26 il öncə xalqımız
böyük müdriklik nümayiş etdirib Ümummilli Lider
Heydər Əliyevi Azərbaycan Prezidenti seçdi
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı
www.yap.org.az saytına müsahibə
verib:
- Mübariz müəllim, məlum olduğu kimi 26 il
əvvəl, oktyabrın 3-də Ulu Öndər Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti
seçilib. Bu hadisənin tarixi əhəmiyyəti
barədə fikirlərinizi bilmək istərdik...
- Mədəni-mənəvi dəyərlərin xalqın
tərəqqi və rifaha qovuşmasında
əhəmiyyətini dərk etmək və hər zaman
ümumxalq mənafeyi, dövlətçilik maraqları
naminə bu dəyərli xəzinədən
bəhrələnmək, ona qayğı ilə yanaşmaq
yalnız dahi liderlərə xas xüsusiyyətdir.
Azərbaycan xalqının taleyində bu müqəddəs
məramı yerinə yetirən şəxsiyyət Ulu
Öndər Heydər Əliyev olub.
Sadə, zəhmətkeş azərbaycanlı
ailəsində dünyaya göz açan, tükənməz
fitri istedad sahibi Heydər Əliyev doğma xalqının
dərdlərinə dərindən bələd olan,
hələ çox gənc ikən məkrli qonşuların
min bir hiyləsini öz gözləri ilə görən,
mükəmməl təhsil alan, o cümlədən tarixi
biliklərə dərindən yiyələnən, son
dərəcə geniş dünyagörüşünə
və biliklərə malik, doğma xalqını və yurdunu
hədsiz məhəbbətlə sevən nadir tarixi
şəxsiyyətdi. O, yarım əsrdən artıq
zəngin idarəçilik təcrübəsinə,
müxtəlif xarakterli və səviyyəli
idarəçilik sistemlərinin bütün
incəliklərinə bələd olan, sovet məkanında
kiçik bir respublikanın təmsilçisi olmasına
baxmayaraq, dünyanın altıdabirini əhatə edən SSRİ
kimi nəhəng bir dövlətin rəhbərlərindən
biri səviyyəsinə ucalan lider idi. Polad iradə sahibi,
cahanın bugünkü siyasətini
müəyyənləşdirən dünya liderləri
içərisində seçilən-sayılan, hamı tərəfindən
qəbul olunan əzəmətli şəxsiyyət idi.
Keçid dövrünün mürəkkəb
burulğanından Azərbaycanı xilas etmək
üçün Ulu Tanrının xalqımıza,
Vətənimizə bəxş etdiyi Ümummilli Lider idi!
Müasir Azərbaycan tarixinin otuz ildən artıq
dövründə dövlət quruculuğu, iqtisadi
dirçəliş, ictimai-siyasi və sosial həyatda
tərəqqi illərini əhatə edən böyük bir
hissəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə
birbaşa bağlıdır. Onun müəyyən etdiyi
mükəmməl inkişaf konsepsiyasının həyata
keçirilməsi dövlət suverenliyini bərpa edən
Azərbaycanda demokratik ölkə quruculuğu və kompleks
islahatların reallaşmasına, azad bazar
münasibətlərinə əsaslanan milli iqtisadiyyatın
formalaşdırılmasına, sürətli inkişafın
təmin olunmasına dərin əsaslar yaratdı.
Ölkəmizin yaşadığı çətin zamanlarda Ulu
Öndər dövlət quruculuğu və
müstəqilliyimizin möhkəmləndirilməsi kimi
ümdə məsələlərlə yanaşı,
milli-mənəvi həyatın inkişafına xüsusi
diqqət yetirirdi.
Heydər Əliyev Ümummilli Lider missiyasında
ölkəmizi etnik separatçılıq, dini zəmində
parçalamaq, mənəvi cəhətdən
zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq
istəyənlərin niyyətlərini puç edərək
dövlətçiliyimizi xilas etdi. Milli və dini
mənsubiyyətindən asılı olmayaraq bütün
vətəndaşlarımızı
azərbaycançılıq məfkurəsi ətrafında
səfərbər etməklə Ulu Öndər Azərbaycan
dövlətçiliyinin sarsılmaz əsasını
yaratdı.
Tariximizdə elə şanlı günlər
yaşanıb ki, onlar bir xalq kimi gələcək mövcudluğumuzu,
birliyimizi, inkişafımızı, ümumilikdə
müqəddəratımızı təyin etməyə qadir
olub. Bu dövrlərdən biri müdrik
xalqımızın qəti və sərrast tələbi
ilə dünyanın böyük siyasət adamı,
Vətənin yeganə ümid yeri, qurtuluş çırağı
olan Heydər Əliyevin hakimiyyətə ikinci dəfə
gəlişi olub.
Ulu Öndərin hələ 1969-1982-ci illərdə
Vətəninin, millətinin tərəqqisi, inkişafı,
rifahı üçün gördüyü misilsiz
işlər xalqımız tərəfindən
unudulmamışdı. Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ulu
Öndərin sovet dövründəki milli maraqlara
əsaslanan düşünülmüş siyasətini
və fəaliyyətini haqlı olaraq “milli
dövlətçiliyin təməl əsasları” kimi
dəyərləndirib: “Sovet hakimiyyəti illərində Onun
fəaliyyəti böyük bir təcrübə
xəzinəsi, dövlət idarəçiliyi
akademiyasıdır. Bu gün Azərbaycanın istifadə
etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai
və sosial potensial məhz həmin illərdə Heydər
Əliyevin uzaqgörənliyi sayəsində
yaradılmışdır. Məhz həmin illərdən
xalqımızın şüurunda
azərbaycançılıq ideyası həmişəlik
hökm sürməyə başlamışdır. ...Bu
kontekstdə Heydər Əliyevin sovet Azərbaycanına
rəhbərliyi ölkənin gələcək
müstəqillik perspektivinə hazırlığının
ilkin mərhələsi kimi səciyyələndirilə
bilər”.
Məhz 1993-cü ilin iyununda Onun hakimiyyətə
qayıdışı ilə Azərbaycanın qurtuluş
tarixində həlledici dönüş baş verdi. Müdrik
dövlət xadiminin bir neçə siyasi gedişindən
sonra müstəqilliyimiz üçün ciddi
təhlükə mənbəyinə çevrilən
vətəndaş müharibəsi təhlükəsi aradan
qaldırıldı, xarici və daxili
düşmənlərin Azərbaycanı parçalamaq,
dövlətçiliyimizi məhv etmək planları puç
oldu. Bu, Ulu Öndər Heydər Əliyevin sadəcə
hakimiyyətə qayıdışı deyil, eyni zamanda
ölkənin qurtuluşu, qəhrəmanlıq tarixidir.
Əgər xalqın təkidi ilə Heydər Əliyev
həmin gün yenidən hakimiyyətə
gəlməsəydi, bugünkü müstəqil
Azərbaycanın varlığından danışmaq
çətin ki mümkün olacaqdı.
1993-cü il oktyabr ayının 3-ü Azərbaycan
Respublikasının Prezidenti postuna keçirilən
seçkilərdə dahi lider Heydər Əliyev
səsvermədə iştirak edən 3 milyon 919 min 923
nəfər vətəndaşın rəğbətini
qazanaraq (98.84%) böyük üstünlüklə qalib
gəldi və Azərbaycan Respublikasının Prezidenti
seçildi. Həmin prezident seçkisi Azərbaycan xalqı
üçün mühüm tarixi hadisə, müstəqil
Azərbaycan dövləti üçün isə qurtuluşa
gedən yolun ilk pilləsi oldu. Artıq müstəqil
və demokratik dövlət quruculuğu tarixində yeni bir
mərhələ başlayırdı. Böyük düha,
hər şeydən öncə, torpaqlarımıza yiyələnmək
üstündə ən kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan
dövlətçiliyini xilas etdi, ölkəni
parçalanıb yox olmaq təhlükəsindən
qurtardı, dövlətimizi qoruyub saxlamaqla
azadlığımızı, müstəqilliyimizi təmin
etdi. Dövlət başçısının
qətiyyəti xalqda ruh yüksəkliyi yaratdı, itmiş
inamını özünə qaytardı, Azərbaycanı qanlı
burulğandan çıxardı, bununla da sabitlik və
əmin-amanlıq yarandı.
- Ulu Öndərimizin respublika Prezidenti kimi fəaliyyəti
dövründə Azərbaycan hansı uğurlara imza
atdı?
- Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti olduğu 10 illik dövr ərzində öz
andiçmə mərasimində səsləndirdiyi
bütün məqsədlərə nail oldu: ölkənin
həyatında çox zəruri olan ictimai-siyasi
sabitləşmə, demokratik prinsiplərin və
təsisatların yaradılması və
təkmilləşdirilməsi vəzifələrini həyata
keçirdi, dövlət aparatını möhkəmləndirdi
və iş qabiliyyətli dövlət idarəçilik
təsisatlarını formalaşdırdı. Ulu Öndər,
həmçinin müstəqil dövlətin neft
strategiyasını hazırladı, ölkənin əsas
regional energetik sahəyə transformasiyasını
reallaşdırdı, “Böyük İpək yolu”
layihəsində fəal iştirak etməklə
Azərbaycanın regional logistik mərkəz kimi rolunun
dəyişdirilməsinə nail oldu. Dahi şəxsiyyət
istər daxili, istərsə də xarici siyasəti elə
gerçəkləşdirdi ki, Azərbaycan regional və
beynəlxalq səviyyədə söz sahibi olan
ölkəyə çevrildi.
Yeni xarici siyasət xətti
müəyyənləşdirilərkən iqtisadi inkişafa
nail olmaq üçün respublikanın beynəlxalq
aləmdə nüfuzunun artırılması
istiqamətində addımlar atmaq zərurətə
çevrilmişdi. Belə şəraitdə ən
məntiqli gediş münaqişəni dondurmaq, bununla da
informasiya blokadasından xilas olub beynəlxalq aləmə
inteqrasiya şəraiti formalaşdırmaq idi. Heydər
Əliyev atəşkəs rejimi şəraitində iqtisadi
inkişafın əsas prioritetlərini
formalaşdırdı. 1994-cü ilin may ayında
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin gedişində iki tərəf
arasında atəşkəsi nəzərdə tutan protokol
imzalandı. Atəşkəs müqaviləsinin imzalanması
ordu quruculuğu prosesini sürətləndirmək,
ölkə daxilində sabitlik yaratmaq, münaqişənin
həlli istiqamətində yeni mərhələyə daxil
olmaq üçün münbit şərait yaratdı.
Ulu Öndər sosializmdən kapitalizmə keçid
dövründə dövlətin qarşısında duran
strateji vəzifə və hədəfləri düzgün
müəyyənləşdirməyi bacardı və
dünyanın qabaqcıl dövlətlərinin
təcrübəsində sınaqdan uğurla keçmiş,
müsbət nəticələri sübut olunmuş inkişaf
kursunun Azərbaycan modelini yaratdı. Heydər Əliyev
qısa zamanda Azərbaycana şəxsi sahibkarlığa, azad
rəqabətə meydan açan, sosialyönümlü
mahiyyət daşıyan, habelə xarici iqtisadi
əlaqələrin gücləndirilməsi və münbit
biznes mühitinin formalaşdırılması yolu ilə
ölkəyə investisiya axınını
stimullaşdıran liberal inkişaf modelini tətbiq etdi.
Gənc müstəqil dövləti müasir, güclü,
davamlı iqtisadi inkişafa malik ölkəyə
çevirmək üçün Ümummilli Lider Heydər
Əliyev gələcək siyasi-iqtisadi islahatların
köklü transformasiyasının əsası olacaq yeni neft
strategiyasını müəyyənləşdirdi. O,
həmin dövrdə respublikanın məhdud maliyyə
imkanları və zəif büdcəsi ilə qarşıya
qoyulmuş önəmli məqsədlərin yaxın
gələcəkdə reallaşdırılmasının
mümkünsüzlüyünü nəzərə alaraq
xarici şirkətlərlə Xəzərin Azərbaycan
sektorundakı zəngin neft ehtiyatlarının
mənimsənilməsini nəzərdə tutan
müqavilələrin imzalanmasının
əhəmiyyətini görürdü. XX əsrin qlobal
layihələrindən biri kimi alternativ enerji
mənbələri axtaran müasir dünyanın yeni
geoiqtisadi xəritəsinin
müəyyənləşməsinə əsaslı təsir göstərən,
Heydər Əliyev dühasının, iradəsinin və
müdrikliyinin məhsulu olan “Əsrin müqaviləsi”
Azərbaycanın siyasi və iqtisadi cəhətdən
möhkəmlənməsinə, beynəlxalq iqtisadi
münasibətlər sistemində öz layiqli yerini almasına
təkan verdi. Yeni neft strategiyası xarici
sərmayədarların Azərbaycanın neft
yataqlarının işlədilməsinə cəlb
edilməsini, xam neftin daşıma yollarının
şaxələndirilməsini, neft gəlirlərinin
səmərəli idarə edilməsini və
Azərbaycanın yeni inkişaf mərhələsinə
qədəm qoymasını təmin etdi.
Ulu Öndərin xalqı qarşısında ən
böyük xidmətlərindən biri və
mühümü Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin qorunub saxlanılması
ilə yanaşı, həm də ölkəmizin dünya
birliyində layiqli yer tutmasının təmin edilməsi oldu. Müstəqil
Azərbaycan Respublikasının qarşısında duran
əsas məsələlərdən biri dövlət
quruculuğu prosesinin təşkil edilməsi idi ki, xalqın
seçdiyi Lider bunu uğurla həyata keçirirdi.
Ölkədə fikir və söz, vicdan, məlumat və
digər azadlıqlar demokratik, sivilizasiyalı cəmiyyətin
yaranmasına imkan verən başlıca şərtlər kimi
müstəqil Azərbaycanda məhz 1993-cü ildən
etibarən bərqərar olmağa başladı. Ümummilli
Liderin hakimiyyətə gəlişi ilə insan
hüquqlarının qorunması üçün
bütün təminatlar yaradıldı. Demokratik
cəmiyyət quruculuğu prosesində ən mühüm
addım, şübhəsiz ki, ali hüquqi sənədin -
Azərbaycan Respublikasının Konstitusiyasının
qəbul edilməsi oldu. Ulu Öndər Heydər Əliyevin
Konstitusiyanın hazırlanmasında, qəbul
edilməsində böyük liderlik əməyi və töhfəsi
danılmazdır. Konstitusiyanın qəbulu
dövlətçiliyimizin möhkəmləndirilməsi,
Azərbaycanın dünya birliyində nüfuzunun daha da
artırılması baxımından çox mühüm
ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Heydər Əliyevin müəllifi olduğu Azərbaycan
Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr
tarixində ümumxalq səsverməsi - referendum yolu ilə
qəbul edildi. Azərbaycan Respublikası
Konstitusiyasının ən önəmli cəhətlərindən
biri ondan ibarətdir ki, o, müasir dövlət quruculuğu
üçün tələb olunan, demək olar ki,
bütün prinsipial məqamları özündə əks
etdirir. Konstitusiyanın qəbul edilməsindən sonra
ölkəmizdə irimiqyaslı dəyişikliklər baş
verdi: birbaşa xalq tərəfindən seçilən
qanunverici orqan formalaşdı və ötən dövr
ərzində Konstitusiya əsasında cəmiyyət və
dövlət həyatının ən müxtəlif
sahələrini əhatə edən yüzlərlə
normativ-hüquqi akt qəbul edildi. Eləcə də
Azərbaycan xalqının vahidliyini təcəssüm
etdirən və dövlətçiliyin varisliyini təmin
edən, Azərbaycan dövlətinin müstəqilliyinin,
ərazi bütövlüyünün və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə riayət edilməsinin, məhkəmə
hakimiyyətinin müstəqilliyinin real
təminatçısı olan prezident institutu
formalaşdırıldı. Bundan əlavə, dövlət
hakimiyyəti orqanlarının səmərəli
fəaliyyətinin təşkili üçün onların
təkmilləşdirilməsi istiqamətində mühüm
addımlar atıldı, Azərbaycanda yerli
özünüidarəetmə institutu - bələdiyyə
orqanları yaradıldı və fəaliyyətə
başladı.
Ulu Öndər Heydər Əliyev rəhbərliyi
altında quruculuq işlərinin sürətlə davam etdiyi
dövrdə qəbul olunmuş qanunların
əhəmiyyətinə toxunarkən belə
söyləmişdir: “Bu qanunlar Azərbaycanda müstəqil
dövlətin inkişafı, iqtisadi islahatların
aparılması üçün, qanunun aliliyini təmin
etmək, hüquqi dövlət yaratmaq üçün
çox əhəmiyyətli olmuşdur”.
- Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsi də vacib məqamlardan biridir. Ulu
Öndərimizin bu istiqamətdəki fəaliyyətini
necə səciyyələndirərdiniz?
- Azərbaycanın son onilliklər ərzində bir
çox sahələrdə qazandığı uğurlar
heç şübhəsiz ki, müasir dünya tarixinə
parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin
- Ulu Öndər Heydər Əliyevin həyat və
fəaliyyəti ilə birbaşa bağlıdır.
Ümummilli Liderin prezident seçilməsindən sonra
Azərbaycanda hər bir sahədə olduğu kimi, dini
sahədə də mövcud problemlər aradan
qaldırılmağa başlanıldı. Respublikamızda
dövlət-din münasibətlərinin
tənzimlənməsi, dini sahədə sabitliyə nail
olunması, konfessiyalar arasında dözümlülük
mühitinin dövlət səviyyəsində qorunub
saxlanılması məhz müdrik dövlət xadiminin
möhtəşəm fəaliyyətinin
təzahürüdür.
Müasir Azərbaycanda mükəmməl dövlət-din
münasibətləri sisteminin formalaşması və
tətbiqinin müstəqil dövlətimizin memarı,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
fəaliyyəti ilə bağlı olması hamımıza
məlumdur. Bu sahədə Ulu Öndərin zəngin
irsinin öyrənilməsi və təbliği təkcə
tarix və müasir dövr baxımından deyil, həm
də gələcəkdə proseslərin istiqamətini
düzgün müəyyənləşdirmək və
yönləndirmək nöqteyi-nəzərindən xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, XXI əsrin ilk
illərindən dünyada baş verən proseslər,
xüsusilə dini zəmində terrorun, radikallığın
və ekstremizmin güclənməsi yeni yaranmış müstəqil
dövlətlərin din sahəsində ardıcıl, effektiv
və daha həssas siyasət həyata
keçirmələrini zərurətə çevirdi.
Hazırkı dünyamızda beynəlxalq
münasibətlər sistemindəki mövcud vəziyyət,
dünyada cərəyan edən qanlı hadisələr bir
daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat
və hüquq məsələsi kimi deyil, həm də
dövlətin və cəmiyyətin təhlükəsizliyi
və sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu
mənada Heydər Əliyevin dövlət-din
münasibətləri, milli-mənəvi, o cümlədən
dini dəyərlərin qorunması və təbliği,
eləcə də tarixi-dini abidələrin bərpası,
tolerantlığın və dinlərarası dialoqun
təşviq edilməsi sahəsində zəngin irsinin
öyrənilməsi və düzgün təbliği
Azərbaycanla yanaşı, digər ölkələr
üçün də olduqca faydalıdır. Bununla
yanaşı, dünyəvi dövlətdə dinin yeri,
eləcə də qloballaşma prosesinin getdikcə
dərinləşdiyi hazırkı dövrdə milli
adət-ənənələrin yaşadılması və
mənəvi irsin mühafizəsi çağdaş
dünyanın ən aktual məsələlərindən biri
hesab olunmaqdadır. Zaman keçdikcə
sürətlənən qloballaşma prosesi sanki xalqların
milli xüsusiyyətlərini və
özünəməxsusluğunu əridərək ümumi
milli dəyərlərə malik vahid dünya cəmiyyəti
formalaşdırır. Təbii ki, bu, təkcə xalqların
deyil, milli dövlətlərin də gələcəyi
ilə bağlı ciddi suallar doğurur. Azərbaycan xalqı
üçün bu sualların cavabları Heydər
Əliyevin zəngin elmi-nəzəri və əməli
irsində axtarılmalıdır.
- Mübariz müəllim, Ümummilli Liderimiz Heydər
Əliyevin siyasətində tolerantlıq, multikulturalizm
ideyalarının həyata keçirilməsi
istiqamətində görülən işlər haqqında
nə deyə bilərsiniz?
- Ulu Öndərin həyata keçirdiyi siyasətdə
tolerantlıq hər zaman diqqət mərkəzində olub.
Həyat göstərir ki, tolerantlıq Azərbaycan xalqı
üçün hüquqi bir mexanizm deyil, o, eyni zamanda
mənəvi borcdur. Məhz bu siyasət xalqların
yaxınlaşmasına, dini dözümlülük
ənənələrinin qorunub saxlanılmasına çox
böyük töhfə vermişdir. Bütün
konfessiyalara eyni səviyyədə münasibət, onların
ibadətgahlarını fərq qoymadan ziyarət etmək,
müxtəlif dinlərin və xalqların
nümayəndələri ilə görüşlər
Heydər Əliyevin tolerantlığa verdiyi önəmi bir
daha göstərir. Azərbaycanda bütün dini
mərasimlər zamanı müxtəlif konfessiyaların
nümayəndələrini bir arada görmək
ənənəsi də xalqın dahi liderinin zamanında
qoyulmuşdur. Heydər Əliyev cəmiyyətimizdəki
tolerantlıq və humanizm mühitinə görə
xalqımızın yaddaşına borclu olduğumuzu
deyirdi. O, Azərbaycan xalqına xas olan insanpərvərlik
və tolerantlıq kimi yüksək mənəvi
keyfiyyətləri əsas gətirərək
ölkəmizdə milli-irqi ayrı-seçkilik, dini
dözümlülük zəminində humanizmə zidd
halların baş verməsini imkansız sayırdı.
Ulu Öndər 1993-cü ilin 10 oktyabrında andiçmə
mərasimindəki nitqində demişdir: “Demokratik
sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının
qorunması dövlətin əsas vəzifələrindən
biridir. Əmin ola bilərsiniz ki, bu yüksək
vəzifədə mən həmin sahəni daim diqqət
mərkəzində saxlayacağam və insan hüquqlarının
qorunması üçün bütün təminatları
yaradacağam. Bir sözlə, cəmiyyətimizdə
insanın tam azad olması üçün şərait
yaradılacaqdır. Bu baxımdan həyatımızın
indiki mərhələsində vicdan azadlığı
məsələsi də mühüm yer tutur. Xalqımız
öz dininə qayıtdı. İslam dini dünyada öz
tarixi yerini tutmuşdur. Xalqımızın
mənəviyyatına, elminə, qüdrətinə,
zəkasına islam dininin böyük təsiri olmuşdur.
Milli ənənələrimiz, mədəniyyətimiz bir
çox hallarda islam dini vasitəsilə
nəsildən-nəsilə keçib, indi böyük milli
sərvətimiz kimi bugünkü nəsillərə
çatmışdır. Azərbaycanda islam dininə
insanların sərbəst etiqad etməsi üçün
bütün şərait yaradılmış və bundan sonra
da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz
respublikanın bu ağır dövründə
vətəndaş həmrəyliyinin, vətəndaş
birliyinin yaranması üçün çox böyük
fəaliyyət göstərəcəkdir. Azərbaycan
çoxmillətli respublikadır. Bu, respublikanın
səciyyəvi cəhətidir. Bunun böyük tarixi var
və bu tarixlə, respublikanın bu ictimai-siyasi
mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda
bütün vətəndaşlar dini və milli
mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa
malikdirlər və bundan sonra da bütün
vətəndaşların bərabər hüquqla
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında
iştirak etməsi üçün imkanlar
yaradılacaqdır. Bu gün bizim islam dininin, Qafqaz
müsəlmanlarının rəhbəri, xristian dininin,
yəhudi dininin nümayəndələri məni bu
vəzifəyə gəlmək münasibətilə
təbrik etdilər. Mən onlara öz
minnətdarlığımı bildirirəm və əmin
etmək istəyirəm ki, Azərbaycanda bütün
millətlərin, bütün dinlərin bərabər
hüquqla yaşaması üçün bütün
şərait yaradılacaqdır...”
Ulu Öndərin müəllifi olduğu və öz
andında səsləndirdiyi tolerant, multikultural ideyalar,
bütün dinlərin nümayəndələrinə eyni
münasibət göstərilməsi və bərabər
imkanlar yaradılması bu gün ölkə siyasətinin
mühüm istiqamətlərindən birini təşkil
etməklə yanaşı, dövlətin bu sahədə
gələcək strategiyasının da ayrılmaz tərkib
hissəsinə çevrilib.
Ümummilli Liderin dini etiqad azadlığının
təmin olunması, müvafiq sahədə vahid dövlət
siyasətinin formalaşdırılması və həyata
keçirilməsi, dövlət-din münasibətlərinin
tənzimlənməsi, inkişafının təmin
edilməsi, dini etiqad sahəsində maarifləndirmə
işinin aparılması, dini təhsil ilə
bağlı məsələlərin həll edilməsi,
həmçinin vətəndaşların vicdan
azadlığının təmin edilməsi, dini
ənənələrin, dözümlülük və
tolerantlıq münasibətlərinin qorunması, dini
mühitdəki radikal elementlərin qarşısının alınması
isiqamətlərində atdığı ən mühüm
addımlardan biri, heç şübhəsiz ki, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin yaradılması
barədə 2001-ci ilin 21 iyununda imzaladığı fərman
olmuşdur.
- Ölkəmiz tolerantlıq və multikulturalizm
məkanı olmaqla yanaşı, bu dəyərlərin
təbliğinə xidmət edən tədbirlərə ev
sahibliyi edir...
- Bu gün tolerantlıq və multikulturalizm
Azərbaycanın dövlət siyasətinə və
Azərbaycan xalqının həyat tərzinə
çevrilib. Heç şübhəsiz ki, bu
ənənələrin inkişafı və
təbliğində ən böyük layihələri
Heydər Əliyev Fondu reallaşdırır. Heydər
Əliyev Fondunun gördüyü işlər - ibadət
evlərinin təmiri və yenidən qurulması, Azərbaycanın
tolerant və multikultural dəyərlərinin dünyaya
çatdırılması istiqamətində həyata
keçirilən tədbirlər müstəsna
əhəmiyyətə malikdir. Vətənimizdə
və digər ölkələrdə bəşər
övladı üçün nümunə kimi qəbul
ediləcək sülh və barışıq məzmunlu,
xalqlar və dinlər arasında fərq qoymamaq
məqsədilə reallaşdırılan layihələr
davamlı xarakter alıb. Xüsusilə vurğulanmalı
məqamlardan biri də odur ki, belə mötəbər
tədbirlərin Azərbaycanda keçirilməsi
barədə qərar verilərkən Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın beynəlxalq təşkilatlardakı
yüksək nüfuzu və çoxşaxəli
səmərəli fəaliyyəti həlledici rola malik olur.
Azərbaycan Respublikasında multikulturalizmin
özünəməxsus, nümunəvi modelinin
formalaşdığını bütün dünya
birmənalı olaraq təsdiqləyir. Heydər Əliyev Fondu
beynəlxalq ictimaiyyətə bu həqiqətlərin çatdırılması
istiqamətində çoxsaylı
təşəbbüslərlə çıxış edir,
layihələr reallaşdırır.
Bu istiqamətdə həyata
keçirilən ən
mühüm tədbirlərdən
biri də bu il may
ayının 2-də Azərbaycan
hökumətinin təşkilatçılığı,
UNESKO, BMT-nin Sivilizasiyalar
Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə “Ayrı-seçkilik,
qeyri-bərabərlik və
zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı
altında keçirilən
V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu olub. Tədbirin açılış mərasimində dövlət
başçımız cənab
İlham Əliyevin söylədiyi nitq insanlar arasında həmrəylik yaratmaqda, müxtəlif icmalarda zorakılığa və
ayrı-seçkiliyə qarşı
mübarizədə mədəniyyətlərarası
dialoqun vacibliyini diqqətə çatdırıb: “...Azərbaycan əsrlər
boyu müxtəlif mədəniyyətlərin, etnik
qrupların və dinlərin nümayəndələrinin
birgə yaşayıb-yaratdığı
və təmasda olduğu bir məkandır. Əsrlər
boyu Azərbaycan dini dözümlülük
və müxtəlif millətlərin birgə yaşadığı torpaq
olmuşdur. Tarix və coğrafiyamız
nümayiş etdirir ki, biz yalnız
tərəfdaşlıq və
qarşılıqlı hörmət
ruhunda uğura nail ola bilərik.
Azərbaycanın bugünkü
sürətli inkişafı
da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün
nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır.
Biz tariximiz, tarixi abidələrimizlə
fəxr edirik. Onlar da əsrlər
boyu müxtəlif dinlərin nümayəndələrinin
Azərbaycanda yaşayıb-yaratdıqlarını
göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən
biri qədim Şamaxı şəhərində
yerləşir. Qafqazın
ən qədim kilsələrindən biri
olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz
mədəni müxtəliflik
tarixidir və bu gün həmin
tarixi irs əsasında Azərbaycan
dünyaya mədəniyyətlərarası
dialoqun ölkələri
yaxınlaşdırmağın, müxtəlif mədəniyyət
və sivilizasiya nümayəndələri arasında
yeni körpülərin
qurulmasının
yeganə yol olduğunu nümayiş etdirir. Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da,
biz həmin ab-havada əsrlər boyu yaşamışıq.
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunması onu sübut edir ki, biz
dünyanın diqqətini
bu mühüm ideyaya cəlb etmək istəyirik.
2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi
irsimizi, kökümüzü
və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm
ki, bu meyillər
dünyada üstünlük
təşkil etsə,
dünyada təhlükəsizlik,
proqnozlaşdırıla bilmə
və sülh bərqərar olar...”
Azərbaycanın sürətli inkişafını, uğurlu
xarici və daxili siyasətini, o cümlədən dövlət-din
münasibətlərinin effektiv
tənzimlənməsini şərtləndirən
başlıca iki amil mövcuddur. Birincisi, Heydər Əliyevin əsasını
qoyduğu sağlam bünövrə, ikincisi,
həmin sağlam bünövrə üzərində
Ümummilli Liderin layiqli davamçısı
Prezident İlham Əliyevin qurduğu uğurlu strategiya. Azərbaycanın bütün
sahələrdə həyata
keçirdiyi siyasətin
mahiyyətini, istiqamətini,
perspektivini tam və dolğun dərk etmək üçün Ulu Öndərin siyasi irsinin daha dərindən
öyrənilməsi olduqca
zəruri və vacibdir.
Bir həqiqət var ki, bunu
xalqımız gözəl
dərk edir. Hazırda tərəqqi dövrünü yaşayan
bütün millətləri,
ölkələri keçid
dövrünün çətin
labirintlərindən görkəmli
şəxsiyyətlər çıxarmışlar.
Heydər Əliyev də bu qəbildən
olan, Azərbaycanın
taleyinə bəxş
olunan dahi Liderdir. Çağdaş
Azərbaycan bu gün - XXI yüzilliyin başlanğıcında demokratik,
hüquqi və dünyəvi dövlət
quruculuğunda uğurdan-uğura
qovuşur.
Zamanın ən qanlı
burulğanı içərisində
çabaladığımız günlər arxada qalıb, tarixə çevrilib! Azərbaycan dövlətçiliyi məkrli
düşmənlərin qanlı
caynağından həmişəlik
xilas edilib! Ölkəmiz özünün
daha parlaq gələcəyinə doğru
inamla irəliləyir.
Bütün bunlar üçün hər bir vətən övladı, qədirbilən
xalqımızın nümayəndələri
dahi xilaskara - Ulu Öndər Heydər Əliyevə borcludur!
Mübariz Qurbanlı
Yeni Azərbaycan.- 2019.- 4 oktyabr.- S.7