyonlarla xarici valyuta qazandırır. Lavanda, rozmarin yağı və onlardan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat-kosmetika, qida və əczaçılıq sənayesində, tibdə və məişətdə geniş istifadə edilir. Eyni zamanda, bu bitkilər torpaqların münbitliyinin qorunması üçün qiymətlidir, ərazilərdə gedən eroziya əleyhinə bitki kimi əkilərək çoxaldılır.

Arıçılıq Mərkəzinin gələcək elmi fəaliyyətinə arıçılıqda damazlıq işinin təşkilində əsas problem sayılan “təcrid bölgələri”nin yaradılması daxil olacaq. Mərkəzin, eləcə də digər bölgələrdəki genefond arıxanalarının yaxınlığında zəhərli herbisidlərin istifadəsi qadağan olunacaq.

Bildirmək yerinə düşər ki, yaxın gələcəkdə əsas hədəflərdən biri Mərkəzdə arı məhsullarının (bal, vərəmum, çiçək tozu, arı südü, arı zəhəri və s.) sertifikatlaşdırılmasını təmin etmək üçün həmin məhsulların keyfiyyət analizlərini, həmçinin arı xəstəliklərinin diaqnostikasını həyata keçirməyə imkan verən laboratoriyaların yaradılması və müvafiq avadanlıqlarla təmin edilməsi ilə bağlıdır. Eyni zamanda, qarşıda duran hədəflərdən biri mərkəz tərəfindən respublikamızın torpaq-iqlim şəraitinə görə fərqlənən bir neçə iqtisadi-coğrafi zonasında - Quba-Xaçmaz, Lənkəran-Astara bölgələrində genefond arıxanalarının, damazlıq, həmçinin süni toxumlama mərkəzlərinin yaradılması ilə ölkənin illik üç yüz min ana arıya olan tələbatının ödənilməsində təminatçı olmaqdır.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2019.- 17 may.- S.7.