YAP Gənclər Birliyinin üzvləri 28
May - Respublika Günü münasibətilə Milli Məclisdə
olublar
Mayın 24-də Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər Birliyinin üzvləri 28 May -
Respublika Günü münasibətilə Milli Məclisdə
olublar. Əvvəlcə gənclər Milli Məclisin inzibati
binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini
ziyarət edib, önünə gül dəstələri
düzərək Ulu Öndərin xatirəsinə
ehtiramlarını bildiriblər.
Sonra YAP Gənclər Birliyinin üzvləri
parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra
katibinin müavini, Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri
salamlayıb, onların Azərbaycan parlamentinin fəaliyyəti
ilə tanış olmalarının əhəmiyyətini
vurğulayıb. Sonra Milli Məclisin Aparat rəhbəri Səfa
Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat
verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə tikilərək istifadəyə verilib. Azərbaycan
parlamentinin keçdiyi yolun əhəmiyyətindən
danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125
deputatdan ibarətdir. S.Mirzəyev deyib ki, 1995-ci ildən indiyə
kimi parlament 2000-dən çox qanun və qərar qəbul
edib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri
parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə
tanış olublar.
Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni
və bu günü” mövzusunda “dəyirmi masa” öz
işinə başlayıb. YAP İcra katibinin müavini, Milli
Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzov mövzunun aktuallığını
qeyd edib. Bildirib ki, gənclərimiz xalqımızın
tarixini, o cümlədən parlamentin tarixini dərindən
öyrənməlidirlər: “Bu baxımdan, belə bir “dəyirmi
masa”nın keçirilməsi əhəmiyyətlidir. Bir
neçə gündən sonra mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunacaq. Bu
münasibətlə YAP Gənclər Birliyi üzvlərinin
Milli Məclislə tanışlığı Azərbaycanın
siyasətinin, qanunvericiliyinin, iqtisadiyyatının daha dərindən
öyrənilməsinə yaxşı imkan yaradıb”.
Milli Məclis sədrinin müavini, parlamentin
İnsan hüquqları komitəsinin sədri Bahar Muradova
çıxış edərək bildirib ki, 28 May - Respublika
Günü tariximizdə mühüm yer tutur. B.Muradova
Cümhuriyyət irsinin öyrənilməsinin vacib
olduğunu, bundan ibrət dərsi götürməli
olduğumuzu deyib. O qeyd edib ki, bu gün biz Azərbaycan Xalq
Cümhuriyyəti qurucularını böyük hörmətlə
yad edirik və yoxdan bir dövlət yaradan insanları
unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə
olduqları dövrdə də Azərbaycanın bir zaman
müstəqillik qazanacağına inamlarını itirməyiblər.
Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan
dövlətini də qorumalıyıq.
Milli Məclis sədrinin müavini deyib ki, Ermənistan
daim Azərbaycan ərazilərini ələ keçirməyə
çalışıb: “Ermənilər həm Cümhuriyyət
dövründə, həm də sonralar Azərbaycan ərazilərinə
iddia ilə çıxış ediblər. O zaman Milli
Şuranın İrəvanın Ermənistana paytaxt kimi verilməsi
barədə qərarının ağrı-acılarını
bu gün də hiss edirik. İrəvanın Milli Şura tərəfindən
hansı şərtlər daxilində Ermənistana verilməsi
məlumdur. Qərarda Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış
etməyəcəyi, oradakı azərbaycanlıların
yaşayışına müdaxilə etməyəcəyi ilə
bağlı şərtlər əksini tapmışdı.
Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini
qəbul etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək,
Bakını işğaldan azad etmək olub. Bakı ermənilərin
işğalından qurtularaq Azərbaycanın paytaxtına
çevrilib”.
Azərbaycan parlamentinin 1918-ci ildə fəaliyyətə
başladığını deyən B.Muradova qeyd edib ki,
parlament fəaliyyət göstərdiyi müddət ərzində
vacib qanun və qərarlar qəbul edib, o dövrdən indiyədək
şərəfli yol keçib. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, əgər Cümhuriyyət qurucuları
yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla
qürur duyardılar.
Vitse-spiker deyib ki, 1993-cü ildə Azərbaycan
müstəqilliyini itirmə təhlükəsi ilə
qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin
xalqın maraqlarına uyğun gəlməyən fəaliyyəti
ölkəni çox çətin vəziyyətə
salmışdı: “Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən
Bakıya çağırılması düzgün qərar
idi. Həmin qərarı o dövrün şərtləri
diktə edirdi. Ulu Öndər Heydər Əliyev o zaman
xalqın səsinə səs verdi, Azərbaycanı
düşdüyü çətin vəziyyətdən,
müstəqilliyin itirilməsi təhlükəsindən xilas
etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz
parlament olaraq beynəlxalq qruplar vasitəsilə beynəlxalq əlaqələrin
qurulmasında iştirak edirik, parlamentimizdə çoxlu sayda dostluq
qrupları fəaliyyət göstərir. Bu gün Azərbaycan
dünya dövlətləri içərisində
sayılıb-seçilən ölkədir, parlamentimiz
dünya parlament ailəsinin üzvüdür”.
Sonra tədbirdə gəncləri
maraqlandıran suallar cavablandırılıb.
Bundan sonra “Azərbaycanda enerji təhlükəsizliyi”
mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə
giriş sözü ilə çıxış edən YAP
İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
mövzunun aktual olduğunu, gənclər üçün
böyük maraq kəsb etdiyini bildirib.
Azərbaycanda enerji təhlükəsizliyi
mövzusunda çıxış edən Milli Məclisin sədr
müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərov Ümummilli Lider
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası
haqqında ətraflı məlumat verib. O, Azərbaycanın
zəngin neft ehtiyatlarına sahib olduğunu deyərək qeyd
edib ki, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə
qayıdışından sonra xalqımız öz təbii sərvətlərinə
sahib çıxdı.
Vitse-spikerin sözlərinə görə,
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması
müstəqil Azərbaycanın tarixində çox
mühüm hadisədir. Onun sözlərinə görə,
bu müqavilənin imzalanması Heydər Əliyevin siyasi iradəsinin
gücü, Ona beynəlxalq miqyasda olan etimad və şəxsi
nüfuzu sayəsində reallaşıb. V.Ələsgərov
qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycan
üçün əlverişli şərtlərlə
imzalanıb, sənəddə milli maraqlarımız tam
qorunur. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli
inkişafında mühüm rol oynayır.
Bu gün Azərbaycanın nəinki
özünün, bütövlükdə Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynadığını deyən vitse-spiker
Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi
olduğu neft strategiyasını uğurla davam etdirdiyini diqqətə
çatdırıb. Onun sözlərinə görə,
hazırda Azərbaycan qlobal enerji layihələrini həyata
keçirən dövlətdir. Bu gün Azərbaycan 7 neft və
qaz kəməri ilə dünya bazarına çıxır.
“Bu gün Azərbaycan dünyada neft və qaz ixrac edən
ölkə olmaqla yanaşı, tranzit ölkə kimi də
tanınır. Azərbaycan həmçinin bu baxımdan
qonşu dövlətlər üçün yeni imkanlar yaradır”,
- deyən V.Ələsgərov əlavə edib ki, Azərbaycan
özünün enerji təhlükəsizliyini tam təmin
edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın
həyata keçirdiyi enerji layihələri, Şahdəniz
qazının dünya bazarına çıxarılması
üçün imzalanan sazişlər XXI əsrin müqavilələridir.
“Bu baxımdan, TAP, TANAP və digər layihələr beynəlxalq
əhəmiyyətli layihələrdir. Azərbaycan ərazi
baxımdan kiçik dövlət olsa da, bu qlobal layihələrin
reallaşdırılması üçün böyük
siyasi iradə, milli həmrəylik var. Təbii ki, iqtidarla xalqın
həmrəyliyi olmasaydı, bu layihələri
reallaşdırmaq mümkün olmazdı. Amma ölkəmizdə
bu birliyin mövcudluğu Azərbaycanın gücünü
şərtləndirir”, - deyə V.Ələsgərov
vurğulayıb.
Tədbirdə çıxış edən gənclər
dövlətimizin enerji siyasəti, neft strategiyası haqqında
fikirlərini bildiriblər.
YAP Gənclər Birliyinin üzvlərinin
iştirakı ilə Milli Məclisdə növbəti “dəyirmi
masa” “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq
Qarabağ münaqişəsi və onun həlli yolları”
mövzusunda olub. Tədbiri açan YAP İcra katibinin
müavini, Milli Məclisin İctimai Birliklər və dini
qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ermənistanın
işğalçı siyasəti nəticəsində
Dağlıq Qarabağ münaqişəsi yaranıb. Onun
sözlərinə görə, bu gün Azərbaycan dövləti
münaqişənin həlli ilə bağlı prinsipial
mövqe nümayiş etdirir.
Milli Məclis sədrinin birinci müavini,
parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov
münaqişənin yaranma tarixi və səbəbləri
haqqında fikirlərini bildirib. Tarixən ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının olduğunu deyən
Z.Əsgərov söyləyib ki, əslində ermənilər
Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Birinci
vitse-spiker qeyd edib ki, ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının heç bir əsası
yoxdur. Çünki Dağlıq Qarabağ həm tarixi, həm
də hüquqi cəhətdən Azərbaycana məxsusdur.
“Təəssüf ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi hələ də
həll olunmayıb. Bunun əsas səbəbi
beynəlxalq hüquq normalarının işğalçı
Ermənistana qarşı tətbiq edilməməsidir”, - deyən
Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qəbul
etdiyi dörd qətnamədə Azərbaycanın ərazi
bütövlüyü tanınır, erməni
silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən
qeyd-şərtsiz çıxarılması tələb
olunur. Eləcə də Avropa Şurası Parlament
Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq
Təşkilatının və digər beynəlxalq
qurumların sənədlərində Azərbaycanın ərazi
bütövlüyü tanınır.
“Belə olan təqdirdə, münaqişə
niyə həll olunmur? Dağlıq Qarabağ münaqişəsinin
həll olunmamasının əsas səbəbi Azərbaycana
qarşı ikili standartların tətbiq olunmasıdır. Bu
gün dünyada beynəlxalq hüquq işləmir. Güc
kimdədirsə, beynəlxalq hüquq onun tərəfindədir.
İşğalçı Ermənistanın havadarları
münaqişənin həllinə imkan vermirlər. Onlar deyirlər
ki, münaqişə sülh yolu ilə həll
olunmalıdır. Biz də sülh tərəfdarıyıq.
Amma niyə onlar Ermənistanın işğalçı
olduğunu demirlər? Bu qədər ədalətsizlik olmaz.
Ona görə də Azərbaycan güclənir və bundan
sonra da güclənəcək. Prezidentimizin mövqeyi bundan
ibarətdir ki, Azərbaycanın ərazi
bütövlüyü müzakirə predmeti ola bilməz”, -
deyə birinci vitse-spiker vurğulayıb.
Z.Əsgərov münaqişənin həlli ilə
bağlı danışıqlar prosesi, Azərbaycan ordusunun
gücləndirilməsi, ölkəmizin təhlükəsizlik
sistemi haqqında geniş məlumat verib.
Sonra tədbirdə iştirak edən gənclərin
sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 25 may.- S.6