Dinlərarası harmoniyanın Azərbaycan modeli

 

Bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən birinin tolerantlıq olması heç də təsadüfi deyildir. Zaman keçdikcə bu mövzu daha da aktuallaşır və bəşəriyyətin gələcəyi baxımından həyati əhəmiyyət kəsb edir. Çünki sürətli miqrasiya və inteqrasiya prosesi ilə müşayiət olunan qloballaşma dövründə tolerantlıq prinsiplərini bərqərar etmədən dünyada qalıcı sülhə və sabitliyə nail olmaq qeyri-mümkün görünür. Müasir dövrümüzün acı həqiqətlərindən biri ondan ibarətdir ki, heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verməkdədir. Azərbaycanda isə vəziyyət fərqlidir. Lakin bu fərqli mühit yeni yaranmayıb. Ölkəmizdə milli və dini dözümlülük tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir. Bu mənada ölkəmizi fərqləndirən cəhət tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçilərinin bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstərməsidir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, adət-ənənələrin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.

Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkəmizdə dövlət-din münasibətləri mövcud qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri də xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsidir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradılıb, dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilməyə başlanılıb, dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq güclənib. Məhz görülmüş bu işlər və atılmış addımlar sayəsində Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus modeli formalaşıb. Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar.

Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir. Ölkəmizdə multikulturalizm nəinki siyasi xətt kimi, eyni zamanda, milli keyfiyyət kimi də təqdim olunmaqdadır. Bu dəyərlərin iflasa uğradığını və ya təsirsizləşdiyini bildirən şəxslər Azərbaycana gəlib, ölkəmizin praktikada bu modeli necə yaşatdığını görə bilərlər. Məhz bu kontekstdən yanaşaraq, biz ölkəmizdəki multikultural mühitin, dövlət-din münasibətləri modelinin yaxından öyrənilməsinin bütün dünyaya faydalı olacağına inanır və tolerant təcrübəmizi hər zaman bölüşməyə hazırıq.

Bu baxımdan 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” bütün dünyada sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycanın son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar düzənləməsi, beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməsi buna əyani sübutdur. Rəsmi qurumların bu prosesə cəlb edilməsi dövlətin tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində hədəflərinə doğru irəliləməsini daha da sürətləndirir.

Belə ki, bu ilin 25-26 aprel tarixlərində Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avropa İttifaqının Bakı Ofisi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans da sadaladıqlarıma nümunə sayıla bilər. Avropa ölkələrindən dəvət edilmiş tanınmış elm və ictimaiyyət, xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat nümayəndələrinin, eləcə də ölkəmizdə fəaliyyət göstərən nüfuzlu din xadimlərinin iştirak etdiyi konfransda dini ayrı-seçkiliyin gücləndiyi müasir dövrdə ölkəmizdəki multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti bir daha nümayiş etdirildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “Azərbaycan Bibliya Cəmiyyəti”nin birgə təşkil etdiyi Pasxaya həsr olunmuş konsert-görüş beynəlxalq tədbirlə eyni vaxta təsadüf etdiyindən sözügedən konfransın iştirakçıları da konsertdə qonaq qismində iştirak etdilər. Dinə dövlət qayğısının təzahürü olaraq dövlət başçısının Sərəncamı ilə təmir edilən “Xilaskar” yevangelik-lüteran kilsəsində baş tutan konsert-görüşə “Azərbaycan Bibliya Cəmiyyəti”, “Vineyard Azərbaycan”, “Həyat sözü”, Xilaskar Yevangelik Lüteranların və Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının nümayəndələri dəvətli idilər.

Tədbirdə çıxış edən “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumunun keşişi Radoslav Şxudix və digər din xadimləri Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsinin Azərbaycanın uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil etdiyini vurğuladılar. Eyni zamanda, digər konfessiyaların nümayəndələri kimi, xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmağa görə yaradılan şəraitdən məmnunluqlarını dilə gətirdilər.

Tədbirin bədii hissəsi isə maraqlı anlarla yadda qaldı. “Vineyard” kilsəsinin rəqs qrupunun Azərbaycan bayrağına və musiqisinə dərin sevgisinin nümayiş etdirildiyi musiqi nömrələri xüsusi maraqla qarşılandı. Bununla da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların biri-birinə olan xoş münasibətini, dəstəyini əyani şəkildə bir daha nümayiş etdirmiş olduq.

Qürurverici haldır ki, Azərbaycanda bu təqdirəlayiq ənənənin əsası lap əvvəldən qoyulub. Dini konfessiyalar arasında tarixən formalaşmış qarşılıqlı hörmət hissi isə zaman keçdikcə bir-birinə dəstək münasibətləri ilə əvəz olunub. Respublikadakı dini konfessiyalar dar gündə birləşməyi, həmrəy olmağı bacarır, həmçinin xoş günlərdə bir-birini dəstəkləyirlər. Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də bütün dini icmaların nümayəndələrinin tez-tez bir araya gəlməsidir. Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Məhərrəm ayında təşkil edilən qanvermə aksiyasına ölkəmizdə fəaliyyət göstərən digər konfessiyaların rəhbərləri də qatılırlar. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir.

Bu komponentlər ölkəmizdə dini təhlükəsizliyin, eləcə də multikultural təhlükəsizliyin qarantı rolunu oynayır. Cəmiyyətimizin belə möhkəm dayaqlar üzərində dayanması da onun gələcək inkişafının sürətli və dinamik olacağından xəbər verir. Fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsini həyat tərzi kimi qəbul etmək bəşəriyyətin nicat yoludur. Multikulturalizmin Azərbaycan modeli də sübut edir ki, müxtəlif millətlərin və konfessiyaların təmsilçiləri öz identikliklərini qorumaqla və digərinə hörmətlə yanaşmaqla inkişaf etdirmək iqtidarındadırlar.

Səyavuş Heydərov

Azərbaycan Respublikası

Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin sədr müavini

 

Yeni Azərbaycan.- 2019.- 17 may.- S.5.