Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazılıb

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:

 

- Ağalar müəllim, hər bir xalqın taleyində, dövlətin dünya siyasi arenasında mühüm yer tutmasında lider amili aparıcı faktor kimi çıxış edir. Bu mənada, Azərbaycan da istisna deyil. Tarixə ekskursiya edərək gerçəkliklərə nəzər saldıqda belə bir reallığı tərəddüdsüz ifadə edə bilirik: müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Siz bu barədə nə deyə bilərsiniz, Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu nədən ibarətdir?

- Zəngin dövlətçilik tarixinə malik Azərbaycan bu gün dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu mərhələyə - bugünkü yüksəliş və inkişaf dövrünə asanlıqla çatmayıb. Azərbaycanın müstəqil, qüdrətli ölkə kimi tərəqqi yoluna çıxmasında lider amili əvəzsiz - həlledici rol oynayıb. Bəli, biz bu gün böyük qürurla - iftixarla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Yəni Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır: bu nüans ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Yəni xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə əvəzsiz işlər görülüb. Yəni Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Bu gün qədirbilən Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Heydər Əliyevin xatirəsini öz qəlbində yaşadır. Çünki Heydər Əliyev Azərbaycanı xaosdan, tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb, respublikamızın sürətli yüksəlişini - inkişafını təmin edib, müstəqilliyimizi daimi və əbədi etməyə nail olub. Bütün bu nailiyyətlərin təməlini təşkil edən başlıca amil Ümummilli Liderin Öz xalqının rifahı üçün böyük fədakarlıqlar nümayiş etdirərək yorulmaz və səmərəli fəaliyyət göstərməsi idi. Xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən, vətənpərvər şəxsiyyət olan Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində xalqa ləyaqətlə xidmət edib, Azərbaycanı inamla irəliyə aparıb...

- Yeri gəlmişkən, siz qeyd etdiniz ki, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu kontekstdə Ulu Öndərin SSRİ dövründə respublikamıza rəhbərliyi dönəmini necə xarakterizə edə bilərsiniz?

- Əvvəlcə nəzərinizə çatdırım ki, 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər Heydər Əliyev respublikamızda milli intibahın əsasını qoydu. Həmin dövrdə Heydər Əliyev respublikamız barədə keçmiş ittifaqda yaranan stereotipləri dağıtdı, rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxararaq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev Öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.

Eyni zamanda, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edilməsi, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərsliklərinin hazırlanması, musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyillərinin qeydə alınması, mədəniyyət evlərinin inşa edilməsi, abidələrin ucaldılması, incəsənət xadimlərinə fəxri adların, ordenlərin verilməsi, təqaüdlər ayrılması və digər strateji əhəmiyyətli tədbirlər respublikamızın tərəqqisinə xidmət edən addımlar kimi mühüm əhəmiyyətə malik idi.

Ulu Öndər 1982-ci ilin dekabrında Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu, xalqımız və respublikamız üçün büyük nailiyyət idi. Heydər Əliyev bu dövrdə də misilsiz xidmətləri ilə ayrı-ayrı sahələrdə genişmiqyaslı işlər gördü, Azərbaycanın inkişafına, xalqımızın rifahının yaxşılaşmasına xidmət edən addımlar atıldı.

- Ağalar müəllim, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqillik əldə etdikdən sonra olduqca mürəkkəb şəraitlə üzləşən, bütün sahələrdə tənəzzülün hökm sürdüyü, xaos və anarxiya məkanına çevrilən Azərbaycan məhz Ulu Öndərin qətiyyətli, milli maraqlara əsaslanan siyasəti nəticəsində tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Bunun nəticəsində xalqımız 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkilərində Heydər Əliyevə yüksək etimad göstərdi. Həmin dövrü necə xatırlayırsınız, bu tarixi mərhələnin əhəmiyyətini necə qiymətləndirmək olar?

- Doğrudur, 1991-ci ildə ölkəmizin əldə etdiyi müstəqillik formal xarakter daşıyırdı, çünki respublikaya rəhbərlik edən səriştəsiz qüvvələr Azərbaycanı xaos, anarxiya məkanına çevirmişdilər, ölkəmiz xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. İqtisadi tənəzzül, siyasi təlatümlərlə yanaşı, Azərbaycan beynəlxalq arenada təcrid vəziyyətinə düşmək, nəticədə müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir mürəkkəb şəraitdə, acınacaqlı vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin uğurlu siyasəti, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, xilas oldu, əsl müstəqilliyini qazandı. 1993-cü il oktyabr ayının 3-də keçirilən şəffaf və demokratik prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi təmin etdi, respublikamızın qarşısında yeni perspektivlər açıldı. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev qeyd etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Və Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Ulu Öndərin rəhbərliyi ilə nizami ordunun yaradılması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və digər mühüm nailiyyətlər Heydər Əliyev dühasının milli maraqlara əsaslanan fəaliyyətinin nəticələri idi.

Beləliklə, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazıldı.

- Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir...

- Bəli, Ümummilli Liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Digər tərəfdən, çoxşaxəli, qətiyyətli, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Sevindirici haldır ki, ölkəmizdə bütün sahələrdə əhəmiyyətli nailiyyətlər, yüksək inkişaf göstəriciləri qeydə alınır. Eyni zamanda, Prezident İlham Əliyevin strateji kursu Azərbaycanın dünya siyasi arenasında mövqeyini daha da gücləndirir, bu siyasət xalq-iqtidar birliyini möhkəmləndirir. Bir sözlə, Azərbaycan inkişaf yolunda inamla irəliləyir!

 

Yeni Azərbaycan.- 2019.- 9 oktyabr.- S.5