10 oktyabr
1993-cü il müstəqil
Azərbaycan üçün
yeni tarixi mərhələnin başlanğıcıdır
Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına
müsahibə verib:
- Bahar xanım, müstəqil Azərbaycanın
tarixində oktyabr ayı bir neçə əlamətdar
hadisə ilə yaddaşımıza həkk olunub. Onlardan
biri də müstəqil Azərbaycanda ilk dəfə Prezident
seçilən Ümummilli Lider Heydər Əliyevin 26 il
əvvəl, oktyabrın 10-da andiçmə mərasiminin
keçirilməsidir. Həmin tarixi hadisə barədə
fikirlərinizi bilmək istərdik.
- Bu tarixi hadisənin əhəmiyyətinə toxunmazdan
öncə, Azərbaycanın xilaskarı olan Heydər
Əliyevin 98,84 faiz seçici səsi ilə ilk dəfə
ölkə Prezidenti seçilməsinə qədər olan
dövrə qısa ekskurs etmək lazımdır. Mən
SSRİ-nin dağılmasından sonrakı illəri
nəzərdə tuturam. O zaman bütün dünyada gedən
proseslər Azərbaycanın daxil olduğu Cənubi Qafqaz
regionunda da ciddi kataklizmlər doğurmuşdu. Sovet
İttifaqının süqutunu müşayiət edən
separatçılıq meyilləri, etnik qarşıdurmalar
və silahlı münaqişələr müstəqilliyini
bərpa edən bəzi ölkələrin suverenliyini,
ərazi bütövlüyünü də sual altına
almışdı. Eyni təhlükə ilə
üzləşən Azərbaycan elan olunmamış
müharibəyə cəlb edilmişdi, təcavüzkar
Ermənistan torpaqlarımızın işğalını
həyata keçirməkdə davam edirdi.
Həmin dövrdə çevriliş yolu ilə
hakimiyyətə gəlmiş AXC-”Müsavat”
cütlüyünün ordu quruculuğunda və dövlət
idarəçiliyində, habelə xalqın müdafiə
qabiliyyətini müharibə şəraitində olan
ölkənin təhlükəsizliyinə yönəltmək
sahəsində heç bir iş görməməsi
Azərbaycanı nəinki müstəqilliyin itirilməsi,
ümumiyyətlə, parçalanma təhlükəsi ilə
üz-üzə qoymuşdu. Belə bir çətin
dövrdə xalqın təkidli tələbinə və
çağırışına biganə qalmayan Heydər
Əliyevin hakimiyyətə qayıtması
dövlətçiliyin xilası yönündə
mühüm addım oldu. Belə ki, 1993-cü il iyunun 9-da
Bakıya qayıdan Ümummilli Lider həmin ayın 15-də
parlamentin Sədri seçildi. Dörd ay sonra isə,
yəni oktyabrın 3-də keçirilən və xalqın
seçki məntəqələrinə misli
görünməmiş izdihamlı axını ilə
müşayiət olunan prezident seçkilərində
Heydər Əliyev çox yüksək nəticə ilə
dövlət başçısı seçildi. 10 oktyabr
1993-cü il tarixində isə dövlət
başçısı kimi andiçmə mərasimi baş
tutdu və rəsmi olaraq öz vəzifəsinin icrasına
başladı. Bu təqvim, doğrudan da, müstəqil
Azərbaycan tarixində elə bir əlamətdar
gündür ki, biz hər il keçdikcə onun
əhəmiyyətini daha da dərindən dərk edirik.
- Qeyd etdiyiniz kimi, hələ həmin tarixi hadisəyə
qədər Ümummilli Lider Heydər Əliyevin ikinci
dəfə Azərbaycanda hakimiyyətə
qayıdışı baş tutmuşdu. 10 oktyabra
qədər olan 4 ay ərzində Ulu Öndərin
gördüyü işlərdən bəhs etməyinizi
xahiş edirik.
- Təəssüf hissi ilə qeyd edim ki, həmin dövr
ictimai-siyasi və sosial-iqtisadi baxımdan çox
mürəkkəb və gərgin keçmişdi.
Əvvəlki dövlət başçısı öz
postunu tərk etmiş, hakimiyyətdə yüksək
vəzifədə çalışanların bir çoxu
isə öz vəzifələrini icra etməkdən
imtina etmişdilər. Üstəlik, əlacsız
qaldıqları üçün Heydər Əliyevin
hakimiyyətə gəlməsinə razılıq
verənlər daha sonra hər vəchlə çalışırdılar
ki, parlamentin Sədri seçilən və daha sonra Prezident
səlahiyyətlərini icra edən Ümummilli Lider
Azərbaycan dövləti üçün görülməsi
vacib olan işləri həyata keçirə bilməsin. Onlar
bununla da gələcək tarixi qınaqdan və
məsuliyyətdən özlərini sığortalamaq
istəyirdilər.
Ulu Öndərin üzərində olan tarixi
məsuliyyət isə çox böyük idi.
Vəziyyət elə gətirdi ki, O, Prezident səlahiyyətlərini
Öz üzərinə götürməklə yanaşı,
Ali Baş Komandan vəzifəsini də icra etməli oldu.
Mövcud olmayan bir ordunun komandanlığını yerinə
yetirməyin nə dərəcədə ağır
olduğunu təsəvvür etmək, mənə elə
gəlir, o qədər də çətin olmaz. Qarşıda
ayrı-ayrı siyasi qruplaşmaların nəzarətində
olan silahlı dəstələri bir araya gətirmək,
onları vahid komandanlıq altında birləşdirmək,
dövlətin və vətəndaşların
təhlükəsizliyini təmin etmək kimi
məsuliyyətli vəzifələr dayanırdı.
Belə bir şəraitdə bəzi vacib qanunların
qəbul edilməsi, xüsusilə nəzərdə tutulan
prezident seçkilərinə hazırlığın
aparılması, bu seçkilərin müasir standartlara
uyğun şəkildə keçirilməsi, legitim prezident
hakimiyyətinin formalaşdırılması həmin dövr
üçün prioritet məsələ idi.
Xatırladım ki, Ümummilli Lider həmin vaxt
yaranmış gərgin və mürəkkəb
vəziyyətdən çıxış yollarını
arayırdı. Məsləhətləşmə
üçün O, ilk olaraq siyasi partiyalara müraciət etdi.
Heydər Əliyev çətinliklə də olsa,
bütün siyasi qüvvələri dinləməyi
özünə borc bilirdi. Bununla həm də 1992-ci ilin
noyabrında yaratdığı Yeni Azərbaycan
Partiyasının Sədri, bir siyasi partiya lideri kimi Heydər
Əliyev siyasi mədəniyyətin formalaşması üçün
əlindən gələni etdi. Problemlər çox olsa da,
Ulu Öndər hüquqi dövlət quruculuğu prosesində
vacib olan işlərin öhdəsindən lazımınca
gələ bildi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, prezident
seçkilərinə qədər Heydər Əliyev həm
ordu quruculuğunda, həm iqtisadi tənəzzülün
aradan qaldırılmasında, həm də vətəndaş
təhlükəsizliyinin və insan hüquqlarının
təmin olunması istiqamətində çox ciddi addımlar
atdı.
Bu addımların atılması da xalqda öz
gücünə, öz potensialına inamı
formalaşdırdı. Ən azı ona görə ki, Ulu
Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə
gələn dövrə qədər xalqın
gələcəyə, sabaha ümidi az idi. Bu mənada,
düşünürəm ki, o dövrdə Heydər
Əliyevin ən böyük xidməti xalqın öz
gücünə inamını bərpa etməsi oldu. Öz
gücünə və potensialına inanan xalq, təbii ki,
seçdiyi liderin arxasınca getməyə,
qaldırdığı bayrağın altında birgə addımlamağa,
dövlət və dövlətçilik üçün
bütün çətinlikləri aşmağa hazır idi.
3 oktyabrda keçirilən seçkilər isə bir sınaq
idi. Bu sınaqdan xalq özünəinam hissi ilə, Heydər
Əliyev isə qalib lider kimi çıxdı. Bu
sınağın nəticələri isə 10 oktyabrda
keçirilən möhtəşəm andiçmə
mərasimi ilə təsdiqləndi. Həmin tarix
Azərbaycanda sabitliyin, tərəqqinin,
əmin-amanlığın, dinamik inkişafın
başlanğıcı oldu. Prezident kimi rəsmi olaraq
səlahiyyətlərinin icrasına başlayan Ulu
Öndərin qısa müddət ərzində
gördüyü işlər isə xalqın öz
seçimində yanılmadığını sübut etdi.
- Bahar xanım, həmin tarixi hadisədən sonra xalqda
gələcəyə inam yaradan bu işlər barədə
bir qədər geniş danışmağınızı
istərdik.
- Əvvəla, bir məqamı xatırladım ki,
istənilən siyasi liderin uğur qazanmasının
şərtləri var. Təbii ki, onun mənsub olduğu
xalqın, millətin keçdiyi yol, həmin siyasi liderin
yetişdiyi dövr, siyasi liderə tələbatı
şərtləndirən əsas məsələlər burada
mühüm rol oynayır. Bu baxımdan, təsadüfi
deyildi ki, xalqın mütləq əksəriyyəti həmin
dövr üçün Ümummilli Lider Heydər Əliyevin
xilaskarlıq missiyasını layiqincə yerinə
yetirəcəyinə inanırdı. Bu inam da Ulu
Öndərin keçdiyi ömür yolu, Onun fəaliyyəti
ilə əlaqədar idi. Çünki O, bütün
həyatını canından da çox sevdiyi xalqına
xidmətə həsr etmişdi. Azərbaycana ilk
dəfə rəhbərliyi dövründə, üstəlik,
Sovet İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman Heydər Əliyevin bütün ölkə
miqyasında mühüm və yüksək
vəzifələrdə təcrübəsi, SSRİ-ni və
Azərbaycanı əhatə edən daxili və xarici mühit
haqqında məlumatlı olması Onun liderlik
məharətini şərtləndirirdi. Digər
tərəfdən, təmsil etdiyi xalqı yaxşı
tanıyan Heydər Əliyev onun mentalitetinə,
milli-mənəvi dəyərlərinə, keçdiyi tarixi
yola, yaratdığı bütün irsə bələd idi.
Bütün bunların doğurduğu müsbət
keyfiyyətlər də Ümummilli Liderin
şəxsiyyətində cəmləşmişdi.
Bu baxımdan, həmin dövrdə Onun
şəxsiyyətinə olan inam birinci və həlledici
məqam idi. Xalqın üzünü Heydər Əliyevə
tutmasının, Onu xilaskar rolunda görməsinin əsas
səbəbi birmənalı olaraq Onun şəxsiyyəti
ilə bağlı idi. O, bütün gərgin
vəziyyətlərdən çıxış yolunu
doğru müəyyənləşdirən, heç bir zaman
qətiyyətli mövqeyindən geri çəkilməyən,
həyəcana və emosiyaya qapılmayaraq, hər kəsi
dinləyərək soyuqqanlı bir şəkildə
lazımi qərarı qəbul etmək iqtidarında olan
böyük düha idi. Məhz bu səbəbdən
xalqımız Azərbaycanı xilas edəcək yeganə
şəxsiyyətin məhz Heydər Əliyev
olacağına inanırdı və bu seçim də özünü
doğrultdu.
Bir daha qeyd edim ki, Ulu Öndər müstəqilliyinə
yenicə qovuşmuş Azərbaycanın çox
çətin dövründə dövlət
başçısı seçildi. Beynəlxalq hüququn
bütün prinsiplərini pozan təcavüzkar Ermənistan
ərazilərimizin işğalını davam etdirirdi. Təbii
ki, bu vəziyyətdə bir Prezident və Ali Baş Komandan
kimi Heydər Əliyev işğal prosesini dayandırmaq,
döyüş meydanında Azərbaycanın üstünlüyünü
təmin etmək, atəşkəsə nail olmaq,
həmçinin daxildə sabitliyi təmin etmək
üçün çox ciddi və tarixi addımlar atdı.
Prezident seçildikdən dərhal sonra Vətənin
müdafiəsi üçün Azərbaycan xalqına
müraciət edən Ümummilli Lider
vətəndaşların, o cümlədən gənclərin
kütləvi şəkildə ordu sıralarına
qoşularaq, torpaq uğrunda döyüşlərə
atılmasına nail oldu.
Beləliklə, düşmənin döyüş
meydanında məğlubiyyəti ilə müşayiət
olunan hərbi əməliyyatların, o cümlədən
Azərbaycanın hərb tarixində, ümumiyyətlə,
Qarabağ müharibəsi dövründə həlledici hesab
edilən Horadiz əməliyyatından sonra
işğalçı tərəfin atəşkəs sazişini
imzalamağa məcbur qalması Ümummilli Lider Heydər
Əliyevin qısamüddətli fəaliyyətinin konkret
nəticəsi idi. Atəşkəs əldə edildikdən
sonra sosial-iqtisadi inkişaf, dövlət quruculuğu
yönündə atılan addımlar Azərbaycanın
sonrakı inkişafına təkan oldu, uzaqgörən və
müdrik siyasətin uğurunu şərtləndirdi.
- 10 oktyabr 1993-cü il tarixindən sonra Ulu Öndərin
ölkəmizin gələcək inkişafı
üçün daxili və xarici siyasət sahəsində
atdığı addımlar haqqında nə deyə
bilərdiniz?
- Təbii ki, dövlət başçısı kimi
səlahiyyətlərinin icrasına başlayandan sonra
Ümummilli Lider daxili siyasətlə yanaşı, xarici
siyasətdə bir çox uğurlara imza atdı.
Azərbaycanın mövqeyini gücləndirmək
üçün həmin dövrdə ölkəmizə
səfərə gələn bütün qonaqlara, habelə
özünün xarici səfərlərində
görüşdüyü yüksəkvəzifəli
şəxslərə hər fürsətdə
Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı müfəssəl məlumat verirdi. Eyni
zamanda, Azərbaycanın haqlı mövqeyini beynəlxalq
aləmə çatdırmaq üçün
dövlətimizin BMT-nin bütün qurumları ilə
fəaliyyəti genişləndirildi, beynəlxalq
təşkilatlarla qarşılıqlı əlaqələr
yaradıldı.
Bunun nəticəsində ölkəmizin
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı düşdüyü
informasiya blokadası yarıldı və Azərbaycan malik
olduğu enerji resurslarının istismarı üçün
dünyaya açıq olduğunu da nümayiş etdirdi.
Beləliklə, Heydər Əliyev şəxsiyyəti
təkcə Azərbaycan üçün deyil, bu
bölgədə marağı olan beynəlxalq güclər
üçün də əsas fiqur rolunu oynayırdı. Onlar
öz maraqlarını təmin etmək istəyir, Ulu
Öndər isə böyük siyasi ustalıqla və
müdrik gedişlərə qarşılıqlı maraqların
təmin olunması, ən əsası da, Azərbaycanın
mövqeyinin gücləndirilməsi, dövlətimizin
maraqlarının önə çıxarılması
yönündə çalışırdı. Son
nəticədə Heydər Əliyev böyük işlər
görməyi bacardı. Belə ki, dünyanın
nəhəng aparıcı xarici şirkətləri
müharibə gedən, ərazisinin bir qismi işğal
altında olan bir ölkəyə milyardlarla sərmayə
qoymağa razı oldular.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin
imzalanmasından sonrakı prosesdə əsas ixrac neft
kəməri təkcə Azərbaycan neftini xarici bazarlara
çıxaran boru deyil, həmçinin ölkəmiz və
bölgəmiz üçün bir “təhlükəsizlik
kəməri” rolunu oynadı. Ulu Öndər məhz belə
nəhəng və tarixi önəm daşıyan
layihələrin müəllifidir. Əgər O, böyük
ustalıqla, peşəkarcasına həmin prosesi o
dövrün çətinlikləri içərisindən keçirib
sona çatdırmasaydı, təbii ki, Azərbaycan
bugünkü uğurlarına nail ola bilməzdi. “Əsrin müqaviləsi”nin
imzalanmasının 25 illiyi ilə bağlı
tədbirdə çıxışında dövlət
başçısı İlham Əliyev də həmin tarixi
hadisənin önəmini xüsusi vurğulayıb. Onu qeyd
edim ki, illər ötdükcə tarix bu xidmətləri daha
yüksək qiymətləndirəcək.
- Bahar xanım, sonda dövlət başçısı
seçildikdən sonra Ümummilli Liderin müstəqil
Azərbaycanın dövlətçiliyinin inkişafında
və siyasi sistemində hansı yeniliklərin müəllifi
olduğu barədə danışardınız.
- Məlum olduğu kimi, Heydər Əliyev
hakimiyyətə gələnə qədər müstəqil
Azərbaycanda bir neçə dəfə hakimiyyət
dəyişikliyi olmuşdu. Hakimiyyətə yeni
gələnlər özündən əvvəlkilərin
gördükləri işi gözdən salmağa
çalışır, gedənlərə qarşı
mübarizə aparmaqla məşğul olurdular. Amma Ulu
Öndər yüksək siyasi mədəniyyət
nümunəsini ortaya qoymaqla Azərbaycanda siyasi proseslərin
bir an belə dayanmasına imkan vermədi. Belə ki,
Heydər Əliyev 1993-cü ildə dövlət
başçısı seçiləndən sonra
Azərbaycanı uçurumun kənarına gətirmiş
dairələrin cəmləşdiyi siyasi partiyaların
üzvlərinə, onun rəhbərlərinə heç bir
maneə törədilmir, üstəlik, onlara sərbəst
şəkildə fəaliyyət göstərmək imkanı
yaradılırdı. Azərbaycan hakimiyyətinə
qarşı müxalifətdə olsalar da, Ümummilli Lider
Öz opponentlərinə qayğı ilə
yanaşırdı.
Digər tərəfdən, Heydər Əliyev xalqa öz
gücünə istinad etməyin ən çətin
məqamlardan yeganə çıxış yolu olduğunu
təlqin edə bildi. Separatçıların
fəaliyyətinə, silahlı mübarizə yolu ilə
hakimiyyəti qəsb etmək ənənəsinə
birdəfəlik son qoydu. Azərbaycandakı siyasi
qüvvələrə hakimiyyətə gəlməyin
yeganə qanuni yolunun ədalətli seçkilər
olduğunu göstərə bildi.
İki il sonra,
1995-ci ilin noyabrında
ilk parlament seçkiləri, ilk Konstitusiyamızın qəbulu
üçün ümumxalq
səsverməsi keçirildi. Bu proseslər ictimai-siyasi sabitliyin təmin olunmasında əssas amil rolunu oynadı.
Buna nail olmağın əsasında
isə Ümummilli Liderin siyasətinin geniş xalq kütlələri tərəfindən
dəstəklənməsi dayanırdı.
Məhz bu səbəbdən Ulu Öndərin irsini beynəlxalq əhəmiyyətli
siyasi-politoloji irs kimi dəyərləndirmək lazımdır. Çünki
Heydər Əliyev Azərbaycan dövlətini
qurmaq, xalqımızı
təhlükələrdən xilas etmək kimi böyük bir missiyanı yerinə yetirməklə yanaşı, belə bir çətin şəraitdə demokratik,
müasir, öz potensialına, öz vətəndaşlarının gücünə söykənən bir dövlət qurmağın
mümkünlüyünün nümunəsini yaratdı.
Məhz buna görə O, xalqın qəlbində və Onun ideyalarının təcəssümü olan
əməllərində yaşayır.
Heydər Əliyev dünya
çapında özünəməxsus
yeri və nüfuzu olan siyasi xadim kimi
canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün
mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu.
Bu gün Heydər Əliyevin fəaliyyətini davam etdirən siyasi varisi, Onun müəllifi
olduğu dövlətçilik
modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider
kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə
olduğu kimi, xalq öz lideri
İlham Əliyevin yürütdüyü siyasətin,
ölkədə gedən
ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır.
Lider və xalqımızı birləşdirən
isə Ulu Öndərin müəyyənləşdirdiyi
yol, onun əsasında dayanan Azərbaycançılıq ideologiyasıdır. Ona görə də biz 26 il bundan
əvvəl baş vermiş tarixi hadisəni yada salarkən Azərbaycanın
müstəqillik dövrünün
yeni mərhələsinin
başlanmasının əsasını
qoyduğuna görə
Ümummilli Lider Heydər Əliyevə və xalqımızın
müdrikliyinə minnətdar
olmalıyıq. Çünki
xalqımız Onu dövlət başçısı,
Lider olaraq seçdi, Ona dəstək oldu və bu gün
də Onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir.
Yeni Azərbaycan.- 2019.- 10 oktyabr.- S.6