Regionlarda turizmin inkişafı istiqamətində layihələr həyata keçirilir

 

5 mərhələdən ibarət olan “Böyük Basqal” konsepsiyası təqdim olunub, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş isə başa çatmaq üzrədir

Son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı genişmiqyaslı işlərin görülməsi, böyükhəcmli layihələrin həyata keçirilməsi, Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bunun nəticəsində ötən il Azərbaycana dünyanın müxtəlif ölkələrindən 2,8 milyondan çox turist gəlib, bu il turistlərin sayının daha da artması gözlənilir. Əldə edilən nəticələr və ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektor tərəfindən atılan addımlar öz səmərəsini verir.

Qeyd edək ki, Azərbaycanın regionlarında turizmin inkişafına dövlət dəstəyinin davam etdirilməsi nəticəsində son illərdə tarixi və mədəni abidələrlə zəngin olan yerlərdə turistlərin rahat gediş-gəlişinin, istirahətinin lazımi şəkildə təşkili üçün yeni infrastrukturun yaradılması sahəsində xeyli işlər görülüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahə ilə bağlı konkret tapşırıqlar verib və məqsədlər müəyyənləşdirib.

Dövlət başçısı sözügedən iclasdakı çıxışında tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görüldüyünü xatırladaraq, “Yanardağ” qoruğunun yenidən fəaliyyətə başlamasından, İsmayıllı rayonunun Lahıc kəndi kimi, tarixi kəndlərə daha rahat və daha təhlükəsiz gediş-gəlişinin təmin olunmasından, həmçinin həmin rayonun Basqal kəndinə turistlərin cəlb olunması məqsədilə görüləcək işlərdən bəhs edib: “Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq”.

Yeri gəlmişkən, məhz Prezidentin Sərəncamından irəli gələn proqrama uyğun olaraq bu yaxınlarda İsmayıllı şəhərində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yeni inkişaf konsepsiyasının təqdimatı keçirilib. Təqdimat zamanı Böyük İpək Yolunun üzərində yerləşən Basqalın özünəməxsus infrastrukturu, təbiəti, tarixi, maddi və qeyri-maddi mədəni irsi ilə ölkənin əsas turizm məkanlarından biri kimi əhəmiyyəti qeyd edilib. Eyni zamanda, Azərbaycanda turizmin inkişafında, mədəni-tarixi irsin qorunmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı qeyd olunub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev təqdimat zamanı Basqalla yanaşı, Agentliyin tabeliyində olan digər 6 qoruqda da bərpa layihələrinin hazırlandığını, may ayının sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işlərinin başa çatdırılacağını və ictimaiyyətə təqdim olunacağını vurğulayıb. Bundan əlavə, F.Nağıyev bildirib ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatmaq üzrədir, eləcə də Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün hazırlanan layihələrin üzərində də iş gedir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 oktyabr tarixli Sərəncamına əsasən, 2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır. Konsepsiyanın hazırlanması prosesində ilkin olaraq qoruq ərazisində yaranmış vəziyyətə dair arayış, daha sonra qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı fəaliyyət proqramının layihələri tərtib edilib.

“Böyük Basqal” konsepsiyası birinci mərhələdə Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpasını, yerüstü qaz və işıq xətlərinin yenilənərək yerin altına salınmasını, kommunikasiya və su sisteminin yenilənməsini əhatə edəcək. Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, həmçinin sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub.

4-cü mərhələdə isə əsas məqsəd mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə, habelə yerli əhalinin, xüsusilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir. Layihənin 5-ci mərhələsi infrastrukturun qurulması, tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmiri, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün mərasim evinin, uşaq meydançasının inşası kimi tədbirlər planını əhatə edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Hazırda Xaçmazda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yolunun asfaltlanması və Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulması işləri də sürətlə davam etdirilir.

Yeri gəlmişkən, qeyd edək ki, Xaçmaz Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Turizm və səyahətlər” sərgisi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Turizm və səyahətlər” sərgisində 30-a yaxın turizm şirkəti, hotel və istehsalat sahələrinin stendləri təqdim olunub. Sərginin açılış mərasimində ölkəmizdə turizmə göstərilən dövlət dəstəyindən, son illərdə bu sahədə görülmüş işlərdən danışılıb, ziyarətçilərə regionun turizm potensialı barədə ətraflı məlumat verilib.

İki gün davam edən sərgidə regiona daxil olan rayonların görməli yerləri, turizm məkanları, yeni tikilmiş mədəniyyət müəssisələri, tarixi abidələri haqqında fotostendlər nümayiş etdirilib, rayonların turizm xəritəsini özündə əks etdirən, həmçinin regionda fəaliyyət göstərən bir sıra hotellərin bukletləri sərgilənib və gələn qonaqlara paylanılıb.

Yay turizm mövsümünün başlaması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsi tərəfindən də maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının rəhbərləri iştirak ediblər. Maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyi, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma qaydaları, Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlbolunma qaydaları, həmçinin “MİGAZ” mobil tətbiqinin istifadəsi və tətbiqindəki yeniliklər barədə məlumat verilib.

Regionlarda turizmin təşviqi üzrə daha bir kütləvi tədbir təşkil olunub. Lənkəranda “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində təşkil edilən yay ekoloji turizm düşərgəsində Azərbaycan Turizm və Menecment Universitetinin və Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin tələbələri iştirak ediblər. Düşərgənin təşkilində əsas məqsədlərə Finlandiya və Azərbaycanın turizm və hotel menecmenti sahəsində ixtisaslaşan tələbələr arasında ekoloji turizm sahəsində marketinq potensialının təhlili, Lənkəran regionunun mədəni irsi, tarixi, ekoloji resurslarının öyrənilməsi, birgə ekoloji turlarda iştirak və Lənkəran-Astara regionu üçün tur paketin hazırlanması və gələcəkdə finlandiyalı turistlərin tur paket vasitəsi ilə ölkəmizə cəlb olunması daxildir.

Yay düşərgəsində iştirak edən universitet tələbələri öz təcrübələrini genişləndirmək məqsədilə Lənkəran regionunun ekoturizm, müxtəlif etnik azlıqların məskunlaşdığı, sahibkarlıqla məşğul olduqları ərazilərə və muzeylərə səfər ediblər. Qeyd edək ki, layihə çərçivəsində respublikanın aparıcı turizm sahəsində çalışan mütəxəssislərin iştirakı ilə Azərbaycanda ekoloji turizmin inkişafına dair marketinq strategiyası hazırlanıb müvafiq dövlət qurumlarına təqdim olunacaq. “Dayanıqlı turizmin inkişafı və Azərbaycanın kəndlərində yerli sənətkarlığa dəstək” layihəsi çərçivəsində il ərzində turizm sahəsində çalışan qadın sahibkarlara dəstək məqsədilə biznesin təşkili və müasir marketinq strategiyalarına əsaslanan, regional və beynəlxalq əməkdaşlığın inkişafı üzrə təlimlər təşkil ediləcək.

Onu da qeyd etmək yerinə düşər ki, Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının Avropada təbliği və ölkəmizə turistlərin cəlb olunması üçün fürsətlərdən biri olan UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıqları da davam etdirir. Agentlik mayın 29-da UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ölkəyə gələcək xarici qonaqlar və turistlərin rahatlığı üçün digər dövlət orqanları ilə, xüsusilə Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birlikdə fəaliyyət göstərəcək.

Agentlikdən bildirilib ki, AZAL tərəfindən mayın 29-30-da həyata keçiriləcək birbaşa London-Bakı-London uçuşlarından başqa, xarici azarkeşlərin oyunu izləməsi üçün 40-dan çox çarter reys təşkil olunacaq. Bundan başqa, AZAL-la klublar arasında əldə olunan razılığa əsasən əlavə çarter reyslərin də təşkil olunması istiqamətində danışıqlar aparılır.

Turistlərin ölkəyə gəlişi, yerləşdirilməsi və Azərbaycanda qalma müddəti ərzində təhlükəsizlik də daxil olmaqla digər bütün məqamlar dövlət və özəl biznesin təmsilçiləri tərəfindən diqqətlə düşünülüb. Yarışla əlaqəli olan bütün dövlət orqanları xüsusi əhəmiyyətə malik idman tədbirinin müvəffəqiyyətlə keçirilməsi üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.

Qaşqay ZİYƏDDİNOĞLU

Yeni Azərbaycan.- 2019.- 23 may.- S.7