Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
Mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış
rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible
Dimensions) adlı sərgisi açılacaq.
Heydər Əliyev Mərkəzindən
AZƏRTAC-a bildiriblər ki,
Moskva Müasir İncəsənət Muzeyi
və Rusiya Rəssamlıq Akademiyası
ilə birgə əməkdaşlıq çərçivəsində
həyata keçirilən
layihə müəllifin
85 illik yubileyinə həsr olunmuş sərgilər seriyasının
davamıdır. Ekspozisiyada
Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox
əsər - rəssamın
yaradıcılıq yolunu
əks etdirən rəsmlər və heykəllər nümayiş
olunacaq.
Zurab Sereteli
1934-cü ildə Tbilisidə
anadan olub. 1958-ci ildə Tbilisi Dövlət
Rəssamlıq Akademiyasını
bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət
sifarişləri almağa
başlayıb. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai
sifarişlər əsasında
yaratdığı heykəllərdə
də diqqəti çəkir. Z.Seretelinin müəllifi
olduğu möhtəşəm
heykəllər London, Moskva,
Nyu-York, Paris, Roma, Tokio
və digər şəhərlərdə ucaldılıb.
Z.Seretelini dünya vətəndaşı
adlandırmaq olar. Onun emalatxanaları
doğulduğu Tbilisi şəhərində,
Moskva, Paris və Nyu-Yorkda yerləşir.
Bu dörd şəhərin
hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb
olub. Rəssamın sözlərinə görə, 1946-cı ildə
Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə
baxışlarını köklü
surətdə dəyişib.
Ustadların rəssamlıq və
qrafikadan keramika və heykəltəraşlığa
asanlıqla keçmələri
onu yeni əsərlər seriyası
yaratmağa ilhamlandırıb.
Parisdə Pikassonun emalatxanasını ziyarət
etdikdən az
sonra çəkdiyi “İnessa” (1968) əsərində
onun təsiri aydın nəzərə çarpır. Z.Seretelinin
“Mənim sevimli rəssamlarım” (2009) adlı
məşhur heykəli
Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir, bundan bir
il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq
obrazlarını yaradıb.
Z.Seretelinin yaradıcılığına rus
rəssamları da təsir
göstərib. Vasili Kandinskinin abstrakt
ekspressionizmi və ya Kazimir Maleviçin
suprematizmi Seretelinin tanınan qırmızı
və göy boyalarının zəngin
palitrasına transformasiya
edib.
Heydər Əliyev Mərkəzində
nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.
Yeni Azərbaycan.- 2019.- 22 may.- S.7