Regionlarda aqrar sahənin inkişafı ilə
bağlı tədbirlər davam etdirilir
Məhsul yığımı ilə
yanaşı, kənd təsərrüfatı məhsulları
istehsalının artırılmasında mühüm rol
oynayan təkrar əkinin tətbiqi də uğurla həyata
keçirilir
Ölkəmizdə ərzaq təhlükəsizliyinin
daxili istehsal hesabına təmin olunması istiqamətində
görülən tədbirlər davam etməkdədir. Vurğulamaq lazımdır ki, müvafiq Dövlət
proqramları, respublikanın ərzaq təhlükəsizliyinin
təmini ilə bağlı qəbul olunan qanunlar kənd təsərrüfatı
məhsullarının ixracının artırılması,
aqrar sahədə istehsalçıların və
istehlakçıların maraqlarının qorunması, ərzaq
bazarının səmərəli fəaliyyətinin təşkil
edilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.
Etibarlı ərzaq təminatına nail
olunmasında isə taxılçılıq və taxıl məhsulları
strateji əhəmiyyət daşıyır. Bu
gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi
taxılçılıqda istehsalın genişlənməsinə
müsbət təsir göstərən vacib amillərdən
sayılır. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı
artırmaqla, eləcə də əkin sahələrinin
genişləndirilməsi və toxumçuluğun
inkişaf etdirilməsi ilə ölkədə taxıl
istehsalı əhəmiyyətli dərəcədə
yüksəlir. Eləcə də respublikamızın
regionlarında taxılçılıq sahəsində
dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin
tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının
yaradılması uğurla həyata keçirilir. Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq Dövlət Torpaq
Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının
fəaliyyətə başlaması ilə ölkəmizdə,
əslində, yeni bir kənd təsərrüfatı
sisteminin formalaşdığını söyləmək
mümkündür. İri fermer təsərrüfatlarının
yaradılması respublikamızda kənd təsərrüfatı
məhsullarının - ən əsası isə
taxılçılığın istehsalının
artırılmasını stimullaşdırır.
Bundan başqa, ölkəmizdə
aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı həyata
keçirilən məqsədyönlü tədbirlər
çərçivəsində digər sahələrlə
yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli
istehsal istiqamətlərindən biri olan toxumçuluğun
inkişaf etdirilməsi, məhsul
istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının
daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən
biri kimi müəyyənləşdirilib. Ölkədə
toxum istehsalında qarşıya qoyulan hədəflərə
çatmaq üçün Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər
həyata keçirilir. Son illərdə
reallaşdırılan təşviq, siyasi və maddi dəstək
tədbirlərinin nəticəsidir ki, fermerlərdə bu sahəyə
böyük maraq yaranıb və respublika üzrə
toxumçuluq təsərrüfatlarının sayı əhəmiyyətli
dərəcədə artıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunun
Xaçmaz və Şəki şəhərlərində yeni
inşa edilmiş toxum emalı zavodlarında 3000 ton yerli və
xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum
emal etmək gücünə malikdir və emal olunmuş toxum
15000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.
Emal prosesi dörd mərhələdən ibarətdir.
İlk mərhələdə əsas daş qalıqları və
iri saman çöpləri, ikinci mərhələdə
xırda saman çöpləri və vələmir,
üçüncü mərhələdə xırda
buğdalar, dördüncü mərhələdə buğda
köynəyi və boş buğdalar təmizlənərək
kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə
xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq
50 kiloqramlıq kisələrə yığılır.
Zavodların əsas üstünlüyü
toxum emalını az itki ilə həyata keçirməsidir və
mövsümdə toxum istehsalçılarının yüksək
reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol
oynayır. Hazırda zavodlarda emal prosesi davam edir.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı
ilə ölkədə ilk dəfə olaraq Respublika toxum sərgi-satış
yarmarkası keçiriləcək. Belə ki,
oktyabrın 4-də Hacıqabul rayonunda keçiriləcək
yarmarkada Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Dövlət
Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum
istehsalçıları, elmi-tədqiqat institutları, iri
toxum istehsalı və satışı ilə məşğul
olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Yarmarkanın keçirilməsində
əsas məqsəd toxum bazarının formalaşması,
istehsalçı ilə istehlakçı arasında
birbaşa münasibətlərin qurulması, işgüzar və
səmərəli görüşlərin təşkili, həmçinin
fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının
təmin olunmasıdır. Sərgidə əsasən dənli
(arpa, buğda), həmçinin tərəvəz bitki
sortları və toxumları nümayiş etdiriləcək.
Sərgi çərçivəsində
fermerlərə sertifikatlı toxumun əldə olunması,
sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə
uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi,
kondisiyaya çatdırılması barədə məlumat veriləcək
və informasiya materialları təqdim olunacaq.
Azərbaycanda payızlıq əkinlər
üçün şum prosesi isə davam edir. Ümumilikdə,
bu il 1047136 hektar sahədə payızlıq şum
proqnozlaşdırılır. Sentyabrın 30-dək 739595
hektar sahədə şum aparılıb ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 426680 hektar
artıqdır. Artıq ölkə üzrə payızlıq
əkin üçün proqnozlaşdırılan sahələrin
70,6 faizi şumlanıb.
Ümumilikdə
şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi,
Qobustan və Salyan rayonlarında payızlıq əkin
şumu tam yekunlaşıb, Füzuli (99%), Xocavənd (93,5%), Bərdə (94,3%), Oğuz (96%), Kürdəmir
(94,7%), İmişli (91,8%), Ağstafa (95%) və Yevlax (95,8%)
rayonlarında şum prosesinin yaxın günlərdə
yekunlaşacağı gözlənilir. Qeyd edək
ki, hələlik ölkə ərazisində 56 min hektar sahədə
səpin işi aparılıb.
Ağcabədi rayonunda da fermerlər və torpaq
mülkiyyətçiləri kənd təsərrüfatı
işlərini davam etdirirlər. Rayonda məhsul
yığımı ilə yanaşı, kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasında
mühüm rol oynayan təkrar əkinin tətbiqi də
uğurla həyata keçirilir. Cari ildə mülkiyyətçilər
əvvəlki illə müqayisədə 521,7
hektar çox olmaqla, 2374,4 hektar sahədə təkrar əkin
aparıblar. Təkrar əkinlərin 1672,76 hektarı
qarğıdalı, 615,54 hektarı darı, 40,51 hektarı kələm,
24,83 hektarı pomidor, 20,76 hektarı xiyar bitkisidir.
Bundan başqa, payızlıq əkinlər
üçün 30 min 815 hektar sahədə şum
qaldırılıb. Hazırda rayonda məhsul
yığımı, bəzi kənd təsərrüfatı
bitkilərinin becərilməsi və növbəti təsərrüfat
ilinə hazırlıq işləri davam etdirilir.
Oğuz rayonunun təsərrüfatlarında gələn
ilin məhsulu üçün payızlıq dənlilərin
əkininə ciddi hazırlıq işləri
görülür. Cari mövsümdə rayonda 17 min hektar
sahədə payızlıq dənlilərin əkini
proqnozlaşdırılır. Bu məqsədlə indiyədək
təsərrüfatlarda 16 min 200 hektar sahədə şum
qaldırılıb. Payızlıqların əkini
üçün rayonda fəaliyyət göstərən 6
toxumçuluq təsərrüfatı tərəfindən 936
ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək
dərmanlanıb və səpinə hazır vəziyyətə
gətirilib. Bundan əlavə, fermerlər
səpin üçün lazım olan toxumu digər
toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.
Kampaniyada iştirak edəcək traktor və toxumsəpən
aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıqların
əkininə oktyabrın birinci ongünlüyündə
başlamaq nəzərdə tutulur.
Xatırladaq
ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 87 hektar
taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər.
Hər hektardan orta hesabla 31 sentner məhsul
götürülüb.
Prezident İlham Əliyevin kənd təsərrüfatının
inkişaf etdirilməsi məqsədilə verdiyi
tapşırıqlar, qarşıya qoyulmuş vəzifələr
ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da
uğurla həyata keçirilir. Rayonda kənd təsərrüfatı
sahəsində olan inkişafı statistik rəqəmlərdə
də görmək mümkündür. Qazaxda 2016-cı
ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37
hektarda, 2018-ci ildə 20682 hektarda əkin aparılıb.
2019-cu ildə isə əkin sahəsi genişləndirilərək
21476,3 hektara çatdırılıb. Rayonda 2020-ci ilin məhsulu üçün
hazırlıq işlərinə başlanıb. Havaların əlverişli keçməsi kənd təsərrüfatı
işlərinin daha sürətlə aparılmasına təkan
verib. Ona görə də rayon üzrə
əkinə yararlı sahələrdə şumlama işləri
görülür. Bu günə kimi 7418
hektarda şum aparılıb. Bunun
üçün kifayət qədər maşın və
mexanizm, traktorlar ayrılıb. Hazırda əkin
sahələrində 51 texnika işləyir. Əkin işlərinin aqrotexniki qaydalara uyğun həyata
keçirilməsinə rayondakı mütəxəssislər
tərəfindən nəzarət olunur. Şumlama
işlərinin optimal müddətdə başa
çatdırılması nəzərdə tutulub.
Məhsul
yığımı başa çatdıqdan sonra bu il Şəki rayonunda da 77 istehsalçı tərəfindən
1667 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkin sahələri əvvəlki illə
müqayisədə 689 hektar artıb. Təkrar
əkin aparılan sahələrin 1587 hektarına yaşıl
yem üçün qarğıdalı, 80 hektarına isə
darı əkilib. Mütəxəssisin
sözlərinə görə, ölkəmizdə dən və
yaşıl yem istehsalının artırılmasında əsas
ehtiyat mənbələrindən biri təkrar əkinlərin
tətbiq edilməsidir.
Rayonun təsərrüfatlarında 2020-ci ilin məhsulu
üçün payızlıq dənlilərin əkininə
də başlanılıb. Kampaniyanın ilk günlərində
rayonun Suçma, Cumakənd, Baş Layısqı, Baş
Göynük kəndlərinin ərazilərində 320 hektar
sahədə yaşıl yem üçün arpa əkilib. Cari mövsümdə rayonda 65 min hektar sahədə
payızlıq dənlilərin əkini
proqnozlaşdırılır. Payızlıqların əkini
üçün indiyədək təsərrüfatlarda 29 min
hektar sahədə şum qaldırılıb. Səpin
üçün 15 min ton arpa və buğda toxumu tələb
olunsa da, toxumçuluq təsərrüfatları və fermerlər
tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum
fondu yaradılıb. Fermerlərin mineral
gübrələrə olan ehtiyacları da tam şəkildə
ödəniləcək. Bunun
üçün lazımi qədər mineral gübrə tədarük
olunub. Əkin kampaniyasına 175 ədəd şum
traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər
texnikalar cəlb edilib.
Zaqatala rayonunun təsərrüfatlarında da 2020-ci ilin
məhsulu üçün payızlıq dənlilərin əkininə
başlanılıb. Cari mövsümdə rayonda 11 min hektar
sahədə payızlıq dənlilərin əkini
proqnozlaşdırılır. Kampaniyanın
ilk günlərində rayonun Əliabad qəsəbəsi,
Muğanlı və Bəhmətli kəndlərinin ərazilərində
50 hektaradək sahəyə arpa toxumu səpilib.
Payızlıqların əkini üçün indiyədək
təsərrüfatlarda 5,3 min hektar sahədə
şum qaldırılıb. Sahələrin şumlanmasına
130-dək şum traktoru cəlb edilib. Səpində
iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir
olunaraq saz vəziyyətə gətirilib. Ayrılmış
buğda və arpa toxumu təmizlənərək dərmanlanıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 3 oktyabr.- S.7