Azərbaycanın bölgələrində
pambıqçılığa maraq artır
Dövlət tərəfindən
göstərilən çoxşaxəli dəstək tədbirləri,
o cümlədən ötən il xam pambığın
alış qiymətinin hər ton üçün 650 manat
müəyyən edilməsi pambıq istehsalını fermerlər
üçün sərfəli sahəyə çevirib
Azərbaycanda regionların
sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramları çərçivəsində aqrar sektorda əmək
tutumu böyük, gəlir imkanları geniş olan sahələrin,
o cümlədən də pambıqçılığın
inkişafına böyük diqqət göstərilir.
Respublikamız bununla bir tərəfdən regionlarda fəal məşğul
əhalinin əmək bazarına inteqrasiyasını təmin
etmək, digər tərəfdən isə ölkəyə
valyuta daxilolmalarının həcminin artmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, pambığın xarici bazarlarda
satışı ilə bağlı hər hansı bir çətinlik
yoxdur. Bu strateji məhsula birjalarda həmişə
böyük tələbat var.
Respublikamızda
pambıqçılığın inkişafına yönələn
dəstək tədbirlərinin miqyası kifayət qədər
genişdir. Təkcə son illərdə respublikanın
ayrı-ayrı bölgələrində Prezident İlham
Əliyevin Sədrliyi ilə
pambıqçılığın inkişafı məsələlərinə
həsr olunan bir neçə ümumrespublika müşavirəsi
keçirilib. Bəhs olunan müşavirələrdə
bu sahə ilə məşğul olan fermerlərin təklifləri
dinlənilib, maddi-texniki bazanın möhkəmləndirilməsi,
əkin sahələrinin genişləndirilməsi, daha səmərəli
becərmə metodlarının tətbiqi, keyfiyyətli və
məhsuldar toxum təchizatı kimi aktual məsələlər
müzakirə olunub. Sevindirici haldır ki, bəhs olunan
müşavirələrdə qaldırılan məsələlərin
əksəriyyəti artıq öz həllini tapıb. O
cümlədən ötən il xam pambığın
alış qiymətinin hər ton üçün 650 manat
müəyyən edilməsi pambıq istehsalını fermerlər
üçün sərfəli sahəyə çevirib. Bunu
belə bir fakt da təsdiqləyir ki, hazırda respublikanın
bölgələrində pambıq əkib-becərməyə
maraq göstərən torpaq mülkiyyətçilərinin
sayı kifayət qədər çoxdur.
Cari ildə ölkə üzrə 100 min
hektarda pambıq əkilməsi nəzərdə tutulub. Artıq bölgələrdə səpin işləri
yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın
daha yüksək olması proqnozlaşdırılır.
Ümumiyyətlə, cari ildə respublikada pambıq
istehsalını məhsuldarlığın
artırılması hesabına təmin etmək hədəflənib.
Buna nail olmaq üçün indidən lazımi tədbirlər
görülür. Vurğulamaq yerinə düşər ki,
cari ildə mineral gübrə və pestisidlərlə təminatla
bağlı hazırlıq işləri tam yekunlaşıb. Dövlət başçısının
tapşırığına əsasən fermerlərin texnika
ilə təchiz olunması da diqqətdə saxlanılıb.
Ötən il “Aqrolizinq” tərəfindən 6046 ədəd
müasir texnika, o cümlədən 108 ədəd
pambıqyığan alınıb. Artıq bu ildən
fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt
və 5 il faizsiz kredit tətbiq edilməklə, istədikləri
şirkətdən ala biləcəklər.
Ötən mövsümdə Azərbaycanda
pambıqçılıqda ən yüksək məhsuldarlıq
Cəlilabadda qeydə alınıb
Ötən il Cəlilabad rayonunda 505 hektar sahədə
pambıq əkilib, sahələrdən 1446,6 ton və ya əvvəlki
ilə nisbətən 446,6 ton çox məhsul
yığılıb. Pambıq sahələrində ümumi
məhsuldarlıq hər hektardan 28,65 sentner olub. Bu, respublika
üzrə ən yüksək göstəricidir.
Rayonda
pambıqçılığın yenidən bərpa edilməsi
nəticəsində 200 nəfərdən çox rayon sakini
işlə təmin edilib, pambıqçılıqla məşğul
olan fermerlərə 947,7 min manat vəsait ödənilib. Əlavə olaraq
istehsalçılara son məhsula görə 146,6 min manat
subsidiya verilib.
Bu il rayonda 507 hektar pambıq sahəsi
şumlanaraq aqrotexniki qaydalara uyğun hazırlanıb və
istehsalçılarla müqavilələr
bağlanılıb. Sahələrdə
çiyid səpini optimal müddətdə başa
çatdırılıb və normal çıxış
alınıb.
Saatlıda
13 min hektardan çox sahədə çiyid səpini başa
çatıb
Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın
pambıqçılıq rayonları arasında ən
çox - 34 min 439 ton xam pambıq istehsal edən
Saatlının “ağ qızıl” ustaları cari ildə də
yüksək əhval-ruhiyyə ilə
çalışırlar.
Rayon
Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər
ki, bu mövsüm Saatlıda 13 min 734 hektar sahədə
pambıq becərilməsi nəzərdə tutulub. Bunun
üçün 2 min 475 torpaq mülkiyyətçisi ilə
müqavilə bağlanılıb, şum, arat, malalama işləri
vaxtında həyata keçirilib, sahələrə üzvi
gübrələr verilib, səpin üçün yüksək
reproduksiyalı toxum tədarük olunub. Səpin aparılan
sahələrin 4 min 684,7 hektarı “MKT” MMC-yə, 3 min 300
hektarı “AZƏR PAMBIQ” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ”
MMC-yə, 1250 hektarı isə “P-Aqro”ya məxsusdur.
Rayonun
Azada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə
fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu il də pambıq səpinində
fərqləniblər. Onlar min hektardan çox
sahədə pambıq əkərək səpini rayonda birinci
başa çatdırıblar. Bütövlükdə,
bu il Saatlıda 26 min tondan çox
pambıq istehsalı nəzərdə tutulub.
Biləsuvarlı
pambıqçılar yüksək əhval-ruhiyyə ilə
çalışırlar
Ötən
il 22 min 394 ton xam pambıq istehsal edən
biləsuvarlı pambıqçılar cari ildə də
yüksək əhval-ruhiyyə ilə
çalışırlar. Rayon Dövlət Aqrar
İnkişaf Mərkəzindən bildiriblər ki, bu
mövsüm Biləsuvarda 9 min 500 hektar sahədə pambıq
becərilməsi nəzərdə tutulub. Bunun
üçün 1481 torpaq mülkiyyətçisi ilə
müqavilə bağlanılıb, şum, arat, malalama işləri
vaxtında həyata keçirilib, səpin üçün
yüksək reproduksiyalı toxum tədarük olunub.
İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən
göstərilən dəstəkdən bəhrələnən
pambıqçılar qısa müddətdə 10 min 257
hektar sahədə səpin aparıblar ki, bu da nəzərdə
tutulduğundan 758 hektar çoxdur. Səpin aparılan sahələrin
4 min 183 hektarı “MKT” MMC-yə, 2 min 551 hektarı “AZƏR
PAMBIQ” MMC-yə, 2 min 7 hektarı “P-Aqro”ya, 1516 hektarı isə
“Təcrübə-Sınaq” məntəqəsinə məxsusdur.
Qabaqcıl pambıqçı Fazil Musayev rayonda
çiyid səpinini birinci başa
çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini
ilə məşğul olur və həmişə də
yüksək nəticə əldə edir. “Ötən
il becərdiyim 48 hektar pambıq sahəsinin hər
hektarından 50 sentner məhsul götürməklə 240
hektar pambıq tədarük etdim. Bu il
isə 70 hektar pambıq əkmişəm və sahəmdə
yaxşı cücərti var. Artıq becərmə işlərinə
başlamışam. Plantasiyadan bol məhsul
götürmək üçün ilk gündən bitkiyə
nümunəvi qulluq edirəm”, - deyə pambıqçı
bildirib.
Beyləqan
pambıqçıları bu il məhsuldarlıq
göstəricisini daha da yüksəltməyi
qarşılarına məqsəd qoyublar
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi
olan pambıqçılığın inkişafına
göstərilən dövlət qayğısı Beyləqan
rayonunda torpaq sahiblərinin bu sahəyə marağını
ildən-ilə artırır. Ötən il 9560 hektar sahədə
pambıq becərib, 21,9 min ton məhsul
istehsal edən Beyləqan pambıqçıları bu il məhsuldarlıq
göstəricisini daha da yüksəltməyi
qarşılarına məqsəd qoyublar. Rayonun
iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində
təcrübəsi məhsul istehsalını artırmaq
üçün stimul yaradır.
Beyləqan
rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Xaliq Məmmədov bildirib ki, bu il rayonda 9706 hektarda çiyid
səpini həyata keçirilib. Pambıq sahələrinin
5268 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq”
MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” ilə
bağlanan müqavilə əsasında əkilib. Sahələrə göstərilən düzgün
aqrotexniki tədbirlər nəticəsində yaxşı
bitiş alınıb. Pambıqçılıqla
məşğul olan fermerlər hazırda becərmə
işlərini uğurla davam etdirirlər. Tarlalarda
kultivasiya və seyrəltmə işləri aparılır,
yemləmə gübrəsi verilir, zərərvericilərə
qarşı dərmanlama tədbirləri görülür.
Bağlanan müqaviləyə əsasən,
pambıq istehsalçıları lazımi texnika, toxum,
gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Beyləqanlı “ağ qızıl” ustaları
təsərrüfat ilini uğurla başa vurmaq, strateji məhsulun
tədarükündə respublikanın qabaqcılları
sırasında durmağı hədəfləyiblər.
Ötən
il bir hektar pambıq becərib 3 ton 800
kiloqram məhsul götürən fermer Lətif Zeynalov bu il məhsuldarlığı
yüksəltməyi qarşıya məqsəd qoyub. “Pambıqçılıq gəlirli sahədir.
Lakin yaxşı gəlir götürmək
üçün əkin sahələrində aqrotexniki tədbirləri
düzgün, vaxtında və ardıcıl həyata
keçirmək, yüksək məhsuldarlıq əldə
etmək lazımdır. Odur ki, becərmə
işlərini lazımi qaydada yerinə yetiririk. Bu il iki hektarda pambıq becərirəm.
Çalışacağıq ki, hər hektardan orta hesabla
40-45 sentner məhsul götürək”, - deyə fermer bildirib.
Məhsuldarlığı yüksəltmək
üçün sahibkarlar Beyləqan Regional Aqrar Elm və
İnnovasiya Mərkəzinin təcrübəsindən də
yararlanırlar. Mərkəzin mütəxəssis və
aqronomları yerlərdə sahibkarlarla görüş
keçirib aqrotexniki qaydaları izah edir və əyani şəkildə
göstərirlər. Bunun üçün 30 hektar sahədə
yerli növ pambıq becərirlər. Məqsəd alim-fermer
münasibətlərinin tənzimlənməsi, elmin yeni
nailiyyətlərinin fermerlərə
çatdırılmasıdır.
Bu il “Azərpambıq ASK”nin Ağcabədidəki
zavodunda 72,5 min ton pambığın emal edilməsi nəzərdə
tutulub
“Azərpambıq ASK” MMC tərəfindən bu
mövsüm respublikanın 15 rayonunda 29001 hektarda pambıq əkilməsi
qarşıya məqsəd qoyulub və səpin kampaniyası
uğurla başa çatdırılıb. Cəmiyyətin mətbuat
katibliyindən bildiriblər ki, hazırda sahələrdə
yaxşı çıxış alınıb və
müvafiq becərmə işlərinə
başlanılıb. “Azərpambıq ASK”
pambıqçılığın inkişafına nail olmaq
üçün məhsuldarlığın
artırılmasına xüsusi önəm verir.
Builki məhsul yığımı
mövsümündə “Azərpambıq ASK” MMC-nin Ağcabədi
rayonunda yerləşən pambıq istehsalı emalı
zavodunda 72 min 500 ton pambıq emalı nəzərdə tutulur.
Zavod tam gücü ilə işə düşdükdən
sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən
də həmin müəssisəyə pambıq qəbul
olunaraq emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə
10 min ton, Ağdam rayonu üzrə 1500, Tərtər rayonu
üzrə 3375, Goranboy rayonu üzrə 3 min ton - ümumilikdə
17 min 875 ton pambıq tədarük və emal olunacaq.
Qeyd edək ki, “Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin nəzdində fəaliyyət göstərən
“Azərpambıq ASK” MMC üzrə cari təsərrüfat
mövsümü ilində respublikanın 15 rayonunda 29 min
hektarda pambıq əkini aparılıb. Qarşıya qoyulan məqsəd
isə hər hektarda minimum 25 sentner pambıq məhsulu istehsal
etməklə məhsuldarlığın ildən-ilə
artırılmasına nail olmaqdır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 31 may.- S.7