Azərbaycanın bölgələrində
yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirilir
Regionlarda avtomobil yollarının tikintisi və
yenidən qurulması işləri davamlı xarakter
daşıyır
Müstəqil Azərbaycanın müasir mənzərəsini
səciyyələndirən ən mühüm amillər
möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi
inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə milli maraqlara və müasir
çağırışlara uyğun həyata keçirilən
uğurlu siyasət Azərbaycanın inkişaf yolunda inamla irəliləməsini
təmin edib. Bu gün ölkəmizdə bütün sahələrdə
olduğu kimi, regionların sosial-iqtisadi inkişafı istiqamətində
də ardıcıl və məqsədyönlü tədbirlər
həyata keçirilir və yüksək inkişaf göstəriciləri
əldə edilir. Bu kontekstdə regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının müvəffəqiyyətlə
icra olunması nəticəsində qazanılmış nailiyyətləri
də xüsusi vurğulamaq gərəkdir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın
bölgələrində müasir infrastrukturun yaradılması
da daim diqqət mərkəzindədir. Bu kontekstdə avtomobil
yollarının tikintisi və yenidən qurulması istiqamətində
reallaşdırılan işlər də davamlı xarakter
daşıyır. Yeri gəlmişkən, Prezident İlham
Əliyev mayın 1-də “Ağstafa rayonunun
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” Sərəncam imzalayıb. On doqquz
min nəfər əhalinin yaşadığı 4
yaşayış məntəqəsini birləşdirən
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına
avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 3,9 milyon manatı cnə ayrılıb.
Bununla yanaşı, Prezident İlham Əliyev
Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam
etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında Sərəncam imzalayıb. Sərəncama
əsasən 68 min nəfər əhalinin
yaşadığı 66 yaşayış məntəqəsini
birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin
davam etdirilməsi məqsədilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi
və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 20 milyon manatı Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə ayrılıb.
Bu məqamda vurğulamaq yerinə
düşər ki, Quba rayonunda 68 min nəfər əhalinin
yaşadığı 66 yaşayış məntəqəsini
birləşdirən Quba-Qonaqkənd avtomobil yolu yenidən
qurulur. 3-cü və 4-cü texniki dərəcəyə
uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 46
kilometrdir. Müvafiq olaraq yolun torpaq yatağı 12 və
10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil
edir. Avtomobil yolu uzun müddət əsaslı təmir
olunmadan istismar edildiyindən yolun hərəkət hissəsində
əmələ gələn qabarmalar, çalalar nəqliyyat
vasitələrinin hərəkəti üçün çətinliklər
yaradırdı. Layihə çərçivəsində
mövcud örtük sökülərək kənara
daşınıb, yararsız qruntun
qazılaraq çıxarılması, əvəzinə yararlı
material tökülərək kipləşdirilməsi işləri
görülüb, bəzi yerlərdə yolun normativ eninin
alınması üçün dağ yamaclarının qaya
tipli süxurları kəsilərək
çıxarılıb və torpaq yatağı genişləndirilərək
tələb olunan hündürlüyə
qaldırılıb, lazımi yerlərə
suötürücü boruların quraşdırılması
çərçivəsində 46 ədəd müxtəlif
diametrli metal, azbest və dəmir-beton suötürücü
borular quraşdırılaraq izolyasiya olunub. Hazırda
Quba-Qonaqkənd avtomobil yolunda əsasın tikintisi və
asfalt-beton örtüyün salınması işləri həyata
keçirilir. Bunun üçün 450 min kvadratmetr sahədə
əsasın alt və üst layı müvafiq olaraq 45 və
16 santimetr hündürlükdə qum qırmadaş və
optimal qum-çınqıl qarışığı ilə
tikilir. Yolboyu əsasın alt layının tikintisi
yekunlaşmaq üzrədir. Yolun 24 kilometrlik hissəsində
isə hər iki layın tikintisi işləri
yekunlaşdırılaraq asfaltlanma işlərinə
başlanılıb. Əlaqələndirici bitum səpilməklə
yola iri və xırda dənəli asfalt-beton
qarışığından örtük salınır.
Artıq yolun 12 kilometrlik hissəsinin asfaltlanması işləri
bitib. Hazırda digər 12 kilometrlik hissədə işlər
aparılır. Yolboyu mövcud küvetlər
tam dolduğu üçün, həmçinin yolun yuxarı
maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi
üçün 5 min poqonmetr uzunluğunda yeni dəmir-beton
küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin
hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə istinad divarları tiklir, təhlükəli
yerlərdə yol kənarına dəmir-beton qoruyucu bloklar
düzülür. Layihə çərçivəsində
yolun 35, 36 və 41-ci kilometrlik hissəsində kiçik
dağ çayları üzərində hər birinin
uzunluğu 26 və 27 metr olan biraşırımlı 3
körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı
kilometrlik hissəsində Babaçay və Cimiçay üzərində
yeni körpülər inşa olunur. Babaçay üzərindən
salınan körpünün uzunluğu 126 metr, Cimiçay
üzərindəki körpünün uzunluğu isə 80
metrdir. Hər iki körpünün ətrafında müvafiq
olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və
sahil bərkidici dəmir-beton istinad divarları tikilir. Yolun
yenidən qurulması əhalinin gediş-gəlişini
asanlaşdırmaqla yanaşı, həm də onların tədarük
etdikləri kənd təsərrüfatı məhsullarını
və meyvə-tərəvəzi qısa vaxtda istədikləri
ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişinin
Quba rayonunun turizm imkanlarını genişləndirəcəyi
gözlənilir.
Digər tərəfdən,
Tovuz-Böyük Qışlaq-Qaralar və
Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı
təmiri isə bu rayonda yol infrastrukturunun müasirləşməsinə
və əhalinin asan gediş-gəlişinə səbəb
olmaqla yanaşı, kütləvi turist axınına da şərait
yaradıb. Bu ilin ilk rübündə həmçinin uzunluğu
31,9 kilometr olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil
yolunun tikintisi başa çatıb. Hazırda rayonda yol
infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına
dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli
avtomobil yollarının, eləcə də kəndlərarası
avtomobil yollarının tikintisinin, yenidən
qurulmasının və əsaslı təmirinin davam etdirilməsi
nəzərdə tutulub. Prezident İlham
Əliyevin “Tovuz rayonunun
Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala
avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” 2019-cu il 15 fevral tarixli Sərəncamı
ilə tikinti işlərinə vəsait ayrılıb.
Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən
bu yolun tikintisi də davam etdiriləcək.
Samux rayonunda isə Yenikənd-Köbər-Qaraağaclı
avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Açılış mərasimində rayon rəhbərliyi,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul
işçiləri, rayon sakinləri və ictimaiyyət
nümayəndələri iştirak ediblər. Bu yol ümumi əhalisi
4409 nəfər olan Yenikənd, Köbər və
Qaraağaclı yaşayış məntəqələrini
birləşdirir. Avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yolun
üzərində Qanlı qobu deyilən ərazidə sel
sularının axıdılması üçün dəmir-beton
konstruksiyalı və 18 metr uzunluğundə yeni körpü
inşa edilib. Yol üzərində borular vasitəsilə 144 ədəd
suötürücüsü yerləşdirilib. Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin məsul
işçisi Əvəz Qocayev çıxış edərək
bildirib ki, respublikamızın hər bir rayonunda olduğu kimi,
Samux rayonunda da yol infrastrukturu yenilənir və bu iş bundan
sonra daha geniş şəkildə davam etdiriləcək. Qeyd
edək ki, Prezident İlham Əliyevin 2018-ci il 4 avqust tarixli Sərəncamı
ilə yolun tikintisinə 4 milyon manat ayrılmışdı.
Bunlarla yanaşı, Xaçmazda
3 min nəfərdən çox əhalinin
yaşadığı 4 yaşayış məntəqəsini
birləşdirən avtomobil yolunun əsaslı təmirinə
başlanılıb. 11 kilometr uzunluğundakı yolun yenidən
qurulması Çinartala, Manafoba, Ağaşirinoba və
Qıraqlı kənd sakinlərinin rayon mərkəzinə
gediş-gəlişini rahatlaşdıracaq. Uzun illərdir təmir işləri
aparılmadığından torpaq və çınqıl
örtüklü yolda avtomobillərin hərəkəti
üçün bir sıra çətinliklər
yaranırdı. Təmir işləri Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata
keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni
yol əsası inşa edilir. İşlərin ilkin mərhələsi
başa çatdıqdan sonra yolun asfaltlanması işləri
aparılacaq. Başlanğıcını respublika əhəmiyyətli
Gəndob-Yalama yolundan götürən
Çinartala-Qıraqlı avtomobil yolunun təmiri may ayı ərzində
başa çatdırılacaq. Yolun yenidən qurulması
bağçılıq və əkinçiliklə məşğul
olan kənd sakinlərinin məhsullarının
daşınması üçün də böyük əhəmiyyət
daşıyır. Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən ölkə əhəmiyyətli
yollarla yanaşı, yeni kənd yollarının inşası
sahəsində mühüm layihələrin icrası
uğurla davam edir. Hazırda Xaçmazda turizm əhəmiyyətli
Xudat-Nabran avtomobil yolunun asfaltlanması və
Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun
yenidən qurulması işləri də sürətlə
davam etdirilir.
Qusarda isə səkkiz min nəfər əhalinin
yaşadığı 14 yaşayış məntəqəsini
birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun
tikintisinə başlanılıb. 4-cü texniki dərəcəyə
uyğun olaraq yenidən qurulan avtomobil yolunun uzunluğu 40
kilometrdir. Avtomobil yolu uzun müddət əsaslı
təmir olunmadan istismar edildiyindən yolun hərəkət
hissəsində əmələ gələn qabarmalar,
çalalar nəqliyyat vasitələrinin hərəkəti
üçün çətinliklər yaradırdı. Hazırda
yeni yol yatağının inşası işləri həyata
keçirilir. Yolun eni 10 metrə qədər genişləndirilir.
Yeni tikilən yola iyun ayında asfalt döşənməsi nəzərdə
tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən aparılan yenidənqurma işləri
mövcud tikinti norma və standartlarına uyğun, texnoloji
ardıcıllıqla və yüksək keyfiyyətlə həyata
keçirilir. İşlərin vaxtında başa
çatdırılması üçün ərazidə
lazımi sayda canlı qüvvə və texnika
çalışır. Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur
avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən həyata keçirilir. Yolun tikintisi
üçün Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Bütövlükdə, Azərbaycanın
bölgələrində yol infrastrukturunun yenilənməsi
istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 22 may.- S.7.