Ekoloji problemin həlli və ətraf
mühitin qorunması hər bir insanın mənəvi borcudur
Azərbaycan Respublikasının ekologiya və
təbii sərvətlər naziri Muxtar Babayev www.yap.org.az saytına
müsahibə verib:
- Muxtar müəllim, məlum olduğu kimi,
dövlət başçısının qərarları ilə
bir sıra dövlət qurumlarında struktur islahatları
aparılır. Bu baxımdan, ölkə rəhbərinin
müvafiq Fərmanına əsasən Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı hansı tədbirlər həyata
keçirilir?
- Cənab Prezidentin rəhbərliyi
ilə aparılan struktur islahatlarının əsas məqsədi
idarəetmədə çevikliyi və səmərəliliyi
artırmaq, cəmiyyətdə formalaşan yeni
çağırışlara və iqtisadiyyatda baş verən
struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin etməkdir. Bu Fərman
nazirliyin bugünkü və gələcək fəaliyyəti
üçün son dərəcə əhəmiyyətlidir.
Optimallaşma nəticəsində paralel strukturların aradan
qaldırılması və mövcud strukturların yenidən
təşkili ilə büdcə vəsaitinə qənaət
olunacaqdır.
Fərmandan irəli gələn
fəaliyyətlərin icra edilməsi nəticəsində vətəndaşlara
şəffaf, operativ və resurslara qənaət etməklə
xidmət göstəriləcək, dövlət xidmətləri
daha əlçatan və keyfiyyətli olacaqdır.
- Azərbaycanda ekoloji təhlükəsizliyin təmin
edilməsi dövlət siyasətinin prioritetlərindəndir.
Bu istiqamətdə hansı işlər görülür?
- Ölkəmizin zəngin təbiətini
qorumaq, bərpa etmək üçün yeni layihələr həyata
keçirilir. Ekoloji tarazlığın
qorunması, təbii ehtiyatların, o cümlədən
faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz
sərvətlərin, meşələrin və biomüxtəlifliyin
mühafizəsi sahəsində mövcud olan “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə
dair 2017-2020-ci illər üçün Milli Strategiya”, “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri” və digər Dövlət
proqramları çərçivəsində mövcud ekoloji
problemlərin həlli istiqamətində müvafiq tədbirlər
həyata keçirilir.
Uzun illər ərzində neft sənayesinin
fəaliyyətindən əmələ gəlmiş
tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin
həddindən artıq çirklənməsinə səbəb
olmuşdur. Çirklənmiş ərazilərin bərpası
əhalinin sağlamlığı üçün risklərin
azaldılması, Bakı şəhəri və ətraf qəsəbələrin
inkişafı, təmizlənmiş ərazilərin iqtisadi
dövriyyəyə qaytarılması baxımından zəruridir.
Bununla əlaqədar ETSN tərəfindən
2018-ci ildə Suraxanı rayonunda müxtəlif ərazilərdə,
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində
uzun illər formalaşan gölməçələrin
qurudulması, neft və neft şlamı ilə çirklənmiş
ərazilərin təmizlənməsi işləri
aparılır.
Abşeron yarımadasında tullantı və
lay suları ilə çirklənmiş göllər ekoloji
şəraitə ciddi təsir göstərir və Xəzər
dənizinin çirkləndirilməsində mühüm rol
oynayır.
Yarımadada göllər üzrə
araşdırmalar aparılmış, 9 gölün (Xocasən,
Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat, Zığ,
Bülbülə və Böyükşor) ekoloji vəziyyətinin
yaxşılaşdırılması istiqamətində tədbirlərin
görülməsi prioritet hesab edilmişdir.
Azərbaycan Respublikası BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Paris Sazişini 2016-cı ilin
oktyabrında ratifikasiya edərək 2030-cu ilədək istilik
effekti yaradan qazların emissiyalarının səviyyəsində
35% azalmanı hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək
üçün ətraf mühitə dost texnologiyalar tətbiq
etməklə infrastruktur layihələri icra olunmalı,
tükənməyən enerji mənbələrindən istifadə,
enerji səmərəliliyinin artırılması və digər
istiqamətlərdə müvafiq layihələr həyata
keçirilməlidir.
Digər ölkələrdə olduğu kimi,
Azərbaycanda da iqlim dəyişmələrinin fəsadları
müşahidə olunmaqdadır və təhlükəli
hidrometeoroloji hadisələrın sayında, intensivliyində
artım tendensiyası izlənilir. Bu sahədə ölkədə
erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi,
dəniz hidrometeoroloji şəbəkəsinin
avtomatlaşdırılması, yeni proqnoz modellərinin tətbiqi
ilə hidrometeoroloji xidmət sahəsinin modernləşdirilməsi
nəzərdə tutulub.
Havanın çirklənməsi məsələlərinə
də böyük diqqət göstərilir. Qeyd etmək
lazımdır ki, yeni yaradılan müəssisələrdə
ekoloji tələblərə cavab verən müasir
texnologiyaların tətbiqi ətraf mühitin qorunmasında
mühüm rol oynayır. Həyata keçirilmiş tədbirlər,
xüsusən Bakı və Sumqayıt kimi iri şəhərlərin
ekoloji vəziyyətinin yaxşılaşdırılması
istiqamətində öz töhfəsini vermişdir.
Bu gün ölkəmizdə
atmosfer havasının keyfiyyətinə təsir edən digər
əsas amillərdən biri də təsərrüfat fəaliyyəti
zamanı ekoloji norma və standartlara riayət
olunmamasıdır. Ümumiyyətlə, havanı çirkləndirən
amillərə qarşı ciddi mübarizə
aparılması qarşıya mühüm vəzifə
kimi qoyulub. Havanın çirklənməsinin 70%-dən
çoxu avtonəqliyyatın payına düşür. Heydər
Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma
və modernizasiya işləri paytaxtın ekoloji mühitinin
yaxşılaşdırılmasına müsbət təsir
edəcəkdir.
Təsərrüfat obyektlərində
müvafiq avadanlıqların qurulması da ciddi nəzarətə
götürülmüşdür. Atmosfer havasına atılan
tullantıların qarşısının alınması
istiqamətində maarifləndirmə, təşviqat və
inzibati tədbirlər həyata keçirilir.
- Prezident İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik
qablaşdırma tullantılarının ətraf mühitə
mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər
üçün Tədbirlər Planı” ilə bağlı
nə kimi addımlar atılır?
- Hazırda bir çox inkişaf etmiş
ölkələrdə plastik qablaşdırıcılardan
istifadənin azaldılması istiqamətində müvafiq
qanunvericilik bazası yaradılır, onların toplanması və
təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin
bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli
olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan
istifadə edilir. Bununla yanaşı, dəfələrlə
istifadə oluna bilən parça torbalardan, bakteriyaların və
ya digər canlı orqanizmlərin parçalaya biləcəyi
çantalardan istifadənin təşviqi də görülən
tədbirlər sırasındadır. Ümumilikdə isə,
40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb.
Ölkə rəhbəri tərəfindən
verilmiş Sərəncam bu kimi məsələlərin həllində
əhəmiyyətli rol oynadı. Tədbirlər Planı
2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək
olan dövr üçün uzunmüddətli
baxışı və 2025-ci ildən sonrakı dövr
üçün hədəf baxışını əhatə
edir. Tədbirlər Planında plastik qablaşdırma
materiallarının ətraf mühitə mənfi təsirinin
azaldılması və onların alternativlərinin ölkə
bazarına daxil olmasının asanlaşdırılması
üçün stimullaşdırıcı tədbirlər nəzərdə
tutulub.
Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2017-ci ildə Azərbaycanda
istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi
2010-cu illə müqayisədə təqribən 2,5 dəfə
artıb, eyni zamanda, 2009-cu illə müqayisədə 5 dəfə
çox plastik qablaşdırıcı idxal edilib. Ölkədə
hər il orta hesabla adambaşına 24 kiloqram plastik tullantı
yaranır.
Tullantıların idarə olunması
bütün ölkələrə xas olan problemdir və
iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə
də özünü göstərir. Balaxanı
poliqonunun müasir standartlara uyğun yenidən qurulması, Bərk
Məişət Tullantılarının
Yandırılması və Çeşidlənməsi
zavodlarının istismara verilməsi, Təhlükəli
Tullantılar Poliqonunun yaradılması, poliqonların əksəriyyətinin
tam bərpa olunması və çoxsaylı qeyri-qanuni
tullantı sahələrinin təmizlənməsi
hesabına Bakıda köklü müsbət dəyişikliklər
hiss olunur.
Lakin digər ərazilərdə, xüsusilə
də iri yaşayış məntəqələrində məişət
tullantılarının daşınması və yerləşdirilməsi
narahatlıq doğurur.
- Bəs respublikamızda su ehtiyatlarının
idarə edilməsi ilə bağlı durum hansı səviyyədədir?
- BMT-nin 2018-ci ildə nəşr
olunmuş Dünya Su İnkişafı Hesabatına əsasən
iqtisadiyyatın inkişafı və əhalinin artması səbəbindən
suya olan tələbat hər il təqribən 1% artır və
bu əsasən inkişaf etməkdə olan ölkələrdə
daha çox özünü büruzə verir.
Hazırda dünya əhalisinin 40%-dən çoxu su
qıtlığı problemindən əziyyət çəkir
və iqlim dəyişikliyi nəticəsində 2050-ci ilə
qədər bu rəqəmin artacağı
proqnozlaşdırılır.
Ölkəmizə gəlincə,
araşdırmalara görə, Cənubi Qafqazın ümumi su
ehtiyatının yalnız 10 faizi Azərbaycanın payına
düşür. Ölkənin su ehtiyatlarının təqribən
70%-i qonşu dövlətlərin ərazisində
formalaşır və Azərbaycan üçün regional su
resurslarının dövlətlərarası ədalətli
bölünməsi məsələsi xüsusi əhəmiyyət
kəsb edir. Respublikanın ərazisinin 3/4 hissəsi ölkənin
ən böyük su arteriyası olan Kür çayı
hövzəsinin aşağı relyefində yerləşdiyindən,
çayın qonşu dövlətlərin ərazilərində
çirklənməsi ekoloji gərginlik yaradır.
Dinamik iqtisadi inkişafla əlaqədar
ölkədə kifayət qədər iri su istifadəçiləri
yaranmışdır ki, onların da fəaliyyət sahəsində
içməli sudan təyinatına uyğun olmayaraq səmərəsiz
istifadə və israfçılıq hallarına yol verilir.
Təbii mənbələrdən götürülən suyun
istehlakçıya çatdırılması prosesində də
böyük itkiyə yol verilir ki, bu da az su ehtiyatlarına
malik olan ölkəmiz üçün böyük rəqəm
hesab olunur.
Hazırda ölkəmizdə su
qıtlığının qarşısının
alınması məqsədi ilə yeni alternativ su mənbələrinin
yaradılması istiqamətində müvafiq işlər həyata
keçirilir. Su istehlakçılarının tələbatının
tam ödənilməsi məqsədilə əlavə
müxtəlif tutumlu yeni su anbarlarının yaradılması
ölkənin su təhlükəsizliyində mühüm rol
oynaya bilər. Yaxın gələcəkdə alternativ su mənbələrinin
axtarışı, yağış sularından istifadə
olunması, dəniz suyunun duzsuzlaşdırılması, sudan
təkrar istifadə kimi amillər də nəzərə
alınmalıdır.
- Muxtar müəllim, hazırda Xəzər dənizinin
ekoloji vəziyyəti də aktual məsələlərdən
biridir. Xəzərin ekoloji vəziyyətinin çirklənməsinin
qarşısının alınması üçün
hansı tədbirlər həyata keçirilir?
- Bu gün nazirliyin fəaliyyət hədəflərindən
biri Xəzər dənizinin çirklənməsinin
qarşısını almağa yönəlib. Mümkün
olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər
ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin.
Lakin əfsuslar olsun ki, antropogen və təbii
amillərin təsiri (qlobal iqlim dəyişiklikləri, dəniz
səviyyəsinin tərəddüdü, çay
axınının həddən artıq tənzimlənməsi,
çirklənmə, qanunsuz balıq ovu və s.) Xəzər
dənizi ekosisteminin deqradasiyasına gətirib
çıxarmışdır.
Xəzər dənizinin əsas
çirklənmə mənbələri onun hövzəsində,
sahillərində və akvatoriyasında yerləşən
şəhərlərin və sənaye obyektlərinin
çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən
daxil olan müxtəlif çirkləndiricilərdir.
Dənizin Azərbaycan sektorunda və
onun şimaldan cənubadək sahil zolağında, o cümlədən
çimərlik ərazilərində, eləcə də dənizdə
fəaliyyət göstərən müəssisə və
obyektlərdə, üzən vasitələrdə və s.
monitorinqlər keçirilmiş və dənizə olan axarlar
müəyyən edilərək xəritələşdirilmişdir.
Etiraf etmək lazımdır ki, sahil zolağında yerləşən
rayonların əksəriyyətində təmizləyici
qurğular olmadığından müxtəlif tərkibli
tullantı suları təmizlənmədən Xəzərə
axıdılır.
Xəzər dənizinin su balansında əsas
rolu dənizə tökülən 130-a qədər çay təşkil
edir. Dənizin qidalanmasında Volqa çayının
xüsusi əhəmiyyəti olsa da, bu gün Xəzər
akvatoriyasını ən çox Volqa çirkləndirir.
Bu su hövzəsinin qorunması
ilə bağlı regional və beynəlxalq səviyyədə
üzərimizə götürdüyümüz öhdəliklər,
tərəfdaş olduğumuz konvensiyaların müddəaları
da bu sahəni daim diqqət mərkəzində
saxlamağı bizdən tələb edir. Ötən ilin
avqust ayında Qazaxıstanın Aktau şəhərində
keçirilmiş Xəzəryanı ölkələrin
dövlət başçılarının Beşinci Zirvə
toplantısında “Xəzər dənizinin hüquqi statusuna
dair Konvensiya”nın imzalanması ilə regionda əməkdaşlığa
yeni zəmin yaranmışdır.
- Bu gün respublikamızın ərazisində
yaşıllaşdırma işləri də böyük
vüsət alıb. Bu barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Abşeron
yarımadasının iqlimini nəzərə alaraq, onun
aşağı keyfiyyətli torpaqlarla səciyyələnən
ərazilərində yaşıllaşdırma işlərinin
aparılması ümumi ekoloji vəziyyətin
yaxşılaşdırılmasında, eyni zamanda iqlim dəyişmələri
ilə bağlı təsirlərin minimuma endirilməsində
effektiv bir vasitədir.
Əsas prioritet istiqamətlərimizdən biri
də meşələrin artırılması və bərpası,
o cümlədən meşələrdən davamlı istifadə
edilməsidir. Meşələrin qanunsuz qırılması və
digər dağıdıcı müdaxilələrin
qarşısının alınması, meşələrin
qorunması və mühafizəsinin gücləndirilməsi
istiqamətində işlər davam etdirilir.
Hazırda “Azərkosmos” ASC və BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) ilə birgə meşə ilə örtülü ərazilərin
dəqiqləşdirilməsi məqsədilə
inventarlaşma işləri aparılır. Bu işlərdə
nazirliyin nəzdində fəaliyyət göstərən
geodeziya və kartoqrafiya xidmətinin imkanlarından da geniş
istifadə edilir.
Bundan əlavə, meşə
idarəetmə sisteminin müasirləşdirilməsi, meşə
ekosisteminin qorunub saxlanılması, yeni meşə sahələrinin
salınması və meşə təsərrüfatından
beynəlxalq təcrübələr əsasında davamlı
istifadə edilməsi məqsədilə BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının
(FAO) texniki dəstəyi ilə Yeni Milli Meşə
Proqramının hazırlıq işlərinə
başlanılıb və Proqramın ilkin layihəsi
tamamlanıb. Azərbaycan Respublikasının Milli Meşə
Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik
müddət üçün nəzərdə tutulub.
- Mayın 10-da Ulu Öndər Heydər
Əliyevin doğum gününə həsr olunan ağacəkmə
kampaniyasında Prezident İlham Əliyev və ailə
üzvləri də iştirak etdi...
- Bəli, mayın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər
Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində
salınan yaşıllıq sahəsində Ulu Öndər
Heydər Əliyevin doğum gününə həsr olunan
ağacəkmə kampaniyasında iştirak ediblər.
Ağacəkmə kampaniyası zamanı
“Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin
təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq
Aeroportunun yaxınlığındakı çirklənmiş
ərazilərin təmizlənməsi” layihələri barədə
Prezident İlham Əliyevə məlumat verilib. Suraxanı
rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay
suları, duz, yod və digər tullantılarla çirklənmiş
67 hektar sahənin təmizlənərək bərpa edilməsi,
kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra
olunub. Ümumilikdə, indiyədək bu ərazidə yerli
iqlim şəraitinə uyğun 50 mindən çox müxtəlif
növ ağac əkilərək böyük
yaşıllıq zolağı salınıb.
Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 96-cı ildönümü münasibətilə
keçirilən ağacəkmə aksiyasında 4 hektar ərazidə,
ümumilikdə, 3250 ağac əkildi. Ağaclar əraziyə
çəkilmiş müasir,
avtomatlaşdırılmış damcılı suvarma sistemi
vasitəsilə suvarılır. Suvarma üçün su isə
Hövsan Aerasiya Stansiyasından götürülür və
təmizləyici qurğularda təmizləndikdən sonra
suvarmaya ötürülür. Damcılı suvarma sisteminin
elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş
Elektrik Stansiyası hesabına təmin ediləcək.
Ölkəmizin zəngin flora və
faunasının qorunması, ekoloji durumun daha da
yaxşılaşdırılması, Bakının
yaşıllıqlar şəhərinə çevrilməsi
istiqamətində Ulu Öndər Heydər Əliyev
bütün dövrlərdə çox böyük işlər
görüb. Ümummilli Liderin əsasını qoyduğu ənənə
bu gün Prezident İlham Əliyev tərəfindən
ardıcıl şəkildə davam etdirilir.
Birinci xanım Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu da ölkəmizdə yeni
yaşıllıqların salınmasına və mövcud
yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət
yetirir. Bu məsələdə Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyevanın təşəbbüsü və dəstəyi
ilə həyata keçirilən layihələrin də
mühüm rolu var.
Müxtəlif vaxtlarda icra olunan ekoloji layihələr
Azərbaycanın bütün regionlarını əhatə
etməklə, ümumilikdə ölkəmizin ekoloji vəziyyətinin
sağlamlaşdırılmasına böyük töhfələr
verir.
- Respublika ərazisindəki mövcud mineral
xammal bazası və ondan səmərəli istifadə ilə
də bağlı hazırda hansı işlər
aparılır?
- Azərbaycan Respublikası çox əlverişli
təbii şəraitə və zəngin təbii ehtiyatlara
malik ölkədir. Aparılmış geoloji-kəşfiyyat
işləri nəticəsində ölkənin bir sıra
bölgələrində müxtəlif növ qeyri-filiz
faydalı-qazıntı və tikinti-inşaat materialları
yataqları aşkar edilmişdir.
Dövlət balansında qeydiyyata
alınmış, sənayenin müxtəlif sahələrində
istifadə oluna bilən faydalı qazıntı ehtiyatları
istismara cəlb edilməmişdir. Bu yataqlara misal olaraq seolit,
kükürd, barit, gips, anhidrid, gəc, keramika xammalı,
dolomit, bentonit gilləri, kvarsit, mineral boyalar, flyus və soda
üçün əhəngdaşı xammalı,
şüşə xammalı, selitra, karbonat xammalı, əlvan
daşlar, kaolin gilləri və s. göstərmək olar.
Sadalanan mineral xammal ehtiyatları qeyri-neft
sektorunun inkişafında sənayenin müxtəlif sahələrində
- metallurgiya, kimya, neft, neft-kimya, sement istehsalı, tibb, zərgərlik,
tikinti, şüşə istehsalı, yol və inşaat
işlərində geniş tətbiq oluna bilər.
Filiz yataqlarının öyrənilməsi
istiqamətində “AzerGold” QSC ilə birgə ölkənin ən
böyük qızıl yatağı kimi proqnozlaşdırılan
Tülallar sahəsində tədqiqat işləri davam
etdirilir və bütün filiz yataqları haqqında məlumatlar
rəqəmsallaşdırılır.
Əsas prioritet məsələlərdən
başlıcası ehtiyatlar balansında qeydiyyata
alınmış mineral xammal yataqlarının istismara cəlb
olunması və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsindən
ibarətdir.
- Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin beynəlxalq əlaqələri haqqında da məlumat
verməyinizi xahiş edirik...
- Ətraf mühit problemlərinin ümumbəşəri
bir problem olduğunu nəzərə alaraq, dünyanın
heç bir ölkəsi ətraf mühitin mühafizəsi
problemlərini təklikdə həll etmək iqtidarında
deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf
mühitin mühafizəsi sahəsində digər ölkələr
və təşkilatlarla razılaşma və sazişlərin
imzalanması, beynəlxalq konvensiyalara qoşulma vacib məsələlərdəndir.
Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və
protokollara qoşulub. Bu istiqamətdə fəaliyyət
bu gün də davam etdirilir və qlobal məqsədlərə
xidmət edən digər beynəlxalq çoxtərəfli
müqavilələrə qoşulma istiqamətində
müvafiq işlər aparılır. 40-a yaxın ölkə
ilə ikitərəfli müqavilələr imzalanıb.
- Bildiyimiz kimi, ölkəmizdə bir sıra
qoruq və milli parklar fəaliyyət göstərir. Burada
ekoturizmin inkişafı ilə əlaqədar hansı
perspektivlər mövcuddur?
- Azərbaycan Respublikası Qafqaz ölkələri
və bütövlükdə Avropa üzrə zəngin
biomüxtəlifliyə malik olan ölkələrdəndir. Bu
baxımdan ölkəmizdə biomüxtəlifliyin
qorunması həm milli və regional, həm də qlobal əhəmiyyətə
malikdir. Hazırda xüsusi mühafizə olunan
təbiət ərazilərinin sahəsi ölkə ərazisinin
10,3 %-nə çatdırılıb. Ölkədə 10 milli
park, 11 dövlət təbiət qoruğu və 24 dövlət
təbiət yasaqlığı fəaliyyət göstərir.
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin
qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci
illər üzrə Milli Strategiya” çərçivəsində
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
2018-ci ildə Qızılağac Dövlət Təbiət
Qoruğunun bazasında Qızılağac Milli Parkı
yaradılıb. Bu ildən etibarən Almaniya
İnkişaf Bankının maliyyə dəstəyi ilə
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer
qoruğunun yaradılması işlərinə
başlanılacaqdır.
Ekoloji turizm - dünya turizm sənayesinin ən
sürətli inkişaf edən sahələrindən biridir. Ekoloji turizm istirahət məqsədi ilə istifadənin
yeni forması olmaqla yanaşı, təbiətdən zövq
almaq, rekreasiya ehtiyatlarından düşünülmüş
şəkildə istifadə etməyi, bioloji müxtəlifliyin
qorunmasını təbliğ etməklə, həm də
turizm fəaliyyətinin dayanıqlılığını tələb
edir. Ekoturizmin inkişaf etdirilməsi üçün
Dövlət Turizm Agentliyi ilə birlikdə beynəlxalq
ekspertlərin dəstəyi ilə yeni ekoturizm konsepsiyası
hazırlanır.
Bu istiqamətdə Leyla xanım
Əliyevanın təsisçisi olduğu IDEA İctimai
Birliyinin fəaliyyətini xüsusi vurğulamaq istərdim.
IDEA İctimai Birliyinin bu istiqamətdə gördüyü
işləri, xüsusilə də ətraf mühitin
mühafizəsi işinə gənclərin cəlb
olunmalarını yüksək qiymətləndiririk.
IDEA İctimai Birliyi ilə birgə nadir və
nəsli kəsilmək təhlükəsində olan bioloji
növlərin artırılması, onların tarixən məskunlaşdıqları
ərazilərə reintroduksiya olunması sahəsində
aparılan işlər bu gün də davam edir. Belə ki, nəsli kəsilmiş zubrların (Avropa
bizonu) bərpası və onların ölkə təbiətinə
reintroduksiya olunması, digər növ vəhşi
heyvanların elmi məqsədlərlə
artırılması və çoxaldılıb təbiətə
buraxılması üçün Şahdağ Milli
Parkının ərazisində volyer kompleksi inşa edilib.
2019-cu ilin aprel ayında ölkəyə bizonların
introduksiya olunması və bir ay müddətində qapalı
volyer şəraitində saxlanıldıqdan sonra Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin
birgə təqdimatı ilə təbiətə
buraxılması planlaşdırılır.
Bildiyiniz kimi, IDEA-nın təşəbbüsü
ilə Azərbaycanın təbiət gözəlliklərini
ölkə daxilində və xaricdə təbliğ etmək,
eləcə də ətraf mühitin mühafizəsinin
vacibliyini diqqətə çatdırmaq məqsədilə
milli parklarla bağlı sənədli filmlər silsiləsi də
yaradılır. Sözügedən layihə çərçivəsində
2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə
“Quşlar cənnəti - Ağgöl Milli Parkı” və
“Göygöl Milli Parkı”, 2017-ci ildə “Azərbaycan.
Ceyranların xilası”, ötən il isə “Abşeron Milli
Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim
olunub. Layihə çərçivəsində ölkəmizin
bütün milli parkları haqqında sənədli filmin
hazırlanması nəzərdə tutulur. Bu
yaxınlarda “Şahdağ. Dağların şahı” sənədli
filminin təqdimat mərasimi keçirildi və
Qızılağac Milli Parkından bəhs edən və
hazırda çəkilişləri davam edən yeni filmdən
kadrlar göstərildi və geniş auditoriya tərəfindən
böyük maraqla qarşılandı.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
tapşırıqları və dəstəyi ilə
reallaşdırılan layihələr də ölkəmizdə
ətraf mühitin mühafizəsinə mühüm töhfələr
verməkdədir.
- Sizcə, ətraf mühitin qorunmasını
təmin etmək üçün ictimai nəzarət
hansı səviyyədədir?
- Əlbəttə, dövlət qurumları ilə
yanaşı, ətraf mühitin qorunmasını təmin etmək
üçün ictimai nəzarət daha da
artırılmalıdır. Nazirliyin ətraf mühitin
mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində
ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi
işi prioritet istiqamətlərdən biridir.
Belə ki, ətraf mühitin vəziyyəti
və bu sahədə olan problemlərin aradan
qaldırılmasında ictimaiyyətin iştirakının təmin
edilməsi məqsədilə müxtəlif mövzularda
ekoloji təbliğat xarakterli görüşlər
keçirilir, kütləvi informasiya vasitələrində
çıxışlar təşkil edilir. Beynəlxalq
ekoloji təqvim günlərində də ekoloji təbliğat
xarakterli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci
illərdə “Dövlət Proqramı”na və dövlət
başçısının 2019-cu il fevralın 1-də Azərbaycan
Gəncləri Gününə həsr olunmuş respublika
toplantısındakı çıxışına əsaslanaraq
gənclərdən ibarət “Təbiəti könüllü
qoruyaq” adlı könüllülər qrupu
yaradılmışdır. Bu günə kimi, artıq 500-ə
yaxın könüllü gənc müraciət etmişdir.
Seçilmiş namizədlərdən gələcəkdə
nazirliyin ehtiyat kadr heyətinin formalaşdırılması nəzərdə
tutulur ki, bu da gənclərin iş həyatına uğurlu
bir keçid fürsəti yaradacaqdır. Biz hər bir kəsi
laqeyd olmamağa, təbiəti sevməyə və qorumağa
çağırırıq.
Yeni Azərbaycan.-
2019.- 21 may.- S.5