Regionlarda əhalinin təbii qazla təmin
olunması prosesi uğurla davam etdirilir
Artıq qışa hazırlıqla
bağlı regional qaz istismar idarələrində müvafiq
tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, son illərdə
Azərbaycanda əhalinin təbii qaza olan tələbatının
tam ödənilməsi, istehlakçıların qazla təchizatının
yaxşılaşdırılması, qaz kəmərlərinin
və avadanlıqların yenidən qurulması istiqamətində
genişmiqyaslı işlər görülür. Ölkə
başçısının qazlaşdırmaya böyük
diqqət göstərməsi nəticəsində Azərbaycan
qazlaşdırma səviyyəsinə görə
dünyanın nadir ölkələrindəndir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2019-cu ilin
birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində Prezident İlham
Əliyev əhalinin qazla təminatının Azərbaycanda ən
yüksək səviyyədə olduğunu vurğulayıb:
“Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu
gün hələ də qaz almayan qəsəbələrə,
kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə
bəzi yerlərdə qazın təzyiqi
aşağıdır və bu məsələ ilə
bağlı müvafiq göstərişlər verildi,
işlər görülür ki, əhaliyə keyfiyyətli
qaz verilsin”.
Yeri gəlmişkən qeyd edək
ki, “Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası məqsədilə
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz
işlər həyata keçirilir. Regionlarda
əhali istehlakçılarının təbii qaza olan tələbatının
tam ödənilməsi, mənzillərdə istismar müddəti
başa çatmış məişət qaz
sayğaclarının yenisi ilə əvəz olunması və
istismara yararsız vəziyyətdə olan qaz
avadanlıqlarının və boru xətlərinin yeniləri
ilə əvəz edilməsi işləri uğurla davam
etdirilir.
“Azəriqaz” İB bir müddət öncə
bu il sentyabrın 1-nə olan məlumatı ictimaiyyətə
təqdim etmişdi. Məlumata görə, bu dövrdə 209
bina üzrə 13 min 274, təkcə avqust ayında isə 54
bina üzrə 1488 mənzilə təbii qazın verilməsi
təmin edilib. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən
gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən
(MTK) daxil olan ərizələr araşdırılır və
müvafiq rəylər verilir.
Qeyd edək ki, sentyabrın 1-dən sonra da bir
sıra bölgələrdə əhali təbii qazla təmin
olunub. Belə ki, sentyabrın 17-də Neftçalanın
Astanlı kəndinə təbii qaz verilib. “Azəriqaz”
İstehsalat Birliyindən bildirilib ki, tikinti-quraşdırma
işləri başa çatdırılmış
Neftçala rayonunun 240 evdən ibarət Astanlı kəndi
qazlaşdırılıb. Bu ilin Dövlət Proqramı əsasında
icra olunan qaz çəkilişi zamanı ümumi uzunluğu
21 min 139,1 metr olan qaz xətləri çəkilib və
sayğaclar quraşdırılıb. Beləliklə,
Astanlı kəndi də daxil olmaqla Neftçala rayonunda
ümumilikdə 15 min 643 abonent təbii qazla təmin edilib.
Ağdaş rayonunun Yenicə kəndinə də
“mavi yanacağın” verilməsi münasibətilə tədbir
keçirilib. Tədbirdə SOCAR-ın
prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, “Azəriqaz”ın
baş direktoru Əkbər Hacıyev, Ağdaş Rayon
İcra Hakimiyyətinin başçısı Tofiq
İbrahimov, eləcə də digər rəsmilər,
ictimaiyyət nümayəndələri və kənd sakinləri
iştirak ediblər. Açılış
mərasimində çıxış edən R.Abdullayev əlamətdar
hadisə münasibətilə kənd sakinlərini təbrik
edib, son illər ölkənin hər yerində qaz təchizatı
sisteminin yenidən qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması istiqamətində
görülmüş məqsədyönlü tədbirlərdən
danışıb. SOCAR-ın prezidenti qeyd edib ki, təbii qaz
almayan yaşayış məntəqələrinin “mavi
yanacaq”la təmin olunması xalqımızın rifah
halının daha da yaxşılaşmasına xidmət edir.
Prezident İlham Əliyevin ölkə əhalisinin təbii
qazla təmin olunması proqramının icrasını daim
diqqət mərkəzində saxladığını bildirən
SOCAR-ın prezidenti bu sahədə həyata keçirilən
işlərin bundan sonra da davam etdiriləcəyini
vurğulayıb.
Çıxış edən ictimaiyyət
nümayəndələri kəndə təbii qazın verilməsinə
görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını
bildiriblər.
Xatırladaq ki, Yenicə kəndində 328 evə
“mavi yanacaq” verilib. Ümumilikdə 328 yeni sayğac
quraşdırılıb. Qaz çəkilişi zamanı
3615 metr polietilen daşıyıcı borulardan, 22 min 218,5 metr
yerüstü paylayıcı polad borulardan, məhəllədaxili
qaz çəkilişi üçün 13 min 58 metr polad
borulardan istifadə olunub.
“Azəriqaz” İstehsalat Birliyi kənd və qəsəbələrlə
yanaşı, yeni salınmış yaşayış massivlərinin
də qazlaşdırılması işlərini uğurla icra
edir. Cari ilin regionların qazlaşdırılması
proqramına uyğun olaraq sentyabrın 27-də Şəki
şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent
qazla təmin olunub.
Yeni yaşayış massivinin
qazlaşdırılması üçün ümumilikdə
10 min 426 metr müxtəlif diametrli polad borularla
daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib. 113 ədəd qaz sayğacı
quraşdırılıb. Yeni
qazlaşdırılan yaşayış sahəsində qaz
şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə
sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən
istifadə etməsinə və istehlakçılara
ötürülən qazın sabit rejimdə
saxlanılmasına zəmin yaradır.
Biləsuvar rayonunun Xırmandalı kəndinin
yeni yaşayış massivinə isə sentyabrın 28-də
mavi yanacaq verilib. Bu münasibətlə kənddə
keçirilən tədbirdə SOCAR prezidenti Rövnəq
Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Əkbər Hacıyev, Biləsuvar rayonunun İcra Hakimiyyətinin
başçısı Mahir Quliyev, eləcə də digər
rəsmilər, ictimaiyyət nümayəndələri və
kənd sakinləri iştirak ediblər. Açılış
mərasimində çıxış edən SOCAR prezidenti
R.Abdullayev əlamətdar hadisə münasibəti ilə kənd
sakinlərini təbrik edib, son illər ölkənin hər
yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd
və qəsəbələrin qazlaşdırılması
istiqamətində görülmüş məqsədyönlü
tədbirlərdən danışıb. O qeyd edib ki, təbii
qaz almayan yaşayış məntəqələrinin “mavi
yanacaq”la təmin olunması xalqımızın rifah
halının daha da yaxşılaşmasına, həmçinin
ekologiyanın qorunmasına xidmət edir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkə əhalisinin təbii qazla təmin olunması
proqramının icrasını daim diqqət mərkəzində
saxladığını bildirən SOCAR prezidenti bu sahədə
həyata keçirilən işlərin bundan sonra da davam
etdiriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Biləsuvar rayonunun
Xırmandalı kəndinin genişlənən hissəsində
286 evə mavi yanacaq verilib. Ümumilikdə 286 yeni sayğac
quraşdırılıb. Daşıyıcı və məhəllədaxili
qaz xətlərinin çəkilişi üçün
yerüstü 23 540 metr böyük diametrli polad boru, eləcə
də 7037 metr balaca diametrli polad borulardan istifadə edilib.
Oktyabrın 2-də isə Xaçmaz rayonunun 3
kəndinə - Seyidlər, Digahoba və Aşağı Ləyər
kəndlərinə təbii qaz verilib. Bu
münasibətlə Seyidlər kəndində təşkil
olunan tədbirdə rayon İcra Hakimiyyətinin
başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz”
İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin
kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və
sakinlər iştirak ediblər. Çıxışlarda qeyd
edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
ölkədə aparılan sosial siyasətin tərkib hissəsi
olan qazlaşma işləri nəticəsində Xaçmazda
da bir çox kəndlər mavi yanacaqla təmin edilib. 2019-cu
il üçün qəbul olunan Dövlət Proqramı əsasında
Azərbaycanın bölgələrində bu ilin sonunadək
13 qəsəbə, 23 kənd və 26 yeni yaşayış
massivinə mavi yanacaq veriləcək.
Qeyd edək ki, Xaçmaz rayonunun Seyidlər kəndində
86, Digahoba kəndində 64, Aşağı Ləyər kəndində
isə 99 abonent mavi yanacaqla təmin olunub. Evlərdə
fərdi qaz tənzimləyicisi və məişət tipli qaz
sayğacları quraşdırılıb. Ümumilikdə
Seyidlər kəndində 7258,7 metr, Digahoba kəndində
7518,8 metr, Aşağı Ləyər kəndində isə
7677,5 metr uzunluğunda müxtəlif diametrli
daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib.
Qubanın qədim yaşayış məntəqələrindən
olan Qonaqkənd qəsəbəsinin sakinləri
üçün bu il sosial infrastruktur layihələrinin
icrası ilə əlamətdardır. Rayon mərkəzindən
46 kilometr məsafədə yerləşən
yaşayış məntəqəsinə müasir yol çəkilməsinin
ardınca, Qonaqkənd qəsəbəsinin qazlaşdırılması
işləri həyata keçirilir. SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyi tərəfindən görülən
işlər yekunlaşdıqdan sonra geniş turizm
imkanlarına malik qəsəbədə ümumilikdə 300-dən
çox abonent yüksəktəzyiqli təbii qazla təmin
olunacaq. Qonaqkəndin qazlaşdırılması
üçün birpilləli sistem əsasında ümumi
uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və
polietilen borularla daşıyıcı, məhəllədaxili
qaz xətləri çəkilib. Bununla yanaşı,
bütün abonentlər üçün qaz sayğacı və
fərdi tənzimləyici quraşdırılır.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin
rəisi Əlibaba Əliyev bildirib ki, bu il şimal regionunda 16
yaşayış məntəqəsi
qazlaşdırılır. Bunun da 12-si Quba rayonuna aiddir.
Qazlaşdırılan kəndlərdə ümumilikdə 2
min 623 abonent ilk dəfə təbii qazdan istifadə edəcək.
Qazlaşdırma işləri ilin sonuna kimi başa
çatdırılacaq. Qəsəbə sakinləri əhalinin
sosial problemlərinin həllinə göstərilən diqqət
və qayğıya görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildirirlər.
Xatırladaq ki, Qonaqkənd 1959-cu ilə kimi
rayon mərkəzi olub. Qəsəbədə xəstəxana,
məktəblər, feldşer-mama məntəqəsi fəaliyyət
göstərir. 68 min əhalinin yaşadığı 66
yaşayış məntəqəsini birləşdirən və
46 kilometr uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun tikintisi
işləri də artıq yekunlaşmaq üzrədir. Qonaqkənd, Amsar, Nügədi, Püstəqasım,
Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən
keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini
asanlaşdırmaqla yanaşı, bölgədə kənd təsərrüfatı,
turizm və sənayenin birbaşa inkişafına səbəb
olacaq.
Onu da qeyd edək ki, “Azəriqaz” İstehsalat
Birliyinin müvafiq strukturlarında qışa
hazırlıqla əlaqədar qaz xətləri üzərində
quraşdırılmış avadanlıqlara texniki qulluq
olunur. Birliyin Tərtər Regional qaz istismarı İdarəsində
qazpaylayıcı şkafların süzgəcləri təmizlənir,
ölçü qovşaqlarında çəpərləmə
işləri aparılır. Abonentləri fasiləsiz qazla təmin
etmək üçün “Azəriqaz” İB-nin bütün
Regional Qaz İstismar İdarələrində (RQİİ)
belə tədbirlərin mütəmadi keçirilməsi
planlaşdırılır.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2019.- 5 oktyabr.-
S.7