Bir monoqrafiyanın təəssüratı
Bu məqaləni yazmaq fikrində deyildim, o
baxımdan ki, böyük şairimiz, mərhum Məmməd
Araz haqqında monoqrafiyanı oxumasaydım. Kafedrada idim, bəzi
kitabları vərəqləyirdim. Qapı
açıldı, köhnə dostum, məndən həmişə
xəbər tutan, tanınmış pedaqoq-alim, analitik qələm
sahibi Allahverdi Eminov içəri girdi və “Məmməd
Arazın poeziyası” (Bakı, “Elm və Təhsil” nəşriyyatı,
2018. 366 səhifə) kitabını avtoqrafı ilə mənə
bağışladı...
Oxuyur, uzaq illərə qayıdıram.
Xüsusilə, atalı vaxtlarıma. Atam Manaf
müəllimin lirik şairimiz Məmməd Arazla və onun
böyük qardaşı İbrahimlə - onlar institutda bir
yerdə oxumuşdular - səmimi dostluğu vardı. Məmməd
Arazın dərin fəlsəfi şeirlərini, lirikasını
çox bəyənirdi, onun şeirləri dilinin əzbəri
di.
Azərbaycan,
qayalarda bitən bir çiçək,
Azərbaycan, çiçəklərin içində
bir qaya.
Mənim
könlüm bu torpağı
vəsf
eyləyərək,
Azərbaycan
dünyasından
baxar
dünyaya.
Azərbaycan,
mayası nur, qayəsi nur ki,
Hər
daşından alov dilli ox ola bilər.
Azərbaycan
deyəndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Atam
böyük fəxrlə dostunun poetik şeirini əzbərdən
söylər, sonra da üzünü mənə tutub deyərdi:
- Nizami, Məmməd
Arazın şeirləri mənə ona görə
doğmadır ki, onun gəzib dolaşdığı yerləri
mən də qarış-qarış gəzmişəm, onun
sonsuz məhəbbətlə vəsf etdiyi bulaqları, meşələri,
dağları, dərələri, qayaları, yamacları mən
də doyunca seyr etmişəm. Mənim şair
dostum Vətən sevgisini oxucusuna hər kəsin deyə bilmədiyi
tərzdə çatdırır. Onun Vətən
sevgisi, onun bu sevgini oxucuya aşılamaq qabiliyyəti bənzərsizdir.
Görünür, Məmməd Araz kimi şair
olmaq üçün xalqın bütün maddi, mənəvi
sərvətlərini təkcə bilmək yox, həm də
incədən-incəyə duymaq, sevmək lazımdır.
Səndən
ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən,
məndən ötən zərbə,
Vətən,
Vətən, sənə dəydi...
Vətən
sevgisini hər bir insan öz taleyi ölçüsündə:
sənətində, peşəsində, əməlində,
bir sözlə, duyğularında, hissiyyatında
yaşayır və yaşadır. Belə
düşünürəm ki, orijinal qələmə,
tematikasına malik ədəbiyyatşünas, pedaqoq,
S.Vurğun, Musa Yaqub, Adil Cəmil haqqında sanballı
monoqrafiyalar müəllifi Allahverdi Eminovu nədənsə
lazımınca tanımırıq, qiymətləndirmirik. Çünki o, son dərəcə təvazökar
insandır, onu yaxından tanıdığım
üçün israrımda qalıram. Xüsusən,
Məmməd Arazın poeziyasının poetikasına dərinliyi
ilə, estetik meyarı ilə yanaşan müəllif tamam fərqli
üslubda mövzunu araşdırmışdır. Bunu məhz
kitabına yazdığı ön sözündən hiss etmək
çətin olmadı mənim üçün. M.Arazın
şeir dünyasının mühüm
çalarlarını: gözlənilməz məqamları, sətiraltı
nüansları, poetik “kodu”nu və sairi açıqlayır,
sanki deyəcəyinin fabulası hesab edir: “Məmməd
Arazın poeziyasında zamanın nəbzi döyünür,
onunla dövr arasında adekvatlıqla qeyri-adekvatlıq
arasında bir harmoniya qurulur, öz
yaradıcılığını subyektiv illüziyalardan kənarda
saxlayır. Əlbəttə, belə hallarda şeir
janrına xas rəmzləşdirmə daha qabarıq üzə
çıxır...”
Mən mərhum şairimiz Əli Kərimin “Vəsiyyət”
şeirini dəfələrlə oxumuşam, bir insan itkisinin
ağırlığını dadmışam. Şairin
uşaqlarına öyüdüdür. Atam
ağır xəstə olanda, son dəqiqələrində
bizə vəsiyyət elədi. Müəllim
- pedaqoq vəsiyyəti idi. Məmməd
Arazın “Vəsiyyət”ində fəlsəfi motiv qara rəngi
işıqlandırır, kədər bu rəngə
boyanır və elə bil şairin ömründən
keçmişdir. Allahverdi Eminov sual verir: - Bəs nə
üçün qara rəng? Bəlkə, rəmziləşdirmişdir
bu rəngi? Bəlkə, qara torpağa
haçansa qovuşacağı üçündür? Həqiqətən, bu sualların məna
yükü vardır.
...Mən
o rəngi sevərdim,
Boynu
bükülü dərdim,
Pardaxlı
sevincim
O rəngdə
geyinərdi.
Mən o rəngi sevərdim.
Rəngdən
danışan A.Eminov şairdə “gecə” məfhumuna öz
münasibətini bildirir və yazır ki, Məmməd Araz
poeziyasında “gecə”, nə sirdir, qırmızı xətlə
keçir? Gündüzlər daim hərəkətdə,
insanlar qaynaşmada, beyinlər düşüncədə - bu
“üçlük”dən sonra gecə həyatı
başlayır. Gecə növbəsində
çalışanlar üçün nə fərqi:
qaranlıqdakı ulduzlar, bədirlənmiş Ay, haralardasa
uçan quşların mürgüsü hey təkrarlanır,
şairin gecəsi isə romantik ovqat gətirir, qələm vərəqləri
görüşə çağırır..
Allahverdi müəllimin fikirləri oxucunun beynində sərt
ovqat yaratmır, əksinə, ədəbiyyatçı əhvalı
səni də həzinləşdirir. Oxuyuruq: “Daha bir gecə şairin
qonağıdır, bəli, şairin qonağıdır. Bu xəyali - romantik gecədə oxucusunun
düşüncələrini dinləyir. İlahi,
nə söyləmir, özünəməxsus obrazlıqla”.
Bu gecə
gecənin son qatarındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda
bir dərə - qara hörükdür,
Solumda bir dərə - qara hörükdür.
Dövrəmdə
buludlar bölük-bölükdür,
Dünyanın damına çıxmışam nədir?
“Məmməd
Arazın poeziyası”nda birinci fəsli müəllif “Məmməd
Araz: şeirdən poeziyaya yol” adlandırmışdır. Belə təxmin elədim ki, şeir
ayrılıqda, ümumi kontekstdə götürəndə hələ
poeziya deyil. Poeziya ötəri hisslərin
misralarda inikası deyil - bu, şeir nümunələridir.
Poeziya bütöv ədəbiyyatın tərkib
hissəsidir, ən kübar sənətdir. Allahverdi
Eminov Məmməd Araz poeziyasında bu nüansı
axtarmışdır, yazmışdır: “Məmməd Araz
üçün həqiqəti poetik təfəkkürlə əks
etdirən, insan hisslərinə hörmətlə yanaşan,
habelə axtarışları irəliydi. Effemer,
imperativ və vizioner olmamalıdır, dəcəl, mürtəd,
məzhəbsiz təsiri oyatmamalıdır. Belə vəziyyət dünya poeziyasında da
yaxşı qarşılanmamışdır”. Bu analitik fikrin fonunda “Ömür” şeirini
xatırladır. İnsanın ən
yaralı yeridir, xəyali mübhəm uzaqlara çəkmək
hissləri oyadır. Və onu da xatırladım ki, Məmməd
Araz az yaşadı, bu ömürdə
çox poeziya nümunələri yaradardı. Digər
tərəfdən ədəbiyyatçı-müəllif
oxucunu kövrək bir ovqata da aparmaq istəyir.
Bir
gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə
il üstündə gəzdiyim torpaq
Bir gün qoynuna alacaq məni.
Qəbrimdə
göyərən otları külək,
Yayıb göyərdəcək dərədə,
düzdə.
Bəlkə,
sinəm üstə bitən bir çiçək
Gəzəcək nə qədər sinələr
üstə.
Ömür
də bir borcdur əlli il, yüz il,
Bədbəxtdir
az yazıb, çox yaşayanlar.
Şair
dost, ömrünü yaşında deyil,
Yazdığın nəğmənin özündə
axtar.
Məmməd
Araz poeziyasını öz tənqidi-analitik üslubunda təhlil
edən müəllif şeirdə assosiasiyanın əsas
psixoloji faktor olduğunu nümunələrlə oxucuya
çatdırır: bu cəhətə hər ədəbiyyatşünas
diqqət yetirmir, ona görə ki, poetik qavrayışın tələbindən
az məlumatlıdırlar, yaxud xəbərsizdirlər.
Allahverdi Eminovun qeydi: “Bu amil keçmişi xatırladır,
qavrayış zamanı qonşuluq, oxşarlıq, əkslik
bağlılıqların formalaşmasını təşkil
edir. Şübhəsiz, poetik qavrama
aparıcıdır. Belə ki, poetik
qavrayışın məzmunundan asılı olaraq faktlar,
hadisələr başqa bir cisimlərlə, əhvalatlarla
qarşılaşdırılır, müqayisələr
aparılır”. Və şairin “Mən tələsmirəm”,
“Unudulmuş tək məzar”, “Şair, nə tez qocaldın sən”
kimi - unikal Səməd Vurğun poeziyasından təsirlənmiş,
gözəl şeirlər qələmə
almışdır. “Sən tələsmədin”,
“Müqəddəs məzar” şeirləri bu gün də
poetikliyini saxlamışdır.
Məmməd Araz təbiəti sevirdi, onun qoynunda
özünü rahat və sərbəst hiss edirdi, bu
baxımdan o, gözəl şairimiz Musa Yaqubun vurğunu idi. O, Məmməd Araza
şeirlər həsr etmişdir. Belə misraları
vardır:
Bir
eşqimə hicran möhrü basılmış,
Heç bilmirəm necə yazmış yazanım?
Söhbət
var ki, bəxtimə də yazılmış,
Daha onu poza bilməz pozanım.
Hər
iki şairin münasibətlərinə (M.Yaqub bir müddət
Bakıda yaşamış, Yazıçılar
İttifaqında işləmişdir, M.Araz isə “Ulduz”
jurnalında çalışmışdır) müəllif
mövqeyi monoqrafiyada təbii verilmişdir: “Məmməd Araz
Musa Yaqubun məxsusi poeziyasına inanmış,
alqışlamış və daima
yaradıcılığını izləmişdir, hər iki
sənətkarın təmiz, ləkə götürməyən
poeziyasından gəlir. Hər iki şair təbiətin
vurğunu, ecazkarlığı duyan, poetikləşdirən
dahilərdir”.
Məmməd
Araz “Dağlara çağırış”ı yazdı
başqa əhvalla, ancaq müəllifin sehrindən
uzaqlaşmadı:
Dağlar
sevgisində bir ulu ata,
Dağlar ərköyünlər atası deyil.
Kimini
xurcuntək çiyninə atan,
Dərələr
dibinə atası deyil...
Məmməd Araz poeziyasında İnsan fenomen varlıq
kimi tərənnümünü tapır, o, hansı peşədə,
sənətdə olursa, xalqına xidmət etməyə
borcludur. Belə hisslərdən “Tarixçi alimə”
adlı şeirini 1983-cü ildə çap etdirdi. Şeirin poetikası xeyli mətləblərdən
soraq verir. Xatırlayıram ki, Məmməd
Araz geoloq olsa da, savadlı, mütaliəçi, elmlə
maraqlanan idi, sözünü alimlərlə
bölüşürdü, ideyalarını poetik dilə
çevirirdi. Filosof Helvetsinin fikridir ki,
aydın və səmimi ideyaların sahibi olmaq azdır, bu
ideyaları başqalarına çatdırmaq
üçün həm də aydın ifadə
bacarığı lazımdır. Bəli, şair bu
şeirində bu tələbi gözlədi:
Tarixə
dəyməsin yalan barmağı,
Haqqım yox quşun da haqqını danam.
Mən
öz keçmişimə heykəl yonmağı
Alnıma
yazdıran oğullardanam...
Şeiri oxudum A.Eminovun təhlilindən sonra. Mən onu da sezdim ki, Məmməd
Arazı ən çox narahat edən tariximizə qara yaxan
tarixçilərdir və quraşdırılan “tarixçə”dir
ki, məsələ beynəlxalq səviyyəyə
qaldırılmışdır. 1983-cü il,
daşnak xülyaları hələ ortaya
atılmamışdı, amma iş qeyri-leqal
formalaşırdı, “sapı özümüzdən olanlar”
da yox deyildi. Şair Məmməd Araz elmi və poetik proqnozla
duymuşdu ki, biqeyrət ziyalılar, istedadsız bəstəkarlar,
tarixi olmayan tarixçilər altdan-altdan iş görürlər.
Şeir çapdan çıxdı, ciddi
reaksiya olmadı, çünki titullu professorlarımız,
şöbə rəislərimiz, “kafedra” müdirlərimiz və
b. yalmanırdılar, “yuxarılara” saxta məlumatları
ötürürdülər. Xatirələrimizi
“yeniləşdirirdilər”. Alban kilsələrimizi
uçururdular, ulu abidələrimizi yerlə yeksan edirdilər.
Şair isə ayıqlığa səsləyir:
...
Dünənki tarixi bugünkü daşa
Yamayıb basdıran əməllərdən qorun.
Allahverdi
Eminov kütləviləşən biganəliyin Məmməd
Arazın poeziyasında tənqidini qabarıq verib, şairin
“Biganələr iqlimində”, “Məndən ötdü,
qardaşıma dəydi”, “Ərim gəldi qalası”, “Ağ
şəhərli qapılar” və s. şeirlərinin
poetikasına varır.
Monoqrafiya
müəllifinin Məmməd Araz
yaradıcılığına verdiyi qiymət obyektivdir, bəzi
ədəbiyyatşünaslar kimi tərəfgirlik yoxdur: “Məmməd
Araz üçün poeziya bir taledir, ürəyinə sirlərini
açmasıdır, ənənəvi mənada istiladır! Poeziya insanla dünya, kainat və təbiəti oyadan
möcüzədir. Poeziya insanları insanlığa
çağırır” - yazır və şairdən “Bir
axşamın balladası” şeirindən son misraları
nümunə gətirir:
Ey ilham pərisi,
varsansa əgər,
Bu axşam üstümə qanadını gər.
Mənə
məhəbbətli bir nəğmə gətir,
Məhəbbət imzalı bir namə gətir.
Oxuyum,
oxuyum, o yarım üçün,
Onu cehiz verim qızlarım üçün.
İlahi,
qəlbimə bir sevgi göndər,
İlahi,
yazıqdır məni sevənlər...
“Bu hissi necə verər adi bir şair? Mümkünsüzdür! Bu şeirin “xasiyyəti” elə səslənir - o,
oxucuları ilə sərt davranmağı bacarmaz, hakimiyyətinə
diktə etməz. Şeir bitmir axı, son
nöqtə formaldır, keçmişini dartıb gətirir
və gələcəyə aparır” - A.Eminovun poeziyaya həssas
münasibəti. Xatırlayıram ki, yalnız bu
şeirin poetikası haqqında bir neçə il əvvəl o, “Ədalət” qəzetində
silsilə məqaləsini çap etdirmişdi. Bu o deməkdir ki, Allahverdi müəllim böyük
şairimizin poeziyası ilə çox-çox əvvəllər
də maraqlanmış, nəhayət, “Məmməd Arazın
poeziyası” fundamental monoqrafiyasını hasilə gətirmişdir.
Allahverdi Eminovun elmi təhkiyəsi orijinal üslubu ilə
seçilir, bir şeirin fəlsəfəsinin incəliyinə
qədər gedir, hər halda oxuyuruq. Eləsi də olur ki,
gücü çatmayan şairə xüsusilə girişir,
kiçik məqalədə 80-100 və daha çox misra
verir, bəs tənqidçi sözü? Məncə,
birinci olaraq şairin xarakterini, mövzusunu, üslubunu “tutasan”
ki, obyektiv fikir deyəsən. Sonra paralellər
aparasan. Yeri gəlmişkən, A.Eminovun
S.Vurğun, Musa Yaqub, Adil Cəmil kimi istedadlı şairlərin
poeziyası haqqında monoqrafiyalarını oxuyanda bu məziyyəti
duymuşam. Mənim tədqiqat sahəm
dilimizin tarixindən müasir dövrümüzə qədər
poeziya nümunələrilə tutuşdurmalar zəminində
aldığım nəticələrdir. Şairlərin
poetikasını fərqləndirirəm. Belə
yanaşma imkan verir ki, poeziyanın ilahi vəhy olduğunu fikrən
təsdiq edəsən. Məsələn, tənqidçi-müəllif
Məmməd Arazda insan konsepsiyasına şairin fəlsəfi
baxışı ilə yanaşır və yazır: “Məmməd
Arazın poeziyasında insan konsepsiyasını yaratmaq (elmi
aspektdə yox) arzusu (məqsədi) ilk
yaradıcılığından özünü göstərmişdi
və çalışmışdı insan
davranışının məntiqini daha yaxşı dərk
etsin, amma o da bəllidir - bu, başdan-ayağa sirdir, xislətindən
doğulur. Şair insanı dünyəvi dəyərlərdə:
xeyirxahlıq, səmimilik, nəfsi tox... kontekstində
görürdü”. Və şairin poeziyasının bəzi
nüanslarını açıqlayır: “Mən səni
taparam”, “Professor Gilə məktub”, “Nobel mükafatı”,
“Qarabağ düzü”, “Araz üstə Çinar
gördüm”, “Azərbaycan dünyam mənim” və sair
şeirlərin nümunələrində Babaların uzaq əsrlərdən
gələn hayqırtısını eşidirik:
Qoy bu
günün düşməni də
At çapmasın harın-harın.
Torpaq
altda gizlətmişik
Gur səsini babaların.
Monoqrafiyada
Allahverdi Eminovun Məmməd Arazla bağlı bir ədəbi
tezisilə qarşılaşdım: “Məmməd Arazın
poeziyası polifonik olduğu qədər də “modern”dir, əgər
sənət və ədəbiyyat ölməzdirsə, onun bir
qolu - budağı olan poeziyaya da həmin səlahiyyət
verilmişdir... Şair onun üçün
gerçək, gözəl və ölməzlik pəncərəsindən
görünmüşdür. Belə
baxış heç zaman “modern” naminə əsər
üçün darıxmamışdır. Şeirdirsə,
insan adına, cəmiyyət adına,
inkişaf adına yazılmalıdır. Başqa
necə olardı, əgər poeziya sənət
üçündürsə, cəmiyyətdən, insan
fenomenindən bəhs etməlidir, reallıqdan uzaq
olmamalıdır. Belə əsərlər
dövrlər üçün moderndir” - tamamilə
haqlıdır.
Müəllif hər iki anlayışla əlaqədar ədəbi
mübahisə açmır, lakin şairin
yaradıcılıq mizanlarını təhlilə cəlb
edir.
“Şeirim”, “Şeirə gətir”, “Şair vüqarı”,
“Poeziya, poeziya”, “Mən bir zaman şair idim” və s. şeirləri
geniş, poetik aspektdə təhlil edir. Mən bu şeirlərdə
onu da hiss etdim ki, poeziyanın poetik obrazı şairdir,
şairin “Mən”idir. Və Allahverdi Eminov bu şeirlərin
poetikasını belə ümumiləşdirmişdir: “Hadisələrin
və əhvalatların poetik faktda inikası, mənəvi
varlığn duyulması və məftunluğu, ideya və bədii
obraza müəllifin münasibəti, habelə bədii
obrazın mahiyyətindən doğan təzahürlər:
dünyanı və insanı əks etdirən ifadə
üsulu, inkişafın əsas meyli və istiqamətliyi,
xalqın və dövrün ideallarının təcəssümü”.
Poeziya,
poeziya!
Ey qələm
qardaşım!
Mənimlə
düz-düzə,
Üz-üzə
oturan
Sirdaş
bacım,
Həmdəm
qardaşım!
Bu
dünya yolunda
Sən
ömür karvanım!
Haradasa
büdrəyib
Əbədi
yıxılsa
Saribanım,
Tufanlar səhrası
Boranlar gədiyi
adlayan,
Böhtanlar
ətəyi qatlayan
Cürətin olarmı?
Qüvvətin olarmı?
Ədəbiyyatşünaslıqda
bu cür yanaşmalar, həqiqi poeziya ilə şeir xətrinə
yazılan poeziyanın fərqi oxucular üçün bir
“seçim” vasitəsi olur, poeziyanın fəal estetik və
intellektual qüvvəsini büruzə verir: “Poeziyanın hər
bir şairə verilmiş ünvanı var, bunun köməyilə
oxucu arasında vasitəçilik var” - yazır.
Allahverdi Eminov Məmməd Arazın poeziyasının
dili və üslubu haqqında, mövzu dairəsi barədə
geniş danışmışdır,
orijinallığını xüsusi
vurğulamışdır. Plastiklik,
proporsiyalılıq xüsusi səslənir. İlk dəfə
olaraq şairdə “patetiklik” anlayışının mahiyyətini
müsbətə əsaslandırır: “Patetiklik estetik
kateqoriyadır və həyəcanlı, ehtiraslı mənanı
verir, həyatın dönüş anında mühüm qərar
etməsilə bağlı yaranan güclü hisslərin təsir
bağışlaması kimi də səciyyələnir”. Bu qənaətlə bir dilçi olaraq
razılaşıram, alimin ədəbi-bədii
dünyagörüşünün üstünlüyü ilə
əlaqələndirmək istərdim.
“Məmməd Arazın poeziyası” monoqrafiyası
şairin yaradıcılığı haqqında ilk geniş
tədqiqat əsəridir, ümumiyyətlə, şairin
poeziyası kontekstində atılan layiqli addımdır. İntəhasız
və gərgin zəhmətin nəticəsidir. Etiraf edim ki, son illərdə belə səpgili
monoqrafiya oxumamışam, yazılanlar da seyrçi,
qeyri-estetik, biçimsiz əsərlərdir.
İndi həqiqəti deyən yaşımız və
zövqümüzdür.
Nizami Xudiyev
Professor, Əməkdar elm xadimi
Yeni Azərbaycan.-
2019.- 17 may.- S.6.