Azərbaycan “Türk ocağı”ı ilk
tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi
Professor Vilayət
Quliyevin böyük mütəfəkkir haqqında
qələmə
aldığı kitablar əsasında elmi
konfrans keçirilib
Azərbaycan “Türk
ocağı”nın sədri, “Şərq” qəzetinin baş
redakoru Akif Aşırlı Vilayət Quliyevin Azərbaycan Xalq
Cümhuriyyətinin ən məhsuldar tədqiqatçılarından
biri olduğunu deyib:
“Vilayət Quliyev Əhməd bəy
Ağaoğlu ilə bağlı ən çox
çalışan, onun həyatının qaranlıq məqamlarına
işıq salan dəyərli əsərlərin müəllifidir”.
A.Aşırlı Azərbaycan “Türk
ocağı” barədə də qısa məlumat verib və
ilk tədbirin böyük mütəfəkkir, fikir adamı,
türk-müsəlman dünyasına önəmli faydalar gətirmiş
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr
olunduğunu vurğulayıb: “1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti elan olunandan və Bakı işğaldan
azad ediləndən sonra Azərbaycanda bir sıra milli təsisatlar
yaradıldı. Onlardan biri də Azərbaycan “Türk
ocağı” idi. Bu ocaq öz milli köklərini və idarəetmə
formasını 1912-cu ildə İstanbulda qurulan Türk
Ocaqlarından almışdı. Ocağın əsas ideya
müəlliflərindən biri Əhməd bəy
Ağaoğlu idi. “Türk ocağı” 1911-c ildə
Osmanlı dövlətinin çöküşünün
qarşısını almaq və türk milli
heysiyyatını yüksəltmək üçün
qurulmuş ciddi bir təşkilat idi. Ocaq türk
dünyasını böyük ideyalarla zənginləşdirdi
və faydalar gətirdi. Ona görə də biz Azərbaycan
“Türk ocağı”nın bərpasını zəruri hesab
etdik və bunu reallaşdırdıq”.
Daha sonra
çıxış üçün söz professor Vilayət
Quliyev verilib.
Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti
barədə ətraflı çıxış edən alim
öncə Azərbaycan “Türk ocağı”nın
bərpasının mühüm bir addım olduğunu
bildirib:
“Ocağın iki qurucu üzvü – Əhməd bəy
Ağaoğlu və Əli bəy Hüseynzadə Azərbaycan
türkü idilər. Xatirələrdən aydın
görünür ki, Ocağın ilk təsis
yığıncağı da Əhməd bəyin İstanbul
Şahzadəbaşındakı evində keçirilib.
Yəni “Türk ocağı”na sahib
çıxmağa mənəvi və məntiqi
haqqımız var. Ocaq Türkiyə Cümhuriyyəti
qurulandan sonra fəaliyyətini dayandırsa da, onun ən fəal
üzvlərindən biri Əhməd bəy Ağaoğlu idi.
1923-ci ildə Əli bəy Hüseynzadə məktublarından
birində yazırdı ki, “Mustafa Kamal Paşa həzrətləri
Ocağın fəaliyyətini canlandırmaq üçün
3 min lirə pul ayırıb”. Atatürkün
iqtidarı dövründə türk ideyası, “Türk
ocağı” daha geniş yayılıb və fəaliyyət
göstərib. Türkiyənin müxtəlif
bölgələrində Ocağın 200-dən çox
şöbəsi yaradılıb. Ankarada
“Türk ocağı” üçün əzəmətli bir
bina inşa edilib. Bu baxımdan
Ocağın Azərbaycanda yenidən bərpası olduqca
mühüm hadisədir. Türk
Ocaqları Osmanlı coğrafiyasında
türkçülüyün yayılmasında böyük
rol oynayıblar. Ocaq Anadolu türklərinə, az qala qapı-qapı gəzərək
türkçülüyü izah edir, türklərin hakim millət
olduğunu başa salırdı. Arzu edirik ki,
indiki “Türk ocağı”nın fəaliyyəti də
çox geniş dairələri əhatə etsin, hər yerə
yayılsın”.
Professor
vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun 150
illik yubileyi mədəni, ictimai, siyasi və mənəvi həyatımızın
ən diqqətə layiq hadisələrindən biridir:
“Əhməd bəy Ağaoğlunın fəaliyyəti
ilə bağlı daha çox maarifçilik işləri
aparmalı, daha çox insana çıxış əldə
etməliyik. Mənim Əhməd bəy haqqında bir neçə
kitabım çıxıb. Onlardan biri - “Atatürk və
Əhməd Ağaoğlu”, digəri “Türkiyəni
duyğulandıran ölüm”, üçüncüsü isə
“Xatirələr”dir. Bu kitablarda Əhməd bəy
Ağaoğlunun irsindən nümunələr, müxtəlif
dövrləri əhatə edən xatirələri öz əskini
tapıb. Həmçinin, Əhməd bəyin
“Kaspi” qəzetindəki fəaliyyəti
işıqlandırılıb. Bilirsiz ki,
Əhməd bəy Ağaoğlu Parisdən qayıtdıqdan
sonra “Məşriq” adlı qəzet çıxartmaq istəyirdi.
Amma senzura komitəsi buna müsbət cavab verməmişdi.
Vəziyyəti belə görən Hacı Zeynəlabidin
Tağıyev “Kaspi” qəzetini mətbəəsi ilə
birlikdə satın alaraq Əlimərdan bəy
Topçubaşova icarəyə vermişdi. Əhməd bəy, dostu Topçubaşovun dəvətini
geri çevirməyərək “Kaspi”də fəaliyyət
göstərməyə başlamışdı. Əhməd bəy 1898-1905-ci illərdə “Kaspi”də
humanitar sahəni əhatə edən bölmənin
başçısı olmuş və bu dövrdə onun
600-ya yaxın məqaləsi dərc edilmişdi”.
Millət
vəkili Qənirə Paşayeva deyib ki, professor
Vilayət Quliyevin və digər müəlliflərin Əhməd
bəy Ağaoğlu ilə bağlı əsərləri
böyük mütəfəkkiri daha yaxından
tanımağımıza kömək edir. Deputat gəncləri
bu dəyərli əsərlərdən yararlanmağa
çağırıb:
“10-15 il əvvəl belə dəyərli materiallar yox dərəcəsində
idi. Lakin hazırda çox qiymətli əsərlər
mövcuddur. Əhməd bəy
Ağaoğlunun xatirələri Azərbaycan türkcəsində
yenidən dərc olunubsa, bunu mütləq oxumaq
lazımdır”.
Q.Paşayeva
bir sıra təkliflər irəli sürüb: “Öncə
vurğulayım ki, Əhməd bəy Ağaoğlu “Türk
ocağ”ının qurucusu olub. Hətta ocaq onun
evində təsis edilib. Bu baxımdan Azərbaycan
“Türk ocağı”ının ilk tədbirini məhz Əhməd
bəy Ağaoğluna həsr etməsi çox müsbət
haldır. Bilirsiz ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları arasında Əhməd
Cavadın, Əli bəy Hüseynzadənin və Abdulla
Şaiqin nəvələri də var. Mən təklif edirəm
ki, Əhməd bəy Ağaoğlunun qardaşı Hüseyn
bəyin nəvəsi Nigar Axundova da bərpaçılar
arasında olsun. Bu, çox ədalətli
olardı”.
Parlament üzvü Türkiyədə və Azərbaycanda
gənc nəslin Əhməd bəy Ağaoğlu haqqında
yetərli bilgiyə sahib olmadığını qeyd edərək
maariflənmə işinin geniş miqyasda
aparılmasının labüdlüyünü bildirib.
Millət vəkili, Mətbuat Şurasının sədri
Əflatun Amaşov belə bir tədbirin Atatürk Mərkəzində
keçirilməsinin simvolik əhəmiyyətə malik
olduğunu deyib. Deputat vurğulayıb ki, ziyalıların mütəmadi
olaraq bu cür toplantılar təşkil etməsi ictimaiyyətdə
kifayət qədər maraqla qarşılanır:
“Əhməd bəy Ağaoğlu ilə bağlı tədbirlərin
keçirilməsi çox vacibdir. Çünki biz onu dərindən
tanımalıyıq. Əgər bir insan
öz xalqı uğrunda fədakarlıq edibsə, onun xatirəsi
mütləq anılmalıdır. Eləcə
də, Azərbaycan xalqının həyatında kifayət qədər
şəxsiyyətlər olub ki, millətimizin tərəqqisində
önəmli rol oynayıblar. Həm Azərbaycan “Türk
ocağı”nın bərpası, həm də
Ağaoğlu ilə bağlı maarifləndirici
konfransların keçirilməsi keçmişimizə
hörmətdir. Keçmişi düzgün
qiymətləndirməsək, bugün baş verən
olayları anlamarıq”.
Tarixçi-alim Firdovsiyyə Əhmədova
vurğulayıb ki, Prezidentin Əhməd bəy
Ağaoğlunun 150 illiyi ilə bağlı Sərəncamı
böyük mütəfəkkirin həya və fəaliyyətinin
daha dərindən təqdid edilməsinə stimul verir:
“Vilayət müəllim öz əsərləri ilə
həm də çağdaş ziyalılara
çağırış edir ki, onlar da ortaya ciddi
araşdırma qoysunlar. Əhməd bəy Ağaoğlu
haqqında geniş müzakirələr aparmaq
üçün mütləq onun irsini bilmək
lazımdır. Çünki Əhməd bəy
Ağaoğlu böyuk irs sahibidir. O, həm
nəzəri fikir adamı, böyük ideyaların sahibi, həm
də çox xırda məsələlərlə birbaşa
özü məşğul olan təvazökar şəxs idi.
Bu cür davranış xalqımızın
bütün təbəqələri üçün gözəl
bir örnəkdir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət
və Tanıtma müşaviri İrfan Çiftçi də
bildirib ki, türk xalqlarının Əhməd bəy
Ağaoğlunu öyrənməsi çox vacibdir. Lakin Çiftçi “hər
kəs Ağaoğlunu yaxından tanımalıdır” fikrinin
tərəfdarı olmadığını deyib:
“Əhməd bəy Ağaoğlu liberal və millətçi
şəxs idi. Özü də aristokrat idi. Sözünü əsirgəməyən, hətta
Atatürkün qarşısında belə ona etiraz edən
ziyalı idi. Ona görə də hesab edirəm
ki, Əhməd bəy Ağaoğlunu hər kəsin mütləq
tanıması vacib deyil. Onun sadəcə
universitetlərdə və ziyalılar arasında bilinməsi
kifayət edir”.
Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağı 25
il bundan əvvəl, 1994-cü ildə
Əhməd bəy Ağaoğlunun 125 illiyini qeyd etdiklərini
söyləyib:
“QAT olaraq özümüzü Əhməd bəy
Ağaoğlu ideyalarının və onun yaratdığı
Difai təşkilatının davamçısı
sayırıq.
Bizim ofisimizdə sadəcə Əhməd bəyin
portreti var. Xalq öz qəhrəmanlarını
tanımalı və heç bir zaman unutmamalıdır”.
Tarix
üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da
vurğulayıb ki, 1905-ci il hadisələri
haqqında söhbət gedərkən daha çox Difai barəsində
danışılır.
Ancaq
Əhməd bəy Ağaoğlunun 1905-1906-cı illər ərzində
fəaliyyəti daha geniş olub: “Bunların dərindən
araşdırılmasına ehtiyac var. Erməni
yazıçıları Əhməd bəy Ağaoğlunu
qırğınların “təşkilatçısı” kimi
qələmə verirdilər. Halbuki 1905-ci ildə
erməni yazar Aleksandr Şirvanzadə Əhməd bəyin iki
xalqın arasındakı problemlərin həlli
üçün çalışdığını etiraf
edirdi. Əhməd bəy ilk Azərbaycanlı
idi ki, rus mətbuatında ermənilərin Bakı
qırğınları haqqında obyektiv fikirlərini təqdim
edirdi. O, azərbaycanlıların guya erməniləri,
rusları və bütün qeyri-müsəlmanları qətl
etməsi yalanını ifşa edirdi”.
Tarixçi
Elmar Həsənli, “Birlik” jurnalının redaktoru İlqar
İlkin və araşdırmaçı-jurnalist Sərxan
Carçı da Vilayət Quliyevin böyük işlərə
imza atdığını bəyan edərək, gənc nəslin
türk dünyasına aid dəyərli əsərlərdən
mümkün olduqca çox faydalanmasının zəruri
olduğunu vurğulayıblar.
İsmayıl.
Yeni Azərbaycan.- 2019.- 3 oktyabr.- S.6