Respublikamızda həyata keçirilən siyasət Azərbaycan xalqına və dövlətinə xidmət edir

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:

- Eldar müəllim, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biri kimi tanınır. Sizcə, bu inkişafın əsasında hansı amillər dayanır?

- Hər bir ölkənin iqtisadiyyatında və cəmiyyətındə daim dəyişikliklər baş verir. Bu dəyişikliklər cəmiyyətlərə müxtəlif formalarda təsir edir. Azərbaycan Respublikasında da bu formada dəyişikliklər baş vermişdir. Lakin Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi birinci hakimiyyəti (1969-1982-ci illər), istərsə də 1993-2003-cü illərdə müstəqil respublikamızın rəhbəri kimi Prezidentliyi dövründə və 2003-cü ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə xalqımız həmişə yalnız Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasına, Azərbaycan cəmiyyətinin və dövlətinin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli və köklü dəyişiklərin şahidi olmuşdur.

Ulu Öndərimiz Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə keçmiş İttifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı İttifaqın qabaqcıl, güclü sənaye (İttifaqda yeganə olan Bakı soyuducular zavodu, Bakı yeni neftayırma zavodu və digər iri sənaye müəssisələri tikilib istifadəyə verildi) və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi. Azərbaycan Respublikasına ikinci dəfə rəhbərliyə başlayanda isə yenicə suverenlik əldə etmiş ölkəmiz bir tərəfdən mənfur qonşumuz Ermənistan tərəfindən Qarabağ müharibəsinə cəlb edilmiş, digər tərəfdən isə əvvəlki rəhbərliyin səriştəsizliyi ucbatından cəmiyyətdə xaos, hərc-mərclik, iqtisadiyyatda görünməmiş tənəzzül hökm sürürdü. Belə acınacaqlı vəziyyətin mövcud olmasına baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin mənafeyi naminə vəziyyəti sabitləşdirməyə və inkişafa nail oldu. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanıb qəbul edildi və bazar iqtisadiyyatına əsaslanan iqtisadi islahatlara start verildi. Həyata keçirilən bu tədbirlər bir-biri ilə əlaqədar olmaqla yanaşı, Azərbaycan Respublikasının inkişafının təməlini qoydu. Belə ki, müharibədə atəşkəs əldə olunmasaydı, “Əsrin müqaviləsi” də uğurla həyata keçirilə bilməzdi. Konstitusiyanın qəbulu isə müstəqil və suveren Azərbaycan Respublikasında yeni ictimai-siyasi və iqtisadi münasibətlərin formalaşdırılmasının hüquqi əsasını müəyyən etdi və ölkəmiz bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi islahatları uğurla həyata keçirdi.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı bu uzaqgörən siyasət 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən dünyanın siyasi və iqtisadi həyatında baş verən çağırışlara uyğun daim təkmilləşdirilərək inkişaf etdirilmiş və uğurla həyata keçirilmişdir. Prezident İlham Əliyevin imzaladığı qanunlar, Fərman və sərəncamlar, Onun göstərişi ilə hazırlanan Dövlət proqramları məhz “Əsrin müqaviləsi”nin ölkəmizə gətirdiyi maliyyə vəsaitləri hesabına uğurla həyata keçirildi. Hazırda Azərbaycan Respublikası bölgədə əsas söz sahibinə çevrilmiş, qlobal layihələr yalnız onun iştirakı və razılığı ilə həyata keçirilir, ölkəmiz Avropanın enerji təminatında əsas ölkələrdən birinə çevrilmiş, gündən-günə gözəlləşən Bakı şəhəri müxtəlif sahələr üzrə beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Belə ki, 2018-ci ildə ölkəmizdə 80 milyard manat və ya əhalinin hər nəfərinə 8 min manatdan çox ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2005-ci ilə nisbətən müvafiq olaraq 6,4 dəfə və 5,4 dəfə çoxdur. Keçən il 2005-ci ilə nisbətən sənaye məhsulu istehsalı 5,2 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,9 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3,0 dəfə, pərakəndə ticarət dövriyyəsi 8,2 dəfə artmışdır. Dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 17,1 faizdən 28,4 faizə yüksəlmişdir.

- Həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsində özünü necə ifadə edir?

- Bu illər ərzində iqtisadiyyatın davamlı və yüksək sürətlə artması əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da öz müsbət təsirini göstərmişdir. 2005-ci ilə nisbətən 2018-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 4,4 dəfə, təyin olunmuş aylıq pensiyaların orta məbləği 7,8 dəfə, əhalinin gəlirləri 6,6 dəfə artmışdır. Keçən il dövlət tərəfindən 420799 nəfər işləməyən əhaliyə hər ay ödənilməklə sosial müavinətlər təyin edilmiş, 93043 nəfər əhaliyə isə birdəfəlik müavinətlər verilmişdir. Bundan başqa, 62476 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əhatə olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, göstərilən müavinət və yardımların bir nəfərə düşən məbləği də ildən-ilə artır.

Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə elan edib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan Respublikasının vətəndaşı dayanır. Bu, həqiqətən də, belədir və biz bunun daim şahidi oluruq. Belə ki, Prezidentin imzaladığı rəsmi sənədlərə əsasən keçən il və bu il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları, ölkədə sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ardıcıl və yüksək həcmdə artım dünyanın heç bir ölkəsində müşahidə olunmur. Minimum əməkhaqqının 250 manata, minimum pensiyanın isə 200 manata çatdırılması da ölkə vətəndaşlarına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İlkin məlumatlara görə, 2020-ci ilin dövlət büdcəsində əməkhaqlarının və pensiyaların gələn ildə də əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Ümumilikdə isə gələn ilin büdcəsində respublikamızda ilk dəfə olaraq sosial sektora ayrılan vəsait büdcə xərclərinin 40 faizini təşkil edəcəkdir ki, bu da müstəqil və suveren bir dövlət kimi cəmi 28 il addımlayan istənilən ölkə üçün əlçatmaz bir zirvədir. Lakin 1993-cü ildən respublikamızda həyata keçirilən siyasət sayəsində Azərbaycan Respublikası bu zirvəni fəth edir. Belə bir yüksək göstəriciyə yalnız çox az sayda ölkələr yüz illər sərf etməklə nail olurlar. Bu da ölkəmizdə bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən daim təkmilləşdirilərək modernləşdirilən və uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Ölkəmizə daim yeni-yeni nailiyyətlər gətirən bu siyasət dərin islahatlar strategiyasının əsasını təşkil edən, elmi-texniki tərəqqi, yeni texnologiya və məhsulda öz əksini tapan innovasiyaların tətbiqində dövlət dəstəyinə geniş yer verilməsi ilə fərqlənir.

Bu məqsədlə son 16 ildə ölkə iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulmuş, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyə kimi sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Bu sərmayələr nəticəsində ölkəmizdə dünya standartları səviyyəsində rəqabətə davamlı müxtəlif çeşiddə sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən sənaye və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilib.

Vətəndaşların rahatlığını hər şeydən üstün tutan ölkə Prezidenti bu sahəyə də xüsusi diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, respublikamızda “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ilə təminat tam ödənilir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb, içməli su ilə təminat 38 şəhərdə tam həllini tapıb, 12 şəhərdə davam edir, Bakıda əhalinin fasiləsiz su ilə təminatı həll olunub. 2004-cü ildən indiyə kimi ümumilikdə 15 min km-dən çox asfalt yol salınıb, 2,2 milyon əhali yaşayan 1000-ə yaxın kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb, 5800 ailəyə yeni mənzillər verilib. Bu günə qədər 300 min məcburi köçkün yeni mənzillə təmin edilmişdir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzil, hərbçilərə 400-ə yaxın mənzil verilib.

Əhalinin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün hazırda ölkəmizdə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bakı-Gəncə, Bakı-Sumqayıt şəhərlərinə işləyən sürət qatarlarına yeni rahat və yüksək standartlara cavab verən vaqonların qoşulması, Bakı metropolitenində və Bakı Nəqliyyat Agentliyinin xidmət etdiyi marşrutlarda xəttə kondisionerlə təmin edilmiş yeni qatarların və avtobusların buraxılması əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu günlərdə Bakı şəhərində açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan müasir nəqliyyat infrastrukturu insanların xidmətinə verilmişdir. Bu mərkəzlərin yaradılması davam edir və yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyinin avtobus parkı daha rahat və müasir tələblərə cavab verən yeni avtobuslarla tam təmin ediləcəkdir.

Azərbaycan Respublikası vətəndaşlarının rahatlığının təmin edilməsi, onların bir çox qayğılarının şəffaf və çox az vaxt sərf etməklə həllinə nail olmaları üçün Azərbaycan brendi olan “ASAN” və digər formada sosial xidmətlər sistemi yaradılmışdır. Bu xidmətlərin yaradılması əhali tərəfindən böyük məmnunluqla qarşılanır və dövlətin öz vətəndaşına göstərdiyi yüksək diqqət və qayğı kimi dəyərləndirilir.

- Hazırda ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi prosesi də uğurla həyata keçirilir. Belə ki, qeyri-neft sektorunun inkişafı istiqamətində böyük işlər görülür, yeni-yeni sənaye müəssisələri yaradılır...

- Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq dəyəri 3,6 milyard dollar olan Sumqayıt, Balaxanı, Qaradağ, Gəncə, Mingəçevir, Pirallahı və digər Sənaye Parklarının və Neftçala, Masallı, Sabirabad və digər rayonlarda sənaye məhəllələrinin yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, “Cənub Qaz dəhlizi”nin və Sumqayıt polipropilen zavodunun açılışı olmuş, Mingəçevirdə 750 nəfərin işlədiyi 2 böyük iplik fabriki artıq məhsul istehsalına başlamışdır. Sumqayıtda karbamid zavodunun istifadəyə verilməsi respublikamızı azot gübrəsi idxalından azad edərək istehsal olunan məhsulun bir hissəsini xaricə satmaq imkanı yaratmışdır. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ən mühüm hədəflərindən biri idxal olunan əsas məhsulların yerli istehsalını təmin etməklə daxili tələbatı tam ödəmək və respublikamızı həmin məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevirməkdir. Bu da imkan verəcəkdir ki, on minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunsun, daxili və xarici bazara yüksəkkeyfiyyətli, Azərbaycan brendi olan məhsullar çıxarılsın. Bu istiqamətdə işlər davam edir və hər il ölkəmizdə respublikamız üçün yeni olan məhsullar istehsalı üzrə fəaliyyət göstərən sənaye müəssisələrinin işə salınmasının şahidi oluruq. Ölkəmizin ixrac potensialını artırmaq, “Azərbaycanda istehsal edilib” markası ilə məhsullarımızın xarici ölkələrdə satışını təşkil etməyə dəstək vermək və xarici vətəndaşları respublikamızda istehsal olunan məhsullarla daha ətraflı tanış etmək üçün hazırda Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb və onların əhatə dairəsi genişləndirilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkildi. Dövlətin maliyyə dəstəyi ilə hazırda 30 rayonda 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə də böyük işlər görülür. Hazırda ölkəmizin 20 rayonunda 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir ki, bunlarda da məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən bitkiçilikdə 2-3 dəfə, heyvandarlıqda isə 4-5 dəfə çoxdur.

Müstəqilliyinin ilk dövrlərində iqtisadiyyatın inkişafını təmin etmək üçün xarici investorlara böyük ehtiyacı olan ölkəmiz həyata keçirilən çox uğurlu iqtisadi siyasət sayəsində indi xarici ölkələrə investisiya qoyur. Hazırda Türkiyənin, Gürcüstanın, Ukraynanın, Rumıniyanın və digər ölkələrin bir çox müəssisələri Azərbaycanın sərmayəsi əsasında fəaliyyət göstərirlər. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərində inşa etdiyi ildə 10 milyon ton xam neft emal gücünə malik “STAR” zavodu 2019-cu ilin yanvar ayından tam gücü ilə fəaliyyət göstərir. 2007-2018-ci illərdə Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan Respublikasının iqtisadiyyatına bir milyard dollardan çox sərmayə yatırıb.

Davamlı və dinamik inkişafla dayanaqlı iqtisadiyyatı təmin etmiş Azərbaycan modeli qloballaşan dünya iqtisadiyyatının çağırışlarına uyğun olaraq daim təkmilləşir və zamanın tələbinə cavab olaraq modernləşir. İqtisadiyyatın Azərbaycan modelinin başlıca xüsusiyyətindən biri də yalnız bu gün üçün yox, həm də gələcək üçün möhkəm təməl yaratmaqdır. Bu məqsədlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması haqqında müqavilə imzalanmışdır.

- Eldar müəllim, ölkəmizin inkişafı prosesindən danışdınız. Təəssüf ki, müəyyən dairələr, xüsusilə özlərini “mühacir müxalifət” adlandıran antimilli ünsürlər ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?

- Bu gün abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhəri, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi, inşa edilmiş 15 min kilometrdən çox yollar, 250 mindən çox köçkün üçün 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev cənabları tərəfindən 16 illik Prezidentlik dövründə müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilmişdir. Lakin bu uğurları görməməzliyə vuran, Azərbaycan Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli dərəcədə artmasından, ölkə iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulmasından, valyuta ehtiyatlarının 49 milyard dollara çatmasından, ölkənin regionda söz sahibi olmasından, nəqliyyat dəhlizinə və logistik mərkəzinə çevrilməsindən, vətəndaşların rifah halının gündən-günə yaxşılaşmasından, ictimai-siyasi sabitliyin bərqərar olmasından, Ermənistanın işğal etdiyi torpaqların bir hissəsinin geri alınmasından, vətəndaşlarla hakimiyyətin monolit birliyindən təşvişə düşən anti-Azərbaycan qüvvələrin, “mühacir müxalifət”in respublikamızda görülən işlərə kölgə salmaq, vəzifəli şəxslərə böhtan atıb təhqir etməklə insana yaraşmayan işlərlə məşğul olması heç bir nəticə verməyəcək. Çünki xalq hər şeyi görür və reallığı düzgün qiymətləndirir. Reallıq isə ondan ibarətdir ki, 1993-cü ildən indiyə kimi Azərbaycan Respublikasında həyata keçirilən siyasət Azərbaycan xalqına və dövlətinə xidmət edir.

Son 16 ilin yekunları sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşan və dövrün müasir tələblərinə uyğun daim təkmilləşən sosial yönümlü iqtisadi siyasət ölkəmizin əldə etdiyi uğurları daha da möhkəmləndirəcək, uzunmüddətli gələcək inkişafımızı təmin edəcəkdir.

 

Yeni Azərbaycan.- 2019.- 8 oktyabr.- S.6