Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir

 

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov www.yap.org.az saytına müsahibə verib:

- Cəbi müəllim, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu və əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Azərbaycan xalqı özü öz taleyini həll etməli idi.

Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar. Həmçinin Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər müstəqil dövlət qurdular. Çox qədim dövlətçilik ənənələri olan bir xalq kimi biz 1918-ci il mayın 28-də tarixi torpaqlarımızın şimalında dövlətiçiliyimizi bərpa etdik. Dövlətçiliyin bərpasını istər siyasi, istər iqtisadi, istər mənəvi-psixoloji, bütün aspektlərdən götürəndə xalqımızın həyatında çox mühüm bir hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. 2019-cu ildə Xalq Cümhuriyyətinin elan edilməsindən 101 il ötür. Bu tarixlə bağlı Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq, imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın. Təsadüfi deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi qeyd olundu. Biz keçən il Cümhuriyyətin 100 illiyini qeyd etdik. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Həyat nə qədər varsa, müstəqil dövlətimiz var olacaq. Bu il Cümhuriyyətin 101 yaşını qeyd ediriksə, vaxt gələcək 1001 yaşı qeyd olunacaq.

- Xalq Cümhuriyyəti cəmi 23 il yaşasa da, Azərbaycan ötən əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etdi. Bu dövrü necə xarakterizə edərdiniz?

- İki ildən sonra müstəqilliyimizin bərpasının 30 illiyini qeyd edəcəyik. Xalqımız çox ağır, eyni zamanda şərəfli yol keçib. Müstəqilliyimzi bərpa etdikdən sonra həyatımızın yeni səhifəsini yazmağa başladıq, öz taleyimizin sahibinə çevrildik. Amma dövlətçiliyimizin bərpası asan olmadı. Keçmiş SSRİ-nin, Rusiyanın hərbi-siyasi dairələrinin təhriki ilə erməni faşizmi Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və nəticədə xalqımıza qarşı genişmiqyaslı hərbi təcavüz başladı. Həm Rusiyanın hərbi-siyasi dairələrinin, həm də Qərb ölkələrinin yardımı olmasaydı, ermənilər belə bir cinayətə əl ata bilməzdi. Bu təkzibolunmaz faktdır. Bütün bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı xalqımızı uçurumdan xilas etdi. 28 aprel 1920-ci ildə müstəqilliyimizi itirdiksə, 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə biz milli dövlətçiliyimizi xilas etdik. Ona görə də, həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə çox ağır miras qalmışdı. Amma böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinlikləri dəf etdi. Və Azərbaycan xalqı sübut etdi ki, dövlət yaratmaq və idarə etmək iqtidarında olan xalqdır. Eyni zamanda, xalqımız Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyini də sübut etdi. Məhz buna görə də, xalqımız haqlı olaraq Ümummilli Lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir.

Biz tariximizə nəzər salsaq, Azərbaycan xalqının dünya tarixinə görkəmli dövlət xadimləri verdiyini görərik. Onların sırasında Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl, Əlimərdan bəy Topçubaşovun və başqalarının adını çəkə bilərik. Eyni zamanda, xalqımız elm, mədəniyyət sahəsində də bəşəriyyət üçün görkəmli şəxsiyyətlər yetişdirib. Məsələn, Nizami Gəncəvi səviyyəsində mən böyük yaradıcı insan, mütəfəkkir dünyada tanımıram. Eləcə də, Nəsimi XV əsrdə yaşamış dünyanın ən böyük filosoflarından biri olub. Mən həmçinin, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Qara Qarayev kimi böyük şəxsiyyətlərin də adını çəkə bilərəm ki, xalqımızın yetişdirdiyi bu insanlar dünya mədəniyyətinə və elminə böyük töhfələr veriblər. Təbii ki, Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir. Heydər Əliyev millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur. Ona görə də, Azərbaycan xalqı öz qəlbində Ulu Öndərimizin əbədi abidəsini ucaldıb.

- Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycanın bugünkü inkişafı, qazandığı uğurlar haqqında nə deyə bilərsiniz?

- Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firavan gələcəyə aparır. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Bu müdrik kəlam uğurla inkişaf edən müstəqil ölkəmizin timsalında öz təsdiqini tapır.

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 28 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu və dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Bu bayram ərəfəsində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi olaraq zirvələrdə dalğalansın.

Azərbaycanın yeganə problemi Ermənistanın torpaqlarımızı işğal etməsidir. Qarşımızda duran başlıca vəzifə ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Biz erməni faşizminə qarşı mübarizə aparırıq. Təəssüf ki, bu reallığı dünyanın aparıcı dövlətləri görmək istəmir, əksinə işğalçıya yardım edirlər.1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində dünyanı xilas edən Azərbaycan xalqı idi. Bakı nefti, xalqımızın qəhrəman oğulları olmasaydı, müharibədə qələbə qazanmaq mümkün deyildi. Müharibə illərində Azərbaycanda 131 adda silah istehsal edilirdi. İkinci Dünya müharibəsində SSRİ-yə nefti biz vermişik. 110 milyon ton neftdən 75,2 milyon ton Azərbaycanın payına düşürdü. Təkcə SSRİ-ni deyil, Avropa xalqlarını faşizm zülmündən xilas edən Azərbaycan xalqıdır.

Amma inanıram ki, bu yöndə görülən işlər nəticə verəcək, tezliklə xalqımızın öz gücü, intellektual, iqtisadi, hərbi qüdrəti hesabına torpaqlarımız işğaldan azad olunacaq. Hörmətli Prezidentimiz İlham Əliyev hər zaman deyir ki, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpağımızdır. Bizim heç kimə qarşı torpaq iddiamız yoxdur. Biz bütün itirilmiş torpaqlarımıza geri qayıdacağıq.

- Cəbi müəllim, AMEA-nın Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyəti haqqında sanballı elmi əsərlər hazırlayıb. Hazırda bu istiqamətdə hansı işlər görülür?

- Bu istiqamətdə fəaliyyətimiz davam edir. İnstitutumuzda Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsi fəaliyyət göstərir. İnstitutun direktoru, akademik Yaqub Mahmudovun baş redaktorluğu ilə iki cildlik Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası nəşr olunub. Əlavə olaraq Cümhuriyyətin şəxsiyyətləri haqqında əsərlər hazırlanır. AXC ilə bağlı bir sıra tarixi sənədlər müxtəlif ölkələrin arxiv sənədlərində saxlanılır ki, onlar instituta gətirilir və elmi dövriyyəyə daxil edilir.

AXC-nin fəaliyyəti Tarix İnstitutunun müvafiq şöbəsində tədqiq olunmaqla bərabər, həm də bu mövzuda dissertasiya işləri yazılıb müdafiə olunur.

 

Yeni Azərbaycan.- 2019.- 28 may.-S.11