Nizami Cəfərov: Ədəbiyyat haqqındakı elmin akademik İsa Həbibbəyli miqyası

 

Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Akademik İsa Həbibbəyli çox məhsuldar, fədakar alimdir. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bununla bağlı məqaləsində İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında göstərdiyi xidmətlərdən, humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən, zəngin pedaqoji və ictimai-siyasi fəaliyyətindən bəhs olunur.

AZƏRTAC Nizami Cəfərovun “Ədəbiyyat haqqındakı elmin akademik İsa Həbibbəyli miqyası” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyu heç bir dövrdə, mərhələdə geri çəkilmədən, ədəbi-bədii fikrin meydanını boş qoymadan böyük söz sənəti əsərləri (və sənətkarları) yetişdirdiyi kimi, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq həmin sənət əsərlərinin (və sənətkarların) dərindən və hərtərəfli təhlil, izahı və dərki əsasında mükəmməl ideya-estetik ümumiləşdirmələr aparmaqla ədəbiyyat haqqındakı elmi yaradan çox kamil mütəxəssislər də meydana çıxarıb. Onların sırasında Firudin bəy Köçərli, Salman Mümtaz, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Məmmədhüseyn Təhmasib, Mirzəağa Quluzadə, Əkrəm Cəfər, Mirəli Seyidov, Qafar Kəndli, Kamal Talıbzadə, Rüstəm Əliyev, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi klassiklərin adları xüsusi hörmət və ehtiramla çəkilir.

Əgər XX əsrin əvvəllərinə qədər milli ədəbi təfəkkürü daha çox (və bəzən də ümumiyyətlə) ədəbiyyat təmsil edirdisə, həmin dövrdən etibarən ədəbiyyat tarixi, nəzəriyyəsi, tədrisi və ədəbi tənqid də iri addımlarla irəliləyib ictimai fikrə ədəbiyyatın, demək olar ki, özü qədər təsir göstərməyə başladı. Əslində, ilk ən güclü impuls “yeni dövr”ün bilavasitə ədəbiyyat yaradıcılarından - Səməd Vurğundan, Mehdi Hüseyndən, Mirzə İbrahimovdan, Mir Cəlaldan gəldi. Onlar Nizami, Füzuli, Mirzə Fətəli ənənələrinə sadiq qalaraq, bir tərəfdən, dövrün şeirini, nəsrini, dramaturgiyasını yaradır, digər tərəfdən, həm ədəbiyyat tarixinin, həm də müasir ədəbi prosesin tədqiqi sahəsində çalışmaqla ədəbi təfəkkürün miqyasını o zamana qədər görünməmiş şəkildə genişləndirirdilər. Və həmin missiya sonralar Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Elçin kimi universal humanitar düşüncəli qələm sahiblərinin simasında uğurla davam (və inkişaf) etdirildi.

XX əsrin sonu, XXI əsrin əvvəlləri də Azərbaycan ədəbiyyatşünaslığına öz sələflərinin görmüş olduğu işləri irəli aparmağa qadir bir sıra istedadlı xələflər gətirdi.

Heç bir tərəddüd etmədən cəsarətlə demək olar ki, bu gün Azərbaycanda ədəbiyyat haqqında elmin yalnız akademik-inzibati yox, eyni zamanda intellektual-mənəvi (və ideya-metodoloji) məsuliyyətini, ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli daşıyır.

İsa Həbibbəyli ilk ciddi elmi araşdırmalarını keçən əsrin 70-ci illərində aparıb, həmin illərdə, əsasən, “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusu üzərində çalışaraq dəyərli bir əsər ortaya qoymaqla yanaşı, özünün ümumiyyətlə istedadlı bir ədəbiyyatşünas olduğunu təsdiqləyib ki, akademik Məmməd Cəfərin aşağıdakı sözləri bu təsdiqin ən yüksək səviyyədə ifadəsi (rəsmi sənədi!) sayıla bilər:

“Mənim fikrimcə, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı dissertasiyası bizim filologiya elminə yenilik gətirən və romantik lirika haqqında təəssürat yaradan orijinal bir tədqiqat əsəridir. Orijinallığı bir də o cəhətindədir ki, burada lirikanın daha çox poetikasından, üslublarından və janr xüsusiyyətlərindən danışılır”.

Və bu rəy - sənəddə böyük ustad öz şagirdinin alim-tədqiqatçı səciyyəsini də tamamilə dəqiqi vermişdi ki, “daim axtarışda olmaq İsa Həbibbəylinin özünəməxsus xarakteridir”.

Ümumiyyətlə, İsa müəllimin yaradıcılıq tərcümeyi-halı haqqında yazanlar, danışanlar həmişə, tamamilə haqlı olaraq, “Məmməd Cəfər faktoru”na xüsusi diqqət verirlər. Məsələn, akademik Bəkir Nəbiyev göstərir ki, “İsa Həbibbəyli akademik Məmməd Cəfər Cəfərovun məşhur “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin yetirməsi və hamımızın müəllimi, mənəvi atamız olmuş Məmməd Cəfərin ən layiqli davamçısıdır”.

Hələ 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının tələbəsi olarkən Naxçıvanda keçirilən “Elm günləri”ndə Azərbaycan ədəbiyyatşünaslığının mütəfəkkir patriarxı ilə tanış olan İsa Həbibbəyli onu özünə əbədi müəllim seçmiş və bu səmimi, ədəbiyyatşünaslığımızı yalnız zənginləşdirməklə qalmayan, ona eyni zamanda mənəvi ruh verən müəllim-tələbə münasibəti uzun zaman davam edərək filoloji cameədə ibrətamiz obraza, əgər belə demək mümkünsə, çox qədim bir ənənəni bu günə (və gələcəyə) daşımışdır.

AMEA-nın müxbir üzvü Kamran Əliyevlə professor Məmməd Əliyev yazırlar ki, “akademik Məmməd Cəfər Cəfərov faktoru İsa Həbibbəylini təkcə elmi yaradıcılığa həvəsləndirməmiş, həm də onun sadəlik və müdrikliyi özündə cəmləşdirən şəxsiyyət kimi formalaşmasına nüfuz etmişdir... İsa Həbibbəylinin fikrincə, “sadəliyin nə qədər böyük mənəvi sərvət olduğunu akademik Məmməd Cəfər Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarilə kamil olan insanlar bu qədər sadə ola bilərlər”.

1970-ci illərdə respublika mətbuatında, xüsusilə Naxçıvanın “Şərq qapısı” qəzetində onlarla ədəbi-tənqidi məqalələri çap olunur ki, bunlar İsa Həbibbəylinin ədəbiyyatşünas kimi yetişməsi prosesini həm mövzu-maraq dairəsinin, həm də təhlil-üslub texnikasının miqyası baxımından izləməyə imkan verir. Diqqətdən kənarda qalması heç vəchlə mümkün olmayan bir məqam da, əsasən, 60-cı, 70-ci illəri əhatə edən şeir yaradıcılığıdır ki, bunu yalnız gənclik həvəsi hesab edib üstündən sükutla keçmək doğru olmazdı. Əvvəla ona görə kimüəllif sonralar da ara-sıra poeziyaya müraciət edərək, məsələn, Naxçıvanın, eləcə də Akademiyanın marşlarını yazıb, digər tərəfdən isə, hər bir peşəkar ədəbiyyat araşdırıcısının - ədəbiyyatşünasın yaradıcılığa şeirlə, nəsrlə, dramaturgiya ilə, fərqi yoxdur, başlaması və tədqiq etdiyi mətn-təfəkkür tipinin bilavasitə az-çox yaradıcısı kimi də çıxış etməsi istedad bütövlüyünün (və mükəmməlliyinin) təzahürüdür.

80-ci illərdə İsa Həbibbəylinin yaradıcılıq tərcümeyi-halının ən mühüm hadisəsi, heç şübhəsiz, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda apardığı fundamental olduğu qədər də məhsuldar araşdırmadır ki, öz müəllifinə yalnız böyük ədəbi-elmi deyil, həm də ictimai-mədəni şöhrət qazandırdı. Mirzə Cəlil nəslinin davamçılarını, eləcə də dahi ədibin o zamana qədər məlum olmayan əsərlərini ölkə ictimaiyyətinə tanıtdıran tədqiqatçı bu məqsədlə dünyanın bir sıra ölkələrini gəzib dolaşmış, neçə-neçə arxivlərdəki toz basmış səhifələri dönə-dönə vərəqləməli olmuş, “mühit və müasirlər” kimi həm sosial, həm də intellektual yönləri olan çox mürəkkəb bir problemin nümunəvi həllinin olduqca dəyərli bir təcrübəsini vermişdir. Təxminən on beş ilin gərgin axtarışlarının nəticəsində meydana çıxaraq 1996-cı ildə İsa müəllimə filologiya elmləri doktoru adını qazandıran “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası, əlbəttə, Azərbaycan ədəbiyyatşünaslığının klassik əsərləri sırasında şərəfli bir yer tutmaqdadır. Belə əsərlər, məlum məsələdir ki, nə qədər yüksək olursa-olsun yalnız intellektin, nə qədər böyük olursa-olsun yalnız zəhmətin deyil, həm də son dərəcə nadir (və mükəmməl!) eşqin, ilhamın məhsuludur. Və o yerdə ki intellekt var, zəhmət var, eşq-ilham var, orada mütləq İsa Həbibbəyli də var.

Nəinki həmkarlarının, özünün də tədqiqatlarına son dərəcə tələbkarlıqla yanaşan, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı üzrə görkəmli mütəxəssis, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov kəskin opponent mövqeyindən belə, etiraf etməli olmuşdu ki, “yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəylini təkcə həmkarım yox, dünənki və bugünkü ağsaqqal nəsillərin fəal və layiqli davamçısı sayıram. İsa Həbibbəylinin tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki ədəbiyyatşünaslıqda az öyrənilmiş və demək olar ki, diqqəti cəlb etməmiş elmi-nəzəri məsələlər, hadisələr, şəxsiyyətlər, əsərlər haqqındakı təhlil və qiymətləridir. O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə, sintez halında istifadə etməyi bacarır.

İsa Həbibbəyli dövrün ən fədakar məmmədquluzadəşünasıdır... Hiss olunur ki, artıq İsa Həbibbəyli dövr və problem çərçivəsinin sədlərini aşmaqdadır”.

Görkəmli məmmədquluzadəşünasın böyük xidmətlərinə verilmiş çoxsaylı (və sanballı) dəyərlər içərisində iki yazıçı-mütəfəkkirin rəyi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onlar “böyük demokrat”ın yaradıcılıq ənənələrini sadəcə davam etdirməmiş, yeni tarixi şəraitdə Mirzə Cəlil üslubuna yeni həyat verməyin incə bədii-estetik (və ideoloji!) nüanslarını kəşf etməklə ümumən milli mədəni-ictimai təfəkkürün hərəkatında postsovet əhvali-ruhiyyəsini hələ 60-cı illərdən hazırlamışlar. Söhbət Xalq yazıçısı Anar və Xalq yazıçısı, professor Elçindən gedir.

Elçin yazır: “Mən İsa Həbibbəylinin bir “cəlilşünas” kimi hansı ehtiras, şövq, həvəslə, hansı enerji ilə işləməsinin bilavasitə şahidi olmuşam: 80-ci illərin sonlarında İsa Həbibbəyli məhz həmin tədqiqatçı ehtirası və enerjisi sayəsində “Vətən” Cəmiyyətinin köməyi və iştirakı ilə Mirzə Cəlilin dünyanın bir çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini tapdı, onlarla əlaqə yaratdı, görüşdü və bu işi sonralar da böyük bir təşəbbüskarlıqla davam etdirdi”.

Anar yazır: “İsa Həbibbəylinin araşdırmaları yüksək elmi dəyərə malikdir. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin tərcümeyi-halının yenidən öyrənilməsi, ədibin nəsil şəcərəsinin müəyyən edilməsi, nəvə-nəticələrinin aşkara çıxarılması İsa müəllimin adı ilə bağlıdır. İsa Həbibbəyli, həmçinin Mirzə Cəlilin üç naməlum səhnə əsərini aşkara çıxarmış, təhlil edib dəyərləndirmişdir. Beləliklə, o, fədakar mirzəcəlilşünas alim olduğunu sübuta çatdırmışdır”.

Əlbəttə, İsa Həbibbəylinin xidməti yalnız ondan ibarət deyil ki, nə qədər böyük elmi, milli-ictimai əhəmiyyəti olsa da, Mirzə Cəlili, onun mühitini və müasirlərini daha müfəssəl, daha obyektiv, ümumən, müasir ədəbiyyatşünaslığın artan tələbləri səviyyəsində öyrəndi, həm də ondadır ki, tədqiq etdiyi dövrün hər cəhətdən canlı mənzərəsini yaratmağa nail oldu. Həmin mənzərə, tədqiqatçının analitik “təsvirlər”indən aydın göründüyü kimi, dövrün mürəkkəb sosial, siyasi və mədəni hadisələrində, bu hadisələrin birbaşa iştirakçısı olan nəhəng (və tarixi!) şəxsiyyətlərində olduğu qədər də hər cəhətdən yaradıcı ideyalarında (və ideallarında!) təzahür edir.

Akademik Teymur Kərimli təsadüfən demir ki, “akademik İsa Həbibbəylinin çox dərindən araşdırdığı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai-fəlsəfi fikrində belə bir gözəl anlayış var: “vətəndust”. Vətəndaşlığın ana özəyi sayılan bu keyfiyyət istisnasız olaraq o dövrün ən böyük patriot ziyalılarının ayrılmaz sifətlərindən birini təşkil etmişdir.

İsa Həbibbəyli də, hər şeydən öncə, vətəndustdur”.

İstər 80-ci illərdə, istərsə də 90-cı illərin birinci yarısında İsa Həbibbəyli Mirzə Cəlil mövzusu ilə nə qədər məşğul olsa da (ədibin həyat və yaradıcılığının əsas tarixlərinin dəqiqləşdirilməsindən üç yeni pyesinin tapılıb nəşr etdirilməsinə qədər), onun elmi maraq dairəsi yalnız bu böyük mövzu ilə məhdudlaşmamış, ədəbiyyatın müxtəlif məsələlərinə həsr olunmuş kitablar, kitabçalar, məqalələr yazıb nəşr etdirmiş, mötəbər elmi məclislərdə məruzələrlə çıxış etmişdir. 90-cı illərin ortalarında artıq bütün təfərrüatı ilə aydın görünürdü ki, gənc (və enerjili) tədqiqatçı ədəbiyyatın tarixçisi olduğu qədər də nəzəriyyəçisidir. Və ən böyük ədəbiyyat filosofumuz Yaşar Qarayev həmin illərdə tamamilə haqlı olaraq yazmışdı ki, “həm tənqid, həm də ədəbiyyatşünaslıqla paralel məşğul olmaq yetmişinci illərin gəncliyi üçün sanki fəaliyyət prinsipinə çevrilib. Bu qoşalığı, vəhdəti biz İsa Həbibbəylinin də nümunəsində görürük. Belə qoşalıq ünsiyyətə və vəhdətə köklə zirvənin, keçmişlə indinin, ənənə ilə novatorluğun arasında nail olmağa imkan yaradır... İsa Həbibbəylinin Azərbaycan romantik şeirinin, realist ədəbi hərəkatının, müasir ədəbi prosesin müxtəlif problemlərindən bəhs edən əsərləri onun səmərəli axtarışlarının nəticəsi kimi nəzərə çarpır”.

Akademik İsa Həbibbəylinin həyatı, yaradıcılığı təkcə üzdə deyil, çox-çox dərin qatlarında mənsub olduğu xalqın “tərcümeyi-hal”ı ilə üzvi surətdə bağlıdır. Və onun istedadına xüsusi məna verən, rövnəq gətirən, istedadı bir şəxsin sərəncamında qoymayıb milli dəyərə çevirən də bu bağlılıqdır.

Ümummilli Lider Heydər Əliyev Öz xilaskar missiyasını həyata keçirdikdən sonra çox böyük uğurla başlayan genişmiqyaslı iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi quruculuq hərəkatı elmin, təhsilin və ziyalılığın tarixində də yeni epoxanın əsaslarını yaratdı. Və xalqın taleyi üçün həmin fövqəladə məsuliyyətli illərdə biz İsa Həbibbəylini Ulu Öndərin ideyalarının ardıcıl müdafiəçisi kimi böyük siyasətin meydanında görürük... Hər cəhətdən təqdirəlayiq (və tamamilə təbiidir) ki, İsa Həbibbəyli bu illərdə milli ziyalı vəzifəsini şərəflə yerinə yetirməklə yanaşı, həmin möhtəşəm epoxanın tarixini qələmə alanların, onu ən mükəmməl şəkildə təhlil edib fəlsəfəsini ortaya çıxarmağa çalışanların ön sıralarında oldu.

Aşağıdakı fikirlər akademik İsa Həbibbəylinin hər cəhətdən mükəmməl tarixi-siyasi təfəkkürünün (və ziyalı patriotizminin) məhsuludur:

“Dövlət müstəqilliyimizin iyirmi beşinci ilinin böyük reallıqları Azərbaycan Respublikasının müasir inkişafının mühüm nəticələrini və geniş imkanlarını aydın surətdə təsəvvür etməyə, təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil Azərbaycan dövləti qısa müddətdə inkişaf etmiş ölkələrin sırasında dayanmağa qadir olduğunu isbat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir”.

Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin Heydər Əliyev epoxasından bəhs edərkən Ümummilli Liderin dövlət (və millət!) quruculuğu siyasətində ədəbiyyatın roluna həmişə xüsusi diqqət yetirir. Və “müasir inkişafın reallıqları və üfüqləri” barədə bəhs edərkən yazır:

“Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər... Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimləri də olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin bir çoxunu özündə cəmləşdirir”.

Əlbəttə, 90-cı illərin ortalarından etibarən ölkədə ədəbi-ictimai həyatın dirçəlməsi, Azərbaycan Yazıçılar Birliyinin 70-ci illərdəki nüfuzunun (və səlahiyyətlərinin) yenidən bərpa edilməsi, xüsusilə onun ədəbi orqanlarının - “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzetinin ardıcıl nəşrinin təmin olunması, ədəbiyyatı, müasir ədəbi prosesi araşdıran elmi mərkəzlərin işinin canlandırılması məhz Heydər Əliyev siyasətinin prioritetləri sırasında idi. Əgər bu siyasət olmasaydı, akademik İsa Həbibbəylinin aşağıdakı sözləri bu gün bu qürurla səslənməzdi:

“Ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması və inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin də özünəməxsus xidmətləri vardır. Geniş mənada azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq elmi xüsusi çəkiyə malikdir”.

90-cı illərin ortalarından İsa Həbibbəylinin yaradıcılığında ikinci mərhələ başlayır ki, həmin mərhələ 2010-cu illərin əvvəllərinə qədər davam edir. Bu illərdə o, biri digərindən az məsuliyyətli olmayan (və hər biri yeni Azərbaycanın yüksəlişi üçün olduqca böyük əhəmiyyət daşıyan) üç sahədə özünün parlaq istedadını nümayış etdirir: 1) təhsil quruculuğu sahəsində; 2) ictimai-siyasi sahədə; 3) təbii ki, elmi tədqiqat sahəsində.

Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunan İsa Həbibbəyli “Şərqin qapısı”ndakı bu ali təhsil müəssisəsini tezliklə yalnız Azərbaycanda yox, İranda, Türkiyədə, eləcə də bir sıra “uzaq” ölkələrdə tanıtmağa nail olurOnun 2000-ci ildə Azərbaycan, ingilis, fransız, rus və alman dillərində nəşr edilmiş “Naxçıvan Dövlət Universiteti” kitabı, bir tərəfdən, tələbəlikdən rektorluğa qədər şərəfli yol keçdiyi doğma universitetlə fəxr duymağın nəticəsi idisə, digər tərəfdən, onu dünyanın qabaqcıl universitetləri sırasına çıxarmaq cəhdinin ifadəsi idi. Və təsadüfi deyil ki, İsa Həbibbəyli rektor olduğu illərdə Naxçıvan Dövlət Universiteti bir sıra çox mötəbər universitetlərlə yalnız əməkdaşlıq müqavilələri imzalamaqla kifayətlənməmiş, həm də yaxından əməkdaşlıq etmişdir.

Ümummilli Lider Heydər Əliyevə 1999-cu ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fəxri doktoru diplomunu təqdim etmək şərəfi də rektor İsa Həbibbəyliyə nəsib olub.

Yeni Azərbaycanın qurucusu əmin idi ki, ölkənin gələcək taleyini ilk növbədə ziyalılara etibar etmək lazımdır. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş vermiş hadisələr də bunu göstərirdi: elmə, təhsilə tamamilə biganə olan qaragüruh hakimiyyəti əldə edən kimi “islahatlar”ını ali təhsil müəssisələrinin dağıdılmasından, akademiyanın ləğvindən başlamış, ali qanunverici orqanı dedi-qodu yuvasına çevirmişdilər.

Heydər Əliyevin ziyalılar haqqındakı siyasətinin əsasını isə, ümumiyyətlə, dahi dövlət xadiminin həyata keçirdiyi siyasətin mahiyyətcə ziyalılığı təşkil edirdi.

İsa Həbibbəyli ilk dəfə 1997-ci, ikinci dəfə 2000-ci ildə Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdi. 2005-ci ildən bu günə qədər isə Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür.

90-cı illərin ortalarından 2010-cu illərin əvvəllərinə qədər İsa Həbibbəyli həm təhsil quruculuğunda, həm də ölkənin ictimai-siyasi həyatında nə qədər fəal iştirak etsə də, elmi araşdırmalarını nəinki dayandırmamış, demək olar ki, eyni fəallıqla davam etdirmişdir. Fundamental “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasından (1997) sonra “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti” (1998), “Xalq şairi Məmməd Araz” (1999), “Ustad Məhəmmədhüseyn Şəhriyar” (1999), “Cəlil Məmmədquluzadə” (2002), “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” (2002), “Məmməd Araz” (2002), “Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq” (2002), “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları” (2004), “Ədəbiyyat və mətbuat cəbhəsində” (2006), “Mustafa Kamal Atatürk və Naxçıvan” (2006), “Ədəbi-tarixi yaddaş və müasirlik” (2008), “İntibahın 15 ili” (2010), “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi” (2012), “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” (2013) və s. kitablar, ümumtəhsil məktəbləri üçün “Ədəbiyyat” dərsliyi, yüzlərlə məqalələr bu illərin yaradıcılıq məhsullarıdır. Və təbii ki, onların sırasına İsa Həbibbəylinin tərtibçisi olduğu kitabları ona görə ayrıca daxil etmək lazımdır ki, həmin kitabların nəşrə hazırlanmasına, bunu mütəxəssislərə izah etməyə ehtiyac yoxdur, bəzən bir monoqrafiya qədər zəhmət (və istedad enerjisi) sərf olunur: Cəlil Məmmədquluzadənin “Cümhuriyyət”i (2002), Abbas Zamanovun “Seçilmiş əsərləri” (2003), Mirzə Cəlil və Məmmədquluzadələrin “Məktublaşma”sı (2003), “Müasirləri Abbas Zamanov haqqında” (2003), Cəlil Məmmədquluzadənin dördcildlik “Əsərləri” (2004) və ayrıca “Seçilmiş əsərləri” (2004), Məhəmməd Tağı Sidqinin “Əsərləri” (2004), Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” (2004), Məhəmmədağa Şahtaxtlının “Seçilmiş əsərləri” (2006), “Taleyi və sənəti” silsiləsindən Hüseyn Cavid (2007), Məhəmmədağa Şahtaxtlı (2008), Akademik Məmməd Cəfər (2009), Cəlil Məmmədquluzadə (2010), Əliqulu Qəmküsar (2011) və s.

Akademik İsa Həbibbəylinin yalnız insan-şəxsiyyət olaraq deyil, həm də alim-humanitar olaraq ən böyük üstünlüklərindən biri doğulub boya-başa çatdığı diyara - Naxçıvana sonsuz övlad məhəbbətidir. O, bu tarixi diyarın üzdə yox, bəşəri hissiyyatların dərinliklərindən gələ biləcək bir səviyyədə intellektual təəssübkeşidir. Və belə təəssübkeşlik təkcə o kəslərə xasdır ki, onlar bütün dünyanı doğulduqları diyar, doğulduqları diyarı bütün dünya qədər sevməyi bacarırlar.

İsa Həbibbəylinin saysız-hesabsız əsərlərindən çoxunun adında “Naxçıvan” sözü var. Və mən bu saysız-hesabsız əsərlərin müəllifini yaxşı tanıyan həmkarı kimi əminliklə deyə bilərəm ki, o, “Naxçıvan” deyəndə təsəvvürünə (və təxəyyülünə) dünyanın mifik tarixinin Nuhdan sonrakı ən müqəddəs mənəvi məkanı gəlir... Və mənim ağsaqqal dostuma yeni bir Nuh missiyası verilsəydi, heç şübhə etmirəm ki, bütün bəşəriyyəti gəmisinə doldurub məhz Naxçıvana gətirərdi ki, yenidən haqq-nahaq imtahanına çəksin.

2010-cu illərin əvvəllərində İsa Həbibbəyli öz yaradıcılığının ikinci mərhələsini başa vurub üçüncü mərhələsinə qədəm qoyur ki, bu mərhələnin ilk əsərləri həmmüəllifi olduğu çoxcildlik “Naxçıvan tarixi”, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Nizami adına Ədəbiyyat İnstitutu” və bir də yazıçı-publisist Rəşad Məcidə həsr olunmuş “Bütün yönləri ilə yaradıcı”dır. Bunlardan sonra isə “Akademik Səməd Vurğun Vəkilov” (2015), “Nuhçıxandan Naxçıvana” (2015), oncildliyin ilk cildləri, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyindəki (2016) orijinal oçerklər... gəlir. Və təbii ki, yenə də yüzlərlə məqalələr, məruzələr, çıxışlar...

Əlbəttə, İsa Həbibbəyli yaradıcılığının hər bir mərhələsi əvvəlkinin məntiqi davamı olmaqla yanaşı, həm kəmiyyət, həm də keyfiyyətcə zənginləşməsi, inkişafıdır. Və həqiqi istedadın təkamül yolu da, əslində, bundan ibarətdir... Odur ki, mənə elə gəlir, görkəmli ədəbiyyatşünasın bu günlərdə çapdan çıxmış, ancaq yəqin ki, elmi yaradıcılığa başladığı ilk illərdən bu günə qədərki axtarışlarının nəticələrinin, düşüncələrinin zərrə-zərrə yığıldığı, ümumiləşdiyi, ideya-metodoloji (və fəlsəfi) məzmun kəsb etdiyi “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasının onun yaradıcılığının üçüncü mərhələsinin fakt-hadisəsi olması şərtidir. Çünki müəllif bu fundamental əsər üzərində, əslində, yaradıcılığının hər mərhələsində çalışmışdır. Və ona da şübhə etmirəm ki, “Dövrləşdirmə konsepsiyası”na müəyyən mənada akademik İsa Həbibbəylinin ümumən bu günə qədərki ədəbiyyatşünaslıq axtarışlarının elmi-nəzəri (və metodoloji!) yekunu kimi baxmaq olar. Burası da var ki, bu cür geniş ideya-məzmun tutumuna malik əsərlərin nə bir müəllif, nə də bir epoxa (gizlətmək istəmirəm, get-gedə daha çox əmin olmağa başlayıram ki, “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının şah əsəri olmağa ən layiqli namizəddir) səviyyəsində nə son cümləsi, nə də son nöqtəsi olmur.

Müəllif (və epoxa!) Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsinin aşağıdakı səbəblərdən irəli gəldiyini göstərir:

 

Yeni Azərbaycan.- 2019.-8oktyabr.- S.8-9