Anda sadiqlik
Nurlana ƏliyevaYeni Azərbaycan Partiyası
Qadınlar Şurasının sədri, Bakı SlavyanUniversitetinin
rektoru, Filologiya elmləri doktoru, professor
Tarix heç bir millətə hamar yol qismət etməyib. Xalqlar öz
dövlətlərini qurmaq, sərhədlərini möhkəmləndirmək,
milli ideyalarını gerçəkləşdirməkdən
ötrü ağır sınaqlardan keçmiş, qurbanlar
vermiş, min bir məşəqqət yaşamışlar.
Bütün bunlar hər xalqın taleyində fərqli
formalarda yaşanıb, bir-birinə bənzəməyən
tarixi mənzərələr yaranıb. Amma
bütün xalqları bu məqamda birləşdirən,
bir-birinə oxşar edən bir cəhət var. Onlar tarixin
ağır sınaqlarından öz böyük şəxsiyyətlərinin
gücü hesabına çıxıblar.
Bu gün dünyada elə bir ölkə, dövlət,
xalq tapılmaz ki, onun nicatında boynuna xilaskarlıq
missiyası götürmüş və həmin missiyanı
şərəflə yerinə yetirmiş bir tarixi şəxsiyyət
olmasın. Bu şəxsiyyətlərin öz xalqlarına,
dövlətlərinə qazandırdıqları dəyərlərdən
biri hansısa əlamətdar hadisə ilə ilin
ayrı-ayrı günlərini sıradan bir təqvim
faktından möhtəşəm tarixə çevirmələridir.
10 oktyabr günü də bu baxımdan istisna deyil.
Qısa bir tarixi arayış verərək yada salaq ki,
1993-cü ilin 3 oktyabrında xalqımız özünün gələcək
taleyini, müqəddəratını həll edən
seçim etdi.
Həmin gün ölkəmizdə keçirilən
prezident seçkisində Heydər Əliyev
xalqımızın böyük əksəriyyətinin
etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan
Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin seçkilərdə bu cür
böyük üstünlüklə qələbə
qazanması qədirbilən xalqımızın Ulu Öndərə,
Onun möhkəm siyasi iradəsinə və yüksək
nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan
qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu
ağır və böhranlı dövrdə ölkəyə
sahib çıxa biləcək yeganə lider məhz Heydər
Əliyevdir.
Hələ 1969-1982-ci illərdə - Heydər
Əliyevin birinci dəfə hakimiyyətdə olduğu
müddətdə Azərbaycan üçün
gördüyü misilsiz işlər xalqımız tərəfindən
unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri
günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə gələrək,
xalqımıza başsağlığı verməsi,
xalqımızla birgə olması, mətbuat konfransı
keçirərək bu cinayəti törədənləri
bütün dünyanın gözləri qarşısında
ifşa etməsi insanlarımızın yaddaşında idi.
Manifest
10 oktyabr tarixinə gəlincə isə, bu günün əlamətdarlığı
1993-cü ildə, Azərbaycanın böhran dolu anlarında
xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdaraq dövləti məhv olmaqdan xilas edən Heydər
Əliyevin məhz bu gün əlini Konstitusiyaya və Qurana
basaraq Prezident kimi and içməsi ilə bağlıdır.
Bu
andın mətni Ulu Öndərin müasiri olmuş hər kəs
üçün 26 il əvvəl Onun
proqram xarakterli çıxışlarından biri idi. İllərin bu üzündən isə həmin mətn
həm də böyük bir tarixdir, Azərbaycanın müstəqillik
tarixinin manifestidir. Oxuduqca heyran olursan.
Bir liderin o qədər qarışıq zamanda, xaos
mühitində, saysız-hesabsız
çıxılmazlıqlar içində bu qədər
strateji düşünə bilməsinə, gələcəyi
belə aydın görməsinə, xalqı o gələcəyə
aparmaqdan ötrü bu qədər güclü özünəinam
hissinə malik olmasına və qarşıya qoyduğu
bütün hədəflərə xalqın dəstəyi ilə
ardıcıl şəkildə çatmasına heyrətini
gizlədə bilmirsən.
Nə etməli?!
Heydər Əliyev hakimiyyətə
qayıdışından sonra qarşısında hansı
problemlərin dayandığını və birinci nələrdən
başlayacağını gözəl bilirdi. Həmin dövr
üçün siyasi istiqamətlər bəlli idi: Ermənistanın
hərbi təcavüzünün qarşısını almaq;
müharibəni dayandırmaq; vətəndaş müharibəsi
təhlükəsini aradan qaldırıb, ölkə daxilində
siyasi sabitliyi bərpa etmək; separatçılığa,
milli qarşıdurmaya son qoymaq və Azərbaycanın
parçalanmasına yol verməmək; ölkənin
müdafiə qabiliyyətini möhkəmləndirmək; Milli
Ordu quruculuğunu həyata keçirmək; gənc müstəqil
dövlətin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək
üçün məqsədyönlü xarici siyasət xətti
formalaşdırmaq; ölkənin dövlət idarəçiliyi
prinsiplərinin vacib şərtlərindən olan
aşağıdan yuxarı tabeçiliyi bərpa etmək; ən
başlıcası isə, dövlət çevrilişləri
meyillərinə son qoymaq üçün dövlətin
toxunulmazlığını təmin etmək.
Ümummilli
Lider Öz andında bəyan edirdi: “Azərbaycan
Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin
tərkibinə daxil olmayacaq, başqa bir dövlətin
tabeçiliyinə düşməyəcək, öz müstəqilliyini
qoruyacaqdır”.
O,
bütün vədləri kimi, xalq qarşısında verdiyi
bu sözü də tutdu. Azərbaycanın
gerçək müstəqilliyi, heç kimin
asılılığında olmadan öz yolu ilə milli hədəflərinə
doğru irəliləməsi təmin edildi. Əlbəttə, bütün bunlar o qədər də
asan başa gəlmirdi. Çox çətin
vaxtlar idi. Böyük güclər Azərbaycanı
məngənəyə alıb hər tərəfdən təzyiq
göstərməyə çalışırdı. Heydər Əliyev isə tədricən, qətiyyətlə
onları Özünə və müstəqilliyini yenicə
qazanmış dövlətə hörmət hissi ilə
yanaşmağa məcbur edə bildi. Hər
kəs anlamağa başladı ki, Heydər Əliyevi
asılı vəziyyətə salmaq mümkün deyil.
O, Azərbaycanın müstəqilliyindən heç zaman
imtina etməyəcək. Etmədi də.
Çünki Ulu Öndər istiqlalın bir xalq
üçün nə qədər böyük dəyər
olduğunu, hansı çətinliklər hesabına başa
gəldiyini yaxşı bilir və bunu andiçmə nitqində
də əks etdirirdi. Ulu Öndər nitqində bildirirdi ki, Azərbaycan
öz müstəqilliyini ağır və çətin bir
şəraitdə əldə edib, Ermənistanın hərbi
təcavüzü nəticəsində ölkəmizin
müharibə şəraitində yaşaması
xalqımızı böyük bəlalarla üz-üzə
qoyub: “Ona görə də Azərbaycanın müharibə
şəraitindən çıxması və vətəndaşlar
üçün rahat, sakit, əmin-amanlıq şəraiti
yaradılması qarşımızda duran əsas vəzifədir.
Azərbaycanın ağır müharibə
şəraitinə düşməsi bu problem, yəni
Qarabağ problemi başlanan dövrdən respublika rəhbərliyinin,
keçmiş Sovetlər İttifaqı rəhbərliyinin
buraxdığı səhvlərin nəticəsidir. Lakin təəssüf ki, ötən dövrdə
respublikanın bu vəziyyətdən çıxması
üçün lazımi tədbirlər görülməmişdir.
Respublikanın düşdüyü ağır
iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran axır
zamanlar daha da dərinləşmiş və 1993-cü ildə,
demək olar, son həddə çatmışdır. Bu ilin iyun ayında Azərbaycanda daxili sabitlik tam
pozulmuş, respublikada ayrı-ayrı qüvvələrin
qarşıdurması, bəzi cinayətkar qrupların,
separatçı qüvvələrin respublikanı
parçalamaq meyillərini həyata keçirmək istəməsi
və başqa səbəblər daxili böhranı daha da dərinləşdirmişdir”.
Vətəndaş
birliyinin gücü
Heydər
Əliyev Azərbaycanın o zamankı dövlət rəhbərliyinin
buraxdığı kobud səhvlər nəticəsində
iyun ayında respublikamızın vətəndaş müharibəsi
həddinə gəlib çatmasını və bölgələrə
parçalanma təhlükəsi ilə üz-üzə
qalmasını da xüsusi vurğulayırdı: “Allaha
şükürlər olsun ki, bunların qarşısı
alındı, bəzi cinayətkar qruplar aradan
götürüldü və respublikanın daxilində
ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait
yaradıldı. Son 4 ay bizim respublikamız
üçün ağır və çətin bir dövr
oldu. Bu müddətdə respublikamız,
onun vətəndaşları böyük imtahanlardan
çıxdılar və bir daha sübut etdilər ki,
xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş
birliyi bütün bu çətinliklərin
qarşısını ala bilər və respublikanı bu
ağır vəziyyətdən çıxarmaq
üçün imkan yarana bilər”.
Andiçmə
mərasimindəki nitqində Heydər Əliyev vəd edirdi
ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək,
müstəqil dövlətimizin dünya birliyində layiqli
yer tutmasına çalışacaq, Azərbaycan
xalqının milli-mənəvi ənənələrinə
daim sadiq olacaq, bu ənənələrin müstəqil
dövlətimizdə bərqərar olmasını,
yaşamasını və inkişafını təmin edəcək...
Sərkərdə
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı
ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün
qarşısını almaq mümkün olmayacaq. Odur ki, andiçmə mərasimindəki
çıxışında bu barədə danışaraq
deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət
kimi özünü müdafiə etməyə qadir orduya malik
olmalıdır. Təəssüf ki, müstəqillik əldə
ediləndən sonra keçən dövrdə bu sahədə
az iş görülübdür. Lazım gələrsə, sülh yolunda
addımlarımız nəticə verməsə, Azərbaycanın
ərazi bütövlüyünü təmin etmək
üçün, respublikanı müdafiə etmək
üçün qüdrətli bir ordunun yaradılması
bizim əsas vəzifəmizdir”.
Ulu Öndər Öz nitqində qətiyyətlə bəyan
edirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan
xalqı öz qamətini düzəldəcək, ayağa
qalxacaq, gücünü birləşdirəcək, müasir
ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini
bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan
münaqişəsində atəşkəsin əldə edilməsi
ordu quruculuğunda köklü islahatların aparılması
üçün əlverişli imkan yaratdı. Çox
keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində
ciddi addımlar atıldı. Heydər
Əliyev mahir sərkərdə kimi vahid komandanlığa
tabe olan nizami ordu yaratdı, Silahlı Qüvvələrimizin
maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və
sursatla təmin olundu. İllər sonra
aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi
hünər, düşmənə vurduğu
sarsıdıcı zərbə də sübut etdi ki, əsası
Heydər Əliyev tərəfindən qoyulmuş ordu
quruculuğu siyasəti düzgün həyata keçirilib.
Keçmiş,
bu gün və gələcək qarşısında and
Andiçmə nitqində Azərbaycanın o
ağır günlərdə yaşadığı
sosial-iqtisadi çətinliklər və onlardan
çıxış yolları da güzgü kimi əks
olunurdu.
Ümummilli Lider deyirdi ki, müstəqilliyimizin əldə
edilməsi bizim üçün tarixi bir hadisədirsə,
iqtisadiyyatımızın belə vəziyyətdə
olmağı ağır və çətin bir haldır: “Təəssüf
ki, son illərdə respublikanın böhran vəziyyətində
olması iqtisadiyyatın bütün sahələrinə mənfi
təsir göstərmişdir. İqtisadiyyat,
demək olar ki, tamamilə dağılmış və bu da
respublika vətəndaşlarının rifahının
aşağı düşməsinə gətirib
çıxarmışdır”.
Həqiqətən, o günlərdə yaşananlar xalq
üçün böyük məşəqqət idi. Heydər Əliyevin hakimiyyət
rəhbərliyinə qayıdışından əvvəl
öz səriştəsizlikləri ilə Azərbaycanı fəlakət
həddinə gətirib çıxarmış
AXC-”Müsavat” iqtidarı ölkəyə taxıl əvəzinə,
yem üçün nəzərdə tutulan buğda alıb gətirərək
vətəndaşlara od qiymətinə satır, insanlar bir tikə
çörək üçün gün ərzində
mağazaların önündə növbədə
dayanır, işləyən adamlara əməkhaqqı yerinə,
hansısa əmtəə məhsulu verilir, ölkədə
aclıq və səfalət baş alıb gedirdi.
Heydər
Əliyev isə Öz nitqində vəziyyətdən
çıxış yolunu məhz ağıllı və
prinsipial fəaliyyətdə görürdü: “Azərbaycanın
coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri,
uzun illər boyu yaranmış əsas fondları
respublikanı bu ağır böhrandan çıxarmağa
imkan verir. Bu baxımdan biz gələcəkdə işimizdə
bir tərəfdən yaranmış potensialdan səmərəli
istifadə etmək, digər tərəfdən isə yeni
iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına
keçmək istiqamətində hərəkət etməliyik...
Mən bir Prezident kimi, xalqın
qarşısında Öz fikirlərimi açıq bəyan
edir və əmin etmək istəyirəm ki, bu fikirlərə,
bu prinsiplərə daim sadiq olacağam”.
Ağlın,
təfəkkürün, zəkanın qələbəsi
Andın bütün müddəaları kimi, bu barədə
ehtiva etdiyi məqamlar da çox səmimi,
inandırıcı səslənirdi, çünki Heydər
Əliyev onu təkcə Öz adından yox, həm də mənsub
olduğu xalqın adından söyləyirdi. Bu and
ümumilikdə Azərbaycanın keçmiş, bu gün və
gələcək qarşısındakı andı idi. Xalqımızın Ümummilli Lideri son nəfəsinə
qədər bu anda sadiq qaldı.
Ölkəyə
rəhbərliyinin ilk günlərindən hərtərəfli
islahatlara start verildi. Beynəlxalq aləmə
inteqrasiya sürətləndirildi, müstəqil Azərbaycanın
beynəlxalq aləmdəki dostlarının çevrəsi
genişləndirildi. Ən
başlıcası isə, 1994-cü ilin sentyabrında
dünyaya səs salan “Əsrin müqaviləsi” kimi nəhəng
neft sazişi imzalandı. Bakıda dünyanın 8
ölkəsini təmsil edən yüksək nüfuza malik,
neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft
şirkəti arasında “Azəri”, “Çıraq” və
“Günəşli” yataqlarının birgə işlənilməsini
nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə
müasir Azərbaycanın tarixində və taleyində
mühüm rol oynadı. “Əsrin müqaviləsi”
ilə Azərbaycan özünün təbii sərvətlərinə
sahib çıxmaq haqqını bütün dünyaya bəyan
etdi, milli mənafelərimizi, iqtisadi və strateji
maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin
mühüm təminatına çevrildi.
Dahi şəxsiyyətin işləyib
hazırladığı yeni neft strategiyasının
reallaşdırılmasında Onun ən böyük
silahdaşı məhz o zaman Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan
İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas,
İstanbul və digər şəhərlərdə iri neft
şirkətlərinin rəhbərləri ilə səmərəli
görüşlər keçirən və
danışıqlar aparan İlham Əliyev
xalqımızın milli maraqlarını tam təmin edən
müqavilə şərtlərinin əldə edilməsi
üçün gərgin əmək sərf edir, Ulu Öndərin
qarşıya qoyduğu vəzifələri uğurla yerinə
yetirərək böyük nəticələrə nail olurdu.
Bu sazişin imzalanması ağlın, dərin təfəkkürün
və parlaq zəkanın qələbəsi idi. Dünyada
böyük söz sahibi olan ABŞ, Fransa, İngiltərə
kimi nəhəng ölkələrin neft bazarında
ağır çəkiyə malik şirkətlərin bu
müqavilədə iştirakı bütün dünyaya Azərbaycanın
verdiyi bir ismarıc oldu. Məhz bu hadisədən
sonra, Azərbaycanın həm beynəlxalq aləmdə siyasi
nüfuzu, həm də sabit və etibarlı tərəfdaş
kimi mövqeyi sürətlə möhkəmlənməyə
başladı. Bunun ardınca Ulu Öndərin
Fransaya, ABŞ-a və digər xarici ölkələrə səfərləri,
bu dövlətlərin siyasi elitaları ilə gərgin
danışıqları və təkidləri onların Azərbaycana
münasibətində, siyasətində böyük müsbət
dəyişikliklər yaratdı. Yaxşı
yadımızdadır ki, Ümummilli Lider hansı ölkəyə
səfər edirdisə, Azərbaycanın xəritəsini də
Özü ilə aparırdı. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən
danışırdı. Məkrli erməni
siyasətçilərini ifşa edirdi. O, dünyanı
Öz əzəməti ilə silkələyirdi, gətirdiyi
sarsılmaz dəlillərlə beynəlxalq ictimaiyyəti Azərbaycan
həqiqətlərinə doğru-dürüst yanaşmaq məcburiyyəti
qarşısında qoyurdu.
Tarixə
ədalətli qiymət
Heydər Əliyevin andiçmə mərasimindəki
nitqi Azərbaycan xalqının qəlbində sabaha ümid
işartısı yandırdı. Xalqı sabahın daha
yaxşı olacağına əmin etdi. Azərbaycanın
öz tarixinin ən mürəkkəb, faciəli
dövrünü yaşadığını, məhz bu
dövrdə üzərinə götürdüyü missiyanın
məsuliyyətini dərindən dərk etdiyini deyən Ulu
Öndər bütün fəaliyyətini bu etibarı
doğrultmağa sərf etdi. Öz
amalına hər zaman sadiq qaldı.
Heydər Əliyevin andiçmə nitqi həm də
tarixə obyektiv bir qiymət idi və Azərbaycanın
istiqlalının əldə olunmasında iştirak etmiş
hər kəsin, bütün vətəndaşlarımızın
əməyini ədalətli şəkildə qiymətləndirməklə
yanaşı, insanlar qarşısında milli dövlətçilik
məsələləri ilə bağlı məsuliyyət də
müəyyənləşdirirdi. Heydər Əliyev deyirdi: “Azərbaycan
Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti,
milli nailiyyətidir və bu müstəqilliyin əldə
olunmasında hər hansı qrupun, hərəkatın,
qüvvənin müstəsna xidmətləri olduğunu
heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi
respublika qarşısında, onun vətəndaşları
qarşısında çox böyük və mürəkkəb
vəzifələr qoyub. Dövlət müstəqilliyini
möhkəmləndirmək, müstəqil dövlət
quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və
inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi
bütövlüyünü, tam suverenliyini təmin etmək,
ölkəmizi müharibə şəraitindən
çıxarmaq, respublikanın vətəndaşlarının
rifahını yaxşılaşdırmaq, onların
yaşaması üçün lazımi şərait yaratmaq
və bu vəzifələr mənim Prezident fəaliyyətimdə
əsas istiqamətlər olacaqdır və mən bunların
həyata keçirilməsinə çalışacağam”.
Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini
demokratik, hüquqi dövlət quruculuğunda
görürdü. Qeyd edirdi ki, müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında
fəaliyyət göstərməlidir. Öz
tarixi ənənələrindən, milli ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu yolu
ilə getməlidir. Ulu Öndər bu hədəflərin
hamısına nail oldu. 1995-ci ildə Onun rəhbərliyi
ilə hazırlanaraq ümumxalq səsverməsində qəbul
edilmiş müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyası demokratik islahatların, hüquqi dövlət
quruculuğu proseslərinin konstitusion əsaslarını
formalaşdırdı. Müstəqil
respublikamızın ilk parlamenti formalaşdı. Azərbaycan Avroatlantik məkana inteqrasiya yolu tutdu və
bu yolda mühüm nailiyyətlər qazandı.
Zamanı
qabaqlayan Lider
Heydər Əliyev qan-qadanı ortadan götürdü,
insanlarda gələcəyə ümid yaratdı, qorxu, vahimə
içində naçar qalmış vətəndaşlar
asudə nəfəs aldılar. Azərbaycan xaosdan,
anarxiyadan, hərc-mərclikdən,
özbaşınalıqdan, parçalanma təhlükəsindən
qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Cəmiyyətdə ümumi ruh yüksəkliyi,
xoş, inamlı ovqat hakim oldu. Azərbaycan
iqtisadiyyatı böhrandan qurtararaq inkişaf xəttinə
çıxdı. Xarici investisiyalar ölkəmizin neft
sektoru ilə yanaşı, digər infrastruktur sahələrə
də yeni həyat verdi. Heydər
Əliyev bazar iqtisadiyyatına keçid prosesini də
uğurla yönəltdi. Cəmiyyətimizdə
azad bazar iqtisadiyyatı prinsipləri tədricən bərqərar
oldu. Sahibkar təbəqəsi
formalaşdı. Azərbaycan
keçmiş sovetlər məkanında torpaq
islahatlarını uğurla həyata keçirən ilk
ölkə oldu, dövlət mülkiyyətinin özəlləşdirilməsinə
başlandı. Əhalinin sosial rifah
halı yavaş-yavaş yaxşılaşdı, təhsilə,
səhiyyəyə, mədəniyyətə, elmə diqqət
artırıldı. Cəmiyyətin nəzərində
bu sferaların dəyəri yenidən yüksəldi.
Və cəmiyyət
hiss etdi ki, böhran dövrü artıq arxada qalır. Ulu Öndər ölkəmizin inkişaf
strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan
modelini yaratdı.
Heydər Əliyevin 1998-ci ildə keçirilmiş
prezident seçkisində də böyük
üstünlüklə qələbə qazanması qədirbilən
xalqımızın bu böyük Liderə sevgi və
etimadının ifadəsi idi. Azərbaycan insanı
zamanı qabaqlamağı bacaran dahi şəxsiyyət kimi
Heydər Əliyevə hər zaman inanır, özlərinin və
ölkənin taleyini heç bir tərəddüdsüz Onun
müdrik zəkasına, ədalətinə etibar edirdilər.
Azərbaycan xalqının yaddaşında qurucu və
xilaskar dövlət xadimi, Ümummilli Lider kimi əbədiyyət
qazanmış Heydər Əliyevin fəaliyyəti sabaha
ünvanlanan fəaliyyət idi. Onun arzularında boy
göstərən Azərbaycansa müasir Azərbaycandır.
Ulu
Öndərin 26 il əvvəl içdiyi
anda sadiqlik bu günün Azərbaycanında da davam edir. Heydər Əliyev irsinin davamçısı,
müasir dünyamızın ən parlaq liderlərindən
olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin bu anda sadiqliyi milli dövlətçilik tariximizin ən
böyük nailiyyətlərini yaradır.
Ulu Öndərin Öz andında ifadə etdiyi
bütün arzuları, ümidləri cənab İlham Əliyev
artıq reallığa çevirib.
Bu gün öz tarixi və milli ənənələrindən
bəhrələnən, dünya demokratiyası təcrübəsinə,
ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan
dövləti tam təşəkkül tapıb və
uğurla fəaliyyət göstərir. Ən əsası
isə, xalq və dövlət arasında sarsılmaz birlik
mövcuddur.
Yeni nəfəs
Prezident İlham Əliyev
düşünülmüş islahatları və müdrik qərarları
ilə Azərbaycanın həyatına yeni nəfəs gətirib,
Azərbaycanı dünyanın inkişaf edən ölkələri
sırasına çıxarıb. Onun siyasətinin mərkəzində
insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha
xoş günə, daha firavan həyata qovuşdurmaqdır.
Xalqa xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq Onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan
bu gün dünyanın siyasi sistemində özünəməxsus
yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət
və ehtiramla yanaşır, qlobal böhranlardan
çıxış yolları axtarışında fikir və
rəylərinə, irəli sürdüyü təkliflərə
diqqət göstərirlər. Çünki bu rəyləri
nəzərə alan hər kəs onun
reallıqları, imkan və perspektivləri əks etdirdiyini,
verdiyi faydaları dəfələrlə görüb.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı
inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin
dinamik inkişafı, sürətlə modernləşməsi,
dünyada nüfuz və söz sahibinə çevrilməsi
ilə səciyyəvidir. Prezidentimiz
mötəbər beynəlxalq təşkilatların
kürsülərində inamlı, cəsarətli, məntiqi
çıxışları ilə diqqəti cəlb edir,
milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə
qoruyur, müstəqil xarici siyasət yürüdür.
“Qarabağ
Azərbaycandır və nida işarəsi”
Azərbaycan Prezidentinin 3 oktyabr 2019-cu ildə “Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasının plenar
sessiyasındakı tarixi çıxışı bunun daha
bir nümunəsi oldu. Cənab İlham Əliyevin 15 dəqiqə müddətində
əsas tezislərini qlobal və regional geosiyasətin ən
aktual məsələləri fonunda Rusiya-Azərbaycan
münasibətlərinin strateji xarakteri, Ermənistan rəhbərliyinin
son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlar, Azərbaycanın
bu məsələdəki konkret mövqeyi və dövlət
quruculuğunda əldə edilən nailiyyətlər üzərində
qurduğu bu çıxışı mükəmməllik
baxımından dərsliklərə düşəsi
materialdır. Azərbaycan Prezidenti bu
çıxışı ilə dünyanın hər yerində
gələcəkdə siyasi lider, dövlət xadimi kimi
yetişmək istəyən şəxslərə əsl
ustad dərsi keçdi, desək, əsla yanılmarıq.
Prezident İlham Əliyevin nitqində Nikol
Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı söylədiyi populist fikirlərə
tutarlı cavab xüsusilə böyük marağa səbəb
oldu.
Qeyd edək ki, “Valday” Beynəlxalq Diskussiya Klubu dünyanın
nüfuzlu “beyin mərkəzləri”ndən sayılır. Klub 2004-cü
ildən fəaliyyətdədir. Ötən
illər ərzində aparıcı ekspertlərin
görüş yerinə çevrilən klubun
toplantılarında bəşəriyyəti
düşündürən ən aktual siyasi, geosiyasi, iqtisadi,
sosial, humanitar məsələlər müzakirə edilir,
diskussiyalar aparılır. Builki tədbirə
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham
Əliyevi də dəvət etmişdi.
Azərbaycan Respublikası Prezidentinin ifadə etdiyi fikirlər
həm qlobal geosiyasət, həm də regional təhlükəsizliyin
təmini baxımından prinsipial əhəmiyyətli məqamlarla
zəngin idi.
Auditoriyanın diqqətindən hiss olunurdu ki, O, Öz
çıxışının elə ilk tezislərindən
dinləyiciləri məharətlə ələ ala bilib. Onun
Rusiya və Azərbaycan arasında tərəfdaşlıq
münasibətləri, dünya miqyasında müşahidə
edilən başlıca trendlər və onların Avrasiya məkanına
təsiri fonunda Rusiyanın dövlət olaraq fəaliyyətinə
dair qısa analizi, Rusiya lideri Vladimir Putinin əldə etdiyi
nailiyyətlərə verdiyi obyektiv qiymət müasir
reallıqları əks etdirirdi.
Cənab İlham Əliyevin nitqinin kulminasiya məqamı
isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər,
Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm
fikirlərinə verdiyi lakonik cavab idi.
Yada salaq
ki, Nikol Paşinyan bir qədər əvvəl Ermənistanın
mövqeyi ilə bağlı belə bir “tezis” səsləndirmişdi
ki, guya bunu Azərbaycan tərəfinə də ifadə edib,
ancaq cavab almayıb. Onun dedikləri qısaca olaraq belə idi:
“Dağlıq Qarabağ Ermənistandır və nöqtə.
Bundan sonra elə qərar qəbul edilməlidir
ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ
xalqlarını qane etsin”.
Ermənistanın
baş nazirinin gözlədiyi cavabı Azərbaycan Prezidenti
yığcam şəkildə və dəqiq verdi.
Və qürurvericidir ki, Özünə tam
inamla, simasında təbəssümlə ifadə etdi. İlham Əliyev “Qarabağ Ermənistandır” ifadəsinin
yalan olduğunu göstərdi. Ərazinin qədim tarixinə
müraciət edən Azərbaycan Prezidenti qətiyyətlə
bəyan edib ki, Dağlıq Qarabağ tarixi, mədəni,
demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda
daim Azərbaycanın olub və ora indi də Azərbaycandır.
Və həmin fikri Prezident tarixə düşən dəqiqliklə
ifadə etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
“Mən həqiqəti
deyirəm”
Bu, o qədər ustalıqla verilmiş güclü, dəqiq,
yığcam və eyni dərəcədə də obyektiv bir
cavab idi ki, hətta erməni mətbuatı belə bu fikrin
Nikol Paşinyanın “nöqtəsini əzib keçdiyini”
yazdı. Bu həm
də “Valday” Klubunun toplantısında iştirak edənlərə,
bu illər ərzində işğalçının Azərbaycan
ərazisindən çıxarılması üçün
heç bir iş görməyən ATƏT-in Minsk qrupuna
diplomatik mesaj idi.
“Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq
işimizi mən bütün kürsülərdə arqumentlərlə,
tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında
müdafiə edirəm və bu arqumentlərə qarşı
hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki
mən həqiqəti deyirəm və bunu elə kürsülərdən
deyirəm ki, bütün dünya eşitsin”.
Bunu da
Prezident İlham Əliyev oktyabrın 8-də Bakının
Qaradağ rayonunda məcburi köçkünlər
üçün salınmış “Qobu Park-2”
yaşayış kompleksinin açılışı
zamanı səsləndirdi və Paşinyanın
cavabını niyə məhz “Valday” Beynəlxalq Diskussiya
Klubunda verdiyinə özünəməxsus diplomatik məharətlə
aydınlıq gətirdi: “Ermənistanın baş naziri Xankəndidə
yığılmış bir neçə adamın
qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona
cavab verə bilərdim. Amma o tədbirin
auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər
olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs
eşitsin - canlı efirdə, Rusiyada, mötəbər
“Valday” Klubunun panelində dedim və bunu bütün dünya
eşitdi. Yəni, sizə deyim ki, əgər
işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr
də dəqiq olur. Elə zərbə
vuruldu ki, o zərbədən çətin ki,
ayılsınlar. Çünki kontrarqument
yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı
məlumat olmayan dövrdə, əlbəttə, bütün
yalanları yayırdılar. Hər bir
ölkədə onların diaspor təşkilatları var idi,
bizim isə heç nəyimiz yox idi. Ona görə
münaqişə ilə bağlı təhrif edilmiş
faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail
olmuşlar ki, onlara inansınlar. Bu gün biz
informasiya dövründə, internet dövründə
yaşayırıq. Həqiqət var və
bunu mən çatdırmışam. Hər
kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan
torpağıdır, beynəlxalq hüquq tərəfindən
tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır
və nida işarəsi, vəssalam”.
Bu məharət Ulu Öndər Heydər Əliyevdən
əxz olunmuş siyasət ustalığıdır. Azərbaycana
bu sevgi, bu bağlılıq, bu qətiyyət Heydər
Əliyevin xalq qarşısında içdiyi anda sadiqlikdir.
Və bütün bunlar Azərbaycanın milli
dövlətçilik tarixinə çevrilən, bu dövlətə,
bu Vətənə, bu xalqa xidmətin şərəf səhifələridir.
Yeni Azərbaycan.-
2019.- 11 oktyabr.- S.6