Natiq Baxışov: Azərbaycanda aparılan hər bir islahat ABŞ-da müsbət qarşılanır

 

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov mayın 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşdə agentliklə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Palatanın icraçı direktoru AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin perspektivlərini necə görürsünüz? Ümumiyyətlə ABŞ-dan Azərbaycana investisiya axınında artım gözlənilirmi?

- Azərbaycanla ABŞ arasında ticarət münasibətlərində müsbət dinamika var bu, davam etməkdədir. İki ölkə arasında ticarət potensialı çox böyükdür. Bizim kimi ticarət palatalarının əsas fəaliyyət prinsipi bu potensialın reallaşdırılması işini sürətləndirmək, ticarətin maksimum dərəcədə artırılması üçün şirkətlərin qarşılıqlı səfərlərini təşkil etməkdir. ABŞ Cənubi Qafqaz regionunda ən böyük investisiyaları Azərbaycana yatırıb. Ölkəmizə 10 milyard dollardan çox investisiya cəlb olunub. Bu sərmayələr əsasən neft sektoruna yatırılsa da, artıq qeyri-neft sektorunda da dinamika hiss olunur. Digər xoş xəbər odur ki, Azərbaycanın da ABŞ-a investisiyaları artır. Region ölkələri ilə müqayisə etsək görərik ki, ABŞ-ın maliyyə bazarına investisiyalar əsasən Azərbaycan tərəfindən yatırılıb. Məsələn, Azərbaycan Dövlət Neft Fondu ABŞ-ın maliyyə bazarında fəal iştirak edir 7 milyard dollardan çox vəsait qoyub. Bu da iki ölkə arasında iqtisadi əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdiyini göstərir.

- Azərbaycanda həyata keçirilən islahatlar ABŞ investorları tərəfindən necə qarşılanır?

- Azərbaycanda aparılan islahatlara dair hər bir xəbər ABŞ-da müsbət qarşılanır. Ölkəmizdə fəaliyyət göstərən ABŞ şirkətləri buna müsbət reaksiya verirlər. Biz Ticarət Palatası olaraq Azərbaycanda iştirak etməyən şirkətlərə bu xəbəri çatdıranda görürük ki, onlar buna maraq göstərirlər. Ümumiyyətlə aparılan islahatlar xarici şirkətlərin Azərbaycanda fəaliyyətinə geniş imkanlar yaradır.

-Apreldə Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirildi. Bu forumun əhəmiyyəti barədə deyə bilərsiniz? Belə forumların digər ştatlarda da təşkili nəzərdə tutulurmu?

- İllinoys-Azərbaycan kənd təsərrüfatı forumunun əhəmiyyəti odur ki, biz ilk dəfə olaraq ştat bazarlarına çıxmağa başladıq, İllinoysdakı şirkətləri Azərbaycanın aqrobazarı ilə tanış etdik. Kənd Təsərrüfatı Nazirinin başçılıq etdiyi nümayəndə heyətinə 14 kiçik orta şirkətin təmsilçiləri daxil idi. Azərbaycanlı sahibkarlar oradakı şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. Digər ştatlarda da analoji tədbirlər keçirilməsi nəzərdə tutulur. Növbəti forumun Oklahoma ştatında təşkil olunması planlaşdırılır. Kənd təsərrüfatı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensiala malik sahədir. Bu sahədə ticarət palatası hər iki ölkənin səfirlikləri ilə əməkdaşlıq edir. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.

- Azərbaycanda istehsal olunan hansı növ qeyri-neft sektoru məhsulları ABŞ bazarı üçün cəlbedici ola bilər?

- Azərbaycanda orqaniq məhsullar daha çox istehsal olunur. Belə məhsullar ABŞ bazarında rəqabətli ola bilər. Bunun üçün Azərbaycan şərabları kifayət qədər rəqabətlidir. O cümlədən çərəz məhsullarımız bazarda rəqabətli ola bilər. Ancaq vacib olan bir məsələ var ki, sahibkarlarımız bunu nəzərə almalıdır. ABŞ bazarı həssas olduğu üçün əvvəlcədən məhsulların keyfiyyəti ilə bağlı ciddi işlər görülməlidir. Digər amil odur ki, bazarda dayanıqlığı qoruyub saxlamaq üçün keyfiyyəti daim qorumaq lazımdır.

- Azərbaycanın təşəbbüskarı olduğu Avropanın enerji təhlükəsizliyinə istiqamətlənən Cənub Qaz Dəhlizi meqa layihəsinə ABŞ-ın münasibəti barədə deyə bilərsiniz?

- ABŞ administrasiyaları Azərbaycanın təşəbbüskarı olduğu böyük neft-qaz layihələrinə həmişə birmənalı dəstək veriblər. Bu strateji səviyyədə olan bir dəstəkdir onu Cənub Qaz Dəhlizi layihəsində görürük. ABŞ bu meqa layihənin məşvərət şurasında iştirak edir. Hazırkı administrasiya Avropanın enerji təhlükəsizliyi istiqamətində görülən işləri dərindən başa düşür.

- AZƏRTAC-la ABŞ-Azərbaycan Ticarət Palatasının mümkün media tərəfdaşlığına necə baxırsınız?

- ABŞ-Azərbaycan Ticarət Palatası ilə AZƏRTAC arasında əməkdaşlıq ilkin mərhələdədir. Bir sıra sahələr var ki, bu istiqamətdə əməkdaşlıq etmək olar. Bunlardan ən mühümü ABŞ-dakı azərbaycanlı biznesmenlərlə təbliğat işi aparmaqdır. ABŞ-da uğurlu azərbaycanlı elm adamları var. Düşünürük ki, ABŞ-da Azərbaycan diasporunu dəstəkləmək üçün AZƏRTAC-la birgə fəaliyyət göstərə bilərik. Bundan başqa, Azərbaycana bağlı olan amerikalıları da AZƏRTAC vasitəsilə ölkəmizdə tanıda bilərik.

 

Yeni Azərbaycan.- 2019.- 17 may.- S.7