Şamaxıda “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub
Sentyabrın 29-da Şamaxının Meysəri
kəndində ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı
çərçivəsində “Nəsiminin ruhu” heykəl-installyasiyasının açılışı olub.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, festival iştirakçılarının,
eləcə də nəsimisevərlərin, ziyalıların
qatıldığı açılış
mərasimində rayon
İcra Hakimiyyətinin
başçısı Tahir
Məmmədov çıxış
edərək Heydər
Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən heykəl-installyasiyanın
Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin
Nəsimiyə, ümumən
yaradıcı insanlara
Fondun göstərdiyi
diqqət və qayğının təzahürü
olduğunu söyləyib.
Heykəl-installyasiyanın müəllifi Rəşad
Ələkbərov bu
əsərin onun üçün də çox incə, zərif, yaradıcı təxəyyül tələb
edən düşündürücü,
həm də çox çətin olduğunu vurğulayaraq, hərtərəfli dəstək
üçün əsərin
sifarişçisi Heydər
Əliyev Fonduna minnətdarlığını bildirib. O, “Nəsiminin ruhu” adlı heykəl-installyasiyanın İmadəddin
Nəsiminin “Surəti
gör bəyan ilə, çünki bəyanə sığmazam”
beytindən qaynaqlanaraq
yaratdığını qeyd
edib.
Açılış mərasimində Estoniyanın
“Tallinn oğlanları
xorunun” çıxışı
olub.
Yeni Azərbaycan.-
2019.- 1 oktyabr.- S.5