Bakıda Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub
Oktyabrın 10-da Rus Kitab Evinin 10 illik
yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “Avrasiya
Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti
Valeri Tursunov Rusiya ilə Azərbaycan arasında yüksək
səviyyədə münasibətlərin inkişafında
iki dövlətin liderlərinin mühüm rolunu
vurğulayıb.
Mərasimdə Azərbaycan Prezidentinin
İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov
çıxış edib.
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik
yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan
Prezidentin köməkçisi deyib ki, bu, postsovet
məkanında Rusiya və xarici ölkə
yazıçılarının müxtəlif janrlarda rus
dilində nəşr olunmuş kitablarının təqdim
edildiyi ilk ixtisaslaşdırılmış
mağazadır. Fəaliyyətdə
olduğu illər ərzində bu mağaza həm
oxucuların sevimli yeri, həm də millətlərarası
həmrəyliyin möhkəmlənməsi və Azərbaycan
ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin
dərinləşməsi üçün əlverişli
məkan olub.
Son iki əsr ərzində olduğu kimi,
ölkələrimizin və xalqlarımızın bu gün
də dostluq və mehriban qonşuluq ənənələrini
davam etdirdiyini vurğulayan Əli Həsənov bildirib ki,
dərin köklərə malik olan bu ənənələr
hüquq bərabərliyi və qarşılıqlı
hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət
müstəqilliyi bərpa ediləndən sonra biz tarixən
yaranmış ənənələri qoruyub saxlamağa və
artırmağa, onları keyfiyyətcə yeni
səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji
əməkdaşlığın təməlini qoymuş
Ümummilli Lider Heydər Əliyevin, həm də
dövlətlərimizin indiki rəhbərləri cənab
İlham Əliyevin və cənab Vladimir Putinin çox
böyük xidmətləri olub.
İndiki mərhələdə
Azərbaycan-Rusiya münasibətlərinin daha da
möhkəmləndiyini qeyd edən Prezidentin
köməkçisi deyib ki, bu əlaqələr siyasi və
ticari-iqtisadi sahələrdən enerji və humanitar
sahələrə qədər demək olar ki, bütün
sferaları əhatə edir. Dövlət
başçılarının mütəmadi
qarşılıqlı səfərləri və beynəlxalq
forumlar çərçivəsində
görüşləri ikitərəfli faydalı və
konstruktiv tərəfdaşlığın gələcək
inkişafına təkan verir.
Azərbaycanın postsovet məkanında rus dilinə
böyük hörmət bəslənən azsaylı
ölkələrdən biri olduğunu diqqətə
çatdıran Əli Həsənov deyib: “Hələ
çar Rusiyası dövründə və sovet hakimiyyəti
dönəmində Azərbaycan dünyaya pəncərə,
həm rus, həm də dünya
mədəniyyəti, ədəbiyyatı və elmi
ilə ünsiyyət vasitəsi olub. Yeri gəlmişkən,
yüz il bundan əvvəl
Azərbaycanda ilk ali məktəbin - Bakı Dövlət
Universitetinin açılması Rusiyanın aparıcı
alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Bu alimlər arasında rektor vəzifəsinə
dəvət edilmiş professor Vasili Razumovski də vardı. Məlum olduğu kimi, başlanğıc
mərhələdə universitetdə tədris yalnız rus
dilində aparılırdı. Sovet
dövründə isə Ümummilli Lider Heydər Əliyevin
təşəbbüsü ilə istedadlı Azərbaycan
gəncləri təhsil almaq üçün Rusiyanın
aparıcı ali məktəblərinə
göndərilirdi. Yadımdadır,
Heydər Əliyev tələbələri təhsil almağa
yola salarkən onlara rus dilini mükəmməl
öyrənməyi tövsiyə edirdi. Rus dili müxtəlif ədəbiyyata yol
açır, dünyagörüşünü və
bilikləri zənginləşdirirdi. Sevindirici
haldır ki, ən müxtəlif istiqamətlərə aid
ixtisaslara yiyələnmiş kadrlar respublikaya qayıdandan
sonra Azərbaycanın inkişafına öz
töhfələrini veriblər. Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən sonra da
rus dili özünün millətlərarası dil mövqeyini
itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut
kimi bir faktı göstərmək olar ki, respublikamızın
300-dən çox ümumtəhsil məktəbində
tədris rus dilində aparılır. Yeri
gəlmişkən, son illərdə tədrisin rus dilində
aparıldığı siniflərə tələbat
artır. Demək olar ki, bütün
dövlət ali məktəblərində
və özəl ali məktəblərin
bəzilərində təhsil fəaliyyəti paralel olaraq
Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini
sərbəst bilir, böyüməkdə olan nəsil bu dili
öyrənməyə ciddi maraq göstərir”.
Bakının xəritəsində
Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan
küçələrin olduğunu söyləyən
Prezidentin köməkçisi bildirib ki, Yesenin və Lermontov
muzeylərində bu şairlərin ölkəmizdə
olması ilə bağlı xatirələr qorunub
saxlanılır. “Puşkin mövzusu”nun
davamı kimi qeyd etmək istərdim ki, Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan paytaxtındakı mərkəzi bağların
birində böyük rus şairi Aleksandr Puşkinə
heykəl ucaldılıb. Ölkəmizdə Slavyan
Universiteti və Səməd Vurğun adına Rus
Dram Teatrı fəaliyyət göstərir,
teatrlarımızın çoxunda rusdilli truppa var. Bakıda
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və
rusdilli yazıçıların “Luç” Assosiasiyası
fəaliyyət göstərir. Rusiyanın iki
aparıcı ali məktəbinin -
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və
İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb
Universitetinin filialları açılıb.
Bundan əlavə, rus dilində
qəzetlər və jurnallar, dərsliklər və bədii
ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında
verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı
dövri mətbu nəşrləri satılır.
Əli Həsənov xüsusi
vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən
böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və
milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni
və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar,
dövlətçiliyimizin möhkəmlənməsində
fəal iştirak edirlər. Şübhəsiz
ki, bütün yuxarıda deyilənlər hər iki
ölkənin və xalqlarımızın
qarşılıqlı maraqlarına cavab verən
hərtərəfli əməkdaşlığın
inkişafına və dərinləşməsinə
dəlalət edir.
Çıxışının sonunda Azərbaycan
Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında
tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban
qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular
arasında münasibətlər belə də
olmalıdır” sözlərini xatırladan Əli
Həsənov deyib: “Əminəm ki, bu tədbir humanitar
əməkdaşlığımızın daha da
möhkəmlənməsinə öz töhfəsini
verəcək və bizi daha da yaxınlaşdıracaq. Rus Kitab Evinə uğurlu fəaliyyət və
çoxlu sədaqətli alıcı, bütün
kollektivə möhkəm cansağlığı və
işlərində yeni nailiyyətlər arzu edirəm”.
Tədbirdə çıxış edən Rusiya
Federasiyası Prezidentinin xarici ölkələrlə
regionlararası və mədəni əlaqələr
idarəsinin rəisi Vladimir Çernov xatırladıb ki, “Avrasiya
Tədqiqatları İnstitutu” İnkişaf Fondu 10 il əvvəl Azərbaycanda dostları
ilə birgə bu əlamətdar humanitar layihəni
reallaşdırmağa nail olub. “Azərbaycan
Prezidenti İlham Əliyevin dəstəyi olmasa idi,
eləcə də Bakı sakinlərinin rus dili və
mədəniyyətinə isti münasibəti olmasa idi, bu
ideya həyata keçirilə bilməzdi. Bu gün
Rus Kitab Evi təkcə rus dilində ədəbiyyat yayan
məkan deyil, həm də Rusiya və Azərbaycanın,
eləcə də rus dilini sevən və bu dildə
danışan ölkələrin görkəmli
yazıçılarının, tarixçilərinin, elm
və təhsil nümayəndələrinin
görüşdükləri məkana çevrilib.
Ötən 10 il ərzində bu
məkanda çoxsaylı tədbirlər keçirilib.
Əminəm ki, Rus Kitab Evinin fəaliyyəti iki
dövlətin müvafiq strukturlarının dəstəyi
sayəsində davam edəcək”, - deyən Vladimir
Çernov Rus Kitab Evinin 10 illiyi münasibətilə
Rusiyanın məşhur nəşriyyatları və
universitetlərinin bu məkana böyük miqdarda nüsxə
kitablar hədiyyə etdiklərini diqqətə
çatdırıb. Yubileyin A.S.Puşkinin anadan
olmasının 220 illiyi ilə eyni vaxta
düşdüyünü deyən Vladimir Çernov
böyük rus şairinə Azərbaycanda verilən
yüksək dəyəri qeyd edib, vaxtilə abidəsinin
Bakıda açılışını və həmin
tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin çıxışını
xatırladıb.
Tədbirdə “Azərbaycan” nəşriyyatının
baş direktoru Ağabəy Əsgərova Rusiya
Federasiyasının dövlət mükafatı olan
“A.S.Puşkin” medalı, “Avrasiya Tədqiqatları İnstitutu”
İnkişaf Fondunun Azərbaycan filialının icraçı
direktoru Rauf Həsənova isə Rusiya Federasiyası Prezidenti
Administrasiyası rəhbərinin təşəkkürnaməsi
təqdim edilib.
Daha sonra çıxış edən Rusiya Dövlət
Dumasının MDB, Avrasiya inteqrasiyası işləri
üzrə və həmvətənlərlə
əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov
Azərbaycanda rus dili və ədəbiyyatına
göstərilən yüksək münasibətdən, iki
dövlət arasında dostluqdan, bu dostluğun, o
cümlədən parlament səviyyəsində
inkişafından, davamlı olaraq birgə tədbirlər
keçirilməsindən danışıb, iki dövlətin
liderlərinin bu işə xüsusi töhfə verdiyini
bildirib.
Azərbaycan Rus İcmasının
sədri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda
cəmiyyətin bu dilə tələbatının
yüksək səviyyədə təmin olunduğunu deyib. Bakının müxtəlif yerlərində
açılan kitab evlərində də rus dilində kitab
bölmələri olduğunu qeyd edən Mixail Zabelin VI
Bakı Beynəlxalq Kitab Yarmarkasında Rusiyanın bir
çox nəşriyyatlarının iştirak etdiyini
xatırladıb. “Bu gün
Azərbaycanda 120 mindən çox təkcə rus əhalisi
yaşayır. Mən hələ
digər millətlərin nümayəndələrini
demirəm. Azərbaycan nəinki
Qafqazda, bütün Avropaya örnək olan multikulturalizm
mərkəzinə çevrilib”, - deyə Mixail Zabelin
vurğulayıb.
Mərasimdə çıxış
edən Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov Rus Kitab Evinin fəaliyyətinə
göstərilən dəstəyə görə iki dövlətin
müvafiq strukturlarına təşəkkürünü
bildirib. Rusiya-Azərbaycan münasibətlərindən
söz açan səfir son günlər Azərbaycanda
həyata keçirilən birgə mədəni
tədbirlər fonunda Rus Kitab Evinin 10 illik yubiley tədbirinin
xüsusi yeri olduğunu vurğulayıb. O,
yaşadığımız rəqəmsal dövrdə kitaba
önəm verilməsini yüksək qiymətləndirib.
Rusiya yazıçısı, publisist Yuri
Polyakov Rusiya Kitab Evinin bir mədəniyyət məbədi
olduğunu vurğulayıb, müasir dövrdə
mütaliənin əhəmiyyətindən danışıb.
Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev Bakıda Rus Kitab Evinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda cəmiyyətin inkişafında rus dili və ədəbiyyatının rolunu, habelə rus dili və digər dilləri bilməyin önəmini, mütaliənin vacibliyini qeyd edib.
Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya rəhbərlik etdiyi tədris müəssisəsi ilə Azərbaycanın bir çox tədris ocaqları arasında onilliklər boyunca davam edən dostluq, peşəkar münasibətlərdən danışıb, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti ilə əlaqələri vurğulayıb. Rus Kitab Evinin həm də rus dilində
danışan, düşünən, oxuyan hər kəsi
cəlb edəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov,
“Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov Rus Kitab Evinin fəaliyyətinin önəmindən danışıb, təltif edildiklərinə görə təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, respublikamızın 350-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Ölkəmizin paytaxtında Rusiyanın iki aparıcı ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Bakıda Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələr, Yesenin və Lermontov muzeyləri fəaliyyət göstərir.
Sonda Rus Kitab Evinə rus dilində
ədəbiyyat hədiyyə olunub.
Yeni Azərbaycan.- 2019.- 10 oktyabr.- S.4