85 yaşlı AYB və onun sədri barədə...
Azərbaycan dövləti daim ədəbiyyata
və ədəbiyyatçılara böyük diqqət və
qayğı göstərir
Azərbaycan Yazıçılar Birliyi (AYB) bu
il öz 85 illik yubileyinə hazırlaşır. AYB bizim
ölkəmizdə dövlət tərəfindən dəstəklənən
bir təşkilatdır və bu gün yazıçı təşkilatının
dövlət büdcəsindən maliyyələşdirilməsi
dünyada çox az təsadüf olunan hadisədir. Kapitalist
dünyası gəlir gətirməyən sahəni maliyyələşdirməyi
elə də məqsəduyğun hesab etmir, çünki
rentabelli deyil. Amma Ümummilli Lider Heydər Əliyev mənəvi
sferanı dəyər, qazanc hesab edərək Azərbaycanda
belə bir ənənə qoydu və Prezidentimiz cənab
İlham Əliyev bu ənənəni davam etdirir.
Mən xaricdə olanda dəfələrlə
bu məsələdən xəbərdar olan xarici
yazıçıların azərbaycanlı həmkarlarına
necə həsəd aparmasının şahidi olmuşam,
çünki onlar bu cür dövlət dəstəyindən
məhrumdurlar. Onlar deyir ki,
istehlakçı cəmiyyətdə sponsorlar və kommersiya
nəşriyyatları bədii əsərlərə istehsal
etdikləri mal kimi baxırlar, onları əsərin bədii
və mənəvi dəyəri yox, kütlənin onları
istehlak edə biləcəyi xüsusiyyətləri maraqlandırır.
Dövlət isə bu məsələlərdə bitərəf
mövqe tutur... Və nə yaxşı ki, bizim
ölkəmizin rəhbərləri bədii sənəti, qələm
adamlarını mətah istehsal edən sənayedən
ayıra biliblər və mən inanıram ki, Azərbaycan rəhbərliyinin
bu müdrik addımı başqa ölkələr
üçün də örnək olacaq. Ciddi ədəbiyyat,
əsl sənət nümunələri bütün tarix boyu
dövlətin dəstəyi ilə inkişaf edib və sonda təmsil
etdiyi xalqın, sonradan isə bütün dünyanın mənəvi
sərvətinə çevrilib. Tarixdə buna yüzlərlə
misal var, Firdovsi, Nizami, Şekspir, Höte...davam eləsək
siyahı çox uzun olar. Böyük istedadın həmişə
köməyə ehtiyacı var, istedadsızlar onsuz da özlərinə
yol açırlar. Ani bir zamanda bir sistemdən başqa bir
sistemə adlayan postsovet məkanında, o cümlədən
Azərbaycanda çoxları, xüsusən
yazıçılar köməksiz hala düşdülər.
Kiçik də olsa, dövlət tərəfindən
Yazıçılar Birliyinə göstərilən dəstək
çox yazıçılara ayaq üstdə durmaq və
yaradıçılıqla məşğul olmaq imkanı
verdi. Müstəqillik illərində Azərbaycanda
bəzilərinin söylədiyi kimi ədəbiyyat ölmədi,
əksinə, xüsusən poeziyada təkrarsız sənət
nümunələri yarandı və onlar bu gün ədəbiyyatımızın
yeni simasının bariz nümunələridir. Bu illər
ərzində ölkəmizdə yalnız həyat səviyyəsi,
şəhərlərin siması dəyişmədi, o
cümlədən insanların dünya duyumu, zövqü,
estetikası dəyişdi.
Azərbaycan Yazıçılar
Birliyi də cəmiyyətin mənəvi mərkəzlərindən
biri kimi, bu proseslərdən kənarda qalmadı. Uzun illər
ərzində bu təşkilata rəhbərlik etmiş,
böyük çətinliklərə baxmayaraq onun
bütövlüyünü qoruya bilmiş Anar təlatümlü
bir dövrdən keçmiş, sistem dəyişikliyi
yaşamış AYB-ni bu günlərə zamanın
yaratdığı problemlərə sinə gərə-gərə,
amma rahat bir şəkildə gətirib çıxara bildi.
Əgər AYB-dən danışırsansa, Anardan bir az
geniş danışmamaq mümkün deyil. Çünki Anar
istər ədəbiyyatımızın tarixində, istərsə
də AYB-nin tarixində böyük bir
epoxanı simvolizə edən bir şəxsiyyətdir. Əlbəttə,
bu illər ərzində Azərbaycan Yazıçılar
Birliyinin sıralarında çox böyük və məşhur
adamlar təmsil olunub, bu təşkilata Səməd Vurğun,
Rəsul Rza, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl
Şıxlı kimi görkəmli və
işıqlı adamlar rəhbərlik ediblər. Anar müəllim
də artıq uzun illərdir ki, mədəniyyət tariximizdə
dərin izlər qoymuş bu böyük insanların ləyaqətli
xələfi kimi yazıçılar qurumuna ağsaqqallıq
edir. Məncə Azərbaycan mədəni-mənəvi
mühitinə göstərdiyi göstərdiyi böyük
müsbət təsirə görə Anar yalnız AYB ilə
assosasiya olunmamalıdır. Anar yalnız ədəbiyyatımızda
deyil, ümumən mədəniyyət tariximizdə
böyük bir mərhələdir. O şübhəsiz ki,
böyük yazıçıdır, amma mədəniyyətin
digər sahələrində də böyük izlər qoyub.
Kino, dram, dil, rəssamlıq, tərçüməçilik
, tarix, esseistika, naşirlik ...mədəniyyətin hansı
sahəsinə baş vursan Anarın izinə rast gələcəksən.
Ölkədə onun əsərləri, filmləri ilə
böyüyən artıq üçüncü nəsil
yetişməkdədir. Atalarımız,
özümüz, uşaqlarımız, indi də nəvələr
böyüyür. “Dantenin yubileyi”, “Gürcü
familiyası”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”,
“Ağ liman” kimi əsərlər bir zamanlar mənim kimi əyalətdə
yaşayan gənclərin düşüncəsində şəhər
tablosu belə əsərlərin təsiri ilə yarandı.
Şəxsən mənim şəhər poeziyamın
formalaşmasında Anar və Elçin nəsrinin, Vaqif
Səmədoğlu şeirinin böyük təsiri olub.
Şübhəsiz ki, bu təsir başqa sənət
adamlarımızdan da yan ötməyib. Həm də bu əsərlər
XX əsrin 60-70-ci illər Bakısının canlı
illüstrasiyasıdır. Bundan sonra biz köhnə
Bakını yalnız onların və digər
yazıçılarımızın əsərlərində,
onların əsasında çəkilmiş filmlərdə
görə biləcəyik. Bu baxımdan Anarın əsərləri
yaxın tariximizin canlı tablolarıdır. Mən “Dədə
Qorqud dünyası” əsərini ilk dəfə oxuyanda beynimdə,
düşüncəmdə böyük dəyişimlər
oldu. Onda çox gənc idim və səhifədən-səhifəyə
keçdikcə özümü həmin dünyada, Oğuz
bahadırlarının arasında hiss eləməyə
başladım -xəyalən ox atdım, qımız
içdim, bozqırlarda at çapdım. Sovet
mühitində belə əsərlər bizim
üçün yeni bir mövzu idi, biz “Kitabi Dədəm
Qorqud”u oxusaq da, Anarın bu essesi qədim boyların
qavranılmasında bizə yeni impuls verdi. Bir
gündə Anar şəhər həyatından
ayrılıb Oğuz zamanlarına səfər edərək
bu mövzunu Azərbaycan ədəbiyyatının gündəminə
gətirdı və əsərin emosional təsiri elə
güclü oldu ki, bu mövzuda əsərlər
yazılmağa başladı. İndi bu əsərlərin
adını artıq hamı bilir. O dövrdə mən də
Dədə Qorqud süjetlərində şeirlər
yazmışdım və sonralar bu şeirlər “Savaş ayələri”
və “Türk əsrinin türküləri” kimi şeir
kitablarımın yaranmasında az rol oynamadılar. Sonradan o bu əsərin əsasında kinossenari
yazdı və onun əsasında “Dədə Qorqud” filmi
çəkildi. İndi Azərbaycanda kimsə həmin
dövrdən yazanda və ya danışanda hadisələri həmin
filmdə gördüklərinin prizmasından şərh edir.
Ümumən Anar Azərbaycan cəmiyyətində, Azərbaycan
dövlətçiliyində əlamətdar bir fiqurdur.
İstər genetik, istər yaradıcılıq, istərsə
yaşam baxımından o Azərbaycana çox
bağlıdır. Genləri barədə: Ana babası Xudadat
bəy Rəfibəyli Azərbaycan Xalq Cumhuriyyəti
dövrünün rəhbərlərindən və şəhidlərindəndir.
Atası Rəsul Rza Hüseyn Caviddən sonrakı yeni poeziyada
(klassik janrın bitişindən sonra) yeni cığır
açan iki şairdən biridir. Rəsul Rza həm də
AYB-nin ilk dövrlərində, çox gənc yaşlarında
bu qurumun rəhbəri olub. Anar özü isə, həm
yaradıcılıq, həm ideoloji, həm də təşkilati
işlər baxımından həmişə Azərbaycan
dövlətinə, xalqına bağlı olub.
Mir Cəlal Paşayev yazırdı ki, “Azərbaycanı
şeirə Səməd Vurğun gətirdi”. Onun
“Azərbaycan” şeiri bu məfhumun milli şüurda
oturuşmasında misilsiz rol oynadı. Anar isə bir az fərqli
yol tutdu, asta-asta bu ideyanın bədii əsaslarını
yazdı, onların ictimai şüurda oturuşmasında
önəmli rol oynadı. Əlbəttə bu işdə
başqaları da az rol oynamayıb, amma Anarın yaradıcılığında
və fəaliyyətində bu sistemli bir haldadır. Onun Nəsimi,
Füzuli və Xətai barədə möhtəşəm
esseləri var. Onun “Dədə Qorqud dünyası” var, Mirzə
Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir
Hacıbəyov, Hüseyn Cavid barədə filmləri var, “Azərbaycançılıq
barədə düşüncələr”i var.
Nə isə, qayıdaq AYB məsələsinə.
Bu təşkilat Sovetlər dönəmində yaransa da, bu
gün də bir yaradıcı qurum kimi əhəmiyyətini
saxlayır. Həm də Anarın rəhbərlik etdiyi AYB
postsovet məkanında parçalanmaya məruz qalmayan yeganə
yazıçı təşkilatıdır. Bu
illər ərzində o təşkilatda Rəşad Məcid,
Elçin Hüseynbəyli, İlqar Fəhmi, Azər Turan, Səlim
Babullaoğlu, Qulu Ağsəs kimi yeni nəsildən olan idarəçilər
yetişdirə bildi, bu da təşkilatın gələcəyinə
nikbin baxmağa imkan verir.
Bu il yubiley ilidir, sağ olsun
Prezidentimiz, xeyli yazıçımızın ürəyini
sevindirdi, fəxri adlar verdi, əlavə vəsait
ayırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan
dövlətçiliyi milli ənənələrə dayanan
sağlam təməllər üzərində dayanır.
Elxan Zal Qaraxanlı
Yeni Azərbaycan.- 2019.- 3o
may.- S.8.