Aida İmanquliyeva
qısa və mənalı ömründə
həm elmin zirvəsini, həm də ürəkləri fəth etdi
Görkəmli şərqşünas
alim Aida İmanquliyevanın anadan olmasından 80 il ötür
Aida
xanım İmanquliyevanın zahiri gözəlliyi zəngin mənəvi
dünyası, həssas qəlbi ilə harmoniya təşkil
edirdi. Böyüklə böyük, uşaqla uşaq kimi davranar, ona müraciət
edənlərdən köməyini
əsirgəməzdi. Qısa, lakin
mənalı ömründə
həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu
insanların əbədi
sevgisini qazandı. O, görkəmli şərqşünas
alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.
AZƏRTAC Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın doğum
günündə onun
həyat və fəaliyyətinin bəzi
məqamlarına nəzər
salır.
Aida Nəsir qızı
İmanquliyeva 1939-cu il
oktyabrın 10-da Bakıda
ziyalı ailəsində
anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli
orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq
fakültəsinin ərəb
filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra
bu təhsil müəssisəsinin Yaxın
Şərq xalqları
ədəbiyyatı tarixi
kafedrasının aspirantı
olub, həmçinin keçmiş SSRİ EA Asiya
Xalqları İnstitutunun
aspiranturasında təhsil
alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını
müdafiə edən
Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda əmək
fəaliyyətinə başlayıb.
İstedadı, zəhmətsevərliyi
hesabına kiçik elmi işçidən baş elmi işçi,
şöbə müdiri,
elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib.
1989-cu ildə Tbilisi şəhərində
doktorluq dissertasiyası
müdafiə edən
Aida İmanquliyeva çox keçmədən
bu ixtisas üzrə professor adı alıb.
Dərin nəzəri bilikləri,
analitik təfəkkürü,
geniş erudisiyası,
zəngin mütaliəsi,
bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı
tədqiqatların və
yazdığı əsərlərin
uğurunu şərtləndirən
əsas amillər idi. Üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”,
“Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı
korifeyləri”) və
70-dən çox elmi
məqalənin müəllifi
Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış
bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda fəaliyyət
göstərən “Asiya
və Afrika ölkələri xalqları
ədəbiyyatları” ixtisası
üzrə müdafiə
şurasının sədri
seçilib. Azərbaycan
şərqşünaslıq elmini keçmiş
SSRİ məkanında və
onun hüdudlarından
kənarda layiqincə
təmsil edib.
Aida xanım
elmi-təşkilati fəaliyyətində
yüksəkixtisaslı ərəbşünas
kadrlar hazırlanmasına
böyük diqqət
yetirirdi. Rəhbəri
olduğu Ərəb filologiyası şöbəsində
qısa müddətdə
10-dan çox namizədlik
dissertasiyası müdafiə
edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət
Heyətinin, Şərq
ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü
olan Aida İmanquliyeva uzun illər səmərəli
pedaqoji fəaliyyət
göstərib, Azərbaycan
Dövlət Universitetində
ərəb filologiyası
fənnindən mühazirələr
oxuyub.
Professor Aida
İmanquliyeva Azərbaycanda
Şərq-Qərb ədəbi
əlaqələrini sistemli
şəkildə araşdıran
ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi
əsərlərində Qərb
və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcı
üslubun inkişafı
və yeni bədii üslubun təşəkkül tapması
tədqiq olunur ki, bu da
nəinki ərəb,
həmçinin bütün
yeni Şərq ədəbiyyatlarının həmin
aspektdə tədqiqi üçün mühüm
zəmin yaradır. Bu əsərlərdə müəllif öz dövrünü xeyli qabaqlayaraq, Şərqlə
Qərb mədəniyyətlərinin
bir-birinə təsirini
elmi cəhətdən
əsaslandırıb.
Adı dünya
şöhrətli şərqşünaslarla
bir sırada çəkilən Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli
idi. Lakin onun çoxsaylı elmi araşdırmalarının
əsas obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq
miqyasda ən sanballı tədqiqatçısı
sayılırdı. Bunu
nəinki Azərbaycan
və keçmiş sovet ərəbşünasları,
hətta Avropa şərqşünasları belə
etiraf edirlər. Alim dərin araşdırmalar nəticəsində
bu qənaətə gəlir ki, ərəb ədəbiyyatı
xarici ədəbiyyatların
nailiyyətlərindən bəhrələnməsində
ilk növbədə məhcər ədəbiyyatı
nümayəndələrinə borcludur. Onlar Qərb ədəbiyyatının
ən yaxşı nailiyyətlərini mənimsəyərək
özünəməxsus şəkildə
inkişaf etdiriblər.
Əsərlərində milli
ruhu və milli koloriti qoruyub saxlayan bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında
əvəzsiz rol oynayıblar. Məhz onların
yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının
mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib,
bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı
bəşər mədəniyyətinin
ayrılmaz hissəsinə
çevrilib.
Aida xanımın
daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsidir.
Həyatını elmə
həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyeva deyir ki, onda məsuliyyət
hissini, hər bir işin əvvəlindən
maksimum nəticə əldə etməyə çalışmağı, özünə
tələbkar və intizamlı münasibəti
anası - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur,
son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb.
Sevgi dolu
ürəyə, incə
və həssas qəlbə malik Aida xanımın yoxluğundan 27 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə
tərcümə olunan
əsərləri, elmi
monoqrafiyaları aktuallığını
qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim
müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla
ərəb ölkələri
arasında ədəbi-elmi
körpü rolunu oynayır.
Yeni Azərbaycan.-
2019.- 10 oktyabr.- S.5