Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il

 

İyirmi altı il əvvəlki mənzərə: xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik və ümidsizlik...

Bu günümüzün mənzərəsi: dəqiq işləyən dövlət və idarəçilik mexanizmi, dinamik sosial-iqtisadi inkişaf, xalq-iqtidar birliyi, möhkəm sabitlik və sabaha inam...

Ötən 26 ildə haradan haraya gəlib çıxdıq: Hazırda dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur

Təbiətin fəsilləri - qışı, baharı var. Ölkələr, xalqlar da öz həyatında qışı və baharı xatırladan mərhələlərlə qarşılaşır. 1993-cü ilin isti yayında Azərbaycan öz tarixinin soyuq qışını yaşayırdı. Dövlət müstəqilliyini iki il əvvəl bərpa edən ölkədəki mənzərəni qeydlərimizin ilk cümləsində müxtəsər təsvir etməyə çalışmışıq. Təfərrüata gəlincə, zənnimcə, buna ehtiyac duyulmur. Sadəcə, həmin qorxulu günlərin şahidlərinin yaddaşlarını təzələməsi kifayət edər.

Azərbaycan xalqının bəxti onda gətirmişdi ki, onun Heydər Əliyev kimi böyük oğlu vardı. Həmin taleyüklü anlarda xalq müdriklik göstərərək öz dahi oğlunu siyasi hakimiyyətə dəvət etdi. Bununla da qışdan bahara keçid dövrü başladı, öləzimiş ümidlər göyərdi.

1993-cü il oktyabrın 3-də prezident seçilən, bundan bir həftə sonra Vətənə, xalqa və dövlətçiliyə sədaqət andı içərək öz səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər min bir əziyyətə qatlaşaraq çətin maneələri dəf edə bildi. Məğlubedilməz Heydər Əliyev öz dəmir iradəsi, qətiyyəti, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində Azərbaycanı təlatümlü dənizdən sakit limana gətirib çıxara bildi. Quruculuq işləri üçün vacib şərt olan sabitlik təmin edildi.

2003-cü il. Azərbaycan xalqı növbəti dəfə müdriklik göstərərək Ulu Öndərin layiqli varisi İlham Əliyevi öz lideri seçdi və bununla da ölkə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bəyan etdi ki, Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedəcək, çünki bu yolun alternativi yoxdur. Tanınmaz dərəcədə dəyişən, müasirləşən dünyaya öz brendlərini təqdim edən, təhlükəsizlik adası kimi tanınan Azərbaycan siyasi varisliyin təntənəsinə ən gözəl nümunə kimi göz qabağındadır. Son 26 ildə Azərbaycanın haradan haraya gəlib çıxdığının canlı şahidlərindən biri kimi bununla bağlı düşüncələrimi paylaşmaq, yaddaşları təzələmək istərdim. Söhbətim hər ayı, hər ili bir dastan olan Azərbaycan baharının ən çox diqqət çəkən anları haqqındadır.

Heydər Əliyev Azərbaycana Günəş kimi doğdu

Ovaxtkı Azərbaycan sözün həm məcazi, həm də müstəqim mənasında qaranlıq dünyanı xatırladırdı. Axşamlar çox yerdə yalnız bir neçə saat işıq yanır, gecə vaxtı bütöv şəhərlər, kəndlər zülmətə qərq olurdu.

Qaz yox, su yox... Fabriklər, zavodlar işləmirdi. Dördrəqəmli inflyasiya əhalini bir günün içində var-yoxdan edirdi.

Dövlət xəzinəsi boşalmışdı. Bir tərəfdən də müharibə, separatçılıq, vətəndaş qarşıdurması.

Belə bir çətin, mürəkkəb vaxtda Heydər Əliyev Azərbaycana Günəş kimi doğdu. O, hakimiyyətə gəlişi ilə ölkəyə bir bahar havası, bir hərarət, bir işıq gətirdi.

Bəlkə də tale qisməti idi ki, Ulu Öndərin 1993-cü il iyunun 11-də Elmlər Akademiyasında bir qrup ziyalı və xarici ölkə səfirləri ilə keçirdiyi ilk görüşlərdə AZƏRTAC-ın müxbiri kimi mən də iştirak edirdim. Həmin vaxtdan başlayaraq Heydər Əliyevin keçirdiyi bütün görüş və tədbirləri, habelə xarici səfərlərini işıqlandırmaq mənə həvalə olundu. Jurnalistlik fəaliyyətimin həmin dövrü həyatımın ən unudulmaz illəri olmaqla yanaşı, bu dahi şəxsiyyətin əzəmətini, Vətəni və xalqı naminə gördüyü misilsiz işləri yaxından müşahidə etmək imkanı da yaratdı.

Yaxşı xatırlayıram, Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Prezident kimi ilk andiçmə mərasimində ölkədə yaranmış ağır vəziyyətdən ürəkağrısı ilə danışaraq deyirdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Zaman bunun məhz belə olduğunu dönə-dönə təsdiqlədi.

Yazı üzərində işləyərkən, Ulu Öndərin hələ Ali Sovetin Sədri olarkən Rusiya qəzetlərindən birinə verdiyi müsahibəyə rast gəldim. Heydər Əliyev arzularla bağlı sualı cavablandırarkən belə deyir: Gənclik illərində əsas arzum arxitektor olmaq idi. Həmin ixtisas üzrə, hətta bir az oxumuşdum da. Lakin sonradan bu arzumdan əl çəkməli oldum. Hərçənd o, qəlbimdə qalır. Yeri gəlmişkən Azərbaycanın rəhbəri olarkən şəhərsalma sahəsində az iş görmədim.

Müxbirin daha bir sualı: Bəs indi əsas arzunuz nədir?

Heydər Əliyevin cavabı: Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı bu amala həsr etmişəm.

Heydər Əliyev ixtisasca peşəkar arxitektor olmasa da, Azərbaycanı, milli dövlətçiliyimizi mahir memar kimi qurub-yaratdı. Xalqını firavanlıq və əmin-amanlığa qovuşdurmaq üçün əlindən gələni etdi. Onun siyasi varisi Prezident İlham Əliyev də eyni amalla yaşayır. Azərbaycanı Ulu Öndərin ideyalarının işığında daha parlaq gələcəyə doğru aparır.

Xalq İlham Əliyevi öz lideri seçməklə siyasətdə varisliyi dəstəklədi

Azərbaycan xalqı 2003-cü ilin oktyabrında daha bir tarixi seçim etdi. Ulu Öndərin siyasi kursuna böyük inamdan qaynaqlanan bu seçim nəticəsində hakimiyyət sükanı arxasına seçicilərin 76,8 faizinin səsini qazanan, yeni əsrin yeni lideri olan Prezident İlham Əliyev keçdi.

O vaxtdan ötən 16 il ən yeni tariximizə həyatın bütün sahələrində misilsiz irəliləyişlər, köklü islahatlar dövrü kimi daxil olub. Azərbaycan bu gün ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovet məkanında lider ölkədir. Bu dövr, eyni zamanda, makroiqtisadi sabitlik, iqtisadi yüksəliş, sosial təminat dinamikası, dövlət idarəçiliyinin səmərəliliyi və bu kimi digər mühüm amillərlə də səciyyəvidir.

Prezident İlham Əliyevin 16 il əvvəl - 2003-cü ilin oktyabrında andiçmə mərasimindəki nitqinin tezislərini günümüzün real mənzərəsi ilə müqayisə edin. Bu müqayisə heç bir şərhsiz həyat həqiqətlərini, vədlə işin vəhdətini ortaya qoyur:

- Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedəcək...

- Ulu Öndərin neft strategiyası davam etdiriləcək, qısa müddətdə ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik...

- Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək...

- Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək, müasir dövlətə çevriləcək...

İndi qayıdıb günümüzə nəzər salaq. Ölkəmizdə istisnasız olaraq bütün sahələr inkişaf edib və etməkdədir. Neft strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan zəngin və qüdrətli dövlətə çevrilib. Beynəlxalq reytinqlərə əsasən, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Həyata keçirilən islahatların miqyasına gəlincə, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsi sırasına daxil edilib.

Ölkədə həyata keçirilən layihələrin, islahatların bir çoxunun təşəbbüskarı Prezidentimizin özüdür. Dünyanın maraq dairəsində olan “ASAN xidmət” onun ideyasıdır.

Xarizmatik, müasir düşüncəli lider olan, vaxtında və düzgün qərarlar qəbul edən Prezident İlham Əliyevin fəaliyyətində diqqət çəkən məqamlardan biri sözlə işin vəhdətidir və bunu təsdiqləyən yetərincə misal çəkmək olar.

Bir sözlə, son 16 il tariximizə möhtəşəm zəfər salnaməsi kimi yazılıb. Bu salnamədə Heydər Əliyev siyasətinin təntənəsi olan digər mühüm hadisələr - “Yeni əsrin müqaviləsi”nin imzalanması, Azərbaycanın dünyada söz və nüfuz sahibinə çevrilməsi, bir-birinin ardınca reallaşdırılan transmilli energetika və nəqliyyat layihələri, orbitə üç süni peykin buraxılması, söz və mətbuat azadlığının təmin olunması xüsusi yer tutur.

Sonuncu prezident seçkilərində İlham Əliyevin 86 faizdən çox dəstək qazanması xalqın öz liderinə böyük inamından xəbər verir.

“Əsrin müqaviləsi”ndən “Yeni əsrin müqaviləsi”nə gedən yol

Ulu Öndər ölkə iqtisadiyyatının dönüş nöqtəsi olan “Əsrin müqaviləsi”nə, Onun siyasi varisi İlham Əliyev isə Azərbaycana daha böyük dividendlər vəd edən “Yeni əsrin müqaviləsi”nə imza atdı. Bu iki tarixi hadisə arasında paralellər aparsaq, nəyi görə bilərik?

1994-cü ildə Azərbaycan çox riskli ölkə sayılırdı. Xarici investorları Xəzərdəki neft yataqlarına sərmayə yatırmağın hədər olmadığına inandırmaq lazım gəlirdi. Bu işdə Heydər Əliyev şəxsiyyətinə inam və güvənc həlledici rol oynadı. İqtisadi və sosial inkişafın təməli məhz “Əsrin müqaviləsi” ilə qoyuldu. Neft gəlirlərindən xalqın mənafeyi və ölkəmizin gələcəyi naminə səmərəli istifadə edilməsi məqsədilə Dövlət Neft Fondu yaradıldı. Fonda yığılan vəsait hesabına rahat və geniş yollar, körpülər salındı, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr tikildi, əhalinin rifahına yönəlmiş digər tədbirləri həyata keçirməyə imkan yarandı.

2017-ci il sentyabrın 14-də haqqında söhbət gedən müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasına dair kontrakt imzalandı. Artıq Azərbaycan 23 il əvvəlki Azərbaycan deyildi və sabit ölkə, etibarlı tərəfdaş kimi tanınırdı. Buna görə də müqavilə şərtlərini bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişmək mümkün oldu: SOCAR-ın “Azəri-Çıraq-Günəşli” yataqlarındakı iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı, üstəlik, tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

Bu məqamda Ulu Öndər Heydər Əliyevin 26 il əvvəl andiçmə mərasimində söylədiyi bir fikir yada düşür. Ölkə iqtisadiyyatının tamamilə dağıldığından, əhalinin vəziyyətinin pisləşdiyindən danışan Heydər Əliyev müdrikcəsinə deyirdi: Azərbaycanın coğrafi-siyasi mövqeyi, təbii sərvətləri respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir.

O vaxt böyük uzaqgörənliklə müəyyənləşdirilən neft strategiyası Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində zamanın çağırışlarına uyğun yeni məzmunla zənginləşərək xalqımızın rifahına xidmət etməkdədir.

Dünya Azərbaycanı yenidən kəşf etdi

Bir qədər əvvəl qeyd etdiyim kimi, mənə 1993-cü ildən 2002-ci ilədək Prezident Heydər Əliyevi xarici səfərlərinin əksəriyyətində bir jurnalist olaraq müşayiət etmək xoşbəxtliyi nəsib olub. O, hər səfərə çıxanda özü ilə dünya xəritəsi götürürdü. Müxtəlif səviyyəli görüşləri zamanı xəritəni açır, Azərbaycanın, Dağlıq Qarabağın harada yerləşdiyini göstərir, səbirlə izahatlar verirdi. Etiraf edək ki, o vaxt dünya bizi yetərincə tanımırdı. Azərbaycanı tanıyanların çoxu da ölkəmizi Heydər Əliyevə görə tanıyırdı və bu, danılmaz həqiqətdir.

Sonra on bir xarici neft şirkətinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” dünyaya səs saldı. İllər ötdükcə Azərbaycanın səsi mötəbər beynəlxalq tribunalardan daha gur eşidilməyə başladı. Nəhayət, Prezident İlham Əliyevin milli maraqlara söykənən uğurlu xarici siyasəti nəticəsində dünya Azərbaycanı yenidən kəşf etdi, onun beynəlxalq arenada çəkisi və nüfuzu ildən-ilə artmağa başladı.

Bu prosesin təsdiqi olan çoxsaylı faktlardan yalnız ikisini xatırlamaq kifayət edər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatlına üzv qəbul edildi. Oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan 2019-2022-ci illərdə bu nüfuzlu beynəlxalq quruma sədrlik edəcək.

Prezidentimizin aramsız səylərinin, ardıcıl və çevik siyasi gedişlərinin nəticəsi olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bizim haqlı mövqeyimizi dəstəkləyən dövlətlərin sayı getdikcə artmaqdadır. Erməni təbliğat maşınının bütün gücü ilə işləməsinə, erməni lobbisinin hökumətlərə, parlamentlərə güclü təsir imkanlarına baxmayaraq, dünyanın münaqişəyə baxışı, bununla bağlı mövqeyi əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün zaman artıq bizim xeyrimizə işləyir. Bu gün dünya İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının sessiyasında işğalçı Ermənistanın rəhbərinin ünvanına səsləndirdiyi sərt bəyanatdan, Paşinyanın sərsəmləmələrinə verdiyi tutarlı cavabından danışır: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi”.

Prezident İlham Əliyevin şəxsində xarici iş adamlarının, investorların Azərbaycana artan marağına bu il keçirilən Davos İqtisadi Forumunda bir daha şahid olduq: bir çox qlobal nüfuza malik şirkətlərin rəhbərləri dövlətimizin başçısı ilə görüşə can atır, ölkəmiz üçün sərfəli əməkdaşlıq təklifləri irəli sürürdülər.

Dövlətimizin başçısının diplomatik məharətinə “Şərqin şəfəqi” mövzusuna həsr olunmuş “Valday” Diskussiya Klubunun illik iclasındakı məzmunlu çıxışı ən yeni misal ola bilər. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan öz geosiyasi mövqeyindən maksimum bəhrələnir və bu, beynəlxalq münasibətlər sahəsində dərin biliyə malik Prezidentimizin məqsədyönlü siyasəti, titanik fəaliyyəti nəticəsində mümkün olub.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına necə gəlib çıxdı

Dövlət müstəqilliyinin bərpasından sonrakı iki ildə müharibə vəziyyətində olan Azərbaycanda ordu quruculuğu sahəsində demək olar, heç bir iş görülməmişdi. Ulu Öndər hakimiyyətə qayıdarkən ölkədə vahid komandanlığa tabe olan nizami ordudan əsər-əlamət yox idi. Ayrı-ayrı silahlı birləşmələr ölkəni düşmənin təcavüzündən qoruya bilmir, torpaqlarımız, bütöv rayonlar bir-bir əldən gedirdi.

Ulu Öndərimizin 1993-cü ilin oktyabrında, Prezident İlham Əliyevin bundan on il sonra andiçmə mərasimindəki çıxışlarından iki tezisə diqqət yetirək.

Heydər Əliyev: Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə çox az iş görülüb. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir.

İlham Əliyev: Ulu Öndər Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görüb. Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır.

Siyasətdə varislik bu mühüm hədəfə də çatmağa imkan verdi, vədlər əməli işlərlə tamamlandı. 2013-cü ildən bəri hərbi xərclər 15 dəfə artıb. Ordu ən müasir silahlar və texnika ilə təchiz edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə 20-dən çox hərbi zavod yaradılıb. Bu müəssisələrdə 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu da nəticə: Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Dövlətimizin başçısının dediyi kimi, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Biz Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu 2016-cı ilin aprelində və 2017-ci ilin mayında gördük. Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektar, Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi işğaldan azad olundu. Azərbaycan Ordusunun gücünü düşmən də, dünya da gördü.

Dinamik iqtisadi inkişaf, transmilli layihələr və inqilabi islahatlar

Statistika göstərir ki, son 16 ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Sirr deyil ki, infrastrukturun yenilənməsi, əhalinin rifah halı, ordu quruculuğu, ilk növbədə, iqtisadi gücə bağlıdır.

Azərbaycanın iqtisadi inkişafının təməli Ulu Öndərimizin gərgin səylərlə nail olduğu “Əsrin müqaviləsi” ilə qoyulub. Bu barədə bir qədər əvvəl söhbət açdığımız üçün bircə faktı qeyd etməklə kifayətlənirik: İlham Əliyev 2003-cü ildə prezident seçiləndə Dövlət Neft Fonduna cəmi 800 milyon dollar yığılmışdı. Bu gün isə fondun aktivləri 43 milyard dollara yaxınlaşır. Azərbaycan 2001-ci ildən indiyədək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun işlənilməsi layihəsinin hesabına, ümumilikdə, 143 milyard dollardan çox gəlir əldə edib.

Əlbəttə, söhbət təkcə pulda deyil, neft gəlirlərindən məqsədyönlü və səmərəli istifadə olunmasındadır. Neftlə zəngin bəzi ölkələr var ki, səfalət içərisində yaşayır.

Ölkəmizə gəlincə, müasir neft strategiyasının ən mühüm üstünlüyü əldə edilən gəlirin iqtisadiyyatın şaxələndirilməsinə və sosial tərəqqiyə yönəldilməsi, neft kapitalının insan kapitalına çevrilməsidir. Biz bu müdrik siyasətin bəhrəsini respublikamızın hər bir guşəsində, həyatın hər bir sahəsində - Azərbaycanın yeniləşən simasında görürük. Bunu hər bir vətəndaş öz gündəlik həyatında görür və hiss edir.

İnsanların işini asanlaşdıran, bürokratiyanı və korrupsiyanı aradan qaldırmağa hesablanan “ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı 33 milyonu ötüb. Təkcə bu il minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya isə 70 faiz artıb. Prezident İlham Əliyevin təşəbbüsü olan inqilabi sosial islahatlar paketi 4 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərib.

Ölkəmizdə qazlaşdırma səviyyəsi 95 faizə çatıb (bu, dünya praktikasında nadir göstəricidir). Vaxtilə özünü elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan bu gün region ölkələrinə enerji ixrac edir.

On beş min kilometr uzunluğunda yol, 440-dan çox körpü, 4 yeni metro stansiyası, Bakının Ələt qəsəbəsində ən böyük beynəlxalq dəniz ticarət limanı, yeni tikilmiş və yenidən qurulmuş 3200-dən çox məktəb binası, 650-yə yaxın tibb müəssisəsi - bu, son 16 ildəki infrastruktur layihələrinin tam olmayan siyahısıdır.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə reallaşdırılan transmilli layihələr dünyanın energetika və nəqliyyat xəritəsini dəyişdirə biləcək miqyasa malikdir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 2002-ci ildə təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərindən başlayan bu layihələrə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu əlavə olunub. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissələrində işlər, demək olar, yekunlaşıb.

Nəhayət, daha bir önəmli məqam: İlham Əliyev Azərbaycanı sayı məhdud olan kosmik ölkələr sırasına daxil edib. Hazırda orbitdə üç peykimiz var, halbuki bir vaxt bunu yalnız arzulaya bilərdik.

Göründüyü kimi, siyasətdə varislik əfsanə və xəyalları reallığa çevirməkdədir.

Fikir plüralizmi, söz və mətbuat azadlığı qarşısında yaşıl işıq

Ulu Öndər hələ böhranlı günlərdə - 1993-cü ilin oktyabrında Azərbaycanın demokratiya yolu ilə gedəcəyini bəyan edərək deyirdi: Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Bizim yolumuz bu yoldur və mən sizə bir daha söz verirəm ki, biz məhz bu yolla gedəcəyik.

Biz mətbuat işçiləri Ulu Öndərimizin, eləcə də Prezident İlham Əliyevin əsas demokratik prinsiplərindən olan söz və mətbuat azadlığının, fikir plüralizminin təmin edilməsi istiqamətində göstərdikləri səylərin şahidiyik.

Bu gün ölkədə KİV-lərin - informasiya agentliklərinin, qəzet və jurnalların, televiziya və radioların ümumi sayı 5 mini, internet portallarının sayı isə 20 mini ötür. Əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 70 ümumrespublika, peyk, regional, kabel, internet televiziyası fəaliyyət göstərir.

Ölkə mətbuatında özünəməxsus yeri və rolu olan AZƏRTAC da Ulu Öndərimizin və Onun siyasi varisi İlham Əliyevin diqqətini, qayğısını həmişə hiss edib. İndi AZƏRTAC-ın xarici ölkələrdə 22 müxbir məntəqəsi fəaliyyət göstərir. AZƏRTAC hər gün 8 dildə 600-650 informasiya hazırlayıb öz kanalları ilə yayır. Dünyanın 50-yə yaxın informasiya agentliyi ilə rəsmi əməkdaşlıq müqaviləsi bağlamışıq. Üzvü olduğumuz regional və beynəlxalq qurumların elektron resurslarında, tərəfdaşlıq etdiyimiz xarici agentliklərdə və media qurumlarında AZƏRTAC-ın hər il 15 mindən çox xəbəri, fotosu və videosu yer alır.

İndi bu uğurlar fonunda Ümummilli Liderimizin söhbət əsnasında bizə verdiyi bir tövsiyəni yaxşı xatırlayıram: Çalışın, dünya informasiya məkanına çıxın. Beynəlxalq media təşkilatlarına üzv olun, bu, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yaxşı imkanlar yaradacaq.

Biz vaxtilə beynəlxalq media qurumlarına üzv olmaq barədə düşünürdük. Amma vaxt gəldi, AZƏRTAC onların rəhbər orqanlarında təmsil olunmağa başladı. 2016-cı ildə möhtərəm Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi, AZƏRTAC hər iki qurumun rəhbəri seçildi. Bununla da Azərbaycanın adı dünya mətbuat tarixinə yazıldı...

* * *

Siyasətdə varisliyin təntənəsini, Azərbaycanın inkişafında oynadığı misilsiz rolu təsdiqləyən misallar, hadisələr saysız-hesabsızdır. Mən onların yalnız bir qismini xatırlatdım. Bu möhtəşəm zəfər yolunu şərtləndirən daha bir mühüm amil var. Dövlət başçısı üçün vacib sayılan siyasi iradəni, qətiyyəti, müdrikliyi, anında və düzgün qərarlar qəbul etmək bacarığını biz vaxtilə Heydər Əliyevin, bu gün isə İlham Əliyevin simasında görürük. Xalq öz liderinə inanır, Onun arxasınca gedir, Onu dəstəkləyir. Uğurların qarantı olan xalq-iqtidar birliyi Azərbaycanı bundan sonra da zirvədən-zirvəyə, zəfərdən-zəfərə aparacaq.

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin

sədri, OANA-nın prezidenti

 

Yeni Azərbaycan.- 2019.- 9 oktyabr.- S.4