2019-cu ilin birinci rübündə cənub
bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri
uğurlu olub
Bu dövrdə Lənkəran, Astara, Cəlilabad
və Biləsuvar rayonlarında əldə olunan nəticələr
də bunu deməyə əsas verir
Ölkəmizdə son 15 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində
bütün sahələrdə möhtəşəm nailiyyətlər
əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın
bölgələrini də əhatə edib, regionların
sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni
zamanda respublikamızda regionların sosial-iqtisadi
inkişafına dair əvvəlki iki Dövlət Proqramı
kimi, 2014-2018-ci illəri əhatə edən sayca
üçüncü proqramın icrası da yüksək səviyyədə
təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il
tarixində imzaladığı növbəti Fərmanla isə
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiqlənib. Yeri gəlmişkən
dövlət başçısı cari il yanvarın 29-da
keçirilən “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin
inkişafı baxımından üçüncü Dövlət
Proqramını yüksək qiymətləndirib:
“Regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramının icrası
təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş
proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində
qarşımıza qoyduğumuz bütün vəzifələr
icra olundu. Üçüncü proqramın çox
böyük əhəmiyyəti var. Bu proqram bizə imkan
yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan
islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, Azərbaycanda
2004-cü ildən etibarən böyük uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları respublikanın
bölgələrinin ümumi inkişaf dinamikasını
artırmaqla yanaşı, hər bir rayonda əldə edilən
uğurlarla müşayiət olunub. Və bu uğurlar 2019-cu ilin
birinci rübündə də davam edib. Bu məqamda
vurğulamaq yerinə düşər ki, 2019-cu ilin birinci
rübü respublikamızın cənub bölgəsi
üçün də uğurlu olub. Bunu Lənkəran,
Astara, Cəlilabad və Biləsuvar rayonlarının
timsalında demək mümkündür.
Konkret faktlara gəlincə deyə bilərik ki,
regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata
keçirilən işlər və əldə edilən nəticələr
Lənkəranda da özünü əyani şəkildə
göstərir. Bu barədə şəhər İcra
Hakimiyyəti başçısı yanında şuranın
geniş iclasında ətraflı məlumat verilib.
İclasda hesabat məruzəsi ilə çıxış edən
Lənkəran şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov bildirib ki, cari ilin ilk 3
ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni
həyatın bütün sahələrində islahatlar
sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə
yüksəlib, nəzərdə tutulan layihələr
vaxtında icra olunub, vətəndaşların həyat şəraiti
bu müddətdə daha da yaxşılaşıb. Natiq bu dövrdə respublikanın bütün
bölgələri kimi, Lənkəran rayonunun da sosial-iqtisadi
və mədəni həyatında mühüm
uğurların əldə olunduğunu diqqətə
çatdırıb. Qeyd olunub ki, əvvəlki
vaxtlarda olduğu kimi 2019-cu ilin birinci rübündə də
Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında
inkişaf meyilləri davam edib, iqtisadi göstəricilər
artan templə yüksəlib. İlk 3 ayda rayonda bir
sıra həyati əhəmiyyətli infrastruktur layihələr
icra olunub, sənayedə, kənd təsərrüfatında,
tikintidə, yol-abadlıq işlərində işin həcmi
artıb, yeni iş yerləri açılıb, əhalinin
yaşayış səviyyəsi durmadan
yaxşılaşmaqda davam edib. Hesabat
dövründə rayonda ümumi məhsul
buraxılışı 1.1 faiz artaraq 698.3 milyon manat təşkil
edib. Sənayedə 9.4 milyon manatlıq məhsul
istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8.4
faiz çox olub. Sənayenin qeyri-dövlət
sektorunda istehsalın həcmi 6.8 milyon manat, ümumi həcmdə
onun xüsusi çəkisi 18.4 faiz təşkil edib. Cari ilin birinci rübündə rayonda
iqtisadiyyatın prioritet istiqaməti olan aqrar sahədə də
işlər uğurla davam edib, məhsul istehsalı əvvəlki
dövrə nisbətən çoxalıb.
Sahibkarlığın inkişafı nəticəsində
rayonda sənayedə istehsalın həcminin 72.1 faizi, aqrar
bölmədə 99 faizi və ödənişli xidmətlərin
76.2 faizi özəl bölmənin payına düşüb.
Rayonda iqtisadiyyatın və sosial sferanın
inkişafına 9.6 milyon manat investisiya yönəldilib. Tikinti-quraşdırma
işlərində istifadə edilmiş investisiyanın həcmi
8.8 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə ticarət xidməti
4.5 faiz, ödənişli xidmətlər 1.5 faiz
artmış, orta aylıq əməkhaqqı 310 manat təşkil
edib. Məruzədə qeyd olunub ki, ölkə Prezidentinin
ardıcıl diqqəti və qayğısı ilə rüb
ərzində rayonda abadlıq və quruculuq işləri
geniş vüsət alıb, şəhərdə 150 nəfərin
çalışacağı qənnadı fabrikinin tikintisinə
və ölkə Prezidentinin müvafiq Sərəncamı ilə
11 min nəfər əhalinin gündəlik olaraq istifadə
etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri
və asfaltlanması işlərinə başlanılıb.
Bu dövrdə magistral yollar boyu və şəhərdaxili
küçələrdə hasar və barının
suvaqlanaraq rənglənib, eyni zamanda şəhərin park və
bağlarında 7 min ağac, 10 min ədəd dekorativ ağac
və gül kolu əkilib, şəhərdaxili yollara 3500 kv/m
isti asfaltın döşənib, 4 çoxmənzilli
yaşayış binasının dam örtuyü dəyişdirilib,
2 binada liftlərin təmiri ilə bağlı tədbirlər
görülüb. İcra başçısı təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə əlaqədar Lənkəran Dövlət Universiteti
üçün əlavə tədris korpusunun və
yataqxananın, Şıxakəran kəndində 432 şagird
yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində
modul tipli məktəblərin tikinti işlərinin davam
etdirildiyini, Gəgiran kəndində 264 şagird yerlik təzə
məktəbin tikintisi ilə bağlı hazırlıq
işləri görüldüyünü diqqətə
çatdırıb.
Bildirilib
ki, birinci rübdə rayonda ümumilikdə 324 iş yeri
açılıb ki, onlardan 183-ü daimi
iş yerləri olub. Bundan başqa, Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda
135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə
haqqı ödənilən ictimai işlərə cəlb
edilib, eyni zamanda Regional Qaz İdarəsinə 135 nəfər,
Regional Elektrik Şəbəkəsinə 55 nəfər,
ümumilikdə 1310 nəfər işlə təmin olunub. Haqqı ödənilən ictimai işlərə cəlb
olunanların təkcə Lənkəran şəhərini və
ətraf kəndləri deyil, eyni zamanda rayonun digər ərazilərində
işləməyə ehtiyacı olan insanları da əhatə
etməsinin təqdirəlayiq hal olduğu və əhali tərəfindən
minnətdarlıqla qarşılandığı xüsusi vurğulanıb.
İcra başçısı vətəndaşların
qəbulu və müraciətlərinə baxılması ilə
bağlı görülən işlər və yerlərdə
keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin
daim diqqətdə saxlandığını və həlli ilə
bağlı müvafiq tədbirlərin
görüldüyünü bildirib.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının məsul əməkdaşı Dəyanət
Abdullayev çıxış edərək Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
sosial-iqtisadi islahatların ölkənin tərəqqisində
və vətəndaşların həyat şəraitinin
yüksəlməsindəki rolu barədə
danışıb.
2019-cu ilin birinci rübü Astara rayonu üçün
də uğurlu olub. Belə ki, bu dövrdə Astara rayonunda
ümumi məhsul istehsalının və xidmətlərin həcmi
33 milyon manat təşkil edib. Bunun 12 faizi sənayenin, 26
faizi kənd təsərrüfatının, 11 faizi tikintinin,
48 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri
üzrə xidmətlər sahəsinin, 2 faizi nəqliyyat və
anbar təsərrüfatının, 1 faizi informasiya və
rabitənin payına düşüb. Bu fikirlər
mayın 14-də Astarada keçirilən bu ilin birinci
rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində
görülmüş işlər və qarşıda duran vəzifələrə
həsr olunmuş yığıncaqda rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin məruzəsində
səsləndirilib. Hesabat məruzəsində qeyd olunub
ki, ilin üç ayında rayonda 360 şagird yerlik Burzubənd
kənd tam orta məktəbi üçün yeni binanın,
Ərçivan qəsəbəsində çəltik dəyirmanının,
Astara şəhərində 48 mənzilli yaşayış
binasının tikintisi və uzunluğu 11,6 kilometr olan, 6
yaşayış məntəqəsini birləşdirən
Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş
avtomobil yolunun yenidən qurulması işlərinə
başlanılıb.
Bu
dövrdə rayonun Şəmətük kəndində 20
şagird yerlik modul tipli ibtidai məktəb binasının
tikintisi və Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi
və kənd icmasının köməkliyi ilə Kijəbə
qəsəbəsi ərazisində 150 ev təsərrüfatının
suvarma suyuna olan tələbatını ödəmək məqsədilə
su xəttinin çəkilişi başa
çatdırılıb, Motalayataq kənd tibb məntəqəsi
üçün yeni binanın tikintisinə start verilib.
Yaşayış
üçün yararsız olan Astara şəhərinin Kələdəhnə
yaşayış massivində keçmiş peşə məktəbinə
məxsus yataqxana binalarında yaşayan sakinlərin müraciətləri
nəzərə alınaraq, onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
həmin yataqxana binaları Mənzil Kommunal Tikinti Təsərrüfatı
İstehsalat Birliyinin balansına verilib, orada təmir və bərpa
işlərinə başlanılıb.
Bildirilib ki, bu ilin üç ayında rayonda aqrar sahənin
inkişafına diqqət artırılıb. Əkin üçün
şum işləri aparılıb, payızlıq və
yazlıq bitkiləri əkilib. Bələdiyyə
və meşə torpaqlarında sitrus, tut və fındıq əkininə
yararlı torpaqlar müəyyənləşdirilərək əkinə
cəlb edilib. Rayonda sitrus və subtropik
meyvə bağlarının ümumi sahəsi 4 min hektara
çatdırılıb.
Qeyd olunub ki, Astara Rayon Məşğulluq Mərkəzində
732 nəfər işaxtaran vətəndaş qeydiyyata
alınıb.
Onların 53 nəfəri qaz istismar sahəsində, 45 nəfəri
elektrik şəbəkəsində, 20 nəfəri Astara
Elektrik Stansiyasında, 20 nəfəri Fövqəladə
Hallar Nazirliyinin müvafiq hərbi birləşmələrində,
345 nəfəri isə DOST İş Mərkəzi MMC-də
işlə təmin olunub. Aztəminatlı ailələrdən
olan işaxtaran və işsiz vətəndaşlardan 18 nəfəri
özünüməşğulluq layihəsinə cəlb
edilib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 18 may.- S.7.