Bakı Kitab Mərkəzində Nəsimi
festivalı çərçivəsində
mühazirələr dinlənilib
Oktyabrın
1-də Bakı Kitab Mərkəzində Nəsimi festivalı
çərçivəsində mühazirələr dinlənilib.
Tədbiri mərkəzin
direktoru Günel Rzayeva açaraq bu günlərdə ölkəmizdə keçirilən
böyük mütəfəkkir
Nəsimiyə həsr
olunmuş festival barədə fikirlərini
bölüşüb. Bildirilib ki,
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə Nəsimi- şeir, incəsənət
və mənəviyyat
Festivalında beynəlxalq
miqyasda tanınmış
nəsimişünaslar, şair
və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları
iştirak edirlər.
Belə tədbirlərdən
biri də bu gün burada
təşkil olunan mühazirələrdir.
Daha sonra
mühazirələr dinlənilib.
İlk mühazirəni
italiyalı şair və dramaturq Davide Rondoni “Nəsimiyə paralellər:
bir italyan şairinin Nəsimiyə dair qeydləri” mövzusunda söyləyib.
Məruzəsində D.Rondoni
Nəsimi yaradıcılığına
nəzər salıb,
yeri gəldikcə italiyan şairlərin yaradıcılıqları ilə
paralellər aparıb:
“YouTube”da şairin adını axtarsanız, yaxşı qrafika və şeir olan sadə bir video görəcəksiniz.
“Haradasan” deyə səyyah şair Varlıqdan soruşur... Əlbəttə ki, Nəsiminin geniş və rəngarəng sənətini “YouTube” videosuna sığışdırmaq
olmaz. Lakin bu sual dərhal
məni cəlb etdi: - Haradasan?... Şeir də belədir: axtaran, sevən, dua edən, öz-özünə
yetməyən bir söz. Mütəfəkkir şair haradasan deyə uca Allaha,
onun ruhuna sual verir. Tanrının və “mən”in axtarışı, bütün
dövrlərin poeziyasında
davamlı həyat metaforasıdır”.
“Mən sözsüz
ki, İslam ilahiyyatının,
onun zəngin və mürəkkəb tarixinin mütəxəssisi
deyiləm. Nəsimi poeziyasında güzgü
üzərində əks
olunan ulduzlar kimi müəyyən xəzinələri və
narahatlıqları görürəm.
İnsanın Allahın ən
yüksək təzahürü
olduğuna inam məni xüsusilə valeh edir”, – deyə italiyalı mühazirəçi qeyd edib.
Sonra Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizovun Nəsimi fəlsəfəsi
ilə müasir nəzəriyyə və konsepsiyalar arasında paralellərə həsr edilmiş “Nəsimiyə paralellər: Lütfi Zadənin nəzəriyyəsində
varlığın qeyri-mükəmməlliyi
məfhumu” adlı mühazirəsi dinlənilib.
Əvvəlcə Z.Əzizov Nəsimi- şeir, incəsənət
və mənəviyyat
Festivalının önəmi
haqqında məlumat verib. Bildirib ki, festival mütərəqqi
insanları və peşəkarları birləşdirən,
beynəlxalq ictimaiyyətin
diqqətini Bakıya cəlb edən, mədəni və humanist
dəyərləri təbliğ
edən vacib və maraqlı tədbirdir.
Qeyd edilib
ki, Şərq və Qərbin bir-birindən uzaqlaşdığı
bir vaxtda, əslində onları birləşdirən bir çox cəhət var. Nəsimi festivalı da bu yaxınlaşmaya xidmət edir. Xalqlar müxtəlif dillərdə danışsalar
da, bəşəriyyət
bir vahiddir, dünya ümumbəşəri
dəyərlər üzərində
dayanır. Uzun illər filosof
və rəssam fəaliyyəti ilə əlaqədar böyük
şairin yaradıcılığına
diqqət yetirdiyini deyən Z.Əzizov vurğulayıb ki, Nəsimi Quranın hərflər sistemi ilə mülahizə olunmasını ifadə edən hürufilik təliminin parlaq nümayəndəsi olub.
“Bu tədbirdə
mən insan təbiətinin natamamlığı
barədə mühazirə
təqdim edəcəyəm.
Mühazirəm əsasən,
Nəsimi fəlsəfəsinin
“qeyri-səlis məntiq”
termininin müəllifi,
qeyri-səlis çoxluqlar
nəzəriyyəsinin banilərindən
biri Lütfi Zadə fəlsəfəsi
ilə müqayisəsi
kontekstində keçəcək.
Lütfi
Zadə öz tədqiqatları ilə sübut edirdi ki, təbii dilə əsaslanan insan düşüncələri
ənənəvi riyazi
formalizm çərçivəsində
mövcud ola bilməz. Öz məntiqi və nəzəriyyəsi ilə
o, həqiqətən də
dünya elmində, eləcə də insanın həyata fəlsəfi baxışlarında inqilab
etdi. Əsas məna odur ki, fikir heç
vaxt tamamlanmır, onu davam etdirmək,
dünyanı dərk
etmək, özümüzü
inkişaf etdirmək və bəşəriyyət
naminə yaratmaq olar. Hər iki mütəfəkkirin sözləri “hərfləri”
başa düşməsi
natamam insan varlığının təkmilləşməsində
böyük rol oynayır. Nəsimiyə gəldikdə, bu, “hurifilik”dir - hərf dünyəvidir və insanlar kimi dünyəvi
varlıqlara daha yaxındır. Rəqəmlərin
əvəzinə “sözlərlə
hesablamaq” ı elmi cəhətdən əsaslandıran
Lütfi Zadəyə
gəldikdə isə
o, mürəkkəb texnologiyaları
əhali üçün
asanlaşdırmağa çalışmısdır”,-
deyə Z.Əzizov söyləyib.
Tədbir Nəsiminin
seçilmiş qəzəlinə
müxtəlif təfsir
yanaşmalarının müzakirəsi
ilə davam edib.
Yeni Azərbaycan.- 2019.- 2 oktyabr.- S.7