Tütünçülüyün inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin artmasına töhfə verir

 

Cari ildə “Azərtütün ASK” MMC tərəfindən yaş tütünün tədarük qiymətinin artırılması fermerlər tərəfindən razılıqla qarşılanıb

Ölkəmizdə son 16 ildə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına da təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektora göstərdiyi diqqət və qayğı sayəsində aqrar sektorun inkişafı o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq, çayçılıq və tütünçülüyün inkişafı istiqamətində mühüm addımlar atılır. Bu məqamda qeyd edək ki, Azərbaycanın bir çox rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial var. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi də ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında tütünçülük sahəsində də çox ciddi irəliləyiş olduğunu deyib: “Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi”.

Göründüyü kimi, ixrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən inkişaf etməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.

Məsələn, Qazax rayonunda artıq dördüncü ildir ki, tütün becərilir. 2016-cı ildə rayon üzrə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara çatdırılıb. Aqrotexniki tədbirləri vaxtında həyata keçirən təsərrüfat sahibləri elə həmin il sahələrdən 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə məhsuldarlığı daha da artıran tütünçülər əkin sahələrini 10 hektar genişləndirərək 60 hektara çatdırıblar. Keçən il sahələrdən toplanmış 98 tona yaxın qurudulmuş tütün “İlham-M” MMC-yə təhvil verilib.

Yeri gəlmişkən, tütünçülüyün inkişafı rayonda yeni iş yerlərinin açılması, əhalinin gəlir qazanması baxımından da böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də tütün əkən kəndlərin sayı ildən-ilə artır. Belə ki, rayonda tütün əkən kəndlərin sırasına Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci və İkinci Şıxlı, Yuxarı və Orta Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndləri də qoşulub.

Bu il Qazax tütünçüləri, ümumilikdə, 65 hektar sahədə bol məhsul yetişdiriblər. Təsərrüfat sahibləri tütünü vaxtında və itkisiz toplamaq üçün əllərindən gələni əsirgəmirlər. Onlar yığılmış məhsulu qurutmaq üçün talvarlara daşıyır, orada isə kənd sakinlərinin köməyi ilə ipə düzürlər. Hazırda tütünçülük sahəsində rayon üzrə 300-dək sakin çalışır. Onun 60 nəfəri Kosalar kəndindədir. Kənddə elə sakinlər var ki, onların ailə üzvlərinin hamısı bu sahədə çalışır. Bu vaxta qədər rayon tütünçüləri tərəfindən 125 ton yaş tütün tədarük olunub.

Şəki rayonunun təsərrüfatlarında isə bu il 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 321 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Plantasiyalardan yığılan “Virciniya” və “Berley” növlü tütün qurudulmaq üçün “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilir. Yerli tütün sortları isə fermerlərin özləri tərəfindən ipə düzülərək qurudulur.

“Azərtütün ASK” MMC-nin Şəki rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermer təsərrüfatlarından 1904 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 238 ton quru tütün istehsal edilib. Emal məntəqəsinin müdiri Vüqar Məmmədovun sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 50-60 ton yaşıl tütün kütləsi daxil olur. Tələbatı nəzərə alaraq, bu il məntəqənin ərazisində əlavə olaraq 30 tütünqurutma kamerası quraşdırılıb. Hazırda məntəqədə olan 86 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Baş Göynük kənd sakini Kazım Abdullayev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 153 ton yaşıl tütün təhvil verib. Cumakənd sakini Əbülfət Səfərov bu günədək emal məntəqəsinə 141 ton, Baş Göynük kəndindən Abid Səfərəliyev isə 73 ton yaşıl tütün kütləsi gətiriblər.

Məntəqə müdirinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması şəkili fermerlər tərəfindən də razılıqla qarşılanıb.

Ötənilki mövsüm rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb. Hazırda təsərrüfatlarda tütün yığımı davam edir. Bu il Şəkidə quru tütün istehsalının 3 min tondan çox olacağı gözlənilir.

“Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə Zaqatala rayonunda 410,2 hektar sahədə “Virciniya” növlü tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımı sürətlə davam etdirilir. Cəmiyyətin rayonun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək istehsalçılardan 1470 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu emal məntəqəsində 170 ton quru tütün istehsal edilib. Emal məntəqəsinin müdiri Mohuma Hüşənovun sözlərinə görə, hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 35-40 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün daha sonra preslənərək anbara yığılır.

Yengiyan kəndindən fermer Telman Həsrətov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox - 118 ton yaşıl tütün təhvil verib. Muxax kəndindən Elvin Yusifov emal məntəqəsinə 71 ton, Aşağı Tala kənd sakini Namiq Şabanov isə 66 ton yaşıl tütün gətirib. Məntəqə müdiri deyib ki, “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaş tütünün tədarük qiymətinin artırılması zaqatalalı fermerlər tərəfindən də razılıqla qarşılanıb.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Qımır kəndindən fermer Hamlet Mustafayev bu il 9 hektarda “Virciniya” növ tütün əkib. O, indiyədək məntəqəyə 47 ton yaşıl tütün təhvil verib. Fermerin sözlərinə görə, ötənilki mövsümdə 125 ton yaşıl tütün istehsal edib, yaxşı da gəlir götürüb.

Gözbarax kəndindən olan fermer Fazil Əhmədov da dörd ildir ki, tütünçülüklə məşğul olur. O, ötən il 114 ton yaşıl tütün istehsal edib. Tütünçülüyün yüksək gəlirli sahə olduğunu nəzərə alaraq, fermer bu il 8,5 hektarda tütün yetişdirib. Gözbaraxlı fermer indiyədək məntəqəyə qurutmaq üçün 48 ton yaşıl tütün təhvil verib. Rayonda tütün yığımı davam edir.

Lerik rayonunda da kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Torpaqların hər qarışından səmərəli istifadə olunur, gəlir gətirən məhsulların əkininə geniş yer ayrılır, rayonun ənənəvi təsərrüfat sahələri bərpa edilir. Tütünçülük də son illərdə bərpa olunan sahələrdən biridir.

Xatırladaq ki, tütünçülük Lerikdə vaxtilə ən gəlirli sahələrdən olub. Sonralar bu sahə tənəzzülə uğrayıb. Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi tütünçülüyün dirçəlməsinə təkan verib. 2016-cı ildə əkin aparılan 10 hektar sahədən 8 ton yaş kütlə tədarük olunub. Tütün sahələri ilbəil artırılır. Bu il isə rayonun ayrı-ayrı ərazilərində 30 hektara yaxın əkin aparılıb. Hazırda sahələrdə ikinci yığım dövrüdür.

Rayonun Babagil kənd sakini Mirabbas Vəliyev 1 hektar sahədə ətirli “Virciniya” tütünü əkib. Vaxtında aqrotexniki qulluq göstərdiyinə görə ilk yığımda 1 ton yaş tütün yarpağı toplayaraq təhvil verib.

Aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi subsidiyaların verilməsi, gübrə və pestisidlərin elə yerində güzəştli şərtlərlə satılması fermerləri daha da həvəsləndirib. “Dövlət bizi subsidiya ilə təmin edir. Gübrələrimizi elə kəndimizdə güzəştli şərtlərlə alırıq. Sahəyə 5-6 dəfə azot gübrəsi vermişik. Tütünə su verməsən, azot verməsən boy artımı olmur, məhsuldarlığa da müsbət təsir göstərmir”, - deyə M.Vəliyev bildirib.

Toplanan yaş kütlə Yardımlı rayonunda yerləşən qurutma sexlərinə göndərilir. Gələcəkdə rayonda tütün qəbulu məntəqələri və qurutma sexlərinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, ölkəmizdə aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait 2016-cı ildən İsmayıllı rayonunda da vaxtilə ənənəvi sahə olan tütünçülüyün inkişafına güclü təkan verib. Rayonda 30 hektar sahədə tütün əkilib. Cari mövsümdə məhsul verən tütün sahəsi 8 hektar artıb. Ötən il 42 tona yaxın quru tütün yarpağı istehsal olunan bölgədə cari mövsümdə mütəxəssislər 60 ton məhsul götürüləcəyini proqnozlaşdırırlar.

Hazırda rayonda tütün yarpağının yığımı davam edir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tütünçülük 8 inzibati ərazi dairəsində geniş yayılıb. Topçu, Qurbanəfəndi, Talıstan ərazi dairələrində cari mövsümdə yüksək məhsul gözlənilir. Təkcə Topçuda Aliza Əhmədovanın ailə-fermer təsərrüfatında 4 hektar tütün sahəsi var. Ailə-fermer təsərrüfatı indiyədək həmin sahədən 5 ton quru tütün yarpağı təhvil verib. Hazırda yarpaq dərimi və qurudulması davam etdirilir. Daha 3 ton quru tütün yarpağı istehsalı gözlənilir.

Qaşqay RAMAZANOV

 Yeni Azərbaycan.- 2019.- 1 oktyabr.- S.7