Aqrar sektorda yeni islahatlar
paketi elan olunub
Prezident
İlham Əliyev: Azərbaycanda kənd təsərrüfatı
texnoloji sahəyə çevrilməlidir və burada yeni
mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq
edilməlidir
Xəbər
verildiyi kimi, mayın 15-də Bakı Ekspo Mərkəzində
XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan”
və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
- “Caspian Agro” sərgiləri işə başlayıb. Azərbaycan
Prezidenti İlham Əliyev sərgilərlə tanış
olub. Sərgilər 32 ölkəni təmsil edən
440 şirkəti, eləcə də 11 milli və regional qrupu
bir araya gətirib. Ötən illə
müqayisədə sərgilərin ekspozisiya sahəsi 20 faiz
artıb. Artım
iştirakçıların sayında da qeydə
alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində
Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna,
Xorvatiya, Belarus, Türkiyə, Gürcüstan, Niderland
Krallığı və digər ölkələri təmsil
edən şirkətlər yer alır. Bütövlükdə,
eksponentlərin 70 faizini xarici şirkətlər təşkil
edir.
Həm yerli, həm də xarici şirkətlərdə
Bakıda keçirilən aqrar və qida sahəsi üzrə
regionun ən ixtisaslaşmış sərgilərinə
marağın artması isə heç də təsadüfi
deyil. Məlum olduğu kimi, yeni şəraitdə Azərbaycan
özünün iqtisadi resurslarından maksimum dərəcədə
istifadə etməyi hədəfləyib. Bu
baxımdan respublikamızda böyük potensiala malik kənd təsərrüfatının
da intensiv yolla inkişaf etdirilməsi prioritet vəzifələrdən
biri kimi qarşıya qoyulub. Dövlət
aqrar sektorda istehsal imkanlarının artırılmasına həm
siyasi, həm də maddi cəhətdən güclü dəstək
göstərir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, kənd təsərrüfatının
geniş potensialından daha səmərəli istifadə etmək
məqsədilə aqrar sektorda yeni islahatlar paketi elan olunub. Aqrar sektorda
aparılan islahatlar barədə bəhs olunan sərgilərin
açılış mərasimində də ətraflı
söhbət açılıb. Kənd təsərrüfatında
yeni islahatlar kursunun məqsədi ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün intitusional potensialın
gücləndirilməsindən, aqrar sahə üzrə
dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsindən,
biznes mühitinin yaxşılaşdırılmasından, kənd
təsərrüfatı məhsullarının istehsal
imkanlarının artırılmasından, bazar infrastrukturunun
təkmilləşdirilməsindən və
istehsalçıların bazara
çıxışının
asanlaşdırılmasını təmin etməkdən ibarətdir.
Bu məqsədlər üçün normativ-hüquqi
bazanın təkmilləşdirilməsi, Ərzaq Təhlükəsizliyi
Komissiyasının yaradılması, regional
ixtisaslaşdırma aparılması, aqrar sahəyə
investisiya qoyuluşlarının təşviq edilməsi,
informasiya-məsləhət xidməti şəbəkəsinin
formalaşdırılması, aqrar sığortanın tətbiqi
ilə bağlı hüquqi və institusional tədbirlər
görülməsi, ixracın çeşidinin
artırılması və bazarların diversifikasiyası və
s. addımların atılması nəzərdə tutulur.
Bütövlükdə, aqrar sektorun maddi-texniki
bazasının ardıcıl şəkildə möhkəmləndirilməsinə,
yeni yanaşmaların tətbiqinə “yaşıl
işıq” yandırılmasına, həmçinin bu sahədə
aparılan institusional islahatlara istinadən deyə bilərik
ki, respublikamızda məhsuldarlığın
artırılmasına hesablanan yeni bir kənd təsərrüfatı
sistemi formalaşdırılır. Şübhə
yoxdur ki, həyata keçirilən məqsədyönlü tədbirlər
və islahatlar perspektivdə milli iqtisadiyyatımızda aqrar
sektorun mövqeyinin möhkəmlənməsini təmin edəcək.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində aqrar sektorda
aparılan islahatların daha böyük nəticələrə
gətirib çıxardacağına əminliyini ifadə edərək
deyib: “Güzəştli şərtlərlə gübrələr,
yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə
bilərəm ki, Azərbaycan bu sahədə dünya
miqyasında fermerlərə dəstək baxımından ən
qabaqcıl ölkələrdən biridir. Həm
də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq
şərti ilə. Yəni, bu sahəyə
maksimum dəstək verilir. Bu sahədə
aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə
gətirib çıxaracaq”.
Respublikada
ərzaq təhlükəsizliyinin təmin edilməsi diqqət
mərkəzində saxlanılır
Yuxarıda qeyd olunduğu kimi, aqrar sektorda startı verilən
yeni islahatlar kursunun əsas hədəflərindən biri ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
institusional potensialın gücləndirilməsindən ibarətdir. Qlobal risklərin
artdığı bir şəraitdə Azərbaycan əhalinin
ərzaq təhlükəsizliyinə ölkənin milli təhlükəsizliyinin
vacib bir komponenti kimi daim böyük önəm verir. Son 15 ildə respublikamızda ərzaq təminatının
möhkəmləndirilməsi istiqamətində bir sıra
mühüm tədbirlər həyata keçirilib. Öz növbəsində bu istiqamətdə həyata
keçirilən tədbirlər artıq öz müsbət nəticələrini
verir. Respublikamızda bir sıra pozisiyalar
üzrə daxili ərzaq tələbatının 100 faiz həcmində
yerli istehsal hesabına ödənilməsi böyük nailiyyətdir.
Hazırda ölkəmizdə meyvə-tərəvəzə
olan daxili tələbat tam həcmdə yerli istehsal hesabına
təmin edilir. 2018-ci ildə respublikamızda 1,5 milyon tondan çox tərəvəz, 1 milyon
tondan çox meyvə və giləmeyvə istehsal olunub ki, bu
da müstəqillik dövründə qazanılmış ən
yüksək nəticədir.
Respublikanın ərzağa olan tələbatının
getdikcə daha böyük həcmdə yerli istehsal
hesabına ödənilməsi heyvandarlıq sahəsində
daha qabarıq şəkildə nəzərə
çarpır. Keçən il ölkə üzrə heyvandarlıq məhsullarının
istehsalında artım 2,7 faiz təşkil
edib. Bu sahənin yeni yanaşmalar əsasında
inkişaf etdirilməsi, o cümlədən də
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması sayəsində ölkədə
ət və ət məhsulları, quş əti, yumurta və
digər pozisiyalar üzrə daxili tələbat əsasən
yerli istehsal hesabına ödənilir, hətta ölkəmizin
müəyyən həcmlərdə ixrac imkanları da
yaranıb. Bütövlükdə, ölkəmizdə
əhalinin ərzaq təminatında mühüm rol oynayan
heyvandarlıq məhsullarının istehsalının
artım dinamikası kifayət qədər yüksəkdir.
Müqayisə üçün bildirək ki,
2004-cü ildə respublikamızda cəmi 196 min ton ət tədarük
edilib. 2018-ci ildə isə bu rəqəm
326 min tona yüksəlib. Ölkəyə
cins mal-qaranın idxalı, süni mayalanma mərkəzinin fəaliyyətə
başlaması, heç şübhəsiz ki,
respublikamızda heyvandarlıq məhsullarının
istehsalının perspektivdə daha da artmasını təmin
edəcək. Dövlət başçısı
qarşıya növbəti beş ildə
mal ətinin istehsalını 15 faiz artırmaqla bağlı
mühüm vəzifə qoyub. Respublikamızda son 15 ildə
quş əti istehsalı 44 min tondan keçən il 109 min tona yüksəlib. Süd
istehsalında artım daha yüksək olub. Belə ki, 2004-cü ildə respublikamızda 1 milyon
200 min ton, 2018-ci ildə isə 2 milyon ton süd istehsal edilib.
Növbəti 5 ildə görüləcək
işlər nəticəsində süd istehsalının təxminən
15-20 faiz artırılması hədəflənib.
Ölkədə əhalinin ərzaq təminatının
möhkəmləndirilməsində mühüm istiqamətlərdən
biri taxılçılıqdır. Respublikamızda aqrar
sektorun digər istiqamətləri kimi,
taxılçılıq da intensiv metodlarla inkişaf etdirilir
və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə
alınır. Respublikanın bölgələrində
taxılçılığın inkişafında Prezident
İlham Əliyevin tapşırığına əsasən
yaradılan iri fermer təsərrüfatlarının rolunu
xüsusi qeyd etmək lazımdır. İri
fermer təsərrüfatlarının yaradılması və
digər dəstək tədbirlərinin görülməsi nəticəsində
ölkədə taxıl istehsalı artır. 2004-cü
ildə respublikamızda cəmi 2 milyon ton taxıl
yığıldığı halda, keçən il bu rəqəm 3 milyon 200 min tona yüksəlib.
İri fermer təsərrüfatlarında və
aqroparklarda məhsuldarlıq daha yüksəkdir - hər hektar
üzrə 50 sentnerə bərabərdir, bəzi yerlərdə
isə daha yüksəkdir. Müqayisə
üçün bildirək ki, dünya üzrə hər
hektardan orta məhsuldarlıq 34 sentner, Avropa İttifaqı
ölkələrində isə 53 sentner təşkil edir.
Azərbaycan yeni yanaşmaları tətbiq etməklə iri
fermer təsərrüfatlarında məhsuldarlığı
50 sentnerə çatdırmağa nail olub ki, bu da
böyük uğurdur. Cari təsərrüfat
ilində respublikamızda 1 milyon 85 min hektar sahədə
taxıl əkilib və orta məhsuldarlığın daha
yüksək olacağı gözlənilir.
Təbii ki, əldə olunan uğurlar
arxayınçılıq üçün heç bir əsas
vermir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunan konfransdakı nitqində
diqqəti növbəti dəfə ərzaq təhlükəsizliyinin
prioritetliyinə çəkib. “Biz ərzaq təhlükəsizliyi
ilə bağlı bundan sonra da mütləq ciddi iş
aparmalıyıq, bu, prioritet məsələdir.
Məhsuldarlığın artırılması
istiqamətində işlər görülür. Hesab
edirəm ki, bu, yaxın gələcəkdə
özünü göstərəcək”, - deyə dövlət
başçısı bildirib.
Bu məqamda onu da vurğulayaq ki, respublikamızda əhalinin
etibarlı və keyfiyyətli ərzaq təminatına nail
olmaq üçün yetişdirilən məhsulların
istehlakçılara çatdırılması
üçün də müvafiq tədbirlər
görülür. Bazar infrastrukturunun təkmilləşdirilməsi
aqrar sektorda başlanan yeni islahatlar kursunun əsas hədəfləri
sırasında yer alır. Bildirmək yerinə
düşər ki, bir qədər bundan əvvəl Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət
Şirkətinin (DATŞ) “Kənddən Şəhərə”
markası adı altında brendləşdirilmiş məhsulların,
eyniadlı onlayn satış platformasının və mobil əlavənin
təqdimat mərasimi keçirilib.
Yeri gəlmişkən,
yuxarıda bəhs edilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi
- “WorldFood Azerbaijan” sərgisində “Made in Azerbaijan” brendi ilə
geniş çeşiddə qida, o cümlədən ət və
süd məhsulları, çay, bal, şirələr və
milli istehsalçıların digər malları, həmçinin
metal konstruksiyalar təqdim olunur. Sərginin sektorları
arasında: “WorldFood” - qida sənayesi, “WorldDrink” - içkilər,
“WorldFoodTech” - texnologiyalar sektorları yer alır. Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi
ilə qida sənayesi sahəsində fəaliyyət göstərən
startaplar, mikro və kiçik sahibkarlıq subyektləri
öz məhsul və xidmətlərini təqdim edirlər.
Ölkənin
aqrar sektorunda yetişdirilən məhsulların ixrac
coğrafiyası genişlənir
Daxili istehlak bazarını yerli məhsullarla təmin edən
Azərbaycan, eyni zamanda, aqrar sektorda böyük ixrac
imkanlarına malikdir. Məlumdur ki, son illərdə respublikamızda Prezident
İlham Əliyevin siyasi iradəsi sayəsində
reallaşdırılan islahatlar çərçivəsində
ixracın səmərəli təşviq mexanizmi işə
salınıb, “Made in Azerbaijan” brendi yaradılıb, regionlarda
çoxlu sayda saxlama kameraları istifadəyə verilib, həmçinin
ayrı-ayrı xarici ölkələrdə logistik mərkəzlərin
təşkili istiqamətində işlər uğurla davam
etdirilir.
Respublikamızda
ixracın genişləndirilməsinə nail olmaq
üçün hüquqi və praktiki müstəvidə həyata
keçirilən tədbirlər öz nəticəsini verir. Aqrar sektorda ixracın genişlənməsi bunu bir
daha təsdiqləyir. Son illərdə
respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o
cümlədən də regionlarda aqrar sektorda yetişdirilən
məhsulların hesabına genişlənir. 2018-ci ildə
dövlət dəstəyi hesabına xarici ölkələrə
11 ixrac missiyası təşkil olunub, bölgələrdə
fəaliyyət göstərən şirkətlər xarici
ölkələrdə keçirilmiş 11 beynəlxalq sərgidə
vahid ölkə stendi ilə iştirak ediblər. Bu tədbirlər
çərçivəsində ABŞ, Almaniya, BƏƏ,
Çexiya, Qətər və digər ölkələrə
Azərbaycan şirkətlərinin istehsalı olan kənd təsərrüfatı
məhsulları, o cümlədən də meyvə-tərəvəz,
nar şirəsi, şərab, ət məhsulları, quru
süd, fındıq, qənnadı məhsulları, bal,
çay və digər məhsulların ixracına dair 50-dən
çox müqavilə imzalanıb və razılaşma əldə
olunub. Görülmüş tədbirlər nəticəsində
2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən kənd təsərrüfatı
və emalı məhsullarının ixracı 13,8 faiz, xarici
ticarət fəaliyyəti ilə məşğul olan
sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb.
Bütövlükdə, ötən il Azərbaycandan
3088 çeşiddə məhsul ixrac edilib.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq
edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də
davam etdirilir.
Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının
həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan
şirkətlərinin vahid ölkə stendi ilə təmsil
olunması, eləcə də ixracla məşğul olan
sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi
nəzərdə tutulub. Nazirlər Kabinetinin
2019-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında kənd təsərrüfatı
naziri İnam Kərimov məlumat verərək bildirib ki, aqrar
sahədə müsbət inkişaf dinamikası cari ildə də
davam edir. Birinci rübdə əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə ümumi istehsal həcmi
3,6 faiz, o cümlədən bitkiçilik
24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz
istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi
isə 28,2 faiz artıb. Bu məqamda
vurğulamaq yerinə düşər ki, pomidor, xurma,
findıq, pambıq yeni iqtisadi şəraitdə Azərbaycana
ən çox valyuta gətirən kənd təsərrüfatı
məhsulları sırasında yer alır. Son bir ildə
pomidor ixracı ölkəmizə 177 milyon, xurma ixracı 114
milyon, pambıq və pambıq məmulatları ixracı 108
milyon, fındıq ixracı 100 milyon, alma ixracı 38 milyon
dollar valyuta qazandırıb.
Son illərdə Azərbaycan məhsullarının ixrac
coğrafiyasının genişlənməsi də məmnunluq
doğurur. Hazırda məhsullarımız qonşu dövlətlərə,
eyni zamanda, Körfəz və Asiya ölkələrinə
çıxardılır. Prezident İlham Əliyev
qarşıya Avropa İttifaqı ölkələrinə də
müxtəlif növ məhsulların ixracının
genişləndirilməsinə nail olmaqla bağlı
mühüm vəzifə qoyub. “Biz kənd təsərrüfatı
məhsullarının ixracını artırmalıyıq.
Düzdür, son 15 il ərzində kənd
təsərrüfatı məhsullarının ixracı təxminən
6 dəfə artıb. Ancaq potensial da
böyükdür və biz yeni bazarlara
çıxmalıyıq. Ticarət evləri
açılır, ixrac missiyaları göndərilir, dövlət
tərəfindən sahibkarlara çox böyük dəstək
verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər”,
- deyə Prezident İlham Əliyev yuxarıda bəhs olunan
konfransdakı nitqində bildirib.
Azərbaycanın ixrac yönümlü kənd təsərrüfatı
məhsullarının tanıdılması baxımından
“Caspian Agro 2019” sərgisinin əhəmiyyətini xüsusi
vurğulamaq lazımdır. Qeyd etdiyimiz kimi, sərgiyə
qatılan şirkətlərin təmsil etdikləri ölkələrin
coğrafiyası kifayət qədər genişdir. Respublikamızın sərgidə “Made in Azerbaijan”
brendi ilə təqdim etdiyi kənd təsərrüfatı məhsulları
xarici iştirakçıların böyük marağına
səbəb olub. Onlar keyfiyyətli Azərbaycan
məhsullarını almaqla bağlı niyyətlərini
bildiriblər.
Qarşıya
qoyulan əsas vəzifə aqrar sektoru bundan sonra yeni
yanaşmaların tətbiqi yolu ilə inkişaf etdirməkdir
Elan olunan islahatlar kursu çərçivəsində
ölkəmizdə aqrar sektorun bir sıra yeni inkişaf
paradiqmaları müəyyənləşdirilib. Nazirlər
Kabinetinin bəhs olunan iclasında bununla bağlı
mesajlarını çatdıran Prezident İlham Əliyev
bildirib ki, biz investisiyaları daha çox şəhərlərə
cəlb edirik. Ancaq kəndlərin yeni
inkişaf konsepsiyası hazırlanmalıdır. “Azərbaycanda
kənd təsərrüfatı texnoloji sahəyə
çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən
aqrar sığorta mexanizmi tətbiq edilməlidir”, - deyə
dövlət başçısı bildirib.
Ölkəmizdə aqrar sektorda istehsal imkanlarını
daha da artırmağa hesablanan islahatların və yeni
yanaşmaların əhatə dairəsi kifayət qədər
genişdir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri İnam Kərimov Nazirlər Kabinetinin bəhs olunan
iclasındakı çıxışında bildirib ki, aqrar
sahədə inkişafın davamlılığını təmin
etmək üçün dövlət
başçısının müəyyənləşdirdiyi
strateji kursa uyğun olaraq, Kənd Təsərrüfatı
Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik,
innovasiyaların tətbiqi və fermerlərə
yaxınlıq prinsiplərinə əsasən qurub. Fermerlərə xidmətlərin əlçatanlığını
və keyfiyyətini artırmaq məqsədilə nazirliyin
rayon idarələrinin əsasında Dövlət Aqrar
İnkişaf mərkəzləri yaradılıb. Bununla da keçmiş kənd təsərrüfatı
idarələri inzibati strukturdan xidmət qurumlarına
çevriliblər. Mərkəzlərdə
“vahid pəncərə” prinsipinə uyğun olaraq, fermerlərə
70-ə yaxın xidmət göstərilir.
Ölkədə
aparılan struktur islahatlarının davamı olaraq Prezident
İlham Əliyevin 14 yanvar 2019-cu il tarixində
imzaladığı müvafiq Fərman aqrar sahədə idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqındadır. Bəhs olunan Fərmanla
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin
yaradılması qərara alınıb. Agentlik
baytarlıq, fitosanitar, toxum müfəttişliyi və texniki
nəzarət xidmətləri üzrə çevik və səmərəli
idarəetməni təmin edəcək.
“Lizinq fəaliyyəti ilə bağlı həyata
keçirilən islahat nəticəsində bazarda azad və ədalətli
rəqabət mühiti formalaşıb. Belə ki, texnika və
damazlıq heyvan alışına tətbiq edilən güzəştlər
bütün təchizatçı şirkətlərə
şamil olunub və “Aqrolizinq” ASC artıq bu bazarın
iştirakçısı deyil. Bu isə həm texnikanın,
həm də damazlıq heyvanların satış qiymətinin
əsaslı ucuzlaşmasına səbəb olub.
Fermerlərə subsidiyaların və güzəştli
kreditlərin verilməsində şəffaflığı və
çevikliyi təmin etmək məqsədilə ötən
il Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb.
Fermerlərin qayğı və problemlərini
daha yaxından dinləmək üçün bütün
rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları
yaradılıb, Aqrar Könüllülər Hərəkatı
formalaşdırılıb. Nazirliyin dəstəyi ilə son
6 ay ərzində 11 fermer assosiasiyası yaradılıb”, - deyə
İnam Kərimov bildirib.
Ölkədə Elektron Kənd Təsərrüfatı
İnformasiya Sisteminin yaradılması və bu sistemin əhatə
dairəsinin genişləndirilməsi təqdirəlayiq
haldır. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni
Azərbaycan”a verilən məlumata əsasən, sistemdə
qeydiyyatdan keçmiş fermerlərin sayı artıq 200 min nəfəri
ötüb. Bütün ölkə üzrə bu proses
intensiv şəkildə genişlənir.
İ.Kərimov deyib ki, kənd təsərrüfatında
innovasiyaların tətbiqi, mütərəqqi həllər və
texnologiyalardan daha geniş istifadənin təmin olunması da əsas
vəzifələrdəndir. Bu məqsədlə Aqrar Elm və
İnnovasiya Mərkəzi formalaşdırılıb. Həmçinin
nazirliyin elmi-tədqiqat institutları
araşdırmalarını innovativ yeniliklərin fermerlərə
ötürülməsi istiqamətində qurublar.
Bu məqamda belə bir faktı da vurğulamaq
yerinə düşər ki, Kənd Təsərrüfatı
Nazirliyi “Caspian Agro 2019” sərgisində məhz innovativ stend ilə
iştirak edir. Stenddə ölkənin kənd təsərrüfatı
sahəsindəki ən son nailiyyətlər, eləcə də
ən son sənaye yenilikləri nümayiş olunur. Həmçinin
stenddə nazirlik tərəfindən dəstəklənən
perspektivli “startaplar” geniş təqdim edilir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2019.- 17 may.- S.3.