Regionlarda məktəblərin təmiri və tikintisi istiqamətində işlər davam etdirilir

 

2019-cu ildə dövlətin maliyyə dəstəyi ilə 100-ə yaxın məktəbin yenidən tikilməsi və ya əsaslı təmir edilməsi planlaşdırılıb

Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları uğurla davam etdirilir. Təsadüfi deyil ki, müasir təhsil sisteminin yenidən qurulması, gələcək nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafını daim diqqətdə saxlayan, insan resurslarının yetişdirilməsi və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin başlıca məqsədləri müəyyənləşdirilib. Son 15 il ərzində ölkəmizdə 3200-dən çox yeni məktəbin tikilərək istifadəyə verilməsi və əsaslı təmir olunması həmin Strategiyanın tərkib hissəsi olan gələcək nəslə müasir resurslara malik yüksəksəviyyəli təhsil verilməsinin başlıca şərtlərindəndir. Çünki tədris resursları ilə təmin olunmuş müasir məktəb keyfiyyətli təhsil sisteminin və millətin intellektual-mənəvi inkişafının mühüm şərti və təməl prinsipidir.

Yeri gəlmişkən, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində də işlərin davam etdirilməsinin vacibliyinə toxunub: “Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir”.

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan həmin iclasdakı çıxışında Prezident İlham Əliyev, həmçinin 2019-cu ildə dövlətin maliyyə dəstəyi ilə məktəblərin, o cümlədən modul tipli məktəblərin tikintisini, qəzalı vəziyyətə olan bir çox məktəbin əsaslı təmir edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb: “Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.

Vurğulamaq yerinə düşər ki, mobil məktəblərin üstünlüyü onların qısa müddətə başa gəlməsi, az xərc tələb etməsi, istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına görə sinif otaqlarının planlaşdırılması ilə bağlıdır.

Yeri gəlmişkən, məktəblərin və məktəbəqədər müəssisələrin inşa edilməsində, yenidən qurulmasında və təmirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası ya yenidən tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Yeni məktəblər müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, kompüter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalarla təchiz olunub.

Məktəblərin təmiri və yenidən qurulması məsələsinə toxunarkən, onu da xatırladaq ki, bu ilin fevralında Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələdə məktəb və uşaq bağçasının yerləşdiyi binalara da ziyan dəyib. Dövlətin birbaşa dəstəyi ilə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər zamanı bu obyektlərin təmir edilməsi də həyata keçirilir. Belə ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair üç aylıq hesabat brifinqində bildirilib ki, Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları dövlətimizin başçısının müvafiq Sərəncam və tapşırıqlarına əsasən aradan qaldırılmaqdadır. İsmayıllı rayonunda sosial obyektlərə baxış keçirilərkən, yaşayış evləri ilə yanaşı, 1 məktəb binasının, 1 uşaq bağçasının və 2 inzibati binanın da qəzalı olması müəyyənləşib. Bildirilib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması çərçivəsində 320 şagird yerlik Gəraybəyli tam orta məktəbinin, 40 şagird yerlik Kələzeyvə ibtidai məktəbinin, 40 yerlik Quşencə uşaq bağçasının tikintisi nəzərdə tutulub. Ağsu rayonunda isə ziyan dəymiş 10 sosial obyektə baxış keçirilib, onlardan 8-nin qəzalı, 2-nin isə bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bico və Ərəbuşağı kənd tibb məntəqələrinin, Arakənd kənd orta məktəbinin və Pirhəsənli kənd körpələr evi-uşaq bağçasının yenidən tikilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, hazırda istər paytaxtda, istərsə də regionlarda məktəb və məktəbəqədər müəssisələr üçün yeni binaların tikintisi davam etdirilir. Xüsusilə kənd yerlərində, ən ucqar kəndlərdə modul tipli məktəblər istifadəyə verilib. Son iki ildə 300-ə yaxın belə məktəb tikilib. Gələcəkdə də əhalinin, uşaqların sayının artımını nəzərə alaraq həm paytaxtda, həm də regionlarda məktəblərin və məktəbəqədər müəssisələrin inkişaf etdirilməsi, yenilərinin tikilməsi nəzərdə tutulur. Müxtəlif bölgələrdə tədris müəssisələrinin tikintisi məqsədilə xüsusi dövlət investisiya proqramları qəbul olunub.

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış 2019-cu ilin birinci rübünün yekunlarına həsr olunan hesabat məruzəsində bildirildiyi kimi, həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində hazırda Ağcabədi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının, Salmanbəyli kəndində 432 şagird yerlik, Qaradolaq kəndində 264 şagird yerlik məktəb binalarının tikintisi aparılır.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tovuz rayonunda da təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir. Rayonda sosial və mədəni obyektlərin tikintisi, yeni-yeni istehsal müəssisələrinin yaradılması və infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində hazırda Tovuz şəhərində Tarix Diyarşünaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatıb, 624 şagird yerlik Alakol kənd tam orta məktəbinin tikintisi davam etdirilir.

Bununla yanaşı, hazırda rayonun Alakol kəndində N.Sadıqov adına tam orta məktəb üçün yeni binanın tikintisi aparılır. 2019/2020-ci tədris ilinin əvvəlində açılışı nəzərdə tutulan məktəb binası 3 mərtəbədən ibarətdir. Artıq tikintisi yekunlaşmış binanın yaxın günlərdə daxilində təmir işlərinə başlanılacaq. 624 şagird üçün nəzərdə tutulan məktəb müasir maddi-texniki vasitələrlə də təchiz ediləcək.

Salyan rayonunun Qarabağlı kəndində isə 100 yerlik ikimərtəbəli uşaq bağçası-körpələr evinin tikintisi yekunlaşır. Artıq binanın qapı və pəncərələri quraşdırılıb, daxili elektrik, su-kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Həmçinin burada su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb. Hazırda binaya üzlük vurulur. Bundan sonra 24 əsas və yardımçı otaqdan ibarət olan məktəbəqədər müəssisənin həyətində abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq. Müəssisə yeni inventar və texniki vasitələrlə təmin olunacaq. Uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın bütün regionlarında, o cümlədən xüsusi ehtiyac duyulan yaşayış məntəqələrində yeni məktəblərin tikintisi məsələsini daim diqqətdə saxlayır və bu sahədə təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq Sərəncamlar imzalayır. Dövlət başçısının 7 may 2019-cu il tarixində Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında imzaladığı Sərəncam da bu qəbildəndir. Sözügedən Sərəncama əsasən, Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamda göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qaşqay ZİYƏDDİNOĞLU

Yeni Azərbaycan.- 2019.- 28 may.- S.7.