Regionlarda əhalinin kommunal xidmətlərlə təchizatının daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır

 

İndiyədək görülən işlərin nəticəsidir ki, ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95,7 faizə yüksəlib, həmçinin ən ucqar yaşayış məntəqələrində də abonentlər dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar

Azərbaycanda təbii qaza olan daxili tələbatın tam ödənilməsi, o cümlədən respublikanın yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpası, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bununla yanaşı, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı istiqamətində tədbirlər görülür. Həmçinin əvvəllər daxili tələbatı ödəyə bilməyən Azərbaycan indi xarici ölkələrə elektrik enerjisi satır və hazırda elektrik enerjisinin ixracının həcmi də artıb. Belə ki, yanvar-aprel aylarında ölkədən 1 milyard 48 milyon 890 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Prezident İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin”.

Dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində görüləcək işlərlə bağlı mayın 3-də “Azəriqaz” İstehsalat Birliyində (İB) geniş müşavirə keçirilib. “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev müşavirədə qeyd edib ki, ölkə başçısının apardığı uğurlu islahatlar və qazlaşdırmaya göstərdiyi böyük diqqət və qayğının nəticəsində 2009-2019-cu illər ərzində 2349 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. Həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7 faizə çatdırılıb. Ə. Hacıyev bildirib ki, ölkə başçısının haqlı iradlarının aradan qaldırılması istiqamətində işlər aparılmaqdadır: “Dövlətimizin başçısının qaldırdığı bütün məsələlər qurum tərəfindən təhlil edilir və tədbirlər həyata keçirilir. Hazırda “Azəriqaz” İB-də qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər proqramı işlənilir”.

Qeyd olunub ki, bununla əlaqədar qaz təchizatı üzrə abonentlərdən daxil olan müraciətlərin obyektiv araşdırılması və operativ həlli ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Bildirilib ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, “Azəriqaz” tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.

Hazırda regionlarda yaşayış məntəqələrinin qazlaşdırılması prosesi sürətlə davam edir. “Azəriqaz” İB tərəfindən Quba rayonunun Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılmasına başlanılıb. İki kənddə ümumilikdə 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq. Kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 46 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq. Qazlaşdırma işlərinin iyul ayında başa çatdırılması nəzərdə tutulub.

Bu il Quba rayonunun daha 9 yaşayış məntəqəsinin də təbii qazla təminatı planlaşdırılır. Rayonda il ərzində qazlaşdırılacaq yaşayış məntəqələrində ümumilikdə 1715 abonent qeydə alınıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, il ərzində Xaçmazın Aşağı Ləgər, Digahoba kəndləri, eləcə də Qusar şəhərinin yeni salınan yaşayış massivinin də təbii qazla təmin olunması nəzərdə tutulub. “Azəriqaz” İB tərəfindən ölkə başçısının tapşırığına uyğun olaraq, kənd və qəsəbələrin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramı üzrə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir, yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Belə ki, istehlakçıların mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 281,9 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 185,7 kilometr qaz kəməri əsaslı təmir olunub.

Hazırda Ağdaş rayonunun Yenicə kəndində də qazlaşdırılma işləri aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 min 600 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi ilə 380-dən çox fərdi ev “mavi yanacaq”la təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.

Daşkəsən rayonunun Quşçu, Quşçu körpü kəndlərində və Daşkəsən qəsəbəsində yeni qazlaşdırma işlərinin aparılması üçün layihə sənədləri hazırlanıb. Bu ay həmin yaşayış məntəqələrinin qazlaşdırılması işlərinə başlanacaq. Qeyd edək ki, bu ilin ilk rübü ərzində rayonun Quşçu kəndində 368, Bayan kəndində isə 395 abonent təbii qazla təmin olunub.

Azərbaycanda əhalinin etibarlı şəkildə elektrik enerjisi ilə təmin edilməsinə gəlincə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Elektrik enerjisi ilə bağlı qoyulan investisiyalar bizə nəinki özümüzü təmin etməyə, ixrac da etməyə imkan verdi. Vaxt var idi ölkəmizi qaranlıq bürümüşdü. Vaxt var idi gecə saat 12-də televizor da söndürülürdü ki, elektrik enerjisinə sərfiyyat azalsın. Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik”.

Dövlət başçısı vurğulayıb ki, ilin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək: “Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz “Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, - o da təqribən 400-500 meqavat gücünə malik stansiya olacaq, - bizim enerji potensialımız daha da artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali, əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcək”.

Dövlət başçısının bu yöndə müvafiq tapşırıqlarına uyğun olaraq hazırda “Cənub” Elektrik Stansiyasında sudurulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlılığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 kilovoltluq qapalı paylayıcı qurğuda bərpa işlərinə başlanılacaq.

Bununla yanaşı, hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan 25 kilometr məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kilovat/saat elektrik enerjisinə qənaət ediləcək. Buna paralel olaraq hazırda “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 kilometr məsafədə 220 kilovoltluq yüksəkgərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir və sazlama işləri nəticəsində stansiyanın gücü 520 meqavatdan 720 meqavata qaldırılıb və bununla da 200 meqavat itirilmiş güc bərpa olunub.

Yeri gəlmişkən, “Azərişıq” qərb regionunda da yenidənqurma işlərini davam etdirir. Tovuz rayonunda elektrik enerjisinin verilişində keyfiyyət artırılır. Belə ki, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin ötən aylarında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb.

Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, 10 kilovoltluq dayaqlar quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb. Rayonun bir çox qəsəbə və kəndlərində, o cümlədən cəbhəyanı kəndlərdə də hazırda yenidənqurma işləri davam etdirilir.

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.- 24 may.- S.7