Müasir müstəqil Azərbaycan
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir
3 oktyabr 1993-cü il Ulu Öndər Heydər
Əliyevin müstəqil Azərbaycan Respublikasının
Prezidenti seçildiyi tarixdir
Bu gün dinamik inkişaf yolunda əmin
addımlarla irəliləyən Azərbaycanın zəngin
dövlətçilik tarixinin əks etdirdiyi ən
mühüm məqamlardan biri müstəqil Azərbaycan
dövlətinin Ümummilli Lider Heydər Əliyevin şah əsəri
olması reallığıdır. Bu, bir həqiqətdir
ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, milli həmrəylik və
bütövlüyü təmin edən müasir azərbaycançılıq
ideologiyasının banisi, xalqımızın və dövlətimizin
xilaskarıdır. Ulu Öndər Heydər
Əliyevin həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi
dövründə xalqın rifah halının daha da
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin
təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər
görülüb. Başqa sözlə, Ümummilli Liderin Azərbaycan
xalqı və dövləti qarşısındakı tarixi
xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini
əhatə edir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin xilaskarıdır
Əvvəla qeyd etmək
lazımdır ki, Ulu Öndər Heydər Əliyevin
1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik
etdiyi dövrdə həyata keçirilən islahatlar və
görülən strateji tədbirlərin fonunda
respublikamız sürətlə inkişaf edərək
SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Əgər o zamanadək
Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi
kimi çıxış edərək inkişaf tempinə
görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə,
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və
bütün sahələrdə mütəmadi inkişaf
göstəriciləri qeydə alındı. Bununla
yanaşı, siyasi-ideoloji müstəvidə görülən
işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı
qismində çıxış etdi. Milli ideoloji siyasətin
tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər
Əliyevin cəhdləri və təşəbbüsü sayəsində
Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan
SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu,
milli ideologiyamızın funksional vahidi olan milli dilimizin
mühafizəsi və təbliği baxımından
mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan
dili” dərslikləri hazırlandı ki, bu da bəhs edilən
siyasətin milli-ideoloji əsası səciyyəsi
daşıdı. Bunlarla yanaşı, milli-mənəvi dəyərlərin
qorunması istiqamətində əhəmiyyətli tədbirlər
görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə
xüsusi dəyişikliklər və inkişaf meyilləri
qeydə alındı. Mədəniyyət evləri inşa
edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə
fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı.
Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin
fəaliyyətinin səmərəlilik səviyyəsini daha
da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan
böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək
tərəqqisinin əsası oldu.
Şübhəsiz ki, Ümummilli Lider Heydər
Əliyevin xalqımız qarşısındakı ən
böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin
xilası və bunun sayəsində ölkənin siyasi tarixində
yeni bir mərhələnin açılmasıdır. Məlum
olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb
situasiya qarşısında idi. SSRİ-nin
dayaqlarının sarsıldığı bir dövrdə
İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin
daxili həyatına da sirayət etmiş və idarəetmə
potensialı və qabiliyyəti aşağı olan ölkələrdə
çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan
etməkdə idi. Eyni zamanda, həmin dövrdə
Naxçıvan Muxtar Respublikasının blokada şəraitində
olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin
muxtar qurum üzərində oynamağa
çalışdığı oyunlar Naxçıvanın vəziyyətini
maksimum dərəcədə mürəkkəbləşdirmişdi.
Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər
Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri
seçilməsinədək olan mərhələdə daha da
kəskinləşdi. Ali Sovetin Sədri
seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti
və səyləri sayəsində sabitlik təmin edildi və
muxtar qurumun sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırıldı. Müharibənin davam
etdiyi, sənaye məhsullarının
çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu
şəraitdə Ali Məclisin Sədri seçilən Heydər
Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər
və işlər sayəsində sabitliyin, tərəqqinin və
həmrəyliyin təmin edilməsinə nail oldu. Beləliklə,
ilk növbədə milli dövlətçilik ənənələri
bərpa edildi: Naxçıvan Ali Məclisinin I
sessiyasında ilk dəfə olaraq üçrəngli
bayrağımız qaldırıldı, Naxçıvan MSSR
adından “Sovet” və “Sosialist” sözləri
çıxarıldı, Naxçıvanda Kommunist
Partiyasının fəaliyyəti dayandırıldı və
Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən
çıxarıldı. Bununla yanaşı, “1990-cı
il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi.
Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və
hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik
günü elan edilməsi barədə də tarixi qərar qəbul
edildi. Bütün bunlarla yanaşı,
Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin
yaxşılaşdırılması və tərəqqi
meyillərinin əldə olunması üçün əhəmiyyətli
tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar
islahatlar reallaşdırıldı, özəlləşdirmə
prosesinə start verildi və infrastruktur sahələrinin
inkişafı yönündə xüsusi işlər həyata
keçirildi. Beləliklə, siyasi fəaliyyətinin
Naxçıvan dövründə Ümummilli Lider Heydər
Əliyev gördüyü işlər, atdığı səmərəli
addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini
və həmrəyliyini təmin etmiş oldu.
Eyni zamanda, ölkədə gərgin
və böhranlı vəziyyətdə xalq ümidini dahi
siyasətçi, böyük dövlət xadimi Heydər
Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir
qrup Azərbaycan ziyalısı Ona müraciət edərək
Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif
etmişdilər. Ümummilli Lider Heydər Əliyev
ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda
Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona
rəhbərlik etməyə razılıq verdi. Beləliklə,
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən
təsis konfransında Yeni Azərbaycan Partiyası təsis
edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri
seçildi. YAP-ın yaranması, Ümummilli
Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi
respublikanın ozamankı gərgin, təhlükəli
ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin
daha da kəskinləşməsindən irəli gələn
tarixi zərurət oldu. Digər tərəfdən,
ölkədə 1993-cü ilin iyun hadisələri zamanı hətta
ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət
etməyə məcbur olmuş, xalqın təkidli tələbi
və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər
Heydər Əliyev Bakıya qayıtmışdı. Beləliklə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi
ilə Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş
qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi
təhlükəsindən xilas edilməsi tarixi
missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi, həmin gün Azərbaycan xalqının tarixinə
Milli Qurtuluş Günü kimi düşdü. Heç
şübhəsiz, Qurtuluş xalqımızın Ümummilli
Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi
düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin
tarixi missiyasının həyata keçirilməsi
üç güclü faktor üzərində qurulub:
birincisi, xalqın Ümummilli Liderə olan möhkəm və
sarsılmaz inamı, dəstəyi, ikincisi, Heydər Əliyev
şəxsiyyətinin böyüklüyü, qüdrəti və
əzəməti, üçüncüsü isə, Ulu
Öndərin xalqına, millətinə, Vətəninə
olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü
il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin
siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin
başlanğıcı oldu. Azərbaycanın mürəkkəb
kataklizmlərlə müşayiət edilən daxili siyasi
böhrandan qurtulması məhz bundan sonra mümkün oldu.
Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin
dövlətçilik təcrübəsi əsasında
atdığı praqmatik addımlar sayəsində ölkədə
hökm sürən dağıdıcı proseslərin
neytrallaşdırılmasına nail olundu. Və Ulu Öndər
Heydər Əliyevin adı ilə bağlı olan Milli
Qurtuluş Günü Azərbaycan tarixinin şanlı
qürur səhifəsinə çevrildi.
Bir sözlə, böyük
dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş
müharibəsindən - qarşıdurmadan, tənəzzül
və məhv olmaq təhlükəsindən xilas edərək
dirçəliş yoluna çıxardı və Azərbaycanı
parçalamaq, forposta çevirmək və korporativ maraqlar əsasında
idarə etmək istəyənlər öz niyyətlərinə
çata bilmədilər.
Ümummilli Lider Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin banisidir
1993-cü il oktyabr ayının
3-də keçirilən prezident seçkilərinin nəticələrinə
müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan
Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev
qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən
və ali prinsiplərə söykənən fəaliyyəti
ilə ölkədə milli həmrəyliyi,
bütövlüyü və inkişafı təmin etdi. Xüsusi olaraq vurğulamaq yerinə düşər
ki, bu seçkilər ölkədə keçirilmiş ilk
demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il
tarixində keçirilmiş andiçmə mərasimində
Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz
tarixinin ən mürəkkəb, faciəli dövrünü
yaşayır. Məhz bu dövrdə mənim
üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən
dərk edirəm və əmin etmək istəyirəm ki,
bütün fəaliyyətimi, bütün həyatımı
bu etibarı doğrultmaq, xalqın ümidlərini
doğrultmaq işinə həsr edəcəyəm. Belə
bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə
götürərkən, birinci növbədə Azərbaycan
xalqının zəkasına, müdrikliyinə, qüdrətinə
güvənirəm, arxalanıram. Azərbaycan
xalqının mənə bəslədiyi ümidlər məni
bu vəzifəni üzərimə götürməyə məcbur
edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri
doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”,
- deyə qeyd etmişdi. Məhz bu cür oldu,
Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin
mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri
doğrultdu. Xalqın böyük dövlət
xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən
qısa müddət sonra nizami ordu yaradıldı, Qarabağ
müharibəsində atəşkəs əldə edildi,
münaqişənin dinc yolla nizama salınmasına dair
danışıqlara başlandı. Qanunsuz silahlı
qruplaşmaların dövlət
çevrilişləri cəhdlərinə son verilməsi, ilk
parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə
Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin
formalaşdırılması, neft müqavilələrinin
imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin
əsasının qoyulması, respublikamızın beynəlxalq
əlaqələrinin formalaşdırılması,
ölkənin dünya birliyinə inteqrasiyası prosesinə
başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini
təmin etdi, Azərbaycanın qarşısında aydın
perspektivlər açıldı.
Ümummilli Lider Heydər Əliyevin
xalqımız və dövlətimiz
qarşısındakı misilsiz xidmətlərindən biri də
uğurlu dövlət quruculuğu prosesinin əsasının
qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin
əsasının qoyulması, davamlı siyasi-hüquqi
islahatların həyata keçirilməsi, həmçinin
milli həmrəylik və bütövlüyü təmin edən
ideologiyanın yaradılması aid edilə bilər. Eyni
zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu istiqamətində həyata
keçirilən tədbirlərin əhəmiyyətini də
xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın
demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini
təmin edən çox mühüm vasitə oldu. Ulu Öndər
Heydər Əliyev bəhs olunan andiçmə mərasimində
çıxışı zamanı qeyd etmişdi: “Müstəqil
Azərbaycan Respublikasının qarşısında duran əsas
vəzifələrdən biri respublikanın dövlət
quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır,
bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya
yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət
qurulmalıdır. Azərbaycan dövləti
demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir,
öz tarixi ənənələrindən, milli ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu
yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə
bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik”.
Beləliklə, Azərbaycan
demokratik inkişaf yolunda uğurla irəlilədi,
mühüm nailiyyətlər qazanıldı.
Vurğuladığımız kimi, müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsi,
qarışıq seçki sistemi əsasında parlament
seçkilərinin keçirilməsi, dövlətin
hüquqi əsaslarının gücləndirilməsi,
başqa sözlə, müasir dövlətçilik sisteminin
bərqərar edilməsi üçün möhkəm
hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri
üzərində senzura aradan qaldırıldı, insan və
vətəndaş hüquq və azadlıqları yüksək
səviyyədə təmin edildi. Bunlar isə
öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin
inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli
fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan milli inkişaf strategiyasının fonunda həyata
keçirilən sistematik işlər və
görülən məqsədyönlü tədbirlər
siyasi sistemin təşəkkül tapmasını, onun struktur
elementlərinin mütəmadi təkmilləşməsini təmin
etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli
inkişafına həsr edən Ulu Öndər, eyni zamanda,
dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində növbəti addımlarını atdı.
Məhkəmə islahatlarının həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının
və digər mühüm institutların yaradılması,
ölüm hökmünün ləğv
edilməsi kimi islahat xarakterli addımlar ölkədə
demokratikləşmə prosesinin irəliyə
aparılmasında mühüm rol oynadı. Milli
ideologiyanın yaradılması da Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dövlət quruculuğu siyasətinin mühüm tərkib
hissəsindən biridir. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu
azərbaycançılıq ideologiyası təkcə bu
dövlətin ərazisində yaşayan şəxsləri
yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları
əhatə edən, dünya azərbaycanlılarını
vahid mərkəzdə birləşdirən milli məfkurəyə
çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu dövlət quruculuğu
siyasətinin fonunda əldə edilən nailiyyətlərin
sayını istənilən qədər artırmaq olar. Amma təkcə
sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər
Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında,
müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi
daimi və dönməz etdi.
Bunlarla yanaşı, Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və
balanslaşdırılmış xarici siyasət kursu nəticəsində
Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə
başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil
dövlət kimi tanındı, ikitərəfli və
çoxtərəfli səmərəli
xarici əlaqələr quruldu. “Əsrin müqaviləsi”nin
imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında
dönüş yarandı və genişmiqyaslı işlərə
başlandı. Daha sonra Azərbaycan neftinin dünya
bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət
kəsb edən tədbirlər görüldü və
mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi.
O da qeyd edilməlidir ki, Ulu Öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan xarici siyasət
kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, yəni ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi təşkil edir. Məhz Ümummilli
Lider Heydər Əliyevin gərgin əməyi və
ardıcıl səyləri nəticəsində bu problemin həllinə
yönəlik məqsədyönlü, sistemli və
davamlı addımlar atıldı, məsələnin mahiyyəti
dünya ictimaiyyətinin diqqətinə
çatdırıldı. Ulu Öndər Heydər Əliyev
bir çox dünya dövlətləri ilə
bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə,
o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və Ermənistanın
işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin
və bəyanatların qəbul olunmasına nail oldu.
Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici
siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi,
Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa
başladı.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya
miqyasında qüdrətli və nüfuzlu dövlətə
çevrilib
Bu gün müasir müstəqil Azərbaycan
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir, bütün sahələrdə qazanılan
tarixi və möhtəşəm nailiyyətlər ölkəmizin
milli gücünün daha da artmasıını şərtləndirir.
Sirr deyil ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində
ötən illər ərzində böyük inkişaf yolu
keçib. Həyata keçirilən uğurlu
sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər
ərzində ölkəmizin valyuta ehtiyatları artıb,
müxtəlif sahələri əhatə edən layihələr
uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə
davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə
nail olmaq üçün reallaşdırılan islahat
xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin
meydana çıxmasını şərtləndirib. Dövlətimizin
başçısının qeyd etdiyi kimi, “bu gün müstəqil
dövlətimiz özünün ən uğurlu
dövrünü yaşayır. Çoxəsrlik tarixində
Azərbaycan heç vaxt indiki qədər güclü
olmamışdır. Bu gün Azərbaycanda aparılan
islahatlar xalqımızın gələcək
inkişafını təmin edir”.
Bütövlükdə, Prezident İlham
Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü
və prinsipial siyasət həyata keçirilir, bunun nəticəsində
Azərbaycan qüdrətli dövlət kimi tərəqqi
yolunda əmin addımlarla irəliləyir. Uğurlu daxili və
xarici siyasət sayəsində Azərbaycan beynəlxalq
müstəvidə güclü, nüfuzlu və dinamik
inkişaf edən dövlət kimi tanınır. Dövlətimizin başçısının rəhbərliyi
ilə həyata keçirilən siyasətin nəticələri
ortadadır. Ölkəmizdə sosial-iqtisadi infrastruktur
müasir tələblərə uyğun yenidən qurulub,
iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə
həyata keçirilib. Bununla yanaşı, vətəndaşların
rifahının daha da yaxşılaşdırılması
istiqamətində kompleks xarakterli tədbirlər davam etdirilib,
əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr
əldə olunub. Digər tərəfdən, Azərbaycan Cənubi
Qafqaz regionunun lider ölkəsinə çevrilib, dünyada
böyük etimad qazanıb. Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi,
Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq
güclənir. Ölkəmizin təşəbbüsü və
liderliyi ilə çox mühüm transmilli layihələr
reallaşdırılır, Azərbaycanın beynəlxalq əlaqələri uğurla inkişaf
edir. Şübhəsiz ki, bütün bu müsbət
reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək
qiymətləndirilir, xalqımız Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasəti tam dəstəkləyir.
N.QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 3 oktyabr.- S.3